Məhkəmə qərarları › İş №2(103)-2795/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2795/2022

26.10.2022 · Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2795/2022 26.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 12836,50 manat əsas borc və 30 manat ödənilmiş dövlət rüsumunun tutulub İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim N.Tağıyeva, iş № 2(006)-3750/2021) iddia qismən təmin edilərək cavabdehdən 11510 manat əsas, 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi, iş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri 100 manat pul vəsaitinin cavabdehdən tutulması və Dövlət büdcəsinə köçürülməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona məxsus olan “Hyundai Sonata” minik markalı (**-MM-***) hazırda **-ZS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair xx.xx.2019cu il tarixdə sığorta haqqı ödənilərək 012394 nömrəli avtomobil nəqliyyat vasitələrinin tam sığortası üzrə sığorta şəhadətnaməsi verilmişdir. Sığorta müqaviləsinin qüvvədə olan müddəti ərzində yol-nəqliyyat hadisəsi baş vermiş, hadisə nəticəsində "xxxx" Şirkətinin xx.xx.2020-ci il tarixli AA040400 nömrəli akta əsasən avtomobilin təmiri və bərpası üçün yekun olaraq 12 836,50 pul vəsaitinin tələb olunduğu bildirilmişdir. Sığorta ödənişinin verilməsi ilə bağlı tərəfindən müraciət olunmuş, sənədlər təqdim olunmuşdur. İlkin olaraq razılıq verilsə də, sonradan əsassız bəhanə gətirilməklə ödənişdən imtina edilmişdir. Birinci instansiya məhkəməsində cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, etiraz ərizəsini onunla əsaslandırmışdır ki, baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı iddiaçı tərəfindən Şirkətə məlumat verilmiş və avtomobilə dəymiş zərər 7085 manat məbləğində müəyyən edilərək vətəndaşla razılaşdırılmışdır. Sığorta ödənişinin verilməsi məqsədilə qanunvericiliyin tələbinə əsasən sənədlərə baxış keçirilərkən vətəndaşdan sığorta müqaviləsinin əsli tələb edilmiş və ciddi pozuntular aşkar edilmişdir. Belə ki, 012394 saylı sığorta şəhadətnaməsi Şirkətin Yasamal filialı tərəfindən tərtib edilmişdir. Şəhadətnaməyə baxış keçirən zaman müəyyən edilmişdir ki, sığorta obyektinə dair məlumatlar şəhadətnamə tərtib edilən zaman deyil, daha sonra fərqli qələmlə doldurulmuşdur. Bu isə öz növbəsində sığorta obyektinə dair məlumatların siğorta hadisəsi baş verdikdən sonra sığorta şəhadətnaməsinə əlavə edilməsi deməkdir. Məsələ ilə bağlı Şirkətin Yasamal filialının əməkdaşlarının izahatı alınmış və məlum olmuşdur ki, sığorta şəhadətnaməsi buraxılan zaman yanlışlıqlara yol verilmişdir. Bu səbəblə də sığorta şəhadətnaməsində sığorta obyekti hissəsi daha sonra məlum olmayan şəxs tərəfindən böyük ehtimal hadisə baş verdikdən sonra doldurulmuşdur. Həmçinin, aparılmış araşdırma zamanı qeyd olunan sığorta şəhadətnaməsi üzrə Şirkət tərəfindən daha öncə xx.xx.2019cu il və xx.xx.2019-cu il tarixlərində baş vermiş yol nəqliyyat hadisələri üzrə sığorta ödənişlərinin verilməsi aşkar edilmişdir. Müvafiq sənədlər araşdırılan zaman eyni pozuntular aşkar edildiyindən vətəndaşdan geri alınması üçün lazımi prosedurların başlanması barədə qərar qəbul edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh şikayətini iddiaya etirazın dəlilləri ilə yanaşı həmçinin onunla əsaslandırmışdır ki, sığorta şəhadətnaməsində ümumiyyətlə təminat verilmiş sığorta riskləri sadalanmamış və sığorta predmetinə dair heç bir məlumat daxil edilməmişdir. Sığorta şəhadətnaməsi verildiyi andan etibarsız olmuşdur. Həmçinin, araşdırma zamanı məlum olmuşdur ki, iddiaçı daha öncə Şirkətdən qeyri-qanuni olaraq 2 dəfə sığorta ödənişi almışdır. Belə ki, xx.xx.2019-cu il tarixində baş vermiş yol nəqliyyat hadisəsi üzrə 4645 manat və xx.xx.2020-ci il tarixində baş vermiş yol nəqliyyat hadisəsi üzrə isə 955 manat, cəmi 5600 manat məbləğində sığorta ödənişi iddiaçıya ödənilmişdir. İddiaçı Şirkətin Yasamal filialından (filial artıq fəaliyyət göstərmir) sığorta şəhadətnaməsi əldə edərkən orada avtomobilə aid məlumatların olmamasını bilə-bilə sığorta haqqını ödəmişdir. iddiaçı ya filialın əməkdaşının texniki səhvindən istifadə etmiş, ya da onunla əvvəlcədən nəyinsə müqabilində razılaşaraq bu formada sığorta müqaviləsi əldə etmişdir. Bu səbəbdən iş üzrə şəxsin qanunsuz əməllərindən Azərbaycan Respublikasının Baş Prokurorluğuna şikayət ərizəsi göndərilmiş və hazırda araşdırma davam edir. xx.xx.2020-ci iltarixində baş vermiş sığorta hadisəsi ilə əlaqədar sığortaolunana 6685 manat sığorta ödənişi hesablanmış və sığortaolunan sığorta aktına imza atmaqla qiymət və sığorta ödənişi məbləği ilə razılaşdığını bəyan etmişdir. Lakin sığorta aktına imza atdıqdan sonra sığortaolunan həmin nəqliyyat vasitəsinə dəymiş zərəri müəyyən etmək üçün başqa təmir müəssisəsinə müraciət etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və təmin olunmasını xahiş etdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırda qətnamə iddianın təmin edilən hissəsində mübahisələndirilmişdir. Bu səbəbdən də qətnamənin əsaslılığı yalnız apellyasiya qaydasında mübahisələndirilən hissədə yoxlanılmışdır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, cavabdehin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İş materiallarından görünür ki, sözügedən avtomobil xx.xx.2019-cu il tarixdə sığorta haqqı ödənilərək cavabdehdə sığortalanmış və ona 012394 nömrəli avtomobil nəqliyyat vasitələrinin tam sığortası şəhadətnaməsi verilmişdir. Sığorta məbləği 20000 manat təşkil edir. Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində yol-nəqliyyat hadisəsi baş vermişdir. "xxxx" servis mərkəzinin xx.xx.2020-ci il tarixli qüsur aktında hadisə nəticəsində avtomobilin təmiri və bərpası üçün yekun olaraq 12.836,50 pul vəsaitinin tələb olunduğu göstərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli, 9/5254 saylı ekspert rəyi ilə avtomobilin təmirbərpa xərci hadisə baş verən tarixə təxminən 11510,00 manat müəyyən edilmişdir. İddiaçının tələbi cavabdehdən 12836,50 manat sığorta ödənişinin tutulması barədədir. Birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə gəldiyi nəticəni Mülki Məcəllənin 21.2, 883.1 , 888, 899.1.1 , 922-ci maddələri ilə əsaslandırmış və işdə olan sübutları və ekspert rəyini nəzərə alaraq avtomobilə dəymiş zərəri 11510 manat müəyyən etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin apellyasiya baxışının predmeti olan hissədə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, məhkəmə tərəflər arasında yaranmış mübahisəni göstərilən hissədə düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissədə dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Apellyasiya şikayətinin əsas dəlili sığorta şəhadətnaməsinin verildiyi anda etibarsız olması ilə bağlıdır. Məhkəmə kollegiyası həmin dəlili əsassız sayır və qeyd edir ki, Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə cavabdeh iddiaya qarşı etirazının əsası kimi istinad etdiyi faktları sübut edə bilməmişdir. Halbuki, cavabdehin səlahiyyətli şəxsin imzası və möhürü ilə təsdiq olunmuş sığorta şəhadətnaməsinin etibarsızlığını, onun əhəmiyyətsiz əqd olmasını sübut etmək yükü cavabdehin üzərində olmuşdur. Bundan başqa, cavabdeh iddiaçıya bundan əvvəl də qanunsuz olaraq iki dəfə - xx.xx.2019-cu il tarixində baş vermiş yol nəqliyyat hadisəsi üzrə 4645 manat və xx.xx.2020-ci il tarixində baş vermiş yol nəqliyyat hadisəsi üzrə isə 955 manat ödəniş edilməsini iddia edir. Əgər həqiqətən də sığorta şəhadətnaməsi etibarsız olmuşsa, o zaman qeyd edilən hadisələrlə bağlı əvvəllər də sığorta ödənişinin verilməsi hansı əsasla mümkün sayılmış və ödənilmişdir. Cavabdeh tərəfindən bu anlaşılmazlığa ağlabatan dəlillərlə aydınlıq gətirilməmişdir. Digər tərəfdən, iddiaçının barəsində Baş Prokurorluğa müraciət edilməsi, sığorta şəhadətnaməsini tərtib edib imzalayan cavabdehin səlahiyyətli işçisinin isə barəsində hər hansı tədbir görülməməsi özü belə məntiqli deyildir. Beləliklə, əksi sübut olunmadığı müddətdə sığorta şəhadətnaməsinin etibarlığlığını şübhə altına alınması üçün əsaslar yoxdur. İşin apellyasiya baxışı zamanı Yasamal Rayon Prokurorluğuna sorğu göndərilmiş, sorğuya cavab olaraq xx.xx.2022-ci il tarixli, 286-c-22 saylı məktubla bildirilmişdir ki, DSKŞ-nin İddiaçı Yasamal rayon filialı tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, AS012394 nömrəli saxta sığorta şəhadətnaməsi əsasında qanunsuz hərəkətlər edilməsi ilə bağlı müraciəti əsasında toplanmış materialda cinayət hadisəsi olmadığından 03.10. 2022-ci il tarixdə AR CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işi başlanması rədd edilmişdir. Məktuba əlavə edilmiş Yasamal rayon prokurorluğunun müstəntiqi, ikinci dərəcəli hüquqşünas X2 cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarı ilə DSKŞ-nin İddiaçı Yasamal rayon filialı tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, AS012394 nömrəli saxta sığorta şəhadətnaməsinin saxta olmadığı müəyyən edilmişdir. Beləliklə, Kollegiya qeyd edilənlər əsasında sığorta şəhadətnaməsinin etibarsızlığı ilə dəlilləri əsassız sayır. Həmçinin dəymiş ziyanın ekspert rəyində müəyyən edilmiş məbləğdən aşağı olması barədə cavabdeh tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar