Məhkəmə qərarları › İş №2(103)-2796/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2796/2023

18.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2796/2023 18.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Maraqlı şəxs nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2383/2019 saylı 27 sentyabr 2019-cu il tarixli qətnaməsindən maraqlarına toxunan şəxs qismində Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, M ü ə y y ə n e t d i: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2383/2019 saylı 27 sentyabr 2019cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 23 noyabr 2018-ci il tarixli və 30 noyabr 2018-ci il tarixli ilkin müqavilələr üzrə öhdəliklər yerinə yetirilmədiyindən 100.000 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən Maraqlı şəxs maraqlarına toxunan şəxs qismində apelyasiya şikayəti və buraxılmış müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmiş, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilmiş, maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən apelyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət ötürülməmiş hesab edilmiş və apelyasiya şikayəti baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs nümayəndəsi-vəkili Vəkil apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Kollegiya hesab edir ki, qətnamədən cavabdeh Maraqlı şəxs tərəfindən verilmiş apelyasiya şikayəti üzrə apelyasiya qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 357.1-ci maddəsinə görə Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Məcəllənin 357.2-ci maddəsində göstərilmişdir ki, həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Kollegiya hesab edir ki, qəbul edilmiş qətnamə ilə Maraqlı şəxs hüquq və vəzifələrinə toxunması müəyyən edilməmiş və sonuncu tərəfindən müvafiq qətnamə ilə maraqlarına toxunduğunu sübut edə biləcək hər hansı bir əsas məhkəməyə təqdim edilməmişdir. Maraqlı şəxs hazırki qətnamənin onun maraqlarına toxunmasını belə əsaslandırmışdır ki, Cavabdeh hazırki qətnaməyə əsaslanaraq 2022-ci ilin avqust ayında ona qarşı məhkəmədə 100.000 manat məbləğində maddi ziyanın (hazırki qətnamə əsasında İddiaçı ödədiyi pulun) tutulması barədə iddia qaldıraraq, daha əvvəl baxılmış (Maraqlı şəxs keçmiş əri Araz Dadaşov və Çingiz Süleymanova qarşı eyni əmlakların bağışlama və alqı-satqı müqavilələrinin etibarsız hesab olunması, daha sonra isə ləğv edilməsi tələbinə dair) iş üzrə onun ərizəsi əsasında iddianı təmin etmə tədbirinin görülməsi nəticəsində Çingiz Süleymanovun 23 noyabr 2018-ci il tarixli və 30 noyabr 2018-ci il tarixli ilkin müqavilələr üzrə İddiaçı qarşısında öhdəliklərini vaxtında icra edə bilməməsi nəticəsində həmin müqavilələr üzrə aldığı pulun iki qatını qaytarmaq məcburiyyətində qaldığını bildirmiş və həmin pulun ondan tutulmasını tələb etmişdir. MPM-nin 82.3-ci maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Kollegiya qeyd edir ki, Maraqlı şəxs hazırki işin iştirakçısı olmamışdır, ona görə hazırki qətnamə Çingiz Süleymanovun ona qarşı qaldırdığı iddia üzrə mülki işdə ona münasibətdə preyudisial qüvvəyə malik ola bilməz. Digər tərəfdən, daha əvvəl baxılmış işdə Maraqlı şəxs ərizəsi əsasında iddianı təmin etmə tədbirinin görülməsi nəticəsində Çingiz Süleymanova zərər dəyib-dəyməməsi müstəqil araşdırmanın predmetidir və həmin araşdırmanın bu işlə heç bir bağlılığı yoxdur. Ona görə də apelyasiya şikayəti üzrə apelyasiya qeyri-mümkün hesab edilməli və şikayət geri qaytarılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. MPM-in 384.0.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi, apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2383/2019 saylı 27 sentyabr 2019cu il tarixli qətnaməsindən maraqlarına toxunan şəxs qismində Maraqlı şəxs tərəfindən verilmiş apelyasiya şikayətinin icraata qəbul olunması barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(103)-2796/2023 saylı qərardadı ləğv olunsun, iş apelyasiya baxışından çıxarılsın, apelyasiya şikayəti üzrə apelyasiya qeyri-mümkün hesab edilsin və apelyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar