Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-280/2021 13.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X6 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09 dekabr 2019-cu il tarixli, 2(004)-5910/2019 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə (iddianın dəyişdirilmiş formasında) birinci instansiya məhkəməsinə müraciət edərək Cavabdeh 7300 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09 dekabr 2019-cu il tarixli, 2(004)- 5910/2019 saylı qətnaməsi ilə (hakim Rəşad Cavadzadə) iddia təmin edilmişdir. Cavabdeh məhkəmənin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti – birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, iddiaçının onun qohumu olması, iddiaçıdan həqiqətən borc pul alması, lakin ona qəbz verməməsi, iltizamda olan imzanın ona məxsus olmaması, bu səbəbdən də məhkəmə-xəttşünaslıq ekspertizasının keçirilməli olması kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini əsassız sayaraq, birinci instansiya məhkəməsində verdiyi izahatına uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, iltizamı həqiqətən cavabdeh yazmış, bu səbəbdən də məhkəmə kollegiyasının təyin etdiyi xəttşünaslıq ekspertizasından yayınmışdır. Hesab edir ki, cavabdehin məqsədi işi süni yolla uzatmaqdan ibarətdir. Həmçinin qeyd edir ki, iddia ərizəsində cavabdehin ondan 3500 ABŞ dolları borc almasını göstərmişdir. Sonradan cavabdeh pulun uzun müddət qaytarılmamasını, həmçinin devalivasiya, manatın məzənnəsinin düşməsi və s. amilləri nəzərə alaraq iltizamda borcu manatla 7300 manat qeyd etmiş, o da bununla razılaşmışdır. Çünki, pulu borc verən zamanı ABŞ dollarının manata məzənnəsi təqribən 2 manat və ondan bir qədər artıq olmuşdur. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanmalıdır. Belə ki, işdə olan 05 avqust 2019-cu il tarixdə tərtib olunmuş borcun etirafı barədə yazılı iltizamdan görünür ki, Cavabdeh 10 gün ərzində İddiaçı 7300 manat pul verəcəyini öhdəsinə götürmüşdür. İşdə olan Bakı şəhər Baş Polis İdarəsinin 12 iyul 2019-cu il tarixli və 22 iyul 2019-cu il tarixli məktublarından görünür ki, iddiaçının şikayəti üzrə ona mülki qaydada məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, İddiaçı onun anasıdır. Cavabdeh isə arvadının dayısıdır. 2016-cı ilin dekabr ayında cavabdeh qısa müddətə qaytaracağına söz verərək, onun anasından borc pul istəmiş, anası isə cavabdehə 7300 manat borc vermişdir. Lakin 3 ilə yaxın müddət keçməsinə baxmayaraq, cavabdeh pulu ödəməkdən yayınır. 05 avqust 2019-cu il tarixdə cavabdeh borcu 10 gün ərzində qaytaracağına dair iltizam yazıb imzalasa da, yenə də pul ödənilməmiş qalır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X4 da digər şahidin bildirdiklərinə uyğun ifadə verərək, iddiaçı tərəfindən cavabdehə borc verilmsini, 7300 manat pulun indiyədək qaytarılmadığını bildirmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən göstərmişdir ki, təqdim edilmiş sənədlər və şahid ifadələrinə əsasən sübuta yetirilir ki, cavabdeh iddiaçıya 7300 manat pul borcludur. Həmçinin, məhkəmə iclasları və iddianın mahiyyəti barədə xəbərdar edilmiş cavabdeh bunu təkzib edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası iddianın təmin olunması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq, həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki Məcəllənin 739-cu maddəsinin tələbinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Cavabdeh apellyasiya şikayətində iddiaçıdan həqiqətən borc pul aldığını, lakin borcunu vaxtında qaytardığını, borca dair hər-hansı qəbz imzalamadığını, işdə olan qəbzdəki imzanın ona məxsus olmadığını, həmin halın müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə xətşünaslıq ekspertizasının təyin edilməli olduğunu göstərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən halların araşdırılması məqsədilə iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizası təyin etmiş, lakin cavabdehə dəfələrlə məlumat verilməsinə (istər məktub göndərilməklə, istərsə də mobil telefon vasitəsilə) baxmayaraq cavabdeh ekspertizadan yayınmış, sərbəst xətt və imza nümunələrini təqdim etməmişdir (bu səbəbdən iş materialları Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən icrasız geri qaytarılmışdır). Belə olan halda isə, məhkəmə kollegiyası iltizamın həqiqətən cavabdeh tərəfindən tərtib oluması nəticəsinə gəlir. Çünki, MPM-nin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Cavabdeh bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bununla yanaşı, cavabdehin özü apellyasiya şikayətində konkret məbləği qeyd etməsə də, iddiaçıdan borca pul almasını təsdiq etmişdir. Məhkəmə kollegiyası həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı iddia ərizəsində cavabdehin ondan 3500 ABŞ dolları borc almasını göstərsə də, tərəflər sonradan bu və digər amilləri nəzərə alaraq borcun manata məzənnə ilə 7300 manat olmasını razılaşdırmışlar, bu səbəbdən də iltizamda cavabdeh borcunu 7300 manat həddində etiraf etmişdir. Bu hal isə iddiaçının tələb hüququnu aradan qaldırmır. Mülki Məcəllənin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Mülki Məcəllənin 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Göründüyü kimi, cavabdeh tərəf isə etirazının əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişlər. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Cavabdeh tərəfin izahatı da özü-özlüyündə iddianın rədd olunması üçün mötəbər və yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Həmçinin, qeyd edilməlidir ki, cavabdeh aldığı pulu qaytarmamaqla iddiaçının daxili qanunvericiliklə yanaşı, həmçinin «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsində nəzərdə tutulmuş mülkiyyət hüquqlarını da pozur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, qətnamə əsaslı və qanunidir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmaldır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09 dekabr 2019-cu il tarixli, 2(004)-5910/2019 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09 dekabr 2019-cu il tarixli, 2(004)-5910/2019 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-280/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-280/2021
13.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver