Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2803/2022 01.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi İlkin Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “fərdi yaşayış evindən istifadənin qadağan olunması” tələbinə dair ilkin, iddiaçı Cavabdeh İddiaçı1 qarşı “zəbt olunmuş sahənin boşaldılması” tələbinə dair qarşılıqlı iddia ərizəsinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4438/2021 saylı, 22 dekabr 2021-ci il tarixli qətnaməsindən ilkin iddiaçılar tərəfindən birgə verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək və daha sonra iddia ərizəsinə əlavə edərək cavabdeh X2 Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava küçəsi, 93C saylı fərdi yaşayış evinin birinci mərtəbəsindən çıxarılması və 2021-ci ilin yanvar ayından 2021-ci ilin dekabr ayına qədər dövr üçün hər ay 1000 manat olmaqla vurulmuş ziyanın cavbdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 20 sentyabr 1997-ci il tarixdə X5 ilə nikaha daxil olmuşdur. Onların birgə nikahlarından xx xxxxxxx 1998-ci il təvəllüdlü İddiaçı2 və xx xxxxx 2003-cü il təvəllüdlü İddiaçı3 anadan olmuşdur. Ailə münasibətləri pozulduğundan cavabdeh İntiqam Əhmədova qarşı “nikahın pozulması, aliment və əmlak bölgüsü tələbinə dair” iddia tələbi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, 20 sentyabr 1997-ci il tarixli nikahın pozulması, birgə nikahdan doğulmuş xx xxxxxxx 1998-ci il təvəllüdlü İddiaçı2 və xx xxxxx 2003-cü il təvəllüdlü İddiaçı3 saxlanılması üçün cavabdeh İntiqam Əhmədovdan hər ay sabit pul məbləğində və başqa gəlirlərin yarısı miqdarında alimentin tutularaq ona ödənilməsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 330 kv.m. olan 3 mərtəbəli fərdi yaşayış evinin, 1-ci mərtəbəsində fəaliyyət göstərən avtomaşın təmiri sexinin, həmin sexdə olan avadanlığın “KİA Sportage” markalı, **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobilin, yaşadıqları evdə mövcud istifadə olunan əşyalar-yataq mebeli, mətbəx mebeli, soyuducu, televizor, divan və digər məişət əşyalarının bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin 01 may 2018-ci il tarixli 2(004)-1956/2018 saylı qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilmiş, onunla İntiqam Əhmədov arasında bağlanılmış 20 sentyabr 1997-ci il tarixli nikahın pozulması, xx xxxxx 2003-cü il təvəllüdlü İddiaçı3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi, “KİA Sportage" markalı, **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərində onunla İntiqam Əhmədovun hər birinin 1/2 hissədə payları müəyyən edilmişdir. Bundan əlavə, o, birgə nikah dövründə ünvan 1 ünvanında 2 sot torpaq üzərində tikilmiş ümumi sahəsi 407 kv.m olan fərdi evin tikintisinə sərf edilmiş 270.000 manatın yarısı olan 135.000 manatın cavabdeh İntiqam Əhmədovdan alınaraq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin 25 iyul 2019-ci il tarixli, 2(004)-192/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verərək, birgə nikah dövründə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 407 kv.m. olan 3 mərtəbəli fərdi evin tikintisinə sərf edilmiş 120.000 manatın yarısı olan 60.000 manatın cavabdeh İntiqam Əhmədovdan alınaraq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 20 noyabr 2019cu il tarixli 2(103)-11964/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Yasamal Rayon Məhkəməsinin 25 iyul 2019-ci il tarixli, 2(004)-192/2019 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, İntiqam Əhmədovdan 60.000 manat məbləğində pulun tutularaq, ona ödənilməsi qət edilmişdir. Cavabdeh İntiqam Əhmədov Bakı Apellyasiya Məhkəməsinin 20 noyabr 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 23 iyul 2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 20 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 29 dekabr 2020-ci il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən X5 19 dekabr 2020-ci il tarixində dəqiqləşdirilməmiş respirator çatışmamazlıq diaqnozu ilə vəfat etmişdir. İntiqam Əhmədov vəfat etdikdən sonra onun qardaşı, hazırki iş üzrə Cavabdeh ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin birinci mərtəbəsində olan qeyri-yaşayış sahəsinə qanunsuz formada sahiblik və istifadə edir. Həmin qeyri-yaşayış sahəsi avtotəmir sexi kimi fəaliyyət göstərir. Keçmiş yoldaşı İntiqam Əhmədov rəhmətə gedənə qədər həmin qeyri-yaşayış sahəsində olan avtotəmir sexini idarə edirdi. İntiqam Əhmədovdan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsində olan avtotəmir sexinin qanunsuz şəkildə fəaliyyət göstərilməsinin dayandırılmasını, istifadənin qadağan edilməsini dəfələrlə tələb etsə də, cavabdeh buna məhəl qoymamışdır. Qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh ilkin iddia üzrə İddiaçı1 qarşı “zəbt olunmuş sahənin boşaldılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edəərk, ilkin iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 tərəfindən zəbt olunmuş Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava 93 C ünvanında yerləşən fərdi yaşayış evinin və həmin evə aid torpaq sahəsinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli qətnaməsi ilə ilkin iddia və qarşılıqlı iddia təmin edilməmişdir. Qətnamədən ilkin iddia üzrə iddiaçılar apellyasiya şikayəti verərək onun ləğv edilməsini və ilkin iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul ediməsini xahiş etmişlər. Şikayət iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmış, həmçinin, qeyd edilmişdir ki, üç məhkəmə instansiyası keçmiş və qanuni qüvvəsini almış qətnamələrə görə həmin əmlakın birgə nikah dövründə alınması və həmçinin, çəkilmiş xəcrlərin iddiaçı ilə cavabdeh arasında bərabər bölünməsi ilə bağlı məhkəmə aktları mövcuddur. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməmisini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış ilkin iddia üzrə iddiaçılar məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İlk növbədə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin ilkin iddianın təmin olunmaması hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni ilkin iddia üzrə iddiaçılar mübahisələndirərək qətnamənin ləğv, ilkin iddianın təmin edilməsini xahiş etmişlər. Apellyasiya baxışının hədləri ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ilkin iddianın təmin olunmaması hissəsində ləğv edilməli və həmin hissədə iddia qismən təmin olunmalıdır. Kollegiya ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsi qətnaməsində ilkin iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlərin iddia ərizəsinə əlavəsində 2021-ci ilin yanvar ayından dekabr ayına qədər olan dövr üçün hər ay 1000 manat olmaqlıa vurulmuş ziyanın cavabdehdən onların xeyirinə tutulmasına dair tələblərinə ümumiyyətlə hüquqi qiymət verməmiş və bununla da prosessual pozuntuya yol vermişdir. Halbuki, Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24.11.2005-ci il tarixli qərarında məhkəmələrin diqqəti Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən qətnamənin qanuni və əsaslı tərtib olunmasının zəruriliyinə cəlb edilmiş, məhkəmə qətnaməsinin maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edildiyi vurğulanmışdır. Həmin qərarda məhkəmələrə tövsiyyə olunmuşdur ki, “qətnamənin məzmunu giriş, təsviri, əsaslandırıcı və nəticə hissələrindən ibarət olub, həmin ardıcıllıqla Azərbaycan Respublikası MPM-nin 220-ci maddəsində göstərilən məlumatları əks etdirməlidir. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh olunmalı, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir. İddia tələbi qismən təmin edildikdə, qətnamədə əvvəl iddianın təmin olunan hissəsi, sonra isə təmin olunmayan hissəsi əsaslandırılmalı, qətnamənin nəticə hissəsində iddianın kimin haqqında hansı hissəsində təmin və yaxud rədd olunması konkretləşdirilməlidir”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır”. Həmçinin, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilkin iddianı bütövlükdə rədd olunması qənaətinə gəlməkdə səhvə yol vermiş, beləliklə də nəticəsinin işin hallarına uyğun olmamasına yol açmışdır. Buna görə də kollegiyanın qənaətinə görə birinci instansiya məhkəməsinin qətnamə mübahisələndirilən hissədə ləğv olunaraq, həmin hissədə iddianın qismən təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, ilkin iddiaçı mübahisəli mənzilin onun mülkiyyətində olmasını təsdiq edən heç bir sübut məhkəməyə təqdim etmədiyindən hazırki tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur, ona görə də iddia rədd edilməlidir. İş materiallarında olan Yasamal Rayon Məhkəməsinin 2(004)-1956/2018 saylı, 01.05.2018-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, X5 ilə İddiaçı1 arasında 20.09.1997-cı ildə Bakı şəhəri Səadət sarayında bağlanmış və 1437 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, boşanmadan sonra xx.xx.2003-cu il tarixdə İddiaçı3 anası İddiaçı1 himayəsində qalması müəyyən edilmişdir. Ölüm haqqında şəhadətnamədən görünür ki, X5 19.12.2020-ci il tarixdə vəfat etmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-192/2019 saylı, 25.07.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı1 cavabdeh X3 qarşı “birgə nikah dövründə torpağın alınması və evin tikilməsinə çəkilmiş xərcin yarısının alınması tələbi”nə dair iddia ərizəsi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11964/2019 saylı, 20.11.2019-cu il tarixli qətnaməsi ilə Yasamal Rayon Məhkəməsinin 2(004)-192/2019 saylı, 25.07.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilmiş X1 60000 manat məbləğində pulun tutularaq İddiaçı1 ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 23.07.2020-ci il tarixli Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11964/2019 saylı, 20.11.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ilkin iddia üzrə İddiaçı1 20 sentyabr 1997-ci il tarixdə X5 ilə nikaha daxil olmuşdur. Onların birgə nikahlarından xx xxxxxxx 1998-ci il təvəllüdlü İddiaçı2 və xx xxxxx 2003-cü il təvəllüdlü İddiaçı3 anadan olmuşdur. Onlar arasında bağlanmış nikah pozulmuşdur. X5 isə vəfat etmişdir. Həmçinin, iş materiallarında olan qətnamələrlə də təsdiqlənmişdir ki, hazırki mübahisə obyekti olan sözügedən fərdi yaşayış evi (tikili) İddiaçı1 ilə X4 birgə nikahı zamanı tikilmiş və iddiaçının həmin tikiliyə əmlak hüquqları vardır. Hazırda isə ilkin iddia üzrə iddiaçılar sözügedən tikilidə yaşayırlar, cavabdeh isə həmin evin birinci mərtəbəsində olan qeyri yaşayış sahəsindən istifadə edir. Məhkəmənin sorğusuna əsasən Bakı şəhəri Yasamal rayon İcra Şöbəsindən daxil olmuş 26.05.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11964/2019 saylı, 20.11.2019-cu il tarixli icra sənədinə əsasən borclu İntiqam Əhmədov 19.12.2020-ci il tarixdə vəfat etdiyindən və heç bir vərəsəlik hüququnun tanınmasına dair notariat hərəkəti aşkar edilmədiyindən, icra sənədi üzrə icraata xitam verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli tikiliyə iddiaçının hüquqlarının olması qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə təsdiq olunduğu halda və həmin hüquqlara xitam verilmədiyi halda fərdi yaşayış evinə hüquq müəyyənedici sənədin olmaması həmin şəxsin müvafiq yaşayış sahəsinə dair hüquqlarını həyata keçirməyə mane olmur və iddiaçıların subyektiv hüquqları işin halları və yuxarıda qeyd olunan qanuni qüvvəyə minmiş qətnamələrlə də müəyyən olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4-cü maddələrinin tələblərinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, istifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.8-ci maddəsindən görünür ki, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Akimova Azərbaycana qarşı iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, o təkcə fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmır və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar də mülkiyyət hüququ sayıla və bu maddənin məqsədləri üçün “mülkiyyət” kimi qəbul oluna bilər. Həmin iş üzrə order əsasında mənzilə sahiblik edən ərizəçinin mülkiyyət hüququna münasibətdə Məhkəmə razılaşmışdır ki, ərizəçinin mənzilə olan iddialarını 1 saylı Protokolun 1-ci maddəsinin tətbiq dairəsinə düşən “mülkiyyət” hesab etmək üçün kifayət qədər əsaslar vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göründüyü kimi işi halları ilə müəyyən edilir ki, iddiaçıların sözügedən tikiliyə hüquqları mövcuddur, cavabdeh isə qanunsuz olaraq qonşuluqda, yəni digər ünvanda yaşadığı halda sözügedən mübahisə predmeti olan tikilinin birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinə faktiki olaraq qanunsuz şəkildə sahiblik və istifadə edir. Belə olan halda isə kollegiyanın qənaətinə görə iddia həmin hissədə əsaslıdır. Məhkəmə kollegiyası ilkin iddia tələbinin digər hissəsinə, yəni “2021-ci ilin yanvar ayından dekabr ayına qədər olan dövr üçün hər ay 1000 manat olmaqlıa vurulmuş ziyanın cavabdehdən onların xeyirinə tutulmasına dair” qiymət verərək hesab edir ki, bu tələbə dair ilkin iddiaçılar məhkəməyə hər hansı bir sübut təqdim etmədiklərin həmin hissədə iddianın təmin olunması üçün əsaslar mövcud deyil. Kollegiya nəzərə alır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Məcəllənin 385.1.2-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4-cü maddəsinə görə isə, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi qətnamənin ləğvi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4438/2021 saylı, 22 dekabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni ilkin iddia ərizəsinin təmin olunmaması hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilməklə ilkin iddia tələbi qismən təmin edilsin. Cavabdeh X6 Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava küçəsi, 93C saylı fərdi yaşayış evinin birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsindən çıxarılsın. İlkin iddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov
Məhkəmə qərarları › İş №2(103)-2803/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2803/2022
01.06.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver