Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2806/2021 18.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə» tələbinə dair ilk, həmçinin Cavabdeh2 cavabdeh İddiaçı qarşı «cehiz əşyalarının mənzildən çıxarılması» barədə qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli, 2(004)-3757/2020 saylı qətnaməsindən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (bundan sonra, cavabdehlər) qarşı «mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun azyaşlı uşaqları (02.08.2008-ci il təvəllüdlü X5 və 31.05.2013-cü il təvəllüdlü X6) ilə birlikdə Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə istifadə hüququnun tanınaraq, ora köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, o, 14.09.2007-ci il tarixdə Cavabdeh1 ilə rəsmi nikaha daxil olmuş, nikah dövründə 02.08.2008-ci il təvəllüdlü X5 və 31.05.2013-cü il təvəllüdlü X6 doğulmuşdur. Sonradan münasibətləri pisləşdiyinə görə ayrılmış, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13.03.2019-cu il tarixli qətnaməsi ilə nikahları pozulmuş, övladları onun himayəsində saxlanılmışdır. Nikaha daxil olduğu ilk gündən gəlin olaraq ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçmüş, ayrıldığı günədək, yəni 28 may 2018-ci il tarixədək həmin evdə yaşamışdır. Həmin vaxt cavabdehlərlə münaqişəli vəziyyətdə olduğuna görə bir yerdə yaşamaq mümkün olmadığından və Cavabdeh2 evin yaxın vaxtda söküləcəyini və verilən kompensasiyadan ev almaq üçün ona da verəcəyini, sökülməyəcəyi təqdirdə isə evin giriş-çıxışını ayıraraq uşaqlarında yaşamaq üçün şərait yaradacağını bildirdiyinə görə müvəqqəti olaraq uşaqları ilə birlikdə kirayədə yaşamaq qərarına gəlmişdir. Lakin, cavabdeh verdiyi vədləri yerinə yetirmədiyinə və hazırda kirayədə yaşamaq üçün maddi imkanı olmadığına görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Əlavə olaraq qeyd edir ki, məhz yuxarıda qeyd etdiyi səbəblərə görə bu günədək cehiz əşyalarını da, həmin evdən çıxartmamış və hal-hazırda da ordadır. Onda olan məlumata görə adıçəkilən fərdi yaşayış evi təxminən 2014-cü ilədək mülkiyyət hüququ əsasında Cavabdeh1 məxsus olmuş və sonradan Cavabdeh1 fərdi yaşayış evini onun razılığı alınmadan anası olan Cavabdeh2 bağışlamışdır. Qanunvericiliyin tələbinə uyğun olaraq, o, mübahisəli mənzilə gəlin kimi köçdüyü andan orada yaşamaqla həmin mənzilə istifadə hüququ əldə etmişdir. Sonradan fərdi yaşayış evinin mülkiyyətçisi dəyişsə də, onun həmin evdə istifadə hüququm saxlanılmışdır. Çünki, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağışlanma müqaviləsi bağlanarkən notariat qaydasında təsdiqlənmiş razılığı alınmamışdır. Həmçinin, Cavabdeh2 cavabdeh İddiaçı qarşı «cehiz əşyalarının mənzildən çıxarılması» barədə qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək, İddiaçı nikaha daxil olarkən cehiz şəkilində gətirdiyi əşyaları ilə birlikdə xüsusi mülkiyyətində olan ünvan 1 ünvanından çıxardılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ona və Manafov Sabir oğluna qarşı onun və azyaşlı uşaqları 02.08.2008-ci təvəllüdlü Sabir Sərxan oğlu və 31.05.2013-cü il təvəllüdlü X2 ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə istifadə hüququnun tanınması və həmin yasayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hesab edir ki, İddiaçı, oğlu olan Cavabdeh1 ilə nikaha daxil olarkən cehiz şəkilində gətirdiyi əşyaları ilə birlikdə xüsusi mülkiyyətində olan ünvan 2 ünvanından çıxardılması tələbinə də baxılmalıdır. Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı 03.09.2013-ci il tarixli çıxarışa Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsində yerləşən 42 saylı evin mülkiyyətçisidir. Oğlu Cavabdeh1 ilə keçmiş gəlini olan İddiaçı 2007-ci il tarixdə rəsmi nikaha daxil olmuşdular, lakin Bakı şəhəri Yasamal Məhkəməsinin 13.03.2019-cu il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. O, oğlunun yaşamağa evi olmadığından bir müddət onun mülkiyyətində olan evdə yaşamağa icazə vermiş, lakin onlara istifadə hüququ verməmişdir. Belə bir hüququ daşınmaz əmlakın reyestrindən qeydiyyatdan keçirtməmişdir. İddiaçı onun mənzilində yaşaması, cehiz əşyalarını onun mənzilində saxlaması qanuna ziddir və mülkiyyət hüquqlarını birbaşa pozur. İşə birinci instansiya məhkəməsində baxılan zaman qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi (vəkili) qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, İddiaçı nikaha daxil olarkən cehiz şəkilində gətirdiyi əşyaları yəni kravat, şifoner, termo, 2 ədəd tumba, divan, kreslo, stul, televizor altlığı, 2 ədəd divar küncü mebel, paltar yuyan maşın, qaz peçi, jurnal masası, 2 ədəd çil-çıraq və pərdənin onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanından çıxardılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi (vəkili) yenidən qarşılıqlı iddia təlbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, İddiaçı nikaha daxil olarkən cehiz şəkilində gətirdiyi əşyaları yəni - qəhvəyi rəngli bir ədəd yataq dəsti, qəhvəyi rəngli bir ədəd altı gözlü şifoner dəsti, qəhvəyi rəngli tumbuçka yataq dəstinin yanında yerləşən, qəhvəyi rəngli bir ədəd güzgü, bir ədəd 6 şamdanlı xurustal çil-çıraq, iki ədəd qəhvəyi rəngli qonaq otağı üçün divar küncü mebeli, bir ədəd dairəvi masa, bir ədəd stol və üç ədəd stul, bir ədəd 12 şamdanlı çil-çıraq, bir dəst Embawood markalı kreslo divan dəsti, bir ədəd Samsung markalı paltar yuyan maşın, bir ədəd masa üstü dörd gözlü qaz peçi və üç ədəd boz rəngli pərdə dəstinin onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanından çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli, 2(004)- 3757/2020 saylı qətnaməsi ilə (hakim Toğrul Axundov) ilk iddia rədd, qarşılıqlı iddia isə təmin edilmişdir. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, ilk iddianın təmin, qarşılıqlı iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini iddia ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırmış, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını və s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətində göstərilənlərə uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayətinə etiraz edərək, qarşılıqlı iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətin təmin olunmamasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxsə rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. İlkin olaraq qeyd edilməlidir ki, iddiaçı ilə Cavabdeh1 arasında 14 sentyabr 2007-ci ildə rəsmi nikahın bağlanması və iddiaçının mübahisə predmeti olan fərdi yaşayış evinə gəlin köçməsi, cehiz əşyalarının ora yerləşdirilməsi, iddiaçının yaşayış yeri üzrə həmin ünvana qeydiyyata alınması, birgə nikahdan iki yetkinlik yaşına çatmayan uşaqlarının olması, nikahlarının Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 mart 2019-cu il tarixli qətnaməsi ilə pozulması, uşaqların iddiaçının yanında saxlanılması işin mübahisə olunmayan hallarıdır. Eyni zamanda işdə olan sübutlara əsasən – mübahisə predmeti olan fərdi yaşayış evi ilkin olaraq X3 adına qeydiyyatdan keçmiş, 5 saylı DNK-nun 04 dekabr 1957-ci il tarixli bağışlama müqaviləsinə əsasən evin ½ hissəsi Cavabdeh1 Manafoviçin adına qeydiyyata alınmış, 19 saylı DNK-nın 11 sentyabr 2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ şəhadətnaməyə əsasən Cavabdeh1 Manaf oğlunun vəfatından sonra sözügedən ünvanın 3/6 hissəsi Cavabdeh1 adına qeydiyyata alınmış, 19 saylı notariat kontorunun notariusu tərəfindən təsdiq edilən 28 avqust 2013-cü il tarixli bağışlama müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan 3/6 hissə Cavabdeh2 adına qeydə alınmış, sonuncunun mülkiyyət hüquqları 03 sentyabr 2013-cü ildə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Birinci instansiya məhkəməsi ilk iddianı iddianı rədd, qarşılıqlı iddianı təmin edərkən qeyd etmişdir ki, iddiaçının mübahisəli yaşayış sahəsinə istifadə hüquqlarının yaranmamasına (mövcud olmamasına), iddiaçının Cavabdeh2 ailə üzvü olmamasına, iddiaçının yaşayış sahəsinə köçürülməsinə qanuni əsaslarının olmamasına və s. əsaslanmışdır. Məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. «İnsan hüquqları haqqında» Ümumi Bəyənnamənin 13-cü maddəsinə görə hər bir şəxs hər bir ölkə hüdudunda sərbəst hərəkət etmək və yaşayış yeri seçmək hüququna malikdir. «Mülki və siyasi hüquqlar haqqında» Beynəlxalq Paktın 12-ci maddəsinə əsasən hər hansı bir ölkənin ərazisində qanuni surətdə olan hər kəsin həmin ölkənin hüdudlarında sərbəst şəkildə yerdəyişmək və yaşayış yeri seçmək hüquq var. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 158.4-cü maddəsinin tələbinə görə mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. MM-nin 228.3-cü maddəsinin tələbinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Qeyd edilməlidir ki, mənzil və mülki qanunvericiliyin tələblərinə əsasən şəxsin digər şəxslərə məxsus yaşayış sahəsindən istifadə etməsinə (yaşaması, köçməsi) haqq qazandıran qanuni hallar mövcud olmalı, eyni zamanda həmin hallar zaman və istifadə baxımdan öz qüvvəsini itirməməlidir. Bunlara, şəxsin əşya hüquqlarının mövcudluğu, mülkiyyətçi ilə yaşayış sahəsindən istifadə etmək hüquq verən müvafiq müqavilənin bağlanması və digər qanuni halları aid etmək olar. Mənzilə köçürülmə öz-özlüyündə hüquq olmayıb aşağıda qeyd olunan hüquqların hər hansı biri olduğu halda, həmin hüququn realizə mexanizmi kimi çıxış edir, başqa sözlə həmin hüququn təmini vasitəsi rolunu oynayır və mənzilə köçürmə tələbinin təmini aşağıda göstərilən əsaslardan hər hansı biri mövcud olduqda mümkündür: -iddiaçının tələbi mənzilə mülkiyyət hüququna əsaslanarsa, -iddiaçının tələbi mənzilə kirayə müqaviləsinə əsaslanarsa, -iddiaçının tələbi mənzilə istifadə hüququna əsaslanarsa, -iddiaçının tələbi mənzilin onun xeyrinə servitutla yüklülüyünə əsaslanarsa, -iddiaçının tələbi vəsiyyət tapşırığına əsaslanarsa. Şəxsin mənzilə köçürülmə barədə tələbinin əsaslılığı, onun həmin daşınmaz əmlaka əmlak hüquqlarının (mülkiyyət hüququ, əmlakdan istifadə hüququ və s.) mövcud olunmasıdır. Qeyd edildiyi kimi, mənzilə köçürülmə öz-özlüyündə hüquq olmayıb əmlak hüquqların hər hansı biri olduğu halda, həmin hüququn realizə mexanizmi kimi çıxış edir. Bu səbəbdən də ilkin olaraq iddiaçının mübahisəli yaşayış sahəsinə istifadə hüquqlarının yaranıb-yaranmaması, yaranmışsa həmin hüququnun hazırda da mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası Konsititusiyasının 43-cü maddəsinin 1-ci hissəsində göstərilmişdir ki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Kollegiya qeyd edir ki, bu konstitusiyon norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni, insan yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın əsası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanuni iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. İşin mübahisəsiz halı kimi qeyd edilməlidir ki, iddiaçı ailə qurduğu 2007-ci ildən etibarən mübahisəli yaşayış sahəsinə köçmüş və 2018-ci ilin may ayına kimi orada yaşayaraq birgə təsərrüfat idarə etmişdir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi 27 iyul 2001-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, 2001-ci ilin sentyabrın 01-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228-ci maddəsinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Həmçinin, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 oktyabr 2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. İşin hallarından göründüyü kimi, tərəflər arasında münasibətlər 2007-ci il tarixdə yaranmışdır, bu səbəbdən də mübahisənin həlli ilk növbədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin tələbləri çərçivəsində həll olunmalıdır. Qeyd edildiyi kimi, iddiaçı mübahisəli yaşayış sahəsinə köçən zamanı daşınmaz əmlakın hüquqi statusu xüsusi mülkiyyət olmuş, lakin mülkiyyətçi olan Cavabdeh1 Manaf oğlu həmin vaxtı sağ olmamış, 01 may 1982-ci ildə vəfat etmiş, onun vərəsəsi olan Cavabdeh1 mirası faktiki qəbul edərək orada yaşamış, 11 sentyabr 2012-ci ildə isə yaşayış sahəsi vərəsəlik qaydasında sonuncunun mülkiyyətinə keçmişdir. Beləliklə, yaşayış sahəsi iddiaçının həyat yoldaşı Cavabdeh1 mülkiyyətində olduğundan, iddiaçının həmin yaşayış sahəsindən istifadə hüquqları yaranmışdır. Çünki, MM-nin 228.5-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Avropa İnsan Hüquqları Məhkəməsi «Gillounun işi»nə dair qərarında göstərmişdir ki, həmin işdə ərizəçilər evlərində 1958-ci ildə məskunlaşmış, işləmək üçün xaricə getməzdən əvvəl orada iki il yaşamış və evdə olmadıqları müddətdə mebellərini evdə saxlamışlar. Xaricdə olarkən onlar Birləşmiş Krallığa qayıtdıqdan sonra həmin evdə yaşayacaqları barədə niyyətlərini ifadə etmişdilər. Sonralar 1979-cu ildə geriyə qayıtdıqdan sonra onlar yenidən həmin evdə məskunlaşmış və onların Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulmuş hüquqlarına müdaxilə baş verənə qədər bir neçə ay orada yaşamışdılar. Məhkəmə müəyyən etmişdir ki, həmin işdə ərizəçilər sözügedən evdə özlərinə «mənzil» qurmuşdular və onların həmin mənzillə kifayət qədər davamlı əlaqələri vardır (Bax: Valentina Akimova Azərbaycana qarşı 1985/03 saylı ərizənin qəbul edilənliyinə dair Avropa İnsan Hüquqları Məhkəməsinin 12.01.2006-cı il tarixli qərarı, 3-cü bənd, 3 və 4-cü abzaslar). Beləliklə, iddiaçının cavabdehə məxsus yaşayış sahəsinə qanunvericiliyin tələbləri çərçivəsində istifadə hüququnun yaranması müəyyən olunur (bu halda notariat qaydasında təsdiq olunmalı olan razılaşmaya ehtiyac yoxdur). Belə olan halda həmin hüququn sonradan, yəni yaşayış sahəsinin mülkiyyətçisinin dəyişməsi nəticəsində saxlanılıb-saxlanılmaması məsələsi iddianın qanuni həlli baxımından xüsusi əhəmiyyət kəsb edir. Çünki, işdə olan sübutlara əsasən yaşayış sahəsi 19 saylı notariat kontorunun notariusu tərəfindən təsdiq edilən 28 avqust 2013-cü il tarixli bağışlama müqaviləsinə əsasən Cavabdeh1 tərəfindən Cavabdeh2 bağışlanmış, sonuncunun mülkiyyət hüquqları 03 sentyabr 2013-cü ildə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. MM-nin 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Göründüyü kimi, yaşayış evinə mülkiyyət hüququnun başqasına keçməsi istifadə hüququna xitam verilməsi üçün əsas deyildir. Eyni zamanda, işdə olan sübutlardan görünür ki, yaşayış sahəsi özgəninkiləşdirilən zamanı iddiaçının razılığı alınmamış, sonuncu istifadə hüququndan imtina barədə notariat qaydasında təsdiqlənmiş öhdəlik götürməmişdir. Cavabdeh tərəf bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Belə olan halda isə, yaşayış sahəsinə mülkiyyət hüququnun Cavabdeh2 keçməsi iddiaçının mənzilə olan istifadə hüququnu aradan qaldırmamışdır. Bununla yanaşı, MM-nin 228.5-ci maddəsinin tələbinə görə - … Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Göründüyü kimi, iddiaçının cavabdehlə ailə münasibətlərinə xitam verilməsi, onun istifadə hüququnun xitamına da əsas deyildir. Həmçinin, məhkəmə araşdırması zamanı cavabdeh tərəf iddiaçının daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə köçməsi, mübahisəli yaşayış sahəsindən istifadəyə zərurətin qalmaması və s. bu istiqamətdə də məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Beləliklə, iddiaçının istifadə hüququ mövcud olan müvafiq yaşayış sahəsinə köçürülməsini tələb etməkdə subyektiv hüquqları mövcuddur. Cavabdeh tərəfin etirazları iddiaçının həmin tələbini aradan qaldırmır. Bu səbəbdən də ilk iddia qeyd edilən hissədə təmin olunmalı, iddiaçı yetkinlik yaşına çatmayan uşaqları ilə birliklə cavabdehin mülkiyyətində olan müvafiq yaşayış sahəsinə köçürülməlidir. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçının yaşayış sahəsinə istifadə hüquqlarının mövcudluğu qanunla müəyyən olunduğundan, onun təkrarən məhkəmə qaydasında tanınmasına zərurət yoxdur. Həmçinin qeyd edilməlidir ki, məhkəmə kollegiyası ilk iddianın yaşayış sahəsinə köçürülməsi hissəsində təmin olunması nəticəsinə gəldiyindən, qarşılıqlı iddia təmin oluna bilməz. Çünki, qarşılıqlı iddia iddiaçının mübahisəli yaşayış sahəsindən əmlaklarının çıxarılması ilə bağlıdır ki, bu da iddiaçının əsassız olaraq hüquqlarının məhdudlaşdırılması ilə nəticələnə bilər. Birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən halları nəzərə almamış, iş üzrə tam və hərtərəfli araşdırma aparmamış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir (birinci instansiya məhkəməsi tətbiq edilməli olmayan Mənzil Məcəlləsinin 30-cu maddəsini tətbiq etməklə də səhvə yol vermişdir). Bu səbəbdən də, qətnamə əsaslı və qanuni sayıla bilməz. Bu hal isə, MPM-in 385.1.1, 385.1.4-cü maddələrinə əsasən qətnamənin ləğvinə tam əsasdır. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv olunmalı, ilk iddia qismən təmin olunmalı, iddiaçı yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə cavabdehin mülkiyyətində olan müvafiq yaşayış sahəsinə köçürülməli, ilk iddia qalan hissədə, həmçinin qarşılqlı iddia təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə» tələbinə dair ilk, həmçinin Cavabdeh2 cavabdeh İddiaçı qarşı «cehiz əşyalarının mənzildən çıxarılması» barədə qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli, 2(004)-3757/2020 saylı qətnaməsindən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli, 2(004)- 3757/2020 saylı qətnaməsi ləğv olunsun, iş üzrə yeni qətnamə qəbul edilsin. İlk iddia qismən təmin olunsun. İddiaçı yetkinlik yaşına çatmayan uşaqları (02.08.2008-ci il təvəllüdlü X5 və 31.05.2013-cü il təvəllüdlü X6) ilə birlikdə Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən müvafiq yaşayış sahəsinə köçürülsün. İlk iddia qalan hissədə, həmçinin qarşılqlı iddia təmin olunmasın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2806/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2806/2021
18.05.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver