Məhkəmə qərarları › İş №2(103)-2806/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2806/2025

13.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2806/2025 13.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "pul tələbi”nə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “pul tələbi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, Nəsimi Rayon Məhkəməsinin 2(006)-397/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:

1. İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, əksik verilmiş 11.7 kv.m x 1700 manat=19890 manat olduğundan cavabdehdən iddiaçı tərəfin xeyrinə 19890 manatın tutularaq ödənilməsini xahiş etmişdir.

3. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil “cavabdehin əsl cavabdehlə dəyişdirilməsi”nə dair vəsatətlə müraciət edərək, e-2(006)-397/2024 saylı mülki iş üzrə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əsl Cavabdeh ilə əvəz edilməsini xahiş etmişdir.

4. Nəsimi Rayon Məhkəməsinin 2(006)-397/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi (hakim Ramin Xəlilov) ilə iddia tələbi təmin edilmiş, Cavabdehndən 19.890 AZN (on doqquz min səkkiz yüz doxsan manat) məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması, aparılmış ekspertiza tədqiqatının dəyəri (xx.xx.2024-cü il tarixli, 3-16-16/2- 10/9405 nömrəli ekspert rəyi) 100 (bir yüz) manatın Cavabdehndən alınaraq Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ43CTRE******************** hesabına köçürülməsi qərara alınmışdır.

5. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti vermiş, iddiaçı isə qətnaməni mübahisələndirməmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

6. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edildiyini bildirmiş, göstərilənlərə əsasən qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Tərəflərin izahatı:

7. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.

8. Məhkəmə kollegiyasının iclasında iddiaçı və onun nümayəndəsi və vəkili Vəkil ayrılıqda apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi:

9. Mülki işin materiallarında olan Cavabdeh MMC tərəfindən verilən 00629 nömrəli, xx.xx.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 028/01 saylı müqaviləyə əsasən 2729 manat məbləğində əlavə sahə üçün pul ödənilmişdir.

10. Mülki işin materiallarında olan birinci tərəf İddiaçı və ikinci tərəf "xxxx" MMC arasında bağlanan xx.xx.2018-ci il tarixli müqavilədən görünür ki, həmin müqaviləyə əsasən “əmlak mülkiyyətçisi” bu Müqaviləyə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən qeydiyyata alınmış RX seriyalı, ******* №-li, xx.xx.2017-ci il tarixli Çıxarış ilə öz mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 58,6 kv.metrdən (faktiki 66,5 kv.metr) ibarət yaşayış sahəsini sökülmək üçün Cavabdeh MMC-yə təhvil verməyi, bu Müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada “Tikinti şirkəti” tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli, çoxmərtəbəli yaşayış binasında onun üçün nəzərdə tutulmuş mənzili qəbul etməyi öhdəsinə götürür (1.1.1). “Tikinti şirkəti” ünvan 2 ünvanda yerləşən “Əmlak mülkiyyətçisinin” mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, çoxmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binada 79,73 kv.metr təmirli mənzili “əmlak mülkiyyətçisinin” mülkiyyətinə verməyi öhdəsinə götürür (1.1.2). “Tikinti şirkəti” inşa edəcəyi çoxmənzilli, çoxmərtəbəli yaşayış binasının tikintisi başa çatdırana və “əmlak mülkiyyətçisini” mənzil ilə təmin edən günədək onun müvəqqəti yaşayışını təmin etmək məqsədi ilə “Əmlak mülkiyyətçisinə” konpensasiya şəklində aylıq 450 (dörd yüz əlli) manat məbləğində kirayə haqqını əvvəlcədən ilk ödəniş gününə istinad edilməklə 3 ayda bir dəfə ödəyir. “Əmlak mülkiyyətçisinin” kommunal borcları olduğu halda “tikinti şirkəti”həmin məbləğləri ona veriləsi kirayə haqlarından tutaraq ödənişlərini təmin edəcəkdir (1.2)

11. Mülki işin materiallarında olan AR İN ƏMDX DƏDKR PHŞ 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilən xx.xx.2023-cü il tarixli texniki pasportdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Abbas Zamanov küçəsi, ev 26, mənzil 51 (Yeni qaydalarla: AZ 1007, Bakı şəhəri, Nəsimi rayonu, Abbas Zamanov küçəsi, 26, M10, m2) İddiaçı adına **********32-05301-093014 reyestr nömrəsi ilə qeydə alınmışdır. Həmin mənzilin yaşayış sahəsi 38,9 kv.m olmaqla ümumi sahəsi 75,7 kv.m təşkil edir.

12. Mülki işin materiallarında olan 27 may 2021-ci il tarixli 028/01 nömrəli müqaviləyə Əlavə 01-dən görünür ki, “əmlak mülkiyyətçisi”nə veriləcək 79,7 kv.metr nəzərdə tutulan təmirli mənzilə 7,7 kv.metr sahə əlavə olunaraq ümumi sahəsi 87,4 kv.metr təşkil edir (1.1.1.2). Mənzilə əlavə olunmuş 7,7 kv.metr təmirsiz sahənin 1 kv.metr satış qiyməti 1.700.0 (bir min yeddi yüz) manat təşkil edir (1.1.1.3). 7,67 kv.metr əlavə sahənin dəyəri 13,090.0 (on üç min doxsan) manat təşkil edir (1.1.1.4). “əmlak mülkiyyətçisi” ödəniləcək 13,090.0 (on üç min doxsan) manat məbləğdən 79,7 kv.metr veriləcək mənzilin təmir xərci 10.361,0 (on min üç yüzaltmış bir) manat çıxılaraq, qalan 2729,0 (iki min yeddi yüz iyirmi doqquz) manat məbləği nəğd şəkildə “tikinti şirkəti”nə ödəməyi öhdəsinə götürür (1.1.1.5). “tikinti şirkəti” ünvan 3 ünvanında yerləşən əmlak mülkiyyətçisinin mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, çoxmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binada 87,4 kv.metr təmirsiz mənzili əmlak mülkiyyətçisinin mülkiyyətinə verməyi öhdəsinə götürür (1.2).

13. Mülki işin materiallarında olan AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/9405 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu bəndində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”na əsasən Bakı şəhəri, Nəsimi rayonu, Sahib Zeynalov küçəsində inşa edilmiş, 15 saylı evin 40 saylı mənzilinin ümumi sahəsinin 75,7 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, Sahib Zeynalov küçəsində inşa edilmiş, 15 saylı evin 40 saylı mənzilində təmir-tikinti işlərinin aparıldığı müəyyən olunur. Aparılmış təmir-tikinti işlərinin orta bazar dəyərinə uyğun qiymətləri təqribən 21351,9 manat məbləğində təşkil edir (mal-material və xidmət xərcləri və s. daxil olmaqla) və ayrı-ayrılıqda görülmüş işlər rəyə əlavə edilmiş smetada göstərilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil etmişdir.

14. Mülki işin materiallarında olan AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/3206 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Sahib Zeynalov küçəsində inşa edilmiş, 15 saylı evin 40 saylı mənzilinin (həm içdən-içə, həm çöldən-çölə ölçülər nəzərə alınmaqla) Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsi və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı nəzərə alınmamaqla ümumi sahəsi 87,4 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil etmişdir.

15. Mülki işin materiallarında olan AR İN Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) xx.xx.2016-cı il tarixdə dövlət qeydiyyatına alınmışdır və ləğv edilməsi barədə məlumat aşkar edilməmişdir. Eyni zamanda, dövlət reyestr məlumatlarına əsasən "xxxx" MMC-nin təsisçisi “Azəri Tikinit Şirkəti” MənzilTikinti Kooperatividir (VÖEN **********). Tətbiq edilən maddi hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:

16. 6.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

17. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

18. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

19. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isəborcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

20. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsindəəmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

21. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

22. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

23. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

24. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

25. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

26. 443.2-ci maddəsinə əsasən borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.

27. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

28. 752.1-ci maddəsin podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

29. 762.1-ci maddəsinə əsaəsn podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.

30. 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır.

31. 776.1-ci maddəsinə əsasən sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin:

32. 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyi şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edir.

33. 59.1-ci maddəsinə əsasən tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

34. 59.2-ci maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır.

35. 59.3-cu maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın:

36. 3.2-ci bəndinə əsasən yaşayış binasında otaqların və digər yerləşgələrin sahələri divar və arakəsmələrin tamamlanmış səthləri arasında döşəmə səviyyəsində (plintuslar hesaba alınmadan) ölçülməklə təyin edilir.

37. 3.8-ci bəndinə əsaəsn mənzillərin ümumi sahəsi- yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri- 0,3; şüşəbənd və lociyalar- 0,5; eyvanlar (verandalar)- 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

38. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

42. Maddə 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər.

43. Maddə 232.3. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər

44. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

45. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

46. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

47. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

48. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

49. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

50. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

51. 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

52. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

53. Hazırkı halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

54. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, mülki iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

55. İddiaçı ilə cavabdeh arasında xx.xx.2018-ci il tarixli müqavilə, daha sonra isə həmin müqaviləyə xx.xx.2021-ci il tarixli Əlavə 01 bağlanılmış, müqaviləyə əsasən iddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 58,6 kv.metrdən ibarət (faktiki 66,5 kv.metr) ibarət yaşayış sahəsini sökülmək üçün cavabdehə təhvil verməyi, əlavə olaraq 2729 manat pulu ödəməyi, cavabdeh isə veriləcək 79,7 kv.metr nəzərdə tutulan təmirli mənzilə 7,7 kv.metr sahə əlavə olunaraq ümumi 87,4 kv.metr sahənin verilməsini öhdələrinə götürmüşlər. Hazırda iddiaçı cavabdeh tərəfindən müqavilə öhdəliklərinin yerinə yetirilmədiyini iddia edərək, ona əksik verilmiş 11.7 kv.metr sahənin dəyəri olan 19.890 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulmasını tələb etmiş, rayon məhkəməsi iddia tələbini təmin etmişdir.

56. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır və qeyd edir ki, xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/9405 nömrəli ekspert rəyi əsasında Bakı şəhəri, Nəsimi rayonu, Sahib Zeynalov küçəsində inşa edilmiş, 15 saylı evin 40 saylı mənzilinin ümumi sahəsinin 75,7 kv.m olduğu aşkar edilmişdir. Tərəflər arasında bağlanan müqavilə üzrə cavabdeh şirkət iddiaçıya ümumi sahəsi 87,4 kv.m olan yaşayış sahəsini verməli olduğu halda, iddiaçıya ümumi sahəsi 75,7 kv.m olan (yəni verilməli olan sahədən 11,7 kv.m az) yaşayış sahəsi verilmişdir.

57. Rayon məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilə üzrə cavabdeh tərəf “ümumi sahə” anlayışını tətbiq etməklə üzərinə 87.4 kv.m sahəsinin iddiaçıya təhvil verilməsinə dair öhdəlik götürmüşdür. Həmin müqavilə bir əsas müqavilədən ibarət olmaqla , ümumi sahənin hesablanma qaydası barədə əlavə akt, müqavilə bəndində şərt razılaşdırılmamışdır. Bu halda isə müqavilədəki “ümumi sahə” anlayışı blanket xarakter daşımaqla Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 12.5ci maddəsini aktivləşdirmişdir. Həmin maddəyə əsasən yaşayış sahəsinin ümumi sahəsi vətəndaşların yaşayış sahəsində yaşaması ilə əlaqədar onların məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələrin (balkon və ya eyvanlar istisna olmaqla) sahəsi daxil olmaqla həmin yaşayış sahəsinin bütün hissələrinin sahəsinin məcmusundan ibarət olması təsbit edilmişdir. Yəni bu halda əgər cavabdeh tərəf ümumi sahənin anlayışına tərəflər arasında müqavilə çərçivəsində müfəssəl aydınlıq gətirməmişlərsə, bu halda mənzilin sahəsinin ölçüləri ilə mövcud qanunvericiliklə müəyyən olunmuş qaydalar tətbiq edilir ki, bununla da bağlı xeyli müddətdir ki, oturuşmuş məhkəmə təcrübəsi mövcuddur. Nəticə:

58. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

59. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

60. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir.

61. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Nəsimi Rayon Məhkəməsinin 2(006)-397/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi cavabdehin apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar