Məhkəmə qərarları › İş №2(103)-2809/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2809/2022

14.11.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2809/2022 14.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Nağıyeva Aynur Valeh qızının katibliyi, İddiaçılar X5 və İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə, cavabdeh X1 və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3283/2021 saylı, 09 dekabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh X3 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışa əsasən Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Sahil küçəsi 42L saylı sahə İddiaçı1 mülkiyyətindədir. xx.xx.2021-ci il tarixli torpaq sahəsinin planı və ölçüsünə əsasən, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Sahil küçəsi 42L saylı sahə 0,0605 ha torpaq sahəsindən ibarətdir. Hüquq sahibi İddiaçı1dur.

2. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışa əsasən Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Sahil küçəsi 42M saylı sahə İddiaçı2 mülkiyyətindədir. xx.xx.2021-ci il tarixli torpaq sahəsinin planı və ölçüsünə əsasən Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Sahil küçəsi 42M saylı sahə 0,0605 ha torpaq sahəsindən ibarətdir. Hüquq sahibi İddiaçı2dır.

Birinci instansiya məhkəməsində icraat:

3. İddiaçılar X5 və İddiaçı2 cavabdehlər Cavabdeh1 Şirinəli oğlu və X2 qarşı iddia ərizəsi, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər tərəfindən zəbt edilmiş iddiaçılara məxsus Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Sahil küçəsində yerləşən 42L və 42M saylı torpaq sahələrinə gedən yolun boşaldılması, cavabdehlər tərəfindən qeyri-qanuni dəmir məhəcərlərlə hasara alınmış yolun onların vəsaiti hesabına sökülərək yolun açılması və əvvəlki vəziyyətə gətirilərək həmin yoldan iddiaçıların istifadəsinə maneələrin dayandırlması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

4. İddiada göstərilir ki, iddiaçılara məxsus torpaq sahələrinə gedən yol qonşuluqda yaşayan cavabdehlər X4 və X3 tərəfindən dəmir setkaya alınaraq ağaclar əkilərək zəbt olunmuşdur. Yolun zəbt olunması ilə Xəzər rayon Polis İdarəsinə iddiaçı X7 tərəfindən müraciət olunmuşdur və Xəzər RPİ-nin 1-ci PŞ-nin baş təhqiqatçısı, polis mayoru Xəzər Yolçuyevin xx.xx.2020-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərara əsasən Cavabdeh1 yolu zəbt etdiyini etiraf etmişdir, lakin digər cavabdeh Kəmalə Quliyeva öz izahatında evinin qarşısındakı 0.015 ha torpaq sahəsini Xəzər rayon İcra hakimiyyəti tərəfindən ona verildiyini bildirmiş, lakin torpağın ayrılmasına dair hər hansı sübut taqdim etməmişdir.

5. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3283/2021 saylı, 09 dekabr 2021ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilərək iddiaçılar X5 və İddiaçı2 məxsus Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Sahil küçəsində yerləşən 42L və 42M saylı torpaq sahələrinə gedən yolun boşaldılması, cavabdehlər tərəfindən qeyri-qanuni dəmir məhəcərlərlə hasara alınmış yolun onların vəsaiti hesabına sökülərək yolun açılması və əvvəlki vəziyyətə gətirilərək həmin yoldan iddiaçıların istifadəsinə maneələrin dayandırılması qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətində göstərir ki, hazırda mübahisə predmeti olan torpaq sahəsi əvvəllər ümumi istifadədə olan yol sahəsi olmuşdur. Həmin torpaq sahəsinə dair mülki iş üzrə cavabdehlərin hər hansı mülkiyyət hüquqları dövlət reyestrində qeydə alınmamışdır. Bundan başqa, mübahisə predmetinə aid kücədə cavabdehlərin hər birinin özünə məxsus torpaq sahəsi və fərdi yaşayış evi vardır. Cavabdehlər mübahisəli ərazini isə qeyri qanuni zəbt etməklə əkin sahəsi salmışlar, bununla da umumi iistifadədə və dövlət mülkiyyətində olan yola giriş cıxışı bağlamışlar. Hazırda qeyd edilən torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edilməsi iddiaçıların mülkiyyətlərində olan torpaq sahəsinə giriş cıxış üçün istifadəsinə maneələr yaranmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayətində göstərir ki, iddianı qəbul etmir. Çünki, qeyd edilən bağ heç kimə məxsus deyildir. Onun özünə məxsus bağ evi vardır. Mübahisəli ərazidə olan yol sahəsindən, o, bağ kimi istifadə edib. Həmin bağ sahəsinə gedən yolun bağ sahəsi kimi istifadə edilməsinə ona şəhidin həyat yoldaşı kimi Xəzər rayon İcra Hakimiyyəti və İcra nümayəndəliyi tərəfindən şifahi olaraq icazə verilmişdir. Hesab edir ki, iddiaçıların onun bağdan çıxarılmağını tələb etmək üçün heç bir subyektiv hüquqları yoxdur. Çünki, qeyd edilən torpaq sahəsi Xəzər rayon bələdiyyə torpaqları olduğundan bu tələbi yalnız Xəzər Rayon Bələdiyyəsi irəli sürə bilər. Bundan başqa, iddiaçılara məxsus torpaq sahəsindən küçəyə açılan 8 ədəd darvazaları mövcuddur və onlardan istifadə edirlər. Onun bağ sahəsi kimi istifadəsində olan torpaq sahəsinə tərəf yeni darvazanın qoyulmasına heç bir hüququ əsas və zərurət yoxdur. Məhkəmənin qətnaməsi əsasızdır, məhkəmənin gəldiyi nəticədən belə görünür ki, Xəzər Rayon Bələdiyyəsinə məxsus olan və onun istifadəsində bağ sahəsi kimi istifadədə olan bağ sahəsi guya iddiaçılara verilməlidir. Halbuki, iddiaçıların həmin torpaq sahəsini tələb etməyə ümumiyyətlə subyektiv hüquqları yoxdur.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

9. Məhkəmə iclasında cavabdeh X3 və onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdilər.

10. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

11. Azərbaycan Respublikasının Konstitusiyası:

Maddə 13, hissə 1. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. İ, İİ, İV hissə; Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. (30 mart 2009-cu il tarixli Qanunla “və ya ictimai ehtiyaclar” sözləri çıxarılıb).

“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

13. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi:

Maddə 66.2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericilikdə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Maddə 67. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahəsi üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

14.“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun:

Maddə 2.1. Müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.2-ci maddəsinə əsasən Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri:

16. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

17. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

19. Apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi göstərilsə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini qətnamənin iddianın Kəmalə Quliyevaya münasibətdə təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin Kəmalə Quliyevaya münasibətdə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

20. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən, qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

21. Əvvəla, iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

22. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşdığından, habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmadığından iddia haqlı sayılır.

23. Apellyasiya icraatı zamanı həqiqətin müəyyən edilməsi məqsədilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2809/2022 saylı, 04 aprel 2022-ci il tarixli qərardadı ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsindən, Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətindən və Bakı şəhəri Xəzər rayonu Mərdəkan Bələdiyyəsindən ayrı-ayrılıqda mütəxəssis (mühəndis,ekspert) rəyinin alınması qərara alınmışdır.

24. Bakı Apellyasiya Məhkəməsinin dəftərxanası vasitəsi ilə 25 may 2022-ci il tarixdə Bakı şəhəri Xəzər rayonu Mərdəkan Bələdiyyəsindən 1-3/100 saylı, xx.xx.2022-ci il tarixli, 16 iyun 2022-ci il tarixdə Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətindən 618 saylı, xx.xx.2022-ci il tarixli və 04 oktyabr 2022-ci il tarixdə isə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsindən **********39 saylı, xx.xx.2022-ci il tarixli mütəxəssis rəyləri daxil olmuşdur.

25. Bakı şəhəri Xəzər rayonu Mərdəkan Bələdiyyəsi tərəfindən verilmiş 1-3/100 saylı, xx.xx.2022-ci il tarixli rəydə qeyd edilir ki:

1. İddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu Mərdəkan qəsəbəsi, Sahil küçəsində 42L və 42M torpaq sahələrinin Daşınmaz Əmlakın Dövlət Reysterində qeydə alınmış sahələr üzrə və həcmlərdə mülkiyyətçilərin faktiki sahibliyində və istifadəsindədir;

2. Mübahisələndirilən ərazi uzun müddət yol kimi istifadə olunmuşdur. Lakin yol infrastrukturunda genişlənmə baş verdiyi üçün həmin yolun qarşısında hasar çəkilmiş və yolun gediş-gəliş hissəsi bağlanmışdır. Təxminən 300 kv.metrə yaxın əraziyə qonşular tərəfındən ağac və yaşıl kollar əkilmişdir;

3. İddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu Mərdəkan qəsəbəsi, Sahil küçəsində 42L və 42M torpaq sahələrinə hal-hazırda giriş mövcud deyil və istifadə edilmir;

4. Mübahisələndirilən ərazi ümumi istifadədə olduğu üçün iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətlərində olan Bakı şəhəri, Xəzər rayonu Mərdəkan qəsəbəsi, Sahil küçəsində 42L və 42M torpaq sahələrinə giriş kimi istifadə etmək hüququna malikdirlər;

5. Mübahisəli ərazidəki mövcud vəziyyət iddiaçıların öz mülkiyyətlərində olan torpaq sahələrindən sərbəst istifadə etməsinə məhdudiyyət yaradır. Belə ki, iddiaçıların öz mülkiyyətlərində olan torpaq sahələrinin qarşısında, ümumi istifadədə olan ərazidə qonşular tərəfindən bağ salındığı üçün giriş-çıxış imkanı mövcud deyil.

26. Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 618 saylı, xx.xx.2022-ci il tarixli rəydə göstərilir ki, məktubda qeyd edilən məsələlərin araşdırılması məqsədilə aidiyyəti üzrə Xəzər RİHB-nın Mərdəkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə məktub ünvanlanmış və verilmiş məlumatda bildirilmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətlərində olan Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Sahil küçəsində yerləşən 42L və 42M saylı torpaq sahələrinin mülkiyyətçilərin faktiki sahibliyində və istifadəsindədir. Mübahisələndirilən ərazi uzun müddət yol kimi istifadə olunmuşdur. Lakin yol infrastrukturunda genişlənmə baş verdiyi üçün həmin yolun qarşısında müvafiq dövlət qurumları tərəfindən hasar çəkilmiş və yolun gediş-gəliş hissəsi bağlanmışdır. Yol bağlandıqdan sonra təxminən 300 kv.metrə yaxın əraziyə qonşular tərəfindən ağac və yaşıl kollar əkilmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan Mərdəkan qəsəbəsi, Sahil küçəsində yerləşən 42L və 42M saylı torpaq sahələrinə hal-hazırda giriş mövcud deyil və istifadə edilmir. Mübahisələndirilən ərazi ümumi istifadədə olduğu üçün iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan Mərdəkan qəsəbəsi, Sahil küçəsində yerləşən 42L və 42M saylı torpaq sahələrinə giriş kimi istifadə etmək hüququna malikdirlər. Mübahisəli ərazidəki mövcud vəziyyət iddiaçıların öz mülkiyyətlərində olan topaq sahələrindən sərbəst istifadə etməsinə məhdudiyyət yaradır. Belə ki, iddiaçıların mülkiyyətlərində olan torpaq sahələrinin qarşısında, ümumi istifadədə olan ərazidə qonşular tərəfindən bağ salındığı üçün giriş-çıxış imkanı mövcud deyil.

27. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********39 saylı, xx.xx.2022-ci il tarixli mütəxəssis rəyində isə göstərilir ki: 1-ci suala cavab olaraq bildirilir ki, sənəd üzrə sahələrin vahid elektron kadastr bazada məlumatı mövcuddur. Sahə mülkiyyətçilərin faktiki sahibliyində və istifadəsində olsada ara sərhədləri düz çəkilməmişdir. 2-ci suala cavab olaraq bildirilir ki, göstərilən 605,0 kv.m sahənin qeydiyyatı barədə vahid elektron kadastr bazasında heç bir məlumat aşkar edilməmişdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən mübahisələndirilən sahə əvvəllər ümumi istifadədə olan torpaq yol olmuşdur. Sözügedən yolun bir hissəsi (260,0 kv.m) cavabdehin istifadəsindədir. 3-cü suala cavab olaraq bildirilir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahələrinin yolu cənubdan (mübahisəli hissədən) olmuşdur. 4-cü suala cavab olaraq bildirilir ki, İddiaçı1 mülkiyyətində olan torpaq sahəsinin bir tərəfındən asfalt yola çıxışı var. Lakin İddiaçı2 mülkiyyətində olan sahənin üç tərəfi qonşu sahə, bir tərəfi isə mübahisəli yoldur. Sahələrə cənub tərəfdən (mübahisəli hissədən) yol verilməsi mövcud hasar sökülməklə texniki olaraq mümkündür. 5-ci suala cavab olaraq bildirilir ki, əvvəllər yol olmuş ərazi hazırda qarşı tərəfin istifadəsində olduğu üçün İddiaçı2 mülkiyyətində olan sahəsinə giriş-çıxışı mümkün deyil. İddiaçı1 bu yoldan başqa torpaq sahəsinin qərb tərəfi də asfalt yoldur. 6-cı suala cavab olaraq bildirilir ki, sözügedən mübahisəli yoldan başqa heç bir əhəmiyyətli hal yoxdur.

28. Göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 2809/2022 saylı, 04 aprel 2022-ci il tarixli qərardadının icrası ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsindən, Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətindən və Bakı şəhəri Xəzər rayonu Mərdəkan Bələdiyyəsindən ayrı-ayrılıqda alınmış mütəxəssis (mühəndis,ekspert) rəyləri ilə də cavabdehin iddiaçıların mülkiyyətində olan torpaq sahələri üçün nəzərdə tutulmuş qanuni yolu zəbt etməsini və qeyri-qanuni çəpərə almasını, bununla da iddiaçıların öz mülkiyyətindən sərbəst istifadə etmələrinə açıq-aşkar maneə yaratdığı öz təsdiqini tapmışdır.

29. Deməli, cavabdehin mübahisəli ərazidəki yol sahəsini zəbt edərək bağ kimi istifadə etməsi iddiaçıların mülkiyyətçi kimi hüquqlarını pozur. Çünki, mülkiyyətlərində olan torpaq sahəsinə sərbəst daxil ola və oradan çıxa bilmirlər. Ona görə də iddiaçıların hazırki iddianı irəli sürməkdə nəinki subyektiv hüquqları olmuş, əksinə iddialarının təmin edilməməsi konstitusion hüquq olan mülkiyyət hüquqlarının kobud pozulmasına səbəb ola bilərdi ki, əlbətdə ki, bu da yolverilməzdir. Mübahisəli ərazidəki yolun nəzərdə tutulduğu torpaq sahəsinin hansısa bələdiyyənin yaxud dövlətin mülkiyyətində olması da hazırki iddianın əsassızlığına dəlalət etmir. Çünki, cavabdeh tərəfindən mülkiyyətindən sərbəst istifadə etməyə maneələr yaratdığı üçün iddiaçılar bu iddianı irəli sürmüşlər. Bu hal isə subyektiv hüquqların, yəni tələb etmək hüququnun mövcudluğunu istər-istəməz labüd edir.

30. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3283/2021 saylı, 09 dekabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

31. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

Cavabdeh X1 apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3283/2021 saylı, 09 dekabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar