Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-281/2024 13.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı mülki iş üzrə (Açar sözlər: müqavilə öhdəliyinin icra edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X8 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı “müqavilədə nəzərdə tutulan sahənin təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1652/2023 saylı, 17 may 2023-cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" MTK tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri Səbail rayonu, X9 küçəsi, 76 ünvanında yerləşən ümumi sahəsi 16.4 m2 olan xüsusi mülkiyyət xx.xx.2016-cı il tarixdən İddiaçı adına qeydə alınmışdır.
2. Cavabdeh MMC ilə İddiaçı etibarnamə əsasında nümayəndəsi X6 arasında bağlanmış mənzilə dair hüquqların ötürülməsi, mülkiyyətçinin köçürülməsi və yəni mənzillə təmin edilməsi haqqında 14 avqust 2018-ci il tarixli müqavilədən görünür ki, Bakı şəhəri Səbail rayonu, X9 küçəsi, 76 ünvanında 16.4 m2 ümumi sahəsi olan sahəni yaşayış kompleksinin tikintisi məqsədilə Cavabdeh MMC-yə təhvil verir. Cəmiyyət isə həmin sahənin əvəzində tikinti işləri başa çatdıqdan sonra təhvil verilən sahənin ümumi sahəsi ölçüsü və əlavə olaraq onun 20%-ə qədər artıq sahəni mülkiyyətçinin mülkiyyətinə təhvil verir.
3. Həmin müqavilənin 2.1.2-ci və 2.1.3-cü bəndlərinə əsasən çıxarış sahəsi: 16,4 kv.m və əlavə sahəsi 8 kv.m-dən ibarətdir.
4. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən sakin cəmiyyət tərəfindən ona göndərilmiş sahənin boşaldılması haqqındakı bildirişi aldığı tarixdən bir ay müddətinə əmlakını boşaldaraq cəmiyyətə təhvil verməlidir.
5. Həmin Müqavilənin 4.1, 4.2 və 4.4-cü bəndlərinə əsasən yeni sahənin sahəsi təhvil götürülən mövcud sahənin sahəsindən az olmamalıdır. Yeni sahənin təhvil verilməsi olduğu tarix: 24- 36 ay. Yeni sahənin həmin mənzilin layihəsinə uyğun vəziyyətdə, həmin layihə ilə nəzərdə tutulmuş şəraitlə cəmiyyət tərəfindən mülkiyyətçiyə təhvil verilməlidir. Yeni sahənin mülkiyyətçiyə təhvil verilməsi akt ilə rəsmiləşdirilir və bununla mülkiyyətçiyə yeni mənzilə mülkiyyət hüququ tam ötürülür. Mülkiyyətçiyə yeni sahənin tikintisini və təmirini müşayiət etməsi üçün şərait yaradılmalıdır.
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı “müqavilədə nəzərdə tutulan sahənin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh arasında bağlanmış 14 avqust 2018-ci il tarixli mənzilə dair hüquqların ötürülməsi, mülkiyyətçinin köçürülməsi və yeni mənzillə təmin edilməsi haqqında müqavilədə, ona məxsus olan və cavabdeh tərəfindən sökülən Bakı şəhəri, Səbail rayonu, X9 küçəsində yerləşmiş 76 saylı qeyri-yaşayış sahəsinin əvəzinə müqavilədə nəzərdə tutulan sahənin tam təmirli təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2016-ci il tarixli seriya RX 083176 nömrəli çıxarışa əsasən, Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsində yerləşən 76 saylı qeyri-yaşayış sahəsi ona məxsus idi. Lakin 2018-ci il tarixdə Cavabdeh MMC Mənzil Tikinti Kooperativi tərəfindən təklif gəlmişdir ki, həmin sahədə olan daşınmaz əmlak sökülərək, əvəzinə yeni tikilmiş binada, əlavə kvadrat metr olmaq şərti ilə əlavə sahə veriləck. Nəticədə onunla Cavabdeh MMC Mənzil Tikinti Kooperativ arasında 14 avqust 2018-ci il tarixli “Mənzilə dair hüquqların ötürülməsi, Mülkiyyətçinin köçürülməsi və yeni mənzillə təmin edilməsi haqqında müqavilə” bağlanmışdır. Həmin müqaviləyə əsasən ona məxsus olan Bakı şəhəri, Səbail rayonu, X9 küçəsində yerləşən, ümumi sahəsi 16.4 kvadrat metrədən ibarət qeyri-yaşayış sahəsi cavabdeh tərəfindən sökülərək, əvəzinə yerinə tikilən binada 20%-ə qədər artıq sahə əlavə olaraq, tam təmirli olunması şərti ilə ona verilməli idi. Cavabdeh tərəfindən tikiləsi yeni yaşayış kompleksi 24-36 ay ərzində təhvil verilməli idi. Lakin həmin yeni tikilmiş yaşayış kompleksi artıq neçə vaxtdır ki, hazırdır. Tərəfindən dəfələrlə cavabdehlə görüş keçirərək, bildirmişdi ki, məhz müqavilə vardır və həmin müqaviləyə əsasən ona sahə verilməlidir. Lakin cavabdeh tərəfindən ona bildirilmişdir ki, köhnə tikilmiş əmlakda ona məxsus olan kvadrat metrdə sahə yeni tikilmiş yaşayış kompleksində yoxdur və buna əsasən ona həmin yerdə sahə verə bilmirlər. Halhazıradək tərəfindən və ya hüquqşünası tərəfindən cavabdehə zəng vurularaq, cürbəcür vədlər verilir, lakin əməl olunmur.
8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1652/2023 nömrəli, 17 may 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdehlə bağlanmış 14 avqust 2018-ci il tarixli “Mənzilə dair hüquqların ötürülməsi, mülkiyyətçinin köçürülməsi və yəni mənzillə təmin edilməsi haqqında” müqaviləyə uyğun olaraq cavabdeh tərəfindən sökülən Bakı şəhəri, Səbail rayonu, X9 küçəsində yerləşmiş 76 saylı qeyri yaşayış sahəsinin əvəzinə 14 avqust 2018-ci il tarixli müqavilədə nəzərdə tutulan sahənin tam təmirli olaraq İddiaçı təhvil verilməsi qət edilmişdir.
9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər Cavabdeh MMC ilə İddiaçı 657 nömrəli reyestrlə etibarnamə əsasında nümayəndəsi X6 arasında “Mənzilə dair hüquqların ötürülməsi, mülkiyyətçinin köçürülməsi və yəni mənzillə təmin edilməsi haqqında” 14 avqust 2018-ci il tarixdə müqavilə bağlanmış və Bakı şəhəri Səbail rayonu, X9 küçəsi, 76 ünvanında 16,4 m2 ümumi sahəsi olan sahəni yaşayış kompleksinin tikintisi məqsədilə Cavabdeh MMC-yə təhvil verir və Cəmiyyət isə həmin sahənin əvəzində tikinti işləri başa çatdıqdan sonra təhvil verilən sahənin ümumi sahəsi ölçüsü və əlavə olaraq onun 20%-ə qədər artıq sahəni mülkiyyətçinin mülkiyyətinə təhvil verilməsi barədə razılığa gəlmişlər. Lakin Cavabdeh MTK tərəfindən müqavilə üzrə nəzərdə tutulan öhdəlik icra olunmamışdır.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 390.1, 390.5, 404.1, 404.2, 425.1, 425.2, 442-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri
11. Cavabdeh "xxxx" MTK qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1652/2023 nömrəli, 17 may 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməli olduğu halda birinci instansiya məhkəməsi tərəfindən sübutlara obyektiv, tam hərtərəfli baxılmamış, cavabdeh tərəfindən təqdim edilmiş vəsatət aidiyyəti olmayan əsasla təmin edilməmişdir. İddiaçı hüquqlarından suiistifadə edərək, hazırki tələblə məhkəməyə müraciət etmişdir. Ona görə ki, MTK tərəfindən iddiaçıya məxsus mənzil ona görə sökülmüşdür ki, mənzil qəzalı vəziyyətdə idi (bu barədə müvafiq orqanların rəyləri var) və İcra Hakimiyyəti bu barədə sərəncam vermişdir. Lakin, yenə müvafiq dövlət qurumları tərəfindən təsdiq edilmiş layihəyə uyğun olaraq, qəzalı vəziyyətdə olan binaların yerində tikilmiş binalarda iddiaçıya məxsus olmuş mənzilin sahəsinə uyğun mənzil yoxdur. Bu səbəbdən MTK tərəfindən ondan asılı olmayan səbəblərdən tikilən binada iddiaçıya mənzil verilməsi mümkün olmamışdır. İddiaçıya dəfələrlə təklif edilmişdir ki, mənzilin sahəsinə uyğun olaraq dəyəri ödənilsin, lakin o, bundan imtina etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları 14.İştirak etdiyi məhkəmə iclasında cavabdeh “HERMES-S" MTK-nın nümayəndəsi X7 bildirmişdir ki, iddiaçının çıxarışında olan sahə 16 kv.m-dir. Həmin sahənin üzərinə 20 faiz və üstünə 8 kv.m sahəni əlavə edirlər. Məhkəmə tərəfindən iddiaçıya 24 yox 30 kv.m sahə verilməsi qeyd edilsə qərar icra olunmayacaq, çünki həmin ölçüdə onlarda mənzil yoxdur. Ən balaca mənzil 102 kv.m-dir. Balaca ölçülü mənzillər birinci binadadır. İkinci binada az ölçülü mənzillər yoxdur. Müqaviləyə əsasən mənzil təhvil verilmədir. Müqavilənin birinci vərəqində qeyd edilib ki, ümumi sahə 16 kv.m, əlavə 20 faiz əlavə sahə. 24 kv.m sahə əvvəlki layihədə qeyd edilmişdi. Daha sonra sahə 36 kvadrat metr olmaqla dəyişdirildi. Ekspert rəyində yaxın ərazilərdə 2432 manat dəyərində olduğu qeyd edilmişdir. Rəyin arxa hissəsində 7-ci, 8-ci, 9-cu mərtəbələr qeyd edilmişdir mərtəbələrin hündürlüyü fərqi vardır. O, bu gün təklif edir ki, qarşı tərəfin sahəsi 25 kv.m olsa belə 2 min manatdan 50 min manat edir, o, isə 60 min manat verməyə razıdır. Onun sahəsi üçüncü mərtəbədə 16 kv.mlik qeyri-yaşayış sahəsi idi. Müqavilənin şərtlərinin dəyişdirilməsi ilə bağlı məhkəməyə müraciət etməmişdir. Onlar ədalətli kompensasiya təklif edir. O, qarşı tərəfə üçüncü mərtəbədə yerləşən 20 kv.m qeyri-yaşayış sahəsini təklif edir. Müqavilə mövcuddur və hazırda qüvvədədir. Müqavilə onlar tərəfdən icra olunur, 16 kv.m-in əvəzinə 60 min manat təklif edir. 60 min manat pul verməyə hazırdır. 60 min manat bu gün üçün az məbləğ deyil. Həmin məbləğ dəyərində bu gün şəhərdə rahatlıqla mənzil almaq olar. Sadəcə qarşı tərəf mənzil pulundan əlavə pul əldə etmək istəyir. Sentyabr ayında o, qarşı tərəfə 60 min manat verməyə hazır idi. Binanın üçüncü mərtəbəsində qeyri-yaşayış sahəsi verməyə hazırdır. 15.Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X4 bildirişdir ki, ona müqavilədə göstərildiyi kimi çıxarış sahəsi 16,4 kv.m və əlavə sahəsi 8 kv.m üzərinə 20 faiz, cəmi 30 kv.m sahə verilməlidir. 30 kv.m yaşayış sahəsinə aiddir, notarial qaydada imzalanmış müqavilədə də qeyd edilmişdir ki, sökülən qeyri-yaşayış sahəsinin əvəzinə ev verilməlidir. Şirkət evi sökən zaman evin sahəsini bilirdilər. Cavabdeh tərəflə bağlanmış yazılı razılığa əsasən təmirli mənzil verilməli idi. Cavabdeh tərəf 5 il ərzində onlara bir neçə yerdə ev göstərmiş, lakin mənzil verilməmişdir. Onun evi düz bulvarın qırağında, Bayraq meydanının yanında idi. Yaşayış sahəsinin təmirli şəkildə verilməli olduğu müqavilədə qeyd edilmişdir. Cavabdeh bir neçə dəfə fərqli yerlərdə evlər göstərdi, lakin vermədilər. Qarşı tərəfin onlara ev təklif etməsi və ev göstərməsi həqiqətdir. Onlar göstərdiyi evlərdən almağa hazır idi. Bəyəndikləri evləri onlara vermələrini qarşı tərəfin özünə də bildirmişdir. Verəcəklərini deyirdilər, ancaq vermirdilər. 2018-ci ildən bəri vəziyyət budur. Onu da qeyd edir ki, qarşı tərəf onlara 100 manat kirayə haqqı verirdi, daha sonra onların təkidi ilə 150 manata qaldırdı. Bakı şəhərində 150 manata kirayə yoxdur, Əhmədlidə kirayə 400 manatdır. Ona ya tikdiyi binadan ev versin, ya da müqabilində pul versin. 100.000 manat məbləğində vəsaitin ona verilməsini istəyir. 60 min manatla razı deyil, çox azdır, 60 min manat məbləğində ev ala bilməz.
Apellyasiya baxışının hədləri
16.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 17.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 18.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 19.Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddianın rədd edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
23. 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.
24. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) özistədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
25. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin(kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
26. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya buMəcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
27. 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
28. 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
29. 404.1-ci maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
30. 404.2-ci maddəsinə əsasən, bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
31. 422.1-ci maddəsinə əsasən, tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur
32. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
33. 441.1-ci maddəsinə əsasən, tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır.
34. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
35. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
36. 560.1 və 560.2-ci maddələrinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
37. 752.1-ci və 752.2-ci maddələrinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir.
Tətbiq edilən prosessual hüquq norması
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin
38. 14.1 və 14.2-ci maddələrinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
41. 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
42. 220.4-ci maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
20.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi “verilməli əmlak” hissəsində dəyişdirilməli, iddia bu hissədə təmin edilməlidir. 21.Qeyd edilməlidir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. 22.Hazırda iddiaçı məhkəməyə müraciət edərək müqavilə ilə cavabdehin üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməsini tələb edir, cavabdeh isə bağlanmış müqavilə ilə üzərinə götürdüyü öhdəliyin icrasının mümkün olmadığına istinad edərək şərtləşdirilmiş qaydada mənzilin verilməsinə dair qarşılıqlı icra öhdəliyindən imtina etməkdə haqlı olduğunu göstərir. 23.Məlum olduğu kimi qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. 24.İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından da görünür ki, tərəflər podrat və alqı-satqı müqavilələrinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətlərinə daxil olmuşlar. Bu işin mübahisələndirilməyən halıdır. Baxılan işdə fikir ayrılığı isə "xxxx" MTK-nın müqavilədə şərtləşdirilmiş formada (sahəsi) mənzili iddiaçıya vermək üzrə öhdəliyi icra etməsinin mümkün olub-olmaması ilə bağlıdır. Belə ki, cavabdehin mövqeyinə görə onun təhvil verilmiş qeyri-yaşayış sahəsinin müqabilində təmirli mənzilin verilməsinə dair öhdəliyin icrasından imtinası qanunidir. 25.Beləliklə iş üzrə müəyyən edilməli olan hallar cavabdehin istinad etdiyi şərtin icrasının mümkün olub-olmaması, şərtin icrasının əvvəldən mümkünsüz olması müəyyən edildiyi təqdirdə cavabdehin bu halı müqavilə bağlanan zaman bilib-bilməməsi, cavabdehin müqavilənin icrasından imtinasının qanuni olub-olmamasından ibarətdir. 26.İşin hallarını araşdıran məhkəmə kollegiyası belə qənaətə gəlir ki, tərəflər arasında müqavilə bağlanarkən iddiaçının mülkiyyətində və istifadəsində olan əmlakın (təqdim edilmiş çıxarışa və digər hüquqmüəyyənedici sənədlərə əsasən), eyni zamanda yerində tikiləcək binanın tərkib hissələrinin texniki göstəriciləri (binanın tikinti layihəsi, verilməli mənzilin təmirli olub-olmaması, ölçüsü və s.), yəni verilməsi nəzərdə tutulan mənzilin konkret parametrlərini müəyyənləşdirmək imkanına malik idi. Çünki cavabdeh tikinti sahəsində ixtisaslaşmış təşkilatdır, müqavilə bağlanarkən həll olunmalı məslələrin əvvəldən ona bəlli olduğu məlumdur. Hazırda müqavilə ilə şərtləşdirilmiş mənzilin iddiaçıya təhvil verilməsinin mümkünsüz olması barədə cavabdehin istinad etdiyi dəlillər ağlabatan deyildir. 27.Bu səbəbdən cavabdehin qəzalı vəziyyətdə olan binanın yerində tikilmiş binada iddiaçıya məxsus olmuş qeyri-yaşayış sahəsinin parametrələrinə uyğun mənzilin olmamasına, MTK tərəfindən ondan asılı olmayan səbəblərdən tikilən binada iddiaçıya mənzil verilməsinin mümkün olmamasına istinad edərək müqavilənin icrasından birtərəfli qaydada imtinası qanuni hesab edilə bilməz. Göründüyü kimi sökülən sahənin əvəzində verilməsi şərtləndirilən mənzilin iddiaçıya məxsus yaşayış sahəsinin vahid əmlak kimi sökülməsi müqabilində veriləcəyi şərti aydın şəkildə göstərilmişdir. Cavabdeh də istinad etdiyi şərtin icrasının mümkünsüz olmasını müqavilə bağlanan zaman bilməli idi.
28. Bundan başqa, mülki qanunvericilik fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək hüququnu vermişdir. Hazırda tərəflərin birgə iradəsinə əsaslan müqavilə, müqvilədəki bütün şərtlər qüvvədədir və müqavilə öhdəliyin icrasının qurtarması anına qədər qüvvədə qalacaq. Cavabdeh də istinad etdiyi əsasla müqavilədən birtərəfli qaydada imtina edə bilməz, o, qanunvericiliyə uyğun şəkildə bu cür tələblə məhkəməyə müraciət etməmişdir.
29. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, tərəflər arasında azad surətdə müqavilə bağlanaraq, iddiaçının sökülmüş qeyri-yaşayış əvəzində yeni tikilən binada ona veriləcək olan yaşayış sahəsnin konkret həcmi razılaşdırılmışdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin məzmununa görə Bakı şəhəri Səbail rayonu, X9 küçəsi, 76 ünvanında çıxarış sahəsi 16,4 kv.m və əlavə sahəsi 8 kv.m olan sahəni yaşayış kompleksinin tikintisi məqsədilə Cavabdeh MMC-yə təhvil verməyi, Cəmiyyət isə həmin sahənin əvəzində tikinti işləri başa çatdıqdan sonra təhvil verilən sahəni və əlavə olaraq onun 20%-ə qədər artıq sahəni mülkiyyətçinin mülkiyyətinə təhvil verməyi öhdəsinə götürmüşdür.
30. Beləliklə kollegiya müqavilə şərtlərinə uyğun olaraq mənzilin təhvil verilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razıalaşaraq onu da vurğulayır ki, iddiaçının tələb etdiyi əmlakın fərdiləşdirici əlamətlərin (tam təmirli, sahənin ölçüsü və s.) məhkəmə tərəfindən müqavilə şərtlərinə əsasən müəyyən edilməsi görünmür. Belə ki, cavabdeh MTK tərəfindən iddiaçıya təhvil verilməsi nəticəsinə gəlinərkən, verilməsi nəzərdə tutulan mənzili konkret parametrlər əsasında müəyyənləşdirmək mümkün deyil. Bu isə Azərbaycan Respublikasının MPM-in 14-cü maddəsində nəzərdə tutulmuş işlərin hərtərəfli, tam və obyektiv tədqiqi prinsipinin tələblərinə cavab vermir.
31. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir.
32. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
33. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı).
34. Müqaviləyə əsasən verilməli olan mənzilin həcmini daha müfəssəl şəkildə müəyyən etmək məqsədilə məhkəmə kollegiyasının gəldiyi qənaətə görə tərəflər arasında bağlanılmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən "xxxx" MTK tərəfindən İddiaçı Bakı şəhəri, Səbail rayonu, X9 küçəsi 76 ünvanında yerləşmiş, çıxarış sahəsi 16,4 kv.m və əlavə sahəsi 8 kv.m olmuş qeyri-yaşayış sahəsinin sökülməsinə görə həmin ünvanda tikilmiş yeni tkilidə sahəsi (16,4+8*20%) 29,28 kv.metr olan yeni təmirli mənzil təhvil verilməlidir.
35. Bundan başqa Mülki Prosessual Məcəllənin 222.1-ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir.
36. Maddənin məzmunundan görünür ki, əmlakın dəyəri cavabdehdən o zaman tutulur ki, alınmalı əmlak qətnamə icra edilən vaxt mövcud olmasın. Yəni əmlak cavabdeh tərəfindən natura şəklində verilərsə, onun dəyərinin tutulması istisna olunur. Beləliklə, cavabdeh həmin əmlakın özünü qaytarmaqla onun dəyərini ödəmək vəzifəsini daşımayacaqdır. Həmin əmlakın dəyərinin tutulması cavabdehin özünün hərəkətlərindən asılıdır. Məhkəmə veriləcək mənzilin dəyərini müəyyən etmək məqsədilə ekspertizanın keçirilməsini labüd hesab etmiş, iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmişdir.
37. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9 aprel 2024-cü il tarixli, 3-16-16/2-10/8435-9/8564 saylı ekspert rəyinə əsasən, Bakı şəhəri, Səbail rayonu, X9 küçəsində 76 ünvanında "xxxx" MTK tərəfindən tikilən binaya yaxın ərazilərdə yerləşən təmirli mənzilin 1 kv.m-nin hazırda mğvcud olan orta bazar qiymətinin təqribən 2.432,0 manat məbləğində olduğu müəyyən edilmişdir.
38. Beləliklə hazırki qətnamə icra olunan vaxt qeyd edilən əlamətlərə malik olan mənzil mövcud olmasa alınmalı əmlakın dəyəri, yəni 71.209 manat məbləğində pul "xxxx" MTKdan tutularaq İddiaçı ödənilməlidir.
39. MPM-nin 384.0.3-cü maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. 40.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1652/2023 nömrəli, 17 may 2023-cü il tarixli qətnaməsi “verilməli əmlak” hissədə dəyişdirilsin. İddia bu hissədə təmin olunsun. Tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən "xxxx" MTK tərəfindən İddiaçı Bakı şəhəri, Səbail rayonu, X9 küçəsi 76 ünvanında yerləşmiş, çıxarış sahəsi 16,4 kv.m və əlavə sahəsi 8 kv.m olmuş qeyri-yaşayış sahəsinin sökülməsinə görə həmin ünvanda tikilmiş yeni tkilidə sahəsi (16,4+8*20%) 29,28 kv.metr olan təmirli mənzil verilsin. Qətnamə icra olunan vaxt qeyd edilən əlamətlərə malik olan mənzil mövcud olmasa 71.209 manat məbləğində pul "xxxx" MTK-dan tutularaq İddiaçı ödənilsin. Qətnamə digər hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə ekspertizanın tədqiqat dəyəri olan 100 manat cavabdeh "xxxx" MTK-dan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE**********0002088501, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova