Məhkəmə qərarları › İş №2(103)-2811/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2811/2023

02.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2811/2023 02.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi, əmək stajı) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X8 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi ilə, Ərizəçi, Maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X2 iştirakları ilə, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizəsinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-233/2023 saylı, 31 yanvar 2023-cü il tarixli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş apelyasiya şikayətinə 02 may 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Ərizəçi (bundan sonra, ərizəçi) xx xxxxxx 1956-cı il tarixdə Kəlbəcər rayonunun Zülfüqarlı kəndində doğulmuş, Kəlbəcər rayonunun Zülfüqarlı kəndində qeydiyyatdadır.

2. AA 429577 №-li Məcburi Köçkün vəsiqəsinə əsasən ərizəçi Kəlbəcər rayonundan məcburi köçkün olmaqla ünvan 1 ünvanında müvəqqəti məskunlaşmışdır.

3. Ərizəçiyə məxsus АЗЕ № ******* saylı əmək kitabçasından görünür ki, o, xx.xx.1974-cü ildə Kəlbəcər rayon Rabitə Qovşağında elektrik mantyoru işinə qəbul edilmiş, xx.xx.1977-ci ildən hərbi xidmətə çağırıldığı üçün işdən azad edilmiş, xx.xx.1979cu ildə Kəlbəcər rayon Rabitə Qovşağında elektrik mantyoru işinə götürülmüş, xx.xx.1985ci ildə Kəlbəcər Rayon X4 rabitə şöbəsində şöbə rəisi vəsifəsinə işə götürülmüş, xx.xx.1987-ci ildə ərizəsinə əsasən işdən azad edilmişdir.

4. Azərbycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə X3 Təyinatı üzrə X6 Yusif Əyyub oğluna ünvanlanmış 19 aprel 2022-ci il tarixli **********3 nömrəli məktubundan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Belə ki, 2019-2022-ci illərdə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığorta olunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Qeyd olunan maddənin tələblərinə uyğun olaraq ona xx.xx.2021-ci il tarixində avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin Qanunun 22-1.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1-22-1.2.3cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. Müraciəti ilə əlaqədar bildirirlər ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2021-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 33776,93 manat pensiya kapitalı əsasında, xx.xx.2006-cı il tarixinədək sığorta stajı 25 il hesablanmaqla əmək pensiyasının məbləği yenidən hesablanaraq xx.xx.2021-ci il tarixindən 359,10 manat müəyyən edilmişdir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilməsi ilə əlaqədar olaraq 2012.2021-ci il tarixindən 359,10 manata, xx.xx.2022-ci il tarixindən yaşa görə əmək pensiyasının məbləği 371,37 manata çatdırılmışdır. Məlumat üçün bildirirlər ki, təqdim etdiyi əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1974-cü il tarixindən xx.xx.1995-ci il tarixinədək Kəlbəcər rayon Rabitə Qovşağındakı əmək fəaliyyəti barədə qeyd əmək kitabçasında iki nəfərin imzası ilə tərtib edilmiş akt əsasında qeyd edildiyindən həmin dövrün sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır.

5. Bakı İnzibati Məhkəməsinin 15 avqust 2022-ci il tarixli, 2-1(112)-9492/2022 saylı qərardadından görünür ki, iddiaçı Ərizəçi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iddiası ona görə mümkün sayılmamışdır ki, iddiaçının Kəlbəcər rayon Rabitə Qovşağındakı əmək fəaliyyəti barədə qeydlər əmək kitabçasında şahid ifadələri əsasında aparılmışdır. Şahid ifadələrinə əsasən əmək kitabçasında düzəlişlər edilməsinə yol verilmir. Odur ki, əmək kitabçasında həmin qeydlər “işçinin əmək fəaliyyətinin qeyd edilməsi” kimi qiymətləndirilə bilməz və iddiaçının həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsi mümkün hesab edilmir. Bu səbəbdən də iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitəsindən, ümumi məhkəməyə hüquqi əhəmiyyəti olan faktın təsdiq edilməsi haqqında ərizə verməklə (iş stajının müəyyən edilməsinə dair) nail ola bilər.

6. Beləliklə, ərizəçi qeyd edilən faktı məhkəmədən kənar qaydada təsdiq edə bilmədiyi üçün məhkəməyə müraciət etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

7. Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət etmiş, ərizəni onunla əsaslandırmışdır ki, o, xx.xx.1956-cı ildə anadan olmuş, əmək fəaliyyətinə başladığı müddətdən hal-hazırkı vaxtadək olan iş yeri barədə qeydlər əmək kitabçasında qeyd edilmişdir. O, 65 yaşı tamam olduqdan sonra xx.xx.2021- ci il tarixdə əmək pensiyası təyin edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəz filialına müraciət etmiş, xx.xx.2022-ci il tarixli, 22631 131247 saylı məktubla bildirilmişdir ki, ona xx.xx.2021-ci il tarixdən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmiş, lakin əmək kitabçasında qeyd olunmuş xx.xx.1974-cü ildən xx.xx.1985-ci il tarixinədək Kəlbəcər rayon Rabitə Qovşağında əmək fəaliyyəti barədə qeyd əmək kitabçasında iki nəfərin imzası ilə tərtib edilirmiş akt əsasında qeyd edildiyindən, həmin dövrün sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Lakin məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, o, xx.xx.1974-cü il tarixdən xx.xx.1987-ci il tarixinədək Kəlbəcər rayon Rabitə Qovşağında elektrik montyoru, daha sonra isə şöbə rəisi işləmişdir. Qeyd olunan əmək stajını təsdiq edən qeyd əmək kitabçasında qeyd edilmiş və müvafiq möhürlə təsdiq edilmişdir. Qeyd olunan müddətdə əmək stajı hesablanmadığından, ona təyin edilmiş yaşa görə əmək pensiyasının məbləği düzgün hesablanmamışdır. O, pensiyanın düzgün hesablanması ilə bağlı cavabdehə müraciət etsə də, müraciətinin təmin edilməsindən imtina edimişdir. Bu səbəbdən, cavabdehin imtinasından Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, lakin məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(112)-9492/2022 saylı qərardadı ilə iddia mümkün sayılmamış, hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizə ilə rayon məhkəməsinə müraciət etməli olduğu bildirilmişdir. Bu səbəbdən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, onun xx.xx.1974-cü il tarixdən xx.xx.1987-ci il tarixinədək Kəlbəcər rayon Rabitə Qovşağında elektrik montyoru, daha sonra isə şöbə rəisi işləməyi barədə hüquqi əhəmiyyəti faktın məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə qəbul edilməlidir. Hesab edir ki, onun xx.xx.1974-cü il tarixdən xx.xx.1987-ci il tarixinədək Kəlbəcər rayon Rabitə Qovşağında elektrik montyoru, daha sonra isə şöbə rəisi işləməyi barədə hüqjqi əhəmiyyəti faktın məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə qəbul ediməlidir. Qeyd edilənlərə əsasən onun xx.xx.1974-di il tarixdən xx.xx.1987-ci il tarixinədək Kəlbəcər rayon Rabitə Qovşağında elektrik montyoru, daha sonra isə şöbə rəisi işləməyi bərədə hüquqi əhəmiyyəti faktın məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Birinci instansiya məhkəməsində icraat zamanı şahid qismində dindirilən X9 ifadəsində göstərmişdir ki, o, ərizəçini tanıyır, ərizəçi onun iş yoldaşı olmuşdur. 1976-cı il sentyabr-oktyabr aylarında Kəlbəcər rayon Rabitə Qovşağında işə başlamış, ilkin olaraq elektrik montyoru kimi işə götürülmüşdür. İşdə hər həftənin 6-cı günü bütün kəndlərdən montyorlar, poçtalyonlar gələrək ümumi iməcilik keçirilirdi. O, ilk öncə ərizəçinin atasını tanımış və sonradan atası oğlunu, yəni Ərizəçi onunla tanış etmişdir. Həmin dövrdə Ərizəçi kənddən gələrək rabitə qovşağında montyor kimi işləyirdi. 1986-cı ildə işdən çıxdıqdan sonra Cəmiyyətdə stadion direktoru vəzifəsində işləmişdir. Daha sonra X1 mühəndis kimi işə düzəlmişdir. 1993-cü ildə Kəlbəcər rayonundan çıxmışdır. Həmçinin, Kəlbəcər Televiziya stansiyalarında baş elektromexanik vəzifəsində də işləmişdir. Əmək kitabçası nazirlikdə olmuşdur. Əmək haqlarını da nazirlikdən alırdılar.

9. Birinci instansiya məhkəməsində icraat zamanı şahid qismində dindirilən X7 ifadəsində göstərmişdir ki, o, ərizəçini yaxından tanıyır, ərizəçi ilə eyni kənddə yaşamışlar. Ərizəçini tanıdığı vaxtdan atasının yanında montyor kimi rabitə qovşağında işləmişdir. Kənddə yaşadığı illərdə ərizəçini rayon rabitə qovşağında montyor kimi görmüşdür. O, ərizəçini rabitə qovşağının işçisi kimi kənddə 1975-ci illərdən sonra görmüşdür. Onlar birlikdə işləməmişlər, lakin hər gün ərizəçinin işə gedib-gəldiyini görmüşdür. O, özü Yol İdarəsində işləmişdir. Kənddə 2000 nömrəli ATS var idi və ərizəçi orada montyor kimi işləyirdi. Onun əmək kitabçası yoxdur, rayonun işğal altında olması səbəbindən, onun da sənədləri, həmçinin əmək kitabçası da onda qalmamışdır.

10. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli, 2(007)- 233/2023 saylı qətnaməsi ilə ərizə qismən təmin olunmuş, Ərizəçi xx.xx.1976-cı ildən xx.xx.1977-ci ilədək və xx.xx.1979-cu ildən xx.xx.1985-ci ilədək Kəlbəcər rayon Rabitə Qovşağında elektrik mantyoru, xx.xx.1985-ci ildən xx.xx.1987-ci ilədək Kəlbəcər rayon X4 rabitə şöbəsində şöbə rəisi işləməsi faktının müəyyən edilməsi, ərizənin qalan hissədə təmin edilməməsi, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumunun ərizəçiyə aid edilməsi qət olunmuşdur.

11. Məhkəmə qeyd etmişdir ki, ərizəçidən asılı olmayan səbəblərdən (Kəlbəcər rayonun işğal edilməsi), onun Kəlbəcər rayonunda işləməsini təsdiq edən sənədləri əldə etmək mümkün olmamışdır. Məhkəməyə təqdim edilmiş ərizəçiyə məxsus əmək kitabçası isə xx.xx.1999-cu il tarixdə doldurulmuş və Kəlbəcər Rayon Rabitə Qovşağının möhürü ilə təsdiqlənmişdir. Lakin maraqlı şəxs tərəfindən əmək fəaliyyəti barədə qeyd əmək kitabçasında iki nəfərin imzası ilə tərtib edilmiş akt əsasında qeyd edildiyindən yuxarıda göstərilən dövrün sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Şahid kimi ifadə vermiş X5 ifadəsi və ona məxsus əmək kitabçasından görünür ki, o, xx.xx.1976-cı ildən Kəlbəcər Rayon Rabitə Qovşağında işə başlamış və uzun illər orada işləmişdir. X9 ərizəçinin Kəlbəcər Rayon Rabitə Qovşağındakı fəaliyyətini təsdiq etmişdir. Məhkəmə şahid kimi dindirilmiş ərizəçi ilə eyni kənddən, yəni Kəlbəcər rayonun Zülfüqarlı kəndində doğulmuş, X7 isə 1975-ci ildən ərizəçinin elektrik mantyoru işlədiyini təsdiq etmişdir. Adıçəkilən şəxs və ərizəçinin özü məcburi köçkündürlər və onların yaşadıqları rayonu tərk edərkən özlərinə aid hüquq müəyyənedici sənədləri, o cümlədən əmək kitabçalarını özləri ilə həmin ərazidən çıxararaq gətirməsi az ehtimal olunandır. Eyni zamanda məhkəmə ərizəçinin məcburi köçkün olmasını, onunla bir yerdə işləmiş şəxslərin ərizəçinin iş stajının təsdiq edə bilməsi üçün sağ olmamaları, həmçinin ərizəçi ilə eyni problemlə üzləşə biləcəkləri ehtimalını da nəzərə alır. Məhkəmə həmçinin qeyd etmişdir ki, ərizəçi xx.xx.1977-ci ildən hərbi xidmətə çağırıldığı üçün işdən azad edilmiş, xx.xx.1979-cu ildə Kəlbəcər rayon Rabitə Qovşağında elektrik mantyoru işinə götürülmüşdür. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qeyd edilən müddətlər ərzində ərizəçi Kəlbəcər rayon Rabitə Qovşağının işçisi olmamış, o, xx.xx.1977-ci ildə işdən azad edilmiş və xx.xx.1979-cu ildə isə eyni vəzifəyə işə götürülmüşdür. Ona görə də, həmin müddət onun Kəlbəcər rayon Rabitə Qovşağında iş stajını daxil edilməməli, ərizəçinin ərizəsi götərilən müddətlərə münasibtədə təmin edilməməlidir. Ərizəçinin ərizə qismən təmin edilməklə onun xx.xx.1976-cı ildən xx.xx.1977-ci ilədək və xx.xx.1979-cu ildən xx.xx.1985-ci ildədək Kəlbəcər Rayon Rabitə Qovşağında elektrik mantyoru, xx.xx.1985- ci ildən xx.xx.1987-ci ilədək Kəlbəcər Rayon X4 rabitə şöbəsində şöbə rəisi işləməsi faktı müəyyən edilməlidir. Belə ki, ərizəçi məhz xx.xx.1974- cü ildən Kəlbəcər Rayon Rabitə Qovşağında işə başlamasını sübuta yetirə bilməmiş, məhkəməyə təqdim edilmiş sübutlarda onunla eyni müəssisədə işləmiş X5 əmək kitabçasındakı qeydlərə əsasən ərizəçinin xx.xx.1976-cı ildən Kəlbəcər Rayon Rabitə Qovşağında elektrik mantyoru işləməsi faktı təsdiq edilmişdir.

12. Məhkəmə iş üzrə gəldiyi nəticəni Mülki Prosessual Məcəlləsinin 76.1, 76.2, 76.3, 305.1.1, 307.1 və 307.2.11, 308, 311-ci maddələrinə və “Hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarına və s. hüquq normalarına istinad etməklə əsaslandırmışdır.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, izahatlar a) Apelyasiya şikayətinin dəlilləri

13. Qətnamədən maraqlı şəxs apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və ərizənin təmin edilməməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti - qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, ərizəçinin əmək kitabçasında Kəlbəcər rayon Rabitə Qovşağında işləməsi ilə bağlı qeydin olması, belə olan halda həmin illərin hüquqi əhəmiyyəti olan fakt kimi müəyyən edilməsinin düzgün olmaması, ifadə vermiş şahidlərdən birini həmin yerdə işləməsi ilə bağlı əmək kitabçasının olmaması, ərizənin rədd edilməli olması və s. kimi əsaslandırmışdır.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

16. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə uyğun izahat vermiş və məhkəmədən şikayətin təmin edilməsini xahiş etmişdir.

17. Məhkəmə iclasında iştirak edən ərizəçi apellyasiya şikayətini əsassız sayaraq, ərizədə göstərilənlərə və birinci instansiya məhkəməsində verdiyi izahatına uyğun izahat vermiş, məhkəmə kollegiyasından birinci instansiya məhkəməsi qətnaməsinin dəyişdirilmədən saxlanılmasını və apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə görə hər kəsin sosial təminat hüququ vardır.

19. «İqtisadi, sosial və mədəni hüquqlar haqqında» Beynəlxalq Paktın 9-cu maddəsinə əsasən bu Paktda iştirak edən dövlətlər hər bir insanın, ictimai sığorta da daxil olmaqla, sosial təminat hüququnu tanıyır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

20. Maddə 305.1 və 305.1.1. Məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır.

21. Maddə 306.2. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır.

22. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı oduğu faktları müəyyən edir.

23. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübutetməlidir.

26. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövjud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məjəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

27. Maddə 76.2. Həmçinin şahid ifadələri də sübut hesab olunur.

28. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

30. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

“Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Ali Məhkəmə Plenumunun 12 aprel 2019-c il tarixli Qərarı:

31. Bənd 13.1. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir..

32. Bənd 13.2. Əmək stajını təsdiq edən sənədlər (əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir.

33. Bənd 13.4. Əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir.

Apelyasiya baxışının hədləri

34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

36. Qeyd edilməlidir ki, ərizə qismən təmin olunmuş, ərizəçi qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz maraqlı şəxsin apellyasiya şikayəti həddində (ərizənin təmin olunan hissəsində) birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi).

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən, yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

38. Yuxarıda (işin halları hissədə) qeyd edildiyi kimi, ərizəçi Kəlbəcər rayonundan məcburi köçkün olmaqla, qanunla müəyyən edilmiş yaş həddinə çatdıqdan sonra ona əmək pensiyası təyin olunması üçün səlahiyyətli inzibati orqana (Azərbycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu) müraciət etmiş, ona xx.xx.2021-ci il tarixində avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilsə də, əmək kitabçasında qeyd olunmuş - xx.xx.1974-cü il tarixindən xx.xx.1995-ci il tarixinədək Kəlbəcər rayon Rabitə Qovşağındakı əmək fəaliyyəti barədə qeyd əmək kitabçasında iki nəfərin imzası ilə tərtib edilmiş akt əsasında qeyd edildiyindən həmin dövrün sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.

39. Ərizəçi ilkin olaraq, inzibati orqanın hərəkətindən narazı qalaraq, Bakı İnzibati Məhkəməsinə müvafiq iddia ilə (“əmək pensiyasının yenidən hesablanması”) müraciət etmiş, lakin Bakı İnzibati Məhkəməsinin 15 avqust 2022-ci il tarixli, 2-1(112)-9492/2022 saylı qərardadı ilə iddia mümkün sayılmamış, qeyd edilmişdir ki, iddiaçının Kəlbəcər rayon Rabitə Qovşağındakı əmək fəaliyyəti barədə qeydlər əmək kitabçasında şahid ifadələri əsasında aparılmışdır. Şahid ifadələrinə əsasən əmək kitabçasında düzəlişlər edilməsinə yol verilmir. Odur ki, əmək kitabçasında həmin qeydlər “işçinin əmək fəaliyyətinin qeyd edilməsi” kimi qiymətləndirilə bilməz və iddiaçının həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsi mümkün hesab edilmir. Bu səbəbdən də iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitəsindən, ümumi məhkəməyə hüquqi əhəmiyyəti olan faktın təsdiq edilməsi haqqında ərizə verməklə (iş stajının müəyyən edilməsinə dair) nail ola bilər.

40. Bundan sonra ərizəçi hazırki ərizə ilə xüsusi icraat qaydasında məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

41. Çünki, ərizəçi məcburi köçkün olaraq Kəlbəcər rayon Rabitə Qovşağında işləməsi ilə müvafiq sənədləri üzrlü səbəblərdən təqdim edə bilmir, həmin sənədləri bərpa etmək mümkün deyildir.

42. Qeyd edilməlidir ki, birinci instansiya rayon (şəhər) məhkəmələri xüsusi icraat qaydasında fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının yaranmasının, dəyişməsinin və xitamının asılı olduğu hüquqi əhəmiyyət kəsb edən faktları, habelə qanunla hüquqi əhəmiyyət daşıyan konkret hərəkətləri və hadisələri təsdiq etmək səlahiyyətinə malik olan orqanların hərəkətinin hüquqauyğun olub-olmamasını müəyyən edirlər.

43. Qanunvericiliyin yuxarıda qeyd edilən normalarına əsasən isə, əmək fəaliyyəti barədə sənədlər üzrlü səbəbdən təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığortaolunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən olunur (bax: 23, 31, 32 və s. bəndlər).

44. Birinci instansiya məhkəməsində dindirilmiş şahidlər ərizəçinin müvafiq illərdə Kəlbəcər rayon Rabitə Qovşağında işləməsini təsdiq etmişlər (bax: 8 və 9-cu bəndlər).

45. Eyni zamanda, ərizəçiyə məxsus АЗЕ № ******* saylı əmək kitabçasından da görünür ki, ərizəçinin Kəlbəcər rayon Rabitə Qovşağında işləməsi ilə bağlı müvafiq qeydlər şahid ifadələri əsasında aparılaraq, möhürlə təsdiq edilmişdir (şahid ifadələri ilə yanaşı, bu hal da sübut kimi nəzərə alına bilər).

46. Maraqlı şəxsin apellyasiya şikayətinin dəlilləri isə ziddiyətli olmaqla, əsaslandırılmamışdır.

47. Belə ki, apellyasiya şikayətində bir tərəfdən ərizəçinin əmək kitabçasında Kəlbəcər rayon Rabitə Qovşağında işləməsi ilə bağlı qeydin olmasına, belə olan halda isə həmin illərin hüquqi əhəmiyyəti olan fakt kimi müəyyən edilməsinin düzgün olmaması, digər tərəfdən isə hüquqi əhəmiyyəti olan faktın sübut olunmaması göstərilmişdir.

48. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq bir daha qeyd etməyi zəruri hesab edir ki, ərizəçinin əmək kitabçasında müvafiq qeydlər yalnız şahid ifadələri əsasında aparılmış, işə qəbul, işdən çıxma və s. barədə əmrlər göstərilməmişdir. Məhz bu səbəbdən də Bakı İnzibati Məhkəməsinin 15 avqust 2022-ci il tarixli, 2-1(112)-9492/2022 saylı qərardadı ilə ərizəçinin iddiası mümkün sayılmamış, ona öz məqsədinə digər hüquqi müdafiə vasitəsindən, ümumi məhkəməyə hüquqi əhəmiyyəti olan faktın təsdiq edilməsi haqqında ərizə verməklə (iş stajının müəyyən edilməsinə dair) nail ola bilməsi izah edilmişdir.

49. Eyni zamanda, maraqlı şəxsin özü də ərizəçiyə ünvanladığı 19 aprel 2022-ci il tarixli **********3 nömrəli məktubunda qeyd edilən hala istinad edərək, ərizəçinin Kəlbəcər rayon Rabitə Qovşağında işləməsi ilə bağlı müvafiq illəri staj kimi qəbul etməkdən imtina etmişdir.

50. Belə olan halda isə, maraqlı şəxsin hazırki apellyasiya şikayətində ərizəçinin əmək kitabçasında Kəlbəcər rayon Rabitə Qovşağında işləməsi ilə bağlı müvafiq olmasına istinad etməsi anlaşılmaz olmaqla, ziddiyyətli mövqe kimi qəbul edilməlidir.

51. Apellyasiya şikayətinin digər dəlili xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktın sübut olunmamasına yönəlmişdir. Məhkəmə kollegiyası bununla da razılaşmır. Çünki, birinci instansiya məhkəməsi sübutları düzgün qiymətləndirmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmişdir.

52. Eyni zamanda, işdə olan əmək kitabçasından görünür ki, şahid X9 da Kəlbəcər Rayon Rabitə Qovşağında işə başlamış və uzun illər orada işləmişdir. Digər şahid ərizəçi ilə eyni kənddə, yəni Kəlbəcər rayonun Zülfüqarlı kəndində doğulmuş, o da ərizəçinin 1975-ci ildən ərizəçinin həmin iş yerində elektrik mantyoru işlədiyini təsdiq etmişdir.

53. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, ərizəsçi və şahid məcburi köçkündürlər və onların yaşadıqları rayonu tərk edərkən özlərinə aid hüquq müəyyənedici sənədləri, o cümlədən əmək kitabçalarını özləri ilə həmin ərazidən çıxararaq gətirməsi az ehtimal olunandır. Eyni zamanda ərizəçinin məcburi köçkün olmasını, onunla bir yerdə işləmiş şəxslərin ərizəçinin iş stajının təsdiq edə bilməsi üçün sağ olmamaları, həmçinin ərizəçi ilə eyni problemlə üzləşə biləcəkləri ehtimalı da nəzərə alınmışdır.

54. Apellyasiya şikayətində digər şahidin əmək kitabçasının olmamasına istinad edilsə də, nəzərə alınmamışdır ki, şahid ifadələri ilə yanaşı, həmçinin ərizəçiyə məxsus əmək kitabçasında da onun Kəlbəcər Rayon Rabitə Qovşağında işləməsi faktı iki nəfərin tərtib etdiyi akt (iki nəfərin şahidliyi) ilə təsdiq olunmuşdur.

55. Göründüyü kimi, birinci instansiya məhkəməsi nəticəyə gələrkən yalnız şahid ifadələrinə istinad etməmiş, şahid ifadələrini iş materiallarına əlavə edilmiş digər sübutlara yanaşı qiymətləndirmişdir.

56. Bununla yanaşı qeyd edilməlidir ki, şahid ifadələrinin təkzib edilməsi, başqa sözlə, qeyd edilən faktın mövcud olmaması ilə bağlı maraqlı şəxs hər hansı dəlil irəli sürməmiş, şikayəti ümumi, ziddiyyətli mülahizələrlə əsaslandırmağa çalışmışdır.

57. Məhkəmə kollegiyası işdə olan bütün sübutları məcmu halda qiymətləndirərək, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə qanuni və əsaslıdır.

58. Məhkəmə kollegiyası, həmçinin qeyd edir ki, apellyasiya şikayətinin verilməsi faktı xüsusi icraat qaydasında işlərə baxılarkən hüquq haqqında mübahisənin olması anlamına gəlmir. Belə ki, hazırki işdə məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilmir. Həmçinin, maraqlı şəxsin apellyasiya şikayətinin dəlillərindən də belə bir mübahisənin mövcudluğu görünmür.

59. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

60. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-233/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi apellyasiya şikayətinə əsasən (yoxlanılan hissədə) dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar