Məhkəmə qərarları › İş №2(103)-2814/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2814/2023

08.05.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2814/2023 08.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə (Açar sözlər: «işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-505/2023 saylı, 16 yanvar 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 noyabr 2020- ci il tarixli, 1(101)-393/2020 saylı hökmü ilə İddiaçı Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və ona 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilərək, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, ibtidai araşdırma dövründə tutulduğu 2 gün təyin olunmuş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq üzərində 2 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb, cəzaçəkmə müddətinin başlanğıcı 06 noyabr 2020-ci il tarixdən hesablanıb, ibtidai araşdırma zamanı seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməklə məhkəmə iclas zalından həbs edilib, həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cinayət işi üzrə X2 2007-ci ilin oktyabr ayından 2014-cü ilin oktyabr ayınadək olan müddət ərzində 122.874 manat 20 qəpik məbləğində, yəni külli miqdarda maddi ziyan vurmaqla dələduzluq cinayəti törətməsi epizodu üzrə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilməsi hökm edilmişdir.

2. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 dekabr 2021-ci il tarixli, 1(105)- 231/2021 saylı Qərarına əsasən, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli, 1(101)-393/2020 saylı hökmündən dövlət ittihamçısı X7 tərəfindən verilmiş apellyasiya protestinə, təqsirləndirilən şəxs İddiaçı, onun müdafiəçisi X8 və zərərçəkmiş şəxs X4 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxılaraq, apellyasiya protestinin təmin edilməməsi, apellyasiya şikayətlərinin təmin edilməməsi, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli, 1(101)- 393/2020 saylı hökmünün dəyişdirilməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli, 1(101)-393/2020 saylı hökmü ilə İddiaçı təyin olunmuş 02 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasının 08 noyabr – Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarına əsasən 06 ay azaldılması, onun üzərində qəti olaraq, 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasının saxlanılması, hökmün qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

3. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 17 iyun 2022-ci il tarixli, 1(102)-871/2022 saylı Qərarına əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli hökmünə əsasən İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 dekabr 2021-ci il tarixli qərarından dövlət ittihamçısı X3 tərəfindən verilmiş kassasiya protestinin təmin edilməməsi, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 dekabr 2021-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

4. Xəzər Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli, 7(003)-1622/2022 saylı Qərarına əsasən, İddiaçı azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 01 ay 29 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir.

5. Cavabdeh tərəfindən verilən 16 sentyabr 2021-ci il tarixli, 485/K №-li əmri ilə, Məhkəmə təbabəti kafedrasının dosenti İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74.1-ci maddəsinin “ç” bəndinə əsasən (müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edildiyi barədə məhkəmənin hökmü qanuni qüvvəyə mindikdə) xx.xx.2021-ci il tarixindən xitam verilmiş, əsas kimi isə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 31/104 №-li məktubu və Azərbaycan Respublikasının adından Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(101)-393/2020 saylı hökmü olmuşdur.

6. İddiaçı məxsus ******* №-li Əmək kitabçasında göstərilir ki, İddiaçı xx.xx.2018-ci il tarixli, 435/K saylı əmrlə müsabiqədən keçməsi ilə əlaqədar 5 il müddətinə dosent vəzifəsinə keçirilmiş, xx.xx.2021-ci il tarixli, 485/K saylı əmrlə Əmək müqaviləsinə ƏM-in 74.1-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmiş, xx.xx.2021-ci il tarixli, 805/K saylı əmrlə ATU-nun xx.xx.2021-ci il tarixli, 485/K saylı əmrinə dəyişiklik edilərək əmək müqaviləsinə xitam verilməsi tarixi xx.xx.2021-ci il hesab edilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

7. İddiaçı Cavabdehnə (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi, daha sonra isə iddia ərizəsinə dəqiqləşdirmə ilə məhkəməyə müraciət edərək onun işdən çıxarılmağı barədə Cavabdeh xx.xx.2021-ci il tarixli, 485/K №- li və xx.xx.2021-ci il tarixli, 805/K №-li əmrlərinin ləğv edilməsi, onun Cavabdeh məhkəmə təbabəti kafedrasına dossent vəzifəsinə xx.xx.2023-cü il tarixə kimi bərpa olunmağı və xx.xx.2022-ci il tarixdən məcburi iş buraxmağa görə əmək haqqının və 50 manat mediasiya xərcinin cavabdeh təşkilatdan alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Tələbdə göstərilir ki, İddiaçı 1991-ci ildə Cavabdeh tibbi profilaktika fakultəsinə daxil olmuş, 1997-ci ildə həmin fakultəni fərqlənmə diplomu ilə bitirmişdir. Dövlət komissiyası tərəfindən ona 1997- ci ildə məhkəmə-tibb eksperti ixtisası verilmiş və bir il müddətində 1997-1998-ci illərdə Səhiyyə Nazirliyi Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyində tam internatura kursu keçərək, həmin kursu müvəffəqiyyətlə bitirmişdir. 1998-2000-ci illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Silahlı Qüvvələrinin Məhkəmə Tibb Ekspertiza Mərkəzində məhkəmə tibb eksperti vəzifəsində leytenant rütbəsində hərbi xidmətdə olmuşdur. 2000-2003-cü illərdə Cavabdeh aspirantura şöbəsində məhkəmə təbabəti ixtisası üzrə aspiranturanı müvəffəqiyyətlə bitirmiş, dissertasiya müdafiə etdiyinə görə 2004-cü ilin fevralın 20-də Cavabdeh məhkəmə təbabəti kafedrasına assisent vəzifəsinə təyin olunmuşdur. Həmin vaxtdan azadlıqdan məhrum olunana kimi həmin universitetdə müsabiqə yolu ilə davamlı olaraq seçilərək müəllim vəzifəsində çalışmışdır. 2003-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında X1 Dövlət və Bələdiyyə İdarəetməsi ixtisasını bitirmişdir. Yekun dissertasiya işini müvəffəqiyyətlə yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının xx.xx.2008-ci il tarixli qərarı ilə ona tibb elmləri namizədi dərəcəsi verilmişdir. xx.xx.2018- ci il tarixdə Cavabdeh məhkəmə təbabəti kafedrasına elan olunmuş vakant yerə müsabiqədə Universitetin Elmi şurasının qərarı ilə təsdiq olunmuş və həmin qərara uyğun olaraq Cavabdeh xx.xx.2018-ci il tarixli, 435/K saylı əmrinə əsasən, müsabiqədən keçməyi ilə əlaqədar 5 il müddətinə qeyd etdiyi kafedraya dossent vəzifəsinə keçirilmişdir. Qeyd edilən məhkəmə hökm və qərarına əsasən Cavabdeh xx.xx.2021-ci il tarixli, 485/K və xx.xx.2021-ci il tarixli, 805/K əmrləri ilə cavabdeh təşkilatla olan əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74.1-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzanın çəkilməmiş hissəsindən azad olunmuşdur. xx.xx.2022-ci ildə Cavabdehnə müraciət edərək işdən azad olunmağı barədə əmrləri və əmək kitabçasını götürmüş və əvvəlki vəzifəsinə təyin olunmağı barədə Cavabdeh rektoruna ərizə ilə müraciət etmiş, lakin Cavabdeh xx.xx.2022-ci il tarixli, xx-xx/1577 saylı rəsmi cavabı ilə ərizəsinin təmin olunmasından imtina edilmişdir. Hesab edir ki, cavabdeh təşkilatın ərizəsinə verdiyi imtina cavabı əsassız və qeyri-qanunidir. Çünki, qeyd etdiyi kimi o, Cavabdeh xx.xx.2018-ci il tarixli, 435/K saylı əmrinə əsasən, müsabiqədən keçməyi ilə əlaqədar 5 il müddətində həmin universitetin məhkəmə təbabəti kafedrasına dossent vəzifəsinə təyin olunmuşdur. 5 il müddəti isə xx.xx.2023-cü ildə bitir. Hesab edir ki, Əmək Məcəlləsinin 74-cü maddəsinin “ç” bəndinə əsasən, iradəsindən və istəyindən asılı olmayan səbəbə görə işdən çıxarıldığına görə xx.xx.2023-cü il tarixə kimi Cavabdeh məhkəmə təbabəti kafedrasına dossent vəzifəsinə bərpa olunmalıdır. Belə ki, hökmlərdə onun əmək fəaliyyəti ilə əlaqədar hər hansı bir məhdudiyyət qoyulmamışdır. Eyni zamanda işə bərpa olunmağı ilə əlaqədar hər hansı bir hüquqi maneə də yoxdur. İşə bərpa ilə əlaqədar Mediasiya Şurası Bakı 6 saylı Mediasiya Təşkilatına ərizə ilə müraciət etmiş, lakin xx.xx.2022-ci il, saat 13:45- 14:00-a təyin edilmiş mediasiya sessiyasında cavabdeh tərəfin nümayəndəsi mübahisənin orada həllinə razılıq verməmişdir.

9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-505/2023 saylı, 16 yanvar 2023cü il tarixli qətnaməsi (hakim Natavan Tağıyeva) ilə iddia təmin edilməmişdir.

10. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında əmək münasibətlərinə onun azadlıqdan məhrum edilməsi ilə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün olması əsası ilə xitam verilmişdir. Məhkəmə araşdırması zamanı əmək müqaviləsinə xitam verilməsində cavabdeh tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 noyabr 2020ci il tarixli hökmü ilə İddiaçı barəsində 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Həmin hökmdə qeyd edilmişdir ki, hökmdən elan olunduğu, İddiaçı isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bildiyi qeyd edilmişdir. İş materiallarına cavabdeh tərəfindən əlavə edilmiş 16 sentyabr 2021-ci il tarixli, 31/104№li məktubdan göründüyü kimi hökmün çıxdığı vaxtdan 10 ay keçdikdən sonra Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən xx.xx.2020-ci il tarixli Hökmün surəti xx.xx.2021-ci il tarixdə 31/104№-li məktubla Azərbaycan Respublikası Tibb Universitetinin rektoruna göndərilmişdir. Bundan sonra cavabdeh tərəfindən 16 sentyabr 2021-ci il tarixli, 485/K №-li Əmrlə məhkəmə təbabəti kafedrasının dosenti İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74.1-ci maddəsinin “ç” bəndinə əsasən (müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edildiyi barədə məhkəmənin hökmü qanuni qüvvəyə mindikdə) xx.xx.2021-ci il tarixindən xitam verilmişdir. Sonradan İddiaçı və eyni zamanda dövlət ittihamçısı tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinin Hökmündən apellyasiya şikayəti və apellyasiya protesti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 dekabr 2021-ci il tarixli qərarına əsasən, İddiaçı cəzası 06 ay azaldılmış, qalan 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Həmin qərarda qeyd edilmişdir ki, qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Elə bundan sonra cavabdeh tərəfindən 27 dekabr 2021-ci il tarixli, 805/K №-li Əmrlə xx.xx.2021-ci il tarixli, 485/K saylı əmrə dəyişiklik edilmiş, məhkəmə təbabəti kafedrasının dosenti İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74.1-ci maddəsinin “ç” bəndinə əsasən (müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edildiyi barədə məhkəmənin hökmü qanuni qüvvəyə mindikdə) xitam verilməsi tarixi xx.xx.2021-ci il hesab edilmişdir. Göründüyü kimi cavabdeh tərəfindən 16 sentyabr 2021-ci il tarixli, 485/K saylı əmr Bakı Ağır Cinayətlər Məhkəməsinin Hökmü əsasında, xx.xx.2021-ci il tarixli, 805/K saylı əmr isə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Qərarı əsasında verilmişdir. İddiaçının bu məsələdə istinad etdiyi dəlillər isə məhkəmə tərəfindən əsassız hesab edilir. Göründüyü kimi, cavabdeh Azərbaycan Respublikası Tibb Universiteti tərəfindən İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmaqla xitam verilmişdir. Bu səbəbdən iddiaçının xx.xx.2021-ci il tarixli, 485/K №-li və xx.xx.2021-ci il tarixli, 805/K №-li əmrlərinin ləğv edilməsi, onun Cavabdeh məhkəmə təbabəti kafedrasına dosent vəzifəsinə xx.xx.2023-cü il tarixə kimi bərpa olunması və xx.xx.2022-ci il tarixdən məcburi iş buraxmağa görə əmək haqqının tutulması barədə iddia tələbi əsassızızdır və təmin edilməməlidir. Eyni zamanda, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Ali Təhsil müəssisələrində professor-müəllim vəzifələrinin tutulması qaydaları haqqında Əsasnamə”yə əsasən, ali təhsil müəssisələrində professor-müəllim heyətinin işə qəbulu müsabiqə yolu ilə həyata keçirilir. Odur ki, İddiaçı Cavabdehndə müvafiq vəzifə üzrə müsabiqə elan olunduqda həmin müsabiqədə iştirak etmək hüququ vardır. Məhkəmə iddia tələbinin “50 (əlli) manat mediasiya xərcinin cavabdeh təşkilatdan alınıb ona ödənilməsi” hissəsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, tələbin bu hissəsi məhkəmə xərcləri ilə bağlı olduğundan və iddia təmin edilmədiyindən, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) apellyasiya şikayətinin dəlilləri

11. İddiaçı iddia ərizəsi ilə eyni məzmunda əsaslandırdığı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edib, o cümlədən şikayətində göstərib ki, cavabdehin əmri cəza çəkdiyi müddətdə qanunidir, cəzasını çəkib qurtardıqdan sonra həmin əmr qanunsuzdur və məhkəmə həmin əmri ləğv edib, onu işə bərpa etməli idi. Cavabdeh təşkilatın ona qarşı qərəzli olması həm də əmək fəaliyyətinə hökm qanuni qüvvəyə minməmiş xitam verilməsi barədə əmr imzalaması ilə sübuta yetirilir.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz.

12. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə yazılı etirazda göstərilir ki, universitet rektorunun xx.xx.2021-ci il tarixli 805/K əmri ilə Əmək Məcəlləsinin 74.1 "ç" maddəsinə müvafiq olaraq Mevliyev ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsinə səbəb onun azadlıqdan məhrum edilməsi barədə hökmün qüvvəyə minməsi barədə Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(10-5)-231/2021 nömrəli qərarı olmuşdur. Bu əmr tam qanuni olaraq Azərbaycan Respublİkası Əmək Məcəlləsinin 74.1."ç" maddəsinə əsasən verilmişdir. Mevliyevin Universitetdə işə bərpa olunması ancaq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 maddəsi ilə təqsirli bilinərək onun barəsində azadlıqdan məhrum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixii 1(101)-393/2020 Ns-li hökmü ilə bağlı bəraət verildikdə mümkün ola bilərdi. Mevliyev özü də etiraf etdiyi kimi bəraətlə bağlı heç bir məhkəmə qərarı yoxdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən onun kassasiya protesti təmin edilməmiş və onun CM-in 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunduğu barədə cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı kasassiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.1996-cı il tarixli 4с01 N°-li əmri ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrində professor-müəllim vəzifələrinin tutulması qaydaları haqqında” Əsasnaməyə müvafiq olaraq, ali təhsil müəssisələrində professormüəllim heyətinə aid vəzifələrin tutulması müsabiqə yolu ilə həyata keçirilir. Əgər Mevliyev barədə çıxarılan hökmdə onun gələcəkdə müəllim kimi fəaliyyət göstərməsinə məhdudiyyət qoyulsa idi, onda həmin müsabiqədə iştirak etmək belə hüququnu itirirdi. Lakin belə bir məhdudiyyət qoyulmadığından onun müsabiqədə iştirak edib professormüəllim vəzifəsinə seçilmək hüququ vardır. Bununla bağlı Mevliyevə dəfələrlə Universitet rəhbərliyi tərəfindən bildirilmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

13. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı ona dövlət hesabına vəkil verilməsi üçün Ombudsman Aparatına müraciət etdiyi üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş və əsaslı olmasa da vəsatəti nəzərə alınaraq məhkəmə iclası təxirə salınmışdır. Növbəti məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdarlıq edilsə də təyin olunmuş vaxtda məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

14. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

15. Azərbaycan Respublikasının Konstitusiyası:

Maddə 35 (İ, İİ, Vİİİ hissələri). Əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir.

15. Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

Maddə 11. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarından biridir. Maddə 50 (6-cı bəndi). Müsabiqə yolu ilə vəzifəni tutmuş işçinin əmək müqaviləsinə xitam verilməsi, habelə onların digər əmək münasibətləri heç bir istisnaya yol verilmədən yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada tənzim edilir. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 68.hissə 2. Bənd “d”; Əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri tərəflərin iradəsindən asılı olmayan hallar sayılır. Maddə 74. Hissə 1. Tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə... (bənd “ç”). İşçinin nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi barədə məhkəmənin hökmü qanuni qüvvəyə mindikdə xitam verilir. Maddə 74.2. Əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. Maddə 76. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Maddə 83.1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Madddə 83.2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqqhesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Maddə 300.1. Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri:

17. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

18. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

20. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edilmədiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

21. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

22. Əvvəla, iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə mübahisələndirilən hissədə düzgün olmuşdur.

23. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki hallar yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdeh qurumun etiraz və müdafiə hüquqlarına görə aradan qalxdığından iddia haqlı sayılmır.

24. Belə ki, Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinin tələbinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Bu əsaslardan biri tərəflərin iradəsindən asılı olmayan hallar sayılır. Həmin Məcəllənin 74-cü maddəsinin 1-ci hissəsinin “ç” bəndində tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri... işçinin müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi barədə məhkəmənin hökmü qanuni qüvvəyə mindikdə yarandığı təsbit edilmişdir. Cavabdeh də iddiaçı ilə əmək müqaviləsini yalnız bu əsasla ləğv etmişdir. Düzdü, cavabdeh əvvəlcə məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi tarixdə yanlışlığa yol verərək əmək müqaviləsinə 16 sentyabr 2021-ci il tarixli əmrlə elə həmin tarixdən xitam versə də, sonradan, yəni 27 dekabr 2021-ci il tarixli əmrlə 16 sentyabr 2021-ci il tarixli əmrə dəyişiklik etmiş və xitam verilmə tarixini Sumqayıt Apellyasiya Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli qərarının qəbul edildiyi tarixdən hesablanmasını əmr etmişdir. İddiaçı bu faktdan özünəməxsus şəkildə istifadə edərək cavabdeh təşkilatın ona qarşı qərəzli olmasını bəyan edir. Ancaq bu dəlil iddianın əsaslı olduğuna dəlalət etmir. Çünki, iddiaçı həmin tarixlərdə barəsində həbs qətimkan tədbiri seçilməsi və azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi ilə əlaqədar onsuzda azadlıqda olmamış, yəni əmək fəaliyyətini davam etdirməmişdir. Bu cür vəziyyətdə cavabdeh təşkilatın ona qarşı qərəzli olması həm də inandırıcı və ağlabatan hesab edilə bilməz.

25. İddiaçı şikayətində cavabdeh təşkilatın onunla əmək müqaviləsini ləğv etməsinə dair əmrinin cəza çəkdiyi müddətdə qanuni olduğunu, cəzasını çəkib qurtardıqdan sonra həmin əmr qanunsuz olduğundan məhkəmənin həmin əmri ləğv edib, onu işə bərpa etməli olduğunu da göstərir. Əlbətdə, bu dəlil açıq-aşkar əsassız kimi görünməyə bilər. Lakin bu əsasla əmək müqaviləsinə xitam verilməsi yalnız cəzanın çəkildiyi dövrə aid edilə bilməz. Əgər belə bir hal olsaydı mütləq ki, əmək qanunvericiliyində bu cür yaxud bu münasibətləri tənzimləyən müddəalar nəzərdə tutula bilərdi. Qeyd olunan maddədə tərəflərin iradəsindən asılı olmayan hallara görə əmək müqaviləsinə xitam verilməsinin əsasları nəzərdə tutulub. Demək ki, əmək müqaviləsinə həmin əsaslarla xitam verilməsi tərəflərin, o cümlədən cavabdehin iradəsindən yaxud istəyindən asılı deyildir. Asılı olmadığından qeyd olunan əsaslarla əmək müqaviləsinə xitam verilmiş işçilərin həmin əsaslar aradan qalxdığı halda əmək münasibətlərinin bərpa olunacağını əmək qanunvericiliyi mümkün hesab etsəydi, mütləq ki, həmin yaxud digər maddədə bu cür norma təsbit edilərdi. Müqayisə üçün qeyd edək ki, Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “a” bəndində işçinin hərbi və ya alternativ xidmətə çağırıldıqda əmək müqaviləsinə xitam verilməsi əsası nəzərdə tutulub. Eyni zamanda həmin maddənin “ə” bəndində əvvəllər həmin müəssisədə çalışan işçi müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra öz iş yerinə (vəzifəsinə) qayıtmaq hüququndan istifadə etdikdə deməli onun yerinə işə götürülmüş işçi ilə əmək müqaviləsinə xitam verilir yaxud ona başqa iş verilə bilər. Göründüyü kimi, cinayət törətmiş şəxsin azadlıqdan məhrumetmə cəzasını çəkib qurtardıqdan sonra onunla əvvəllər bağlanmış əmək müqaviləsinə qeyd olunan əsaslarla xitam verilməsi əsası aradan qalxdığı üçün işəgötürənin əmrini qanunsuz sayan iddiaçı Əmək Məcəlləsinin həmin normalarını təhrif etməyə çalışır ki, əlbətdə ki, bu da yolverilməzdir.

26. Cavabdeh tərəfin etirazında göstərdiyi hallar da iddianın əsassızlığını təsdiq edir. Belə ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.1996-cı il tarixli əmri ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrində professor-müəllim vəzifələrinin tutulması qaydaları haqqında” Əsasnaməyə müvafiq olaraq, ali təhsil müəssisələrində professormüəllim heyətinə aid vəzifələrin tutulması müsabiqə yolu ilə həyata keçirilir. İddiaçının da müsabiqədə iştirak edib professor-müəllim vəzifəsinə seçilmək hüququ vardır. Cavabdeh qurum tərəfindən ona bu barədə məlumat verilmişdir. Lakin iddiaçı nail olmaq istədiyi məqsədə çatmaq üçün düzgün vasitə(yol) seçməmişdir.

27. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-505/2023 saylı, 16 yanvar 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

28. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

İddiaçı Balaca oğlunun apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-505/2023 saylı, 16 yanvar 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar