Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2815/2021 31.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, iddiaçının nümayəndəsi X5 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh X7 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 İddiaçı ASCnin xeyrinə xx.xx.2018-ci il tarixli, 069/18 saylı kredit müqaviləsinə əsasən 18.195,57 manat əsas, 5.805,36 manat faiz, cəmi 24.000,93 manat məbləğində pulun tutulması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli, 012/19 saylı kredit xətti müqaviləsi üzrə eyni tarixli, 01 saylı kredit razılaşmasına əsasən 11.249,75 manat əsas, 1.638,12 manat faiz, cəmi 12.887,87 manat borcun, 30 manat dövlət rüsumunun, bildirişin qeydiyyatı üçün və xidmət haqqı olaraq ödənilmiş 30 manat pulun tutulması, tələbin Cavabdeh2 mülkiyyətində olan, ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Binəqədi rayonu, 9 mikrorayon, Mir Cəlal küçəsində yerləşən, 63 saylı evin, 159 saylı mənzilinə yönəldilməsi, həmin əmlakın hərracda satılması, satışından əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi, əmlakın satışından əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalıq borcla bağlı icra hərəkətlərinin davam etdirilməsi, əmlak satıldıqdan sonra Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X1 həmin mənzildən istifadə hüquqlarına xitam verilməsi, ən geci 1 ay ərzində həmin mənzildən çıxarılması və rəsmi pasport qeydiyyatının ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim F.Abdıyev, iş № 2(001)-677/2020) iddia qismən təmin edilərək xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 17650,48 (on yeddi min altı yüz əlli manat qırx səkkiz qəpik) manat məbləğində əsas, 1973,42 (min doqquz yüz yetmiş üç manat qırx iki qəpik) manat məbləğində faiz, cəmi 19623,90 (on doqquz min altı yüz iyirmi üç manat doxsan qəpik) manat məbləğində borc, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və X4 müştərək qaydada 11249,75 manat (on bir min iki yüz qırx doqquz manat yetmiş beş qəpik) manat məbləğində əsas, 1638,12 (bir min altı yüz otuz səkkiz manat on iki qəpik) manat məbləğində faiz, cəmi 12887,87 (on iki min səkkiz yüz səksən yeddi manat səksən yeddi qəpik) manat məbləğində borc, habelə 30 (otuz) manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 10 manat məbləğində dövlət rüsumu və 20 (iyirmi) manat məbləğində xidmət haqqının İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 9 mkr, Mir Cəlal küçəsi, 63 saylı evin 159 saylı mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərrac vasitəsilə satılnması, satışdan əldə olunan vəsait hesabına yuxarıda göstərilən məbləğlərin ödənilməsi, ödənişlər həyata keçirildikdən sonra satışdan əldə olunan vəsaitin qalan hissəsinin ipoteka qoyana – Cavabdeh2 qaytarılması, satışdan əldə edilmiş məbləğin borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə borcun qalan hissəsinin Cavabdeh1 tutulması, hərraca çıxarılarkən Bakı şəhəri, Binəqədi ray, 9 mkr., M.Cəlal küç, 63 saylı evin 159 saylı mənzilinin ilkin sayış qiymətinin 95000 (doxsan beş min) manat məbləğində müəyyən edilməsi, Bakı şəhəri, Binəqədi rayonu, 9 mikrorayon, Mir Cəlal küçəsi, 63 saylı evin 159 saylı mənzilinin açıq hərracdan satıldıqdan sonra ən geci (bir) ay ərzində cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X2 həmin əmlakdan çıxmazsa, məcburi qaydada çıxarılması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X3 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutumanın ipoteka predmetinə yönəldilməsi və pasport qeydiyyatının ləğv edilməsi” tələbinə dair mülki iş üzrə icraata “cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X2 pasport qeydiyyatının ləğv edilməsi” hissəsində xitam verilmişdir. Cavabdeh2 Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı öz tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 069/18 saylı Kredit müqaviləsinə əsasən təmir məqsədi ilə cavabdeh 24 ay müddətinə illik 25% dərəcəsi ilə faiz ödəmək şərti ilə 35.000 manat, xx.xx.2019-cu il tarixli kredit xətti müqaviləsi üzrə eyni tarixli, 01 saylı kredit razılaşmasına əsasən daşınmaz əmlakın alınması üçün cavabdeh 36 ay müddətinə illik 30 faiz dərəcəsi ilə faiz ödəmək şərti ilə 12.000 manat məbləğində kredit almışdır. Bu Kreditin təminatı qismində Cavabdeh2 ilə bağlanılmış xx.xx.2019-cu il tarixli, 012/19 saylı sonrakı ipoteka müqaviləsinə əsasən onun mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 9 mikrorayon, Mir Cəlal küçəsində yerləşən, 63 saylı evin, 159 saylı mənzili İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq olunmuş və AR DƏDRX tərəfindən dövlət qeydiyyatına alınmışdır. Eyni zamanda, kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh2 ilə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli, 012/19 saylı zaminlik müqaviləsinə əsasən cavabdeh borcalanın öhdəliklərinin yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüş və xx.xx.2019-cu il tarixli, 012/19 saylı kredit xətti müqaviləsi üzrə eyni tarixli 1 saylı kredit razılaşması ilə olan öhdəliyə borclu ilə birgə məsuliyyət daşıyır. Lakin cavabdeh müqavilə şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Hazırda cavabdehin Banka xx.xx.2018-ci il tarixli, 069/18 saylı kredit müqaviləsinə əsasən 18.195,57 manat əsas, 5.805,36 manat faiz, cəmi 24.000,93 manat, xx.xx.2019-cu il tarixli, 012/19 saylı kredit müqaviləsi üzrə eyni tarixli, 1 saylı kredit razılaşmasına əsasən 11.249,75 manat əsas, 1638,12 manat faiz, cəmi 12.887,87 manat məbləğində borcu qalmaqdadır. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh2 apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və yeni qətnamə qəbul olunmasını xahiş etmiş və şikayəti onunla əsaslandırmışdır ki, cavabdehlər iddiaçının tələbləti ilə razı olmayaraq məhkəməyə müraciət edib ekspertiza tələb etdikləri üçün məhkəmə tərəfindən 2-ci rəy üzrə iddiaçının tələbinin əsas götürülməsi qanuna ziddir. Məhkəmə ekspertiza rəyini aldıqdan sonra onun məhkəmə baxışında iştirakını təmin etməmişdir. Məhkəmənin sözügedən qətnaməsi ləğv olunmaqla yeni məhkəmə mühasibatlıq ekspertizası təyin edilməli və hər 2 müqavilə üzrə dəqiq əsas borc və faiz borcu məbləği müəyyənləşdirilməlidir. Qqətnamənin bir yerində xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin faiz dərəcəsi 30%, digər yerində isə həmin müqavilənin faiz dərəcəsi 20% göstərilir. Hal-hazıra kimi Cavabdeh1 bank borcunu hansı faizlə ödəyəcəyi aydınlaşdırılmamışdır. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində düzünə və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırda qətnamə iddianın təmin edilən borc məbləğinə aid hissəsində Cavabdeh1 tərəfindən mübahisələndirilmiş, iddia təmin edilməyən hissədə iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Göstərilənlərə əsasən, qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılmışdır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Birinci instansiya məhkəməsi iddianın təmin edilən və apellyasiya qaydasında mübahisələndirilən hissəsində mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı ASC-dən kredit məbləği almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək öhdəliklərini pozmuşdur. Birinci instansiya məhkəməsi məhkəmə mühasibatlıq ekspertizası təyin etmiş, ekspert rəyi ilə borcların məbləği müəyyən edilmişdir. Məhkəmə həmin ekspert rəylərini mötəbər sübut kimi qəbul edərək və Mülki Məcəllənin 442, 443, 445, 448-ci və s. maddələrinə istinad edərək iddianın qismən əsaslı olduğu qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin apellyasiya qaydasında mübahisələndirilən hissədə gəldiyi nəticəni əsaslı sayaraq qeyd edir ki, apellyasiya şikayətlərində göstərilən hallar mübahisələndirilən qətnamənin ləğvi üçün əsas ola bilməz. Cavabdeh apellyasiya şikayətində borcun ekspert rəyi və qətnamə ilə düzgün müəyyənləşdirilməməsinə istinad etsə də, bunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdeh faiz və cərimə borcu ilə bağlı hissədə ekspert rəyi ilə razılaşmadığını qeyd etsə də, həmin rəyin əsassızlığını şübhə altına alan, orada göstərilənləri təkzib edən hər hansı sübut təqdim edə bilməmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə apelyator öz şikayətində istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni mübahisələndirilən hissədə düzgün həll etmiş, qətnamə həmin hissədə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissədə dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya qaydasında mübahisələndirilən hissədə həmin apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi apellyasiya qaydasında mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-2815/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2815/2021
31.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver