Məhkəmə qərarları › İş №2(103)-2815/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2815/2022

03.03.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2815/2022 03.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Kazımov X1 Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi ilə, Xətai Rayon Məhkəməsinin 2(011)-720/2019 saylı, 25.02.2019-cu il tarixli qətnaməsindən cavabdeh Əsgərova (Gözəlova) Zöhrə Güləhməd qızı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Bank "xxxx" ASC-si cavabdehlər Cavabdeh, X3, X6 və X7 qarşı “mənzilə istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Xətai Rayon Məhkəməsinin 2(011)-720/2019 saylı, 25.02.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh, X2, X4 və X5 Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsində yerləşən 84 saylı evin 12 saylı mənzilinə olan istifadə hüquqlarına xitam verilməklə, həmin şəxslərin mənzildən çıxarılması və həmin mənzilin onlar tərəfindən boşaldılaraq Bank "xxxx" ASC-yə təhvil verilməsi qərara alınmışdır. Qətnamədən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apelyasiya Məhkəməsinin 2(103)-8451/2019 saylı, 24.06.2019-cu il tarixli qətnaməsi ilə təmin edilməmiş, həmin iş üzrə Xətai Rayon Məhkəməsinin 25.02.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Xətai Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi qüvvəyə minmiş və qanunla müəyyən edilmiş qaydada icraya yönəldilmişdir. Həmin qətnamədən hazırda cavabdeh Əsgərova (Gözəlova) Zöhrə Güləhməd qızı tərəfindən apellyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının fikrlərini dinləyib, apellyasiya şikayətini mülki işin materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, iş materiallarından görünür ki, bundan əvvəl Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8451/2019 saylı, 24.06.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh Xətai Rayon Məhkəməsinin 2(011)-720/2019 saylı, 25.02.2019-cu il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətinə baxılaraq birinci instansiya məhkəməsinin qətnaməsi tam yoxlanılmış, şikayəti təmin edilməmiş və mübahisələndirilən qətnamə qanuni və əsaslı hesab edilərək dəyişdirilmədən saxlanılmış, qətnamə qanuni qüvvəsini almış və qanunla müəyyən edilmiş qaydada icraya yönəldilmişdir. Qüvvədə olan prosessual qanunvericilikdə isə apellyasiya instansiya məhkəməsinin qanuni qüvvədə olan qətnaməsinin apellyasiya instansiya məhkəməsinin özü tərəfindən yenidən yoxlanılması nəzərdə tutulmamış, bu səlahiyyət kassasiya instansiyası məhkəməsinə aid edilmişdir. Bundan əlavə, Məhkəmə kolllegiyası qeyd edir ki, “M.İbrahimovanın şikayəti üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 iyun 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 08 iyun 2017-ci il tarixli Plenum Qərarında da Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, ...apelyasiya instansiya məhkəməsi özünün qanuni qüvvədə olan qətnaməsinin mövcud olmasına baxmayaraq işə yenidən baxmış...hüquqi müəyyənlik prinsipini pozaraq prosessual qanunvericiliklə müəyyən edilmiş sələhiyyət həddini aşmışdır... Həmin işdə Konstitusiya Məhkəməsi apellyasiya məhkəməsi tərəfindən bölünməz predmetə dair artıq bir dəfə baxılmış və qanuni qüvvədə olan məhkəmə aktı olduğu halda həmin işə yenidən baxılmasının məhkəmə aktlarının sabitliyi və hüquqi müəyyənlik prinsipi baxımından yolverilməz olduğunu göstərmişdir. Qeyd olunanlara görə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi bundan əvvəl apelyasiya qaydasında tam yoxlanıldığından və dəyişdirilmədən saxlanıldığından, həmin qətnamənin yenidən yoxlanılması (təftiş edilməsi) prosessual qanunverciliyə görə yolverilməzdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8451/2019 saylı, 24.06.2019-cu il tarixli qətnaməsi ilə Xətai Rayon Məhkəməsinin 2(011)-720/2019 saylı, 25.02.2019-cu il tarixli qətnaməsi tam yoxlanıldığından və mübahisələndirilən qətnamə dəyişdirilmədən saxlanıldığından, bu hal işə yenidən apellyasiya qaydasında baxılmasını qeyri-mümkün edir. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmuşdur. Yuxarıda göstərilənlərə əsasən, Məhkəmə MPM-nin 361, 366, 400, 402, 405, 406-ci maddələrinin tələbini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Xətai Rayon Məhkəməsinin 2(011)-720/2019 saylı, 25.02.2019-cu il tarixli qətnaməsindən cavabdeh Əsgərova (Gözəlova) Zöhrə Güləhməd qızı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və şikayət geri qaytarılması üçün mülki işlə birlikdə Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardad rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Elşən Kazımov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar