Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2816/2021 29.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Şirinov Ziya Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X14 oğlunun katibliyi, İddiaçı İbrahı̇ mov Əlı̇ əddı̇ n Namı̇ zəd oğlunun, cavabdehin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı İbrahı̇ mov Əlı̇ əddı̇ n Namı̇ zəd oğlunun cavabdeh Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X6 Xidməti "xxxx" MMC-yə qarşı "işə bərpa və s." tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 07.09.2020-ci il tarixli, 2(001)-4390/2020 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X6 Xidməti “xxxx” MMC-nin 09.07.2020-ci il tarixli, 40 ş/h saylı əmrinin ləğv edilməsi, onun həmin Cəmiyyətin Sərnişin Daşımalarının Tənzimləməsi şöbəsinin müntəzəm və qeyrimüntəzəm sərnişin daşımalarının monitorinqi bölməsinin mütəxəssisi vəzifəsinə bərpa edilməsi, əmrin verildiyi 09.07.2020-ci il tarixdən işə bərpa olunma tarixinə qədər hesablanmaqla məcburi iş buraxma müddəti üçün əmək haqqının tutularaq ona ödənilməsi, 4.000 manat məbləğində mənəvi zərərin və 30 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, 2018-ci il tarixdə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X6 Xidməti ‘‘xxxx” MMC-də (bundan sonra mətndə Cəmiyyət) sərnişin daşımalarının tənzimlənməsi şöbəsinin müntəzəm və qeyri-müntəzəm sərnişin daşımalarının monitorinqi bölməsinin mütəxəssisi vəzifəsinə qəbul olunmuşdur. Əmək fəaliyyəti dövründə hər hansı inzibati tənbeh almamışdır. 09.07.2020-ci il tarixdə isə 40 ş/h saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla Cəmiyyət arasında bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İşin faktiki halları ondan ibarətdir ki, 07.07.2020-ci il tarixdə onu Cəmiyyətə çağıraraq yuxarıdan tapşırıq gəldiyi və öz ərizəsi ilə işdən çıxmağını tələb etmişlər. O isə bu çətin dövrdə hansı səbəblə ərizə yazmalı olduğunu, səhvinin nə olduğunu soruşduqda isə yuxarıdan 4 nəfərin işdən çıxarılması üçün tapşırıq gəldiyi bildirilmişdir. O isə illərdir bu qurumda işlədiyini, heç bir səhvinin olmadığı halda bu karantin dövründə ərizə yazmayacağını bildirmişdir. Həmin gün işdə olan gərginliyə görə təzyiqi qalxmış və 09.07.2020-ci il tarixdən müalicə almağa başlamış və bununla bağlı iş yerinə telefonla məlumat vermişdir. Bir neçə gün sonra isə iş yoldaşları vasitəsilə 09.07.2020-ci il tarixdən qeyd olunan maddə ilə onun əmək müqaviləsinə xitam verildiyini öyrənmişdir. Hesab edir ki, aşağıda qeyd olunanlara görə Cəmiyyətin 09.07.2020-ci il tarixli, 40 ş/h saylı əmri qanunsuz və əsassızdır. Cəmiyyətin 09.07.2020-ci il tarixli, 40 ş/h saylı əmri ilə əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçinin əmək müqaviləsinə xitam verilmişdir. Cəmiyyət tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri kobud şəkildə pozularaq, xəstə olduğu üçün 09.07.2020-ci il tarixdən şəkər xəstəliyinə görə müalicə aldığı müddətdə, yəni əmək qabiliyyətini müvəqqəti itirdiyi bir dövrdə onun əmək müqaviləsinə qanunsuz olaraq xitam verilmişdir. Cəmiyyətin 09.07.2020-ci il tarixli, 40 ş/h saylı əmrinin əsası olan vətəndaş İsmayılzadə Elzaminin 08.07.2020-ci il tarixli şikayətində qeyd olunan hadisə zamanı o, orada olmamışdır. Həmin gün şöbə rəisi Anar Məmmədov ona zəng edərək, bir nəfərin qanunsuz olaraq avtobusla sərnişin daşıma fəaliyyəti ilə məşğul olduğunu, idarənin əməkdaşları tərəfindən saxlanıldığını, iş yoldaşı Nicat ilə birlikdə hadisə yerinə getmələrini onlara bildirmişdir. Onlar onun göstərişinə əsasən hadisə yerinə getmiş və Elzamin adlı şəxsə idarəyə gəlməsini bildirmişlər. Həmin vaxt o, avtobusu yolun ortasına buraxaraq, onlardan əvvəl gəlmiş idarənin 10-dan çox əməkdaşına etiraz edirdi. Sonra şöbə rəisinin göstərişi ilə yolun ortasında olan avtobusu dayanacağa aparmışlar. Daha sonra həmin şəxsin onlardan şikayət etdiyini eşitmişlər. Bir səhifəlik əmrlə 4 nəfərin əmək müqaviləsinə xitam verən Cəmiyyət həmin əmrdə 4 ədəd işçinin əmək müqaviləsinə hansı əsaslarla 70-ci maddənin “ç” bəndi ilə xitam verilməsini əsaslandırmamış, işçilərin hansı hərəkət (hərəkətsizliyi) nəticəsində işə götürən Cəmiyyətə hansı formada ziyan dəydiyi qeyd olunmamışdır. Onlar iki nəfər sadəcə şöbə rəisinin göstərişini yerinə yetirmişlər. O, bütün əmək funksiyalarını və vəzifə öhdəliklərini yerinə yetirmiş, cavabdehə hər hansı formada ziyan vurmamışdır. Cəmiyyətin 09.07.2020-ci il tarixli, 40 ş/h saylı əmrinin məzmunu və əmək müqaviləsinə xitam verilmə qaydası əmək qanunvericiliyinin tələblərinə ziddir. Belə ki, 09.07.2020-ci il tarixli, 40 ş/h saylı əmrdə müəssisənin hüquqi ünvanı və əmək müqaviləsinin ləğv edilmə əsasları göstərilməmiş, əmrin sürəti və əmək kitabçası nümayəndəsinin 29.07.2020-ci il tarixdə müraciətindən sonra ona verilmiş, son haqq-hesab isə əmək müqaviləsinə xitam verilməsindən bir neçə həftə sonra ödənilmişdir. Əmək müqaviləsinə xitam verilməzdən əvvəl onun izahatı alınmamışdır. Göründüyü kimi əmək qanunvericiliyin tələbləri kobud şəkildə pozularaq, əmək müqaviləsinə xitam verilməsinə dair əmr qanun tələblərinə uyğun tərtib edilməmiş, əmr əsaslandırılmamış, əmr və əmək kitabçası qanunda müəyyən edilmiş müddətdə ona verilməyərək məhkəməyə müraciət etmək hüququ ləngidilmiş və inzibatı tənbeh verilən zaman onun izahatı belə alınmamışdır. Həmçinin, nəzərə almaq lazımdır ki, yuxarıda qeyd olunan ciddi qanun pozuntuları ilə yanaşı cavabdeh təşkilat illərdir şəkərli diabet xəstəliyindən əziyyət çəkdiyini bilə-bilə, onunla olan əmək müqaviləsinə qanunsuz və əsassız olaraq xitam verməsi nəticəsində ona həmçinin mənəvi zərər vurulmasına səbəb olmuşdur. Belə ki, qanunsuz olaraq işdən azad olunmağı səbəbindən stres yaşamış, və mənəvi sarsıntılar keçirmişdir ki, buna görə cavabdeh təşkilat maddi məsuliyyət daşımalıdır. 2020-ci il mart ayından etibarən COVİD-19 xəstəliyi ilə bağlı X7 tərəfindən pandemiya elan olunmuşdur. COVİD-19 virusunun Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən 2020-ci il yanvar ayından Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət qurumlarından ibarət Operativ Qərargah yaradılmışdır. Virusun yayılmasının qarşısının alınması məqsədi ilə 14 mart 2020-ci il tarixindən sosial izolyasiya qaydaları tətbiq olunmuş, 21 iyun 2020-ci il tarixdən, 05 avqust 2020-ci il tarixinədək mərhələli olaraq xüsusi karantin rejimi elan edilmişdir. Belə bir vəziyyətdə, cavabdeh təşkilatın qanunsuz əmr verməsi, qanunsuz olaraq onu işdən azad etməsi maddi məhrumiyyətlərə gətirib çıxaracağından ona ciddi mənəvi sarsıntılar vurulmasına səbəb olmuşdur. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 07.09.2020-ci il tarixli, 2(001)-4390/2020 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X6 Xidməti “xxxx” MMC-nin “Əmək müqaviləsinə xitam verilməsi haqqında” 09 iyul 2020-ci il tarixli, 40 ş/h saylı əmrinin İddiaçı aid hissədə ləğv edilməsi, İddiaçı “xxxx” MMC-nin Sərnişin daşımalarının tənzimlənməsi şöbəsinin Müntəzəm sərnişin daşımalarında cəlbetmə bölməsinin mütəxəssisi vəzifəsinə işə bərpa edilməsi, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqının Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X6 Xidməti “xxxx” MMC tərəfindən ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 07.09.2020-ci il tarixli, 2(001)-4390/2020 nömrəli qətnaməsindən narazı qalan iş üzrə cavabdeh Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X6 Xidməti "xxxx" MMC apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi cavabdehin nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Onlar məhkəmə bildirişini məhkəmə iclası keçirildikdən 2 gün sonra almışlar. Bundan başqa əmək müqavilələri ləğv edilərkən əmək qanunvericiliyinə tam əməl edilmiş, Həmkarlar İttifaqı təşkilatından qabaqcadan razılıq alınmış və bundan sonra əmək müqaviləsinin ləğv edilməsi rəsmiləşdirilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X13 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı İbrahı̇ mov Əlı̇ əddı̇ n Namı̇ zəd oğlu apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Belə ki, birinci instansiya məhkəməsində tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnolagiyalar Nazirliyi yanında X6 Xidməti ‘‘xxxx” MMC-nin sərnişin daşımalarının tənzimlənməsi şöbəsinin müntəzəm sərnişin daşımalarında cəlbetmə bölməsinin mütəxəssisi vəzifəsində işləmişdir. 08.07.2020-ci il tarixdə vətəndaş X3 ‘‘xxxx” MMC-nin baş direktoruna şikayət ərizəsi ilə müraciət edərək, 25.06.2020-ci il tarixdə istifadəsində olan “Mercedes-Benz” markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən, cəmiyyətin əməkdaşları tərəfindən saxlanıldığını, 5-6 əməkdaş tərəfindən zorla avtomaşından çıxarıldığını, həmin əməkdaşlardan ikisini, yəni Nicat və Əliəddin adlı şəxsləri tanıdığını, Əliəddin adlı şəxsin onun avtomobilinin açarını çıxararaq cibinə qoyduğunu və sonradan avtomobilin sürülərək aparıldığını, evinin açarlarının da avtomobildə qaldığını, bu səbəbdən ailəsinin evə daxil ola bilmədiyini, şikayət etdikdən sonra onun avtomobilinin ona qaytarıldığını, əməkdaşların çoxunu üzdən tanımadığını, Əliəddin, Nicat, Əli və Xəyal adlı əməkdaşları tanıdığını, həmin gün tələsdiyi üçün şikayət etmədiyini bildirmiş və Nicat, Əli və Ələddin adlı əməkdaşlar barədə ciddi tədbirlərin görülməsini xahiş etmişdir. Həmin şikayətlə əlaqədar araşdırma aparılmış, o cümlədən 08.07.2020-ci il tarixdə iddiaçıdan izahat alınmışdır. Həmin izahatda iddiaçı qeyd edilən avtomobilin dayanacağa aparılmasında və yerləşdirilməsində iştirak etmədiyini bildirmişdir (təqdim edilmiş 08.07.2020-ci il tarixli akta əsasən iddiaçı əlavə izahat vermək üçün cəmiyyətə gəlməkdən imtina etmişdir). Bu tarixdə izahatı alınan digər şəxslərdən 3 saylı “xxxx” MMC-nin avtodəstə mexaniki X5 izahatında 25.06.2020-ci il tarixdə həmin avtomobilin Nicat və Əiləddin adlı əməkdaşlar tərəfindən dayanacağa gətirildiyini, dispetçer X4 izahatında 25.06.2020-ci il tarixdə dayanacağa Xəyal adlı əməkdaşın gəldiyini, həmin cəmiyyətin “Sərnişin daşımalarının tənzimlənməsi” şöbəsinin rəisi X11 isə izahatında vətəndaş X1 onun qəbulunda olan zaman 25.06.2020-ci il tarixdə onun avtomobilinin Əli və Nicat adlı əməkdaşlar tərəfindən götürülməsindən şikayət etdiyini göstərmişdir. Digər şəxslərin izahatında iddiaçı barədə hər hansı formada məlumat əks olunmamışdır. Aparılmış araşdırmanın nəticələri üzrə 08.07.2020-ci il tarixdə xidməti məruzə hazırlanmışdır. Həmin məruzədə 25.06.2020-ci il tarixdə baş vemiş hadisə ilə bağlı vətəndaş X1 ərizəsi əsasında aparılmış araşdırma, o cümlədən alınmış izahatlar barədə məlumat verilmiş və cəmiyyətin Sərnişindaşımaların tənzimlənməsi şöbəsinin bir sıra əməkdaşının, o cümlədən İddiaçı əmək fəaliyyəti zamanı yol verdikləri kobud səhvlərin və hüquq pozuntuların nəticəsində əmək vəzifələrini kobud şəkildə pozmaqla cəmiyyətin qanuni mənafeyinə ciddi xələl gətirdikləri təsdiqini tapdığından, cəmiyyətin Həmkarlar Komitəsinin razılığı alınmaqla onlarla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi məsələsinə baxılması xahiş edilmişdir. Buna uyğun olaraq, cəmiyyətin baş direktorunun müraciətinə əsasən məsələ ilə bağlı 09.07.2020-ci il tarixdə “xxxx” MMC-nin Həmkarlar İttifaqı Komitəsinin iclası keçirilmiş və protokol tərtib edilməklə, qəbul edilmiş qərara əsasən bir sıra şəxsin, o cümlədən iddiaçı ilə bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə razılıq verilmişdir. Bundan sonra cəmiyyətin 09.07.2020-ci il tarixli, 40-Ş/h saylı əmri ilə cəmiyyətin bir sıra əməkdaşı, o cümlədən İddiaçı Sərnişin daşımalarının tənzimlənməsi şöbəsinin müntəzəm sərnişin daşımalarında cəlbetmə bölməsinin mütəxəssisi vəzifəsindən azad edilmişdir. İddiaçı 09 iyul tarixdən 14 iyul 2020-ci il tarixədək əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə işə çıxmamış, bu hal Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Səhiyyə İdarəsi 18 nömrəli birləşmiş şəhər xəstəxanasının poliklinika şöbəsi tərəfindən müvafiq qaydada rəsmiləşdirilmiş və bu barədə iddiaçıya əmək qabiliyyətinin olmaması vərəqəsi verilmişdir. Hadisə günü, hadisə yerində aparılmış video yazıda iddiaçının orada olduğu görünmür. İş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü bəndinə əsasən həmin Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinin 1-ci bəndinin “a” və “b” yarımbəndlərinə əsasən əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək, bu Məcəllənin və əmək qanunvericiliyinə aid digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək işəgötürənin əsas vəzifələrindən biridir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsaslarından biri olmaqla, özündə üç halı ehtiva edir: 1.əmək funksiyasını yerinə yetirməməsi, 2.əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, 3.Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması. Həmin Məcəllənin 72-ci maddəsinin “e” bəndinə əsasən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Həmin Məcəllənin 79-cu maddəsinə əsasən əmək qabiliyyətini müvəqqəti itirən işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Həmin Məcəllənin 80-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin Məcəllənin 80-ci maddəsinin 2-ci hissəsinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Məcəllənin 83-cü maddəsinin 1-ci bəndinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin maddənin 2-ci bəndinə əsasən Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Məcəllənin 84-cü maddəsinin birinci hissəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda digər məlumatlarla yanaşı əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməlidir. Həmin Məcəllənin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. Həmin Məcəllənin 187-ci maddənin 1-ci hissəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Həmin Məcəllənin 187-ci maddəsinin 2-ci hissəsinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. Həmin Məcəllənin 189-cu maddəsinin 2-ci hissəsinə əsasən intizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Məzuniyyətdə, ezamiyyətdə olan, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verilə bilməz. Həmin Məcəllənin 300-cü maddəsinin 1-ci bəndinə əsasən, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə kollegiyası işin məhkəmə araşdırması zamanı müəyyən edilmiş hallarını və əmək qanunvericiliyinin yuxarıda sadalanan müddəalarını nəzərə alaraq hesab edir ki, İddiaçı işdən azad edilməsi zamanı əmr verilərkən Cavabdeh Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X6 Xidməti "xxxx" MMC tərəfindən pozuntulara yol verilmişdir. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə, cavabdeh MMC tərəfindən İddiaçı barəsində xidməti araşdırma aparılarkən onun baş vermiş hadisədə iştirakı və təqsirlilik dərəcəsi tam araşdırılmamış, o, işdən azad edilərkən tam yoxlanılmamış və dəqiqləşdirilməmiş izahatlara istinad edilmişdir. Bundan başqa, iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsində göstərilən halların nəzərə alınıb-alınmaması iş materiallarından müəyyən edilmir. Həmçinin, araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsinə dair əmr 09.07.2020-ci il tarixdə, yəni onun xəstəliyi ilə əlaqədar əmək qabiliyyətini müvəqqəti itirərək işə çıxmadığı müddətdə verilmişdir ki, bu da Əmək Məcəlləsinin 189-cu maddəsinin 2-ci bəndinin tələblərinə zidd olmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, işə baxan birinci instansiya məhkəməsi hazırkı mübahisəni həll edərkən işin həqiqi hallarını düzgün müəyyən etmiş və maddi hüquq normalarını düzgün tətbiq etmiş, iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini yuxarıda göstərilən mövqedən çıxış etməklə qiymətləndirərək, onları əsassız hesab edir və bu qənaətə gəlir ki, həmin dəlillər qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas vermir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X6 Xidməti "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 07.09.2020-ci il tarixli, 2(001)-4390/2020 nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Ziya Şirinov Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(103)-2816/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2816/2021
29.04.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver