Məhkəmə qərarları › İş №2(103)-2816/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2816/2023

26.04.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2816/2023 26.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Milli Hematologiya və Transfuziologiya Mərkəzi” X3rşı iş üzrə (Açar sözlər: «əsassız verilmiş intizam tənbehinin ləğv edilməsi və əmək haqqına əlavənin bərpa edilməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4975/2022 saylı, 23 dekabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. “Milli Hematologiya və Transfuziologiya” X4 01 aprel 2022-ci il tarixli, 292/1 nömrəli əmri ilə X2 müəssisə daxili nizam-intizam qaydalarını pozduğuna görə Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Əsas kimi Cavabdehn X8 Laboratoriyasının laborantı İddiaçı tərəfindən əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmədiyini, iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozduğunu, əmək qanunvericiliyinin tələblərinə əməl etmədiyini, işlədiyi müddət ərzində dəfələrlə bu kimi nöqsanlara yol verməsi halları göstərilmişdir.

2. İddiaçı 2022-ci ilin iyun ayına qədər əmək haqqına əlavə olan 120 manat ödənilmiş, qalan aylarda isə ödənilməmişdir.

Birinci instansiya məhkəməsində icraat:

3. İddiaçı cavabdeh “Milli Hemotologiya və Transfuziologiya Mərkəzi” X3rşı əsassız verilmiş intizam tənbehinin ləğv edilməsi, dayandırılmış əmək haqqına əlavənin bərpa edilərək ödənilməsi, əsassız təqiblərə son qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona intizam tənbehi verilməsi barədə cavabdehin əmrinin qanunsuz hesab edilərək ləğv edilməsi, 2022-ci ilin iyun ayından ona ödənişi dayandırmış, əhaliyə pullu xidmətə görə əmək haqqına hər ay ödənilməli olan 100 manat əlavənin dayandırıldığı vaxtdan, yəni 2022-ci ilin iyun ayından bərpa edilərək ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və cavabdeh tərəfindən, habelə onun tabeçiliyində olan Qan Bankının rəhbəri tərəfindən ona qarşı ayrı-seçkiliyin qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiada göstərilir ki, 1999-cu ildən “Milli Hemotyologiya və Transfuyziologiya Mərkəzində” laborant vəzifəsində işləyir. 2020-ci ilin sentyabr ayına qədər Mərkəzin Şəki bölməsində işləmişdir. 2020-ci ilin sentyabr ayında ailə vəziyyətilə əlaqədar Bakı şəhərinə köçmüşdür və indiki iş yeri olan X9 işləməyə başlamışdır. X8 müdiri Qumral xanım Əliyeva elə ilk görüşdə ona bildirmişdir ki, “nə üçün mən Valeh müəllimə (Mərkəzin direktoru Valeh Hüseynov nəzərdə tutulur) müraciət etmişəm, bura işə gələnlər əvvəl mənimlə görüşməlidirlər.” İddiaçı nə qədər izah etməyə çalışsa da, onu tanımırdı, heç bir xeyri olmamışdır. Elə ilk gündən Qumral xanım ona qarşı qəzəbli, kinli, qərəzli və aqressiv davranmağa başlamışdır. Hətta, sertifikasiya imtahanı üçün ona dəfələrlə müraciət etsə də, qanunsuz olaraq bu məktubu ona verməkdən imtina etmişdir. Halbuki, bu məktub sertifikasiyadan keçmək üçün hər bir işçiyə verilməlidir. Ən xırda məişət məsələlərində ona qarşı haqsızlıq və ədalətsizlik edir, işdə onu daim təqib edir, başqa əməkdaşların işini də onun üzərinə qoyur, onu yoldaşları arasında daim aşağılamağa çalışır, hətta işdə çay və su içməyə imkan vermir. Qumral xanım onu ezamiyyət qruplarına da salmırdı ki, ona maddi cəhətdən sıxıntı yaratsın. Valeh müəllimə şikayət edəndən sonra onu bir neçə dəfə ezamiyyət qrupuna salsa da, sonradan yenə də kəsdilər. Qumral xanım ona hər vasitə ilə pislik etmək istəyir və bunu işçilər arasında bəyan edərək, ona qarşı yönəltməyə çalışır. 2022-ci ilin aprel ayında onun üstünə şərt atdılar, təzyiq göstərdilər və məcbur edirdilər ki, ərizə yazıb işdən çıxsın və yaxud imtahan verib tibb bacısı işləsin. Bildirdi ki, 22 ildən artıqdır ki, laborant işləyir, işinin öhdəsindən gəlmişdir və heç bir nöqsanı da olmamışdır. Ona görə də, ərizə yazmaqdan imtina etmişdir. Aprel 18-də Qumral xanım onu çağırıb dedi ki, ya tibb bacısı işinə keçsin, ya da ona töhmət verəcəkdir. Hətta sonradan, yəni 2022-ci ilin iyul ayında Əmək Müfəttişliyindən ona məktub göndəriləndə məlum oldu ki, ona töhməti xx.xx.2022-ci il tarixdə veriblər. Görünür, ya bu barədə ona məlumat verilməyib, ya da əmri aprel ayının 18-dən sonra versələr də tarixini əvvəlki vaxta qoyublar. Həmin əmrin surəti indiyə qədər də ona verilməyib. Belə bir əmrin olduğunu Əmək Müfəttişliyinin məktubundan bilsə də, əmrin məzmununu və nəyə görə töhmət aldığı ona məlum deyildir. Əhaliyə pullu xidmətə görə əvvəllər aldığı, digər işçilər tərəfindən yenə də alınan, hər ay əmək haqqına 100 manat əlavəsi 2022-ci ilin iyun ayından dayandırılmışdır. Baxmayaraq ki, iddiaçı həmin işləri yenə də yerinə yetirir və daha artıq işləyir. Ona intizam tənbehi verilməsi barədə əmrin surəti, habelə əmək haqqına əlavənin ödənişinin dayandırılmasına və ezamiyyə qrupundan çıxarılmağının səbəbləri barədə arayış verilməsi barədə Mərkəzə 17 avqust 2022-ci il tarixdə təqdim edilmiş vəkil sorğusuna 2 ay keçməsinə baxmayaraq hələ də cavab verilməmişdir.

5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4975/2022 saylı, 23 dekabr 2022ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh tərəfindən İddiaçı şiddətli töhmət verilməsi haqqında xx.xx.2022-ci il tarixli, 292/1 saylı əmrin qanunsuz hesab edilərək ləğv edilməsi, 2022-ci ilin iyun ayından İddiaçı ödənişi dayandırılmış əhaliyə pullu xidmətə görə əmək haqqına hər ay ödənilməli olan 100 manat əlavənin dayandırıldığı vaxtdan, yəni 2022-ci ilin iyun ayından bərpa edilərək ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.

6. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətində göstərib ki, intizam tənbehi, işçiyə o, Əmək Məcəlləsi ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə, yaxud, əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə verilir. Lakin işəgötürən tərəfindən iddiaçıya intizam tənbehi verilərkən əmək qanunvericiliyinin tələblərinə əməl edilməmişdir. Belə ki, işəgötürən tərəfindən işçiyə konkret olaraq hansı səbəbdən şiddətli töhmət verilməsi məlum deyildir. Cavabdehin nümayəndəsinin bildirdiyinə görə iddiaçı qanvermə aksiyalarında iştirakı zamanı işçi yoldaşları ilə kobud münasibət etmiş, sonradan ona dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq o, bundan nəticə çıxarmamışdır. Cavabdeh tərəfindən qeyd edilənlər işçiyə şiddətli töhməti verilməsi əsası kimi qəbul edilə bilməz. Bundan əlavə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187-ci maddəsinin tələblərinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. Halbuki, iş materiallarında işçiyə intizam tənbehi verilməmişdən əvvəl ondan yazılı izahatın alınması və ya işçinin bundan imtina etməsi ilə bağlı heç bir sübut təqdim edilməmişdir. Əlavə olaraq, cavabdeh tərəf bildirmişdir ki, iddiaçı xx.xx.2022-ci il tarixdə ona intizam tənbehinin verilməsi ilə bağlı əmrlə şəxsən tanış olmuş, lakin ona imza atmaqdan imtina etmişdir. Halbuki, iddiaçının bildirdiyinə görə o, sözügedən əmrdən ümumiyyətlə xəbəri olmamışdır. O, X1 göndərilən cavab məktubu əsasında ona intizam tənbehinin verilməsi barədə xəbərdar olmuş, sonradan cavabdehə intizam tənbehi barədə əmrin surətini, habelə əmək haqqına əlavənin ödənişinin dayandırılmasının və ezamiyyət qrupundan çıxarılmasının səbəbləri barədə ona arayış verilməsi ilə bağlı müraciət etsə də, bunun heç bir nəticəsi olmamışdır. Həmçinin, Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinə əsasən, intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Lakin hazırkı iş üzrə İddiaçı tərəfindən əmək və ya icra intizamının pozulduğu gün aşkar deyildir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, göstərilən bu hallar mübahisələndirilən əmrin əmək qanunvericiliyinin tələblərinə uyğun olmadığını təsdiq edir. Məhkəmə eyni zamanda iddia tələbinin “... iddiaçının əmək haqqına hər ay ödənilməli olan 100 manat əlavənin dayandırıldığı vaxtdan bərpa edilərək ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması...” hissəsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hazırda iddiaçı əhaliyə pullu xidmətə görə əmək haqqına əlavə olan və 2022-ci ilin iyun ayından ona ödənilməyən əlavələrin ödənilməsini tələb edir. Məhkəməyə təqdim edilən Arayışdan göründüyü kimi İddiaçı 2022-ci ilin iyun ayına qədər əmək haqqına əlavə olan pul vəsaiti ödənilmiş, qalan aylarda isə ödənilməmişdir. İddiaçı barəsində verilən intizam tənbeh tədbiri barədə əmr qanunvericiliyin tələbləri pozularaq verildiyindən, onun əmək haqqısına əlavə olan və 2022-ci ilin iyun ayından dayandırılan əlavə pul vəsaiti dayandırıldığı tarixdən hesablanaraq iddiaçıya ödənilməlidir. Məhkəmə hesab edib ki, iddia tələbi qalan hissədə, yəni Qan Bankının rəhbəri tərəfindən iddiaçıya qarşı ayrı-seçkiliyin qadağan edilməsi hissəsində sübuta yetirilmədiyinə görə əsassızdır və təmin edilə bilməz. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin tamamilə rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edərək şikayətində göstərir ki, məhkəmə qəbul etmiş məhkəmə aktında əmək qanunvericiliyin qeyd etdiyi maddəyə əsaslanmağına baxmayaraq, qəbul etdiyi qərar qeyd edilmiş maddələrə ziddir. İş materiallarına və yuxarıda qeyd edilənlərə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada iddiaçıya əmək və icra intizamının pozulmasına görə “sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək” intizam tənbeh növü seçilərək verilmişdir. Əmək Məcəlləsinin 187ci maddəsinin 1-ci hissəsinə əsasən, “işçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir”. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli aktda iddiaçının İnsan Resurslarının idarə edilməsi şöbəsinə dəvət edilməsi, barəsində tərtib edilmiş və iş materiallarına əlavə edilmiş müvafiq təqdimat və izahatlarla tanış olması, lakin həmin sənədlərdə qeyd edilənləri özünə qarşı haqsızlıq kimi qəbul edən İddiaçı yazılı izahat verməkdən imtina etməsi qeyd edilmişdir. İş materiallarından göründüyü kimi Mərkəzin Komissiyası tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli Protokoluna əsasən, intizam xətasının törədildiyi gündən işçiyə intizam tənbehinin verilməsi müddəti keçirilməmiş və beləliklə bununla bağlı qanun tələbi pozulmamışdır. Məhkəmə qəbul edilmiş müvafiq məhkəmə aktında MPM-nin qeyd edilən maddələrinə əsaslandırdığını bildirmişdir. Lakin İddiaçı məhkəməyə heç bir sübut təqdim etmədən mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Belə olan halda, məhkəmə iddiaçının tələbini təmin etdiyi zaman iddiaçının təqdim etməli olduğu, lakin təqdim etmədiyi hansı sübutları araşdırıb onlardan istifadə edərək qərar qəbul etdiyi məlum olmamışdır. Beləliklə,məhkəmə Mülki Prossesual Məcəllənin qeyd olunan maddələrinin heç birinə riayət etmədiyinə görə qəbul etdiyi qətnamə obyektiv hesab edilə bilməz və qanunsuzdur.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

8. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

9. Məhkəmə iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

10. Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

Maddə 10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri kimi əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; əmək qanunvericiliyinin tələblərinə əməl etmək və s. göstərilmişdir. Maddə 186.1. İşçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə, yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Maddə 186.2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona töhmət vermək; sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək intizam tənbehlərindən birini verə bilər. Maddə 186.3. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Maddə 187.1. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Maddə 187.2-ci hissə. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. Maddə 187.3. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam xətası verilə bilməz. Maddə187.4-cü hissə. İdarə, müəssisə və ya təşkilatın korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat vermiş işçisi barəsində intizam tənbehini tətbiq edən idarə, müəssisə və ya təşkilat intizam tənbehinin qanunla müəyyən edilmiş hallardan irəli gəlməsini və korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumata aidiyyəti olmadığını əsaslandırmalıdır. Maddə 189.3. İntizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır. Maddə 190.3. İşçi intizam tənbehi verilərkən işəgötürən tərəfindən qanunvericiliyin tələblərinin və onun hüquqlarının pozulduğunu iddia edərsə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisəsinin həlli üçün məhkəməyə müraciət edə bilər.

11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri:

12. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

13. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

15. Apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsi göstərilsə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia qismən təmin edildiyi üçün qətnamənin bir hissəsi, yəni iddia tələbinin təmin edildiyi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin qismən - iddianın təmin edilən hissəsində ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

16. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən, qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

17. Əvvəla iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

18. Əvvəla, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar Əmək Məcəlləsinin yuxarıda göstərilən normalarının dispozisiya şərtləri ilə uzlaşır və cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığı üçün iddia haqlı sayılır.

19. Belə ki, cavabdeh tərəfindən təqdim edilən sənədlərdə iddiaçının əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmədiyini, iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozduğunu, əmək qanunvericiliyinin tələblərinə əməl etmədiyini, işlədiyi müddət ərzində dəfələrlə bu kimi nöqsanlara yol verməsi halları açıq-aşkar təsdiq olunmur.

20. İddiaçıya bu əsasa görə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi üçün ilk növbədə əmək funksiyasını tam və ya qismən yerinə yetirməməli, yaxud keyfiyyətsiz yerinə yetirməli, Əmək Məcəlləsinin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozması müəyyənləşməli, iddiaçı bu hallara yol versə belə, məhz bunun nəticəsində mütləq müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmalı və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməlidir.

21. Lakin cavabdeh tərəfindən iddiaçının ümumiyyətlə əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsinə dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Düzdü, iş materiallarında cavabdeh qurumun bəzi əməkdaşlarının 2021-ci ilin iyul, avqust və dekabr aylarında, eləcə də iddiaçıya intizam tənbehi verildiyi tarixdən sonrakı aylarda, yəni 2022-ci ilin iyun və iyul aylarında yazılmış izahat və təqdimatları mövcuddur. Ancaq 2021-ci ildə yazılmış həmin izahatlardakı məlumatlar mötəbər olmasa belə, ən azından bir ay keçdiyinə görə 01 aprel 2022-ci ildə iddiaçıya intizam tənbehi verilməsi üçün əsas ola bilməzdi. Cavabdeh apellyasiya şikayətində qeyd olunanların əsaslılığı barədə hər hansı bir mötəbər dəlil göstərmədiyindən şikayət təmin edilə bilməz. Əksinə apellyasiya şikayətində qeyd olunanların əsaslı olmadığı iş materialları ilə də təsdiq olunur.

22. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, İddiaçı tərəfindən ona sonuncu xəbərdarlıq verilməklə şiddətli töhmət verilməsi barədə əmrdə göstərilmiş əmək intizamını pozması halları öz təsdiqini tapmadığından, işəgötürən tərəfindən işçiyə konkret olaraq hansı səbəbdən intizam tənbehi verilməsi məlum deyildir. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli aktın məzmunu ilə eyni olan xx.xx.2022-ci il tarixli aktın mötəbərliliyinə birinci instansiya məhkəməsi hüquqi qiymət vermişdir. Apellyasiya instansiyası məhkəməsi də bununla razılaşır. Çünki, hər iki akt cavabdeh qurumun səlahiyyətli şəxsləri imzalamışdır (bax.i.v.85-86). Bu aktlar iddiaçıya qeyd olunan əsaslarla intizam tənbehi veriləcəyindən yaxud intizam tənbehi verilməsindən məlumatlı olması üçün mötəbər sübut və yetərli əsas ola bilməzdi. Çünki, cavabdeh tərəfin işdə bilavasitə maraqlı şəxsləri tərəfindən tərtib edilmişdir.

23. Təbii ki, cavabdeh qurumun əməkdaşları öz işlərini itirməkdən qorxduqları üçün hansısa təsir altında iddiaçının barəsində izahat verə yaxud onların iştirakı ilə akt tərtib edilə bilər. Bu izahatlar və aktlar cavabdehin mənafeyinə uyğun olsa da mötəbər qəbul edilə bilməz. Çünki, birtərəfli olmaqla, yalnız cavabdehin maraqlarına uyğun əldə edilmiş sübutlar hesab olunur.

24. Əksinə həm iddia ərizəsinin və işdə olan sənədlərin məzmunundan, həm də iddiaçının izahatlarından bəlli olur ki, cavabdeh qurumun X8 müdiri Qumral Vəliyevanın qanunsuz hərəkətləri, o cümlədən korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı aidiyyəti orqanlara məlumat verdiyi üçün iddiaçının barəsində ağır intizam tənbehi tətbiq edilmişdir. Həmin vaxta qədər, iddiaçının heç bir intizam məsuliyyətinə cəlb edilməməsi işdən də görünür. Deməli, cavabdeh qurum intizam tənbehinin qanunla müəyyən edilmiş hallardan irəli gəlməsini və korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumata aidiyyəti olmadığını əsaslandırmalıdır(ƏM.m.187.4).Bu Əmək Məcəlləsinin imperativ tələbidir. Ancaq nə iş materiallarında, nədə cavabdeh tərəfin məlumatlarında bu məsələyə ümumiyyətlə münasibət bildirilmir. Demək ki, cavabdeh tərəf də bu faktı təkzib edə bilmir.

25. Bundan başqa, məhkəməyə təqdim edilən Arayışdan göründüyü kimi İddiaçı 2022-ci ilin iyun ayına kimi əmək haqqına əlavə olan pul vəsaiti ödənilmiş, qeyd olunan tarixdən isə kəslmişdir. Cavabdeh tərəf bunun iddiaçıya verilmiş intizam tənbehi ilə əlaqədar olmadığına dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Apellyasiya baxışı zamanı da cavabdehin nümayəndəsi bunun həqiqətən də intizam tənbehi ilə bağlı olmadığını əsaslandırmağa çalışsa da, bu hal qətnamənin həmin hissədə ləğv edilməsi və iddianın həmin hissədə rədd edilməsi üçün əsas ola bilməz. Çünki, ilk növbədə əmək haqqına əlavənin kəsilməsinin intizam tənbehi ilə bağlı olmadığına dair cavabdeh məhkəməyə mötəbər sübut təqdim etməli idi. Mötəbər sübut kimi, məsələn Mərkəzdə olan başqa işçilərə ödənilən əlavələrin də kəsildiyini təsdiq edən sübut təqdim etmək olardı, ancaq edilməmişdir. Əksinə əksər işçilərin əmək haqqına əlavəni bu günədək aldıqlarını cavabdehin nümayəndəsi də təkzib etmədi. Demək ki, iddia tələbinin bu hissəsi də açıqaşkar əsaslı olmuş və birinci instnsiya məhkəməsinin bu hissədə gəldiyi nəticə də düzgün olmuşdur.

26. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4975/2022 saylı, 23 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

27. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i: Cavabdehn apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4975/2022 saylı, 23 dekabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar