Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-2816/2025 02.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı iş üzrə (Açar sözlər: maddi ziyanın əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlundan və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, X1 Əziz qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) vəkil2 və cavabdehin nümayəndəsi (vəkili) vəkil1 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli qətnaməsindən cavabdeh “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə ## ##### 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Sifarişçi İddiaçı və podratçı “xxxx” MTK arasında bağlanmış ## ##### 2015-ci il tarixində B1 09/600 nömrəsi ilə qeydə alınmış müqaviləyə əsasən İcraçı Bakı şəhəri, Tbilisi prospekti, 1054-cü məhəllə ünvanında onun tərəfindən inşa edilən “xxxx” çoxmərtəbəli yaşayış kompleksində 9-cu bina, 13-cü mərtəbədə yerləşən, ümumi sahəsi 109 kv/m, o cümlədən balkon sahəsi 16,18 kv/m olan 2 (iki) otaqdan ibarət ** saylı mənzili Sifarişçiyə təhvil verməyi, Sifarişçi isə bunun qarşılığında İcraçıya razılaşdırılmış pul vəsaitini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin qiyməti 112776 manat təşkil etmişdir. ##.##.2015-ci il tarixli B1 **/*** nömrəli Pordat müqaviləsi üzrə icraçı tərəfindən təqdim edilən ilkin təmir-quraşdırma işlərinin siyahısı barədə yazılı razılaşma əlavə edilmişdir. Bu işlərə döşəmədə diktin quraşdırılması, yan divarlarda alt və üzlük alçı işləri, tavanlarda alçipan və üzlük alçı işləri, elektrik xətləri - Mərkəzləşmiş xəttə qoşulma, televiziya kabel xətləri - Mərkəzləşdirilmiş xəttə qoşulma, telefon kabel xətləri - Mərkəzləşdirilmiş xəttə qoşulma, smart House, intercom xətti (Domafon) aiddir. Kassa mədaxil qəbzlərinə əsasən müqavilə üzrə mənzilin dəyəri sifarişçi tərəfindən tam ödənilmişdir.
2. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Bakı Ərazi İdarəsinin ##.##.2025-ci il tarixli məktubuna əsasən sözügedən binaya dair ##.##.2022ci il tarixdə istismara icazə sənədi verilmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 14782,50 manat məbləğində dəymiş zərər, 300 manat məbləğində ekspertizanın həyata keçirilməsi ilə bağlı ödənilmiş xidmət haqqı, ödənilmiş 135,25 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 15 217,75 manat tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırmışdır ki, icraçı müqavilə ilə üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, mənzilin ilkin təmir-quraşdırma işlərini həyata keçirməmişdir.
5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-***/** saylı iş üzrə ## #### 2025 -ci il tarixli qətnaməsi ilə (hakim F.Əlizadə) iddia təmin edilmişdir.
6. Məhkəmə belə qənaətə gəlmişdir ki, müqavilə üzrə təhvil verilmiş mənzil qüsurludur. Belə ki, mənzilin müqavilə şərtlərinə uyğun təhvil verilməməsi mənzilin (əşyanın) qüsuru sayılır. Cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsinə dair yazılı ərizə təqdim edilsə də, məhkəmə hesab etmişdir ki, iddia tələbi üzrə 5 illik (podrat münasibətlərindən irəli gələn) iddia müddəti ötürülməmişdir. İddia müddətinin ötürülməsinin əsasları cavabdeh tərəfindən sübuta yetirilməmişdir. Belə ki, müəyyən edilir ki, sözügedən mənzil ##.##.2024-cü il tarixdə Sifarişçiyə təhvil verilmişdir. Deməli, iddia tələbi üzrə 5 illik iddia müddəti ötürülməmişdir. Məhkəmə cavabdehin müdafiə arqumentinə münasibətdə qeyd etmişdir ki, hazırkı mübahisəyə müqavilədən doğan 3 illik ümumi iddia müddəti deyil, xüsusi norma qismində MM-in 776.1-ci maddəsi çıxış etməlidir. Cavabdeh iddia müddətinin ötürülməsi ilə bağlı öz arqumentlərini əsaslandıra bilməmiş, mənzilin iddiaçıya təhvil verilməsi vaxtı ilə bağlı podratçı şirkət olaraq heç bir sübut təqdim edə bilməmiş, mülahizələr əsasında bildirmişdir ki, həmin mənzil 2015-ci il tarixdə iddiaçıya təhvil verilmişdir. Həmin hissədə sübutetmə yükü cavabdeh şirkətin üzərindədir. Lakin, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Bakı Ərazi İdarəsinin ##.##.2025-ci il tarixli məktubuna əsasən sözügedən binaya dair ##.##.2022-ci il tarixdə istismara icazə sənədi verilmişdir. Deməli, həmin bina istismara buraxıldıqdan sonra mənzil sahibinə təhvil verilə bilərdi.
7. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 390, 568.1, 752, 763, 776-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir.
9. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə mənzilin daxilində görülə bilən təmir quraşdırma işlərini əvəz edilən əşya kimi qiymətləndirmiş, halbuki əvəz edilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır. Mülki Məcəllənin podrat mülki hüquq münasibətlərini tənzimləyən normalarının məzmunundan isə görünür ki, sifarişçi görülmüş işdə qüsur aşkar edərsə, podratçıya bu barədə məlumat verməli və qüsurun aradan qaldırılması üçün əlavə icra müddəti müəyyən etməklə podratçıya qüsuru öz vəsaiti ilə aradan qaldırmaq imkanı yaratmalıdır. Sifarişçi yalnız əlavə icra müddəti nəticəsiz qaldığı təqdirdə qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi podratçıdan tələb edə bilər. Lakin mülki işdən görünür ki, sifarişçi olan iddiaçı podratçı olan cavabdehə məlumat vermədən, əlavə icra müddəti müəyyən etmədən, cavabdehin xəbəri olmadan birtərəfli qaydada qüsurların mövcudluğu barədə sənəd tərtib etmiş, məhkəmə isə həmin işlərin qiymətləndirilməsi məqsədi ilə iki dəfə ekspertiza təyin etmiş və birinci rəydə göstərilən məbləğdən iki dəfə çox, şişirdilmiş və əsassız artırılmış məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə səhv nəticəyə gəlmişdir. Bundan əlavə, tərəflər arasında ##.##.2015-ci il tarixli B1 09/600 nömrəsi ilə bağlanmış müqavilənin 4.3-cü maddəsindən göründüyü kimi, kompleks üzrə 2017-ci ildə müəyyən ediləcək müvafiq vahid müddət ərzində (o cümlədən yaşayış kompleksində ümumi olaraq gündəlik müəyyən edilmiş vaxt aralığında) mənzilin tam təmir olunmasını təmin ediləcək və bütün təmir quraşdırma işlərinin yekunlaşdırılması haqqında İcraçıya məlumat veriləcək, sifarişçinin tələbi olduqda isə, əlavə müqavilə çərçivasində icraçı tərəfindən təmir-servis xidməti təşkil oluna bilər. Göründüyü kimi, artıq tərəflər arasında mübahisənin bitməsindən 7 ilə yaxın bir müddət keçmişdir, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır, bu qaydadan istisnalar isə Mülki Məcəllə ilə müəyyənləşdirilir. Göründüyü kimi, iddiaçı İddiaçı öz hüquqlarının pozulduğunu müqavilənin icra müddətinin başa çatdığı gün bildiyindən, məhkəməyə müraciət edilməsi üçün müəyyən edilmiş iddia müddətinin axımı həmin vaxtdan başlamışdır. Müqavilənin icra müddəti isə 2017-ci ilədək müəyyən edilmişdir. Məhkəmənin sifarişçiyə işin təhvil verildiyi tarix binanın Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri tərəfindən istismara icazə verilməsi tarixi ilə eyniləşdirilməsi barədə nəticəsi səhv olduğundan, məhkəmə iddia müddətinin ötürülməməsi barədə səhv nəticəyə gəlmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Cavabdehin nümayəndəsi (vəkili) məhkəmə kollegiyasının iclasında izahat verərkən apellyasiya şikayəti müdafi etdi və onun təmin olunmasını xahiş etdi.
12. İddiaçının nümayəndəsi (vəkili) isə apellyasiya şikayətini qəbul etməyərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 587.1. Əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Maddə 763.1. Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. Maddə 776.1. Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər.
Apellyasiya baxışının hədləri
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
15. Hazırkı işdə qətnamə cavabdeh tərəfindən mübahisələndiriliyindən qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı sayır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etməmiş, qətnamə çıxarılarkən maddi hüquq normaları düzgün tətbiq edilməmiş, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir.
17. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır.
18. Tərəflər arasında ##.##.2015-ci il tarixli B1 09/600 nömrəsi ilə bağlanmış müqavilənin 4.3-cü maddəsindən görünür ki, kompleks üzrə 2017-ci ildə müəyyən ediləcək müvafiq vahid müddət ərzində (o cümlədən yaşayış kompleksində ümumi olaraq gündəlik müəyyən edilmiş vaxt aralığında) mənzilin tam təmir olunmasını təmin ediləcək və bütün təmir quraşdırma işlərinin yekunlaşdırılması haqqında İcraçıya məlumat veriləcək, sifarişçinin tələbi olduqda isə, əlavə müqavilə çərçivasində icraçı tərəfindən təmir-servis xidməti təşkil oluna bilər.
19. Mülki Məcəlləyə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər (maddə 390.1). Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər (maddə 427.1).
20. Göründüyü kimi, tərəflər öhdəliyin icrası müddəti ilə bağlı razılaşıblar və bu razılıq ##.##.2015-ci il tarixli B1 **/*** nömrəli müqavilənin 4.3-cü maddəsində öz əksini tapıb. Öhdəliyin icra müddəti 2017-ci il müəyyən edilmiş, hazırkı iddia ilə isə ##.##.2024-cü ildə məhkəməyə müraciət edilmişdir. Müqavilədə öhdəliyin icra müddəti binanın istismara qəbul edilməsi, binanın istismarına dövlət orqanı tərəfindən icazə verilməsi və yaxud hər hansı digər halla əlaqələndirilməmişdir.
21. Mülki Məcəlləyə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır (maddə 372.1, 372.2.). İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır (maddə 377.1, 377.2). Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər (maddə 776.1). Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (maddə 375.2.).
22. Göründüyü kimi, öhdəliyin icra vaxtının çatdığı gündən hazırkı iddianın irəli sürüldüyü vaxtadək 7 ilə yaxın bir müddət keçmişdir. İddiaçı öz hüquqlarının pozulduğunu müqavilənin icra müddətinin başa çatdığı gün bildiyindən, məhkəməyə müraciət edilməsi üçün müəyyən edilmiş iddia müddətinin axımı həmin vaxtdan hesablanmalıdır.
23. Birinci instansiya məhkəməsi isə iddia müddətinin axımını binanın Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri tərəfindən istismara icazə verilməsi tarixindən hesablamış və iddia müddətinin ötürülmədiyi qənaətinə gəlmişdir. Halbuki, iddia müddəti öhdəliyin icra müddətinin başa çatdığı vaxtdan hesablanmalı idi. Belə ki, yuxarıda da qeyd olunduğu kimi müqavilədə öhdəliyin icra müddəti binanın istismara qəbul edilməsi, binanın istismarına dövlət orqanı tərəfindən icazə verilməsi və yaxud hər hansı digər halla əlaqələndirilməmişdir.
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.2-ci maddəsinin tələbinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.
25. Qeyd edilənlərə əsasən Kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmadığından və iddia müddətinin tətbiqi ilə bağlı maddi hüquq normaları düzgün tətbiq olunmadığından qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia rədd olunmalıdır.
26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh “xxxx” MMC-nin apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə ## #### 2025-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi rədd olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.