Məhkəmə qərarları › İş №2(103)-2819/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2819/2021

02.06.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2819/2021 02.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, İddiaçı, onun vəkili Vəkil, Cavabdeh, onun nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “evə köçürülmə və istifadə qaydalarının müəyyən edilməsi” haqqında ilkin, Cavabdeh İddiaçı qarşı “evdən əmlakın çıxarılması” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 sentyabr 2020ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, 16.03.2014-cü il təvəllüdlü X5, 05.07.2016-cı il təvəllüdlü X6 ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi və həmin yaşayış evin istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh, qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən İddiaçı məxsus əmlakın çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə İddiaçının övladları 16.03.2014-cü il təvəllüdlü X5, 05.07.2016-cı il təvəllüdlü X6 ilə birlikdə ünvan 3 ünvanında yerləşən özbaşına inşa olunan fərdi yaşayış evinə köçürülməsi, ilkin iddianın qalan hissədə, qarşılıqlı iddianın bütövlükdə təmin edilməməsi qət edilmişdir. Cavabdeh, apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması, ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. 02 iyun 2021-ci il tarixli məhkəmə iclasında tərəflər, məhkəməyə ayrı-ayrılıqda həmin tarixli ərizələri ilə barışıq sazişi bağladıqlarını bildirərək, sazişin təsdiq olunmasını, iş üzrə icraata xitam verilməsini xahiş etmiş və barışıq sazişinin təsdiq olunmasının hüquqi nəticələrinin onlara aydın olduğunu bildirmişlər. Məhkəmə kollegiyası, tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, barışıq sazişi təsdiq edilməli və mülki işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir (maddə 191.2, 261.0.4). Apelyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apelyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur (maddə 370). Bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir (maddə 391). Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq, hesab edir ki, tərəflərin imzalayaraq məhkəməyə təqdim etdikləri barışıq sazişi qanuna zidd deyil, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Ona görə də, barışıq sazişi təsdiq edilməli, qətnamə ləğv olunmalı və mülki işin icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və MPM-in 261, 391 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı və Cavabdeh arasında 02 iyun 2021-ci il tarixdə yazılı formada bağlanmış aşağıdakı məzmunlu barışıq sazişi təsdiq edilsin: “1. İddiaçı, Cavabdeh ona verdiyi 20.000 (iyirmi min) manat pul müqabilində ünvan 4 ünvanında yerləşən 41 saylı mənzilə köçməkdən imtina edir və 01.06.2021-ci il tarixdən 01.07.2021-ci il tarixədək olan müddət ərzində həmin mənzildə olan cehizlərini mənzildən çıxarmağı öhdəsinə götürür. Gələcəkdə həmin mənzillə bağlı hər hansı bir iddiası və tələbi olmayacaqdır. Barışıq sazişinin şərtlərini pozduğu təqdirdə barışıq sazişinin məcburi icraya yönəlməsinə razıdır.

2. Cavabdeh, İddiaçı ona məxsus olan ünvan 4 ünvanında yerləşən 41 saylı mənzilə köçməkdən imtina etməsinə və 01.06.2021-ci il tarixdən 01.07.2021-ci il tarixədək olan müddət ərzində mənzildə olan cehizlərini mənzildən çıxaracağını öhdəsinə götürməsinə görə ona 20.000 (iyirmi min) manat pul verir. Barışıq sazişinin şərtlərini pozduğu təqdirdə qanunvericilikdə nəzərdə tutulduğu kimi barışıq sazişinin məcburi icraya yönəlməsinə razıdır”. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3438/2020 saylı, 10 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “evə köçürülmə və istifadə qaydalarının müəyyən edilməsi” haqqında ilkin, Cavabdeh İddiaçı qarşı “evdən əmlakın çıxarılması” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar