Məhkəmə qərarları › İş №2(103)-282/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-282/2021

26.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-282/2021 26.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Hüseynin sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadə və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1134/2017 saylı, 20 sentyabr 2017-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 127.000 manat məbləğində əsas borc və həmin borcun gecikdirilməsinə görə 20.600 manat cərimə borcu və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 147.630 manat məbləğində pulun iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1134/2017 saylı, 20 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 127000 manat əsas borc, borcun gecikdirilməsinə görə 2600 manat cərimə olmaqla, cəmi 129600 (bir yüz iyirmi doqquz min altı yüz) manat borcun və ödənilmiş dövlət rüsumunun 26,40 (iyirmi altı manat qırx qəpik) manat hissəsinin İddiaçı-nin xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinin 80 manat hissəsinin Cavabdeh, 12 manat hissəsinin İddiaçı-dən tutularaq dövlət nəfinə keçirilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 24.04.2019-cu il tarixli 2(103)-4551/2019 saylı qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1134/2017 saylı 20 sentyabr 2017-ci il tarixli qətnaməsinin Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli 2(102)- 7615/2019 saylı qərarı ilə Cavabdeh kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4551/2019 saylı 24 aprel 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə onun iştirakı olmadan baxılmışdır. Bundan başqa iddiaçı tərəfindən məhkəməyə iddia tələbini əsaslandıra biləcək kifayət qədər sübutlar təqdim olunmasına baxmayaraq, Cavabdeh Hüseynbala qızının İddiaçı-yə 120 000 manata yaxın pul məbləğini ödədiyi heç nəzərə alınmamışdır. İddiaçı öz öhdəliklərini lazımınca, vaxtında yerinə yetirməmişdir. Bu səbəbdən də o, işlərini başqa bir şirkətə həvalə etməli olmuşdur. Bu da onun üçün əlavə xərclərin yaranmasına və ziyana səbəb olmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. İş üzrə iddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan iş üzrə apelyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. İş materiallarından görünür ki, İddiaçı (Podratçı) ilə Cavabdeh Hüseynbala qızı (Sifarişçi) arasında bağlanmış 17.02.2016-cı il tarixli RH-01/16 saylı müqaviləyə əsasən Podratçı Sifarişçinin sifarişi əsasında müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilən işləri yerinə yetirməyi, sifarişçi isə işləri qəbul edib dəyərini müqavilənin şərtlərinə uyğun ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin dəyəri 206.000 manat təşkil edir. Həmin müqaviləyə 1 saylı Əlavəyə əsasən yerinə yetirilməsi nəzərdə tutulmuş işlərin tərkibinə qiyməti 17.000 manat olan “Hazırlıq işləri” (1-ci bölmə), qiyməti 20.000 manat olan “Torpaq işləri” (2-ci bölmə), qiyməti 25.000 manat olan “Svaylar” (3-cü bölmə), qiyməti 25.000 manat olan “Bünövrə” (4-cü bölmə), qiyməti 25.000 manat olan “Dəmir-beton konstruksiyalar, texniki zirzəmi” (5-ci bölmə), qiyməti 30.000 manat olan “Dəmir-beton konstruksiyalar – 1 zirzəmi” (6-cı bölmə), qiyməti 30.000 manat olan “Dəmir-beton konstruksiyalar, 1-ci mərtəbə” (7-ci bölmə) və qiyməti 34.000 manat olan “Dəmir-beton konstruksiyalar, 2-ci mərtəbə” (8-ci bölmə) daxildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ali Məhkəmə öz qərarında qeyd edir ki, iş materiallarından göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən tikintiyə çəkilmiş xərclərin müəyyən edilməsi məqsədi ilə ekspertiza təyin edilməsinədək hər iki tərəfin nümayəndəsi məhkəmə iclaslarında iştirak etmiş, lakin apellyasiya instansiyası məhkəməsi tikinti işlərinin aparılması ilə əlaqədar cavabdeh tərəfindən iddiaçıya hər hansı pul məbləğinin verilib-verilməməsini araşdırmamış, bununla əlaqədar məhkəmə iclas protokollarına tərəflərin mövcud olmuş qarşılıqlı münasibətləri üzrə mübahisənin yaranma səbəbləri aydınlaşdırılmamışdır. İş materiallarından göründüyü kimi cavabdehin nümayəndəsi evin tikintisinə çəkilmiş xərclərin müəyyən edilməsi üçün ekspertiza təyin edilməsinə öz razılığını bildirmişdir. Ekspert rəyi alındıqdan sonra isə cavabdehə və onun məhkəmə iclasında iştirak etmiş nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməmişdir. Bundan əlavə cavabdehin verdiyi apellyasiya şikayətində Cavabdeh Hüseynbala qızının İddiaçı-yə 120.000 manata yaxın pul məbləğini ödədiyini qeyd etsə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi kimi cavabdehin həmin dəlilinə iddiaçının münasibətini öyrənməmişdir. Bundan əlavə cavabdehin vəkili tərəfindən təkrar tikinti-texniki ekspertizasının keçirilməsinə dair vəsatətdə də bu halın nəzərə alınmadığı qeyd edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında Cavabdeh Hüseynbala qızı tikinti işləri ilə bağlı iddiaçıya 120.000 manat məbləğində pulun verilməsini cavabdehin inkar etmədiyini, pulun verilməsi ilə əlaqədar tərəflər arasında telefon vasitəsi ilə “WhatsApp” yazışmalarının olduğunu bildirmişdir. Məhkəmə kollegiyası göstərilənləri və Ali Məhkəmənin mövqeyini nəzərə alaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Cavabdehin məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməməsinə münasibətdə kollegiya qeyd edir ki, yeni apellyasiya baxışı zamanı məhkəmə iclasları kifayət qədər təxirə salınmış, cavabdehə iddia tələbinə qarşı münasibət bildirməsi və birinci instansiya məhkəməsinə təqdim edə bilmədiyi sübutları təqdim etməsi üçün şərait yaradılmışdır. 03.09.2020-ci il tarixdə keçirilən məhkəmə iclasında cavabdehin nümayəndəsi telefon vasitəsilə iddiaçı tərəfindən göndərildiyi iddia edilən ödənişlərə dair yazını təqdim etmişdir. Cavabdehin nümayəndəsi həmin yazının iddiaçı tərəfindən Niyazi müəllimin xətti ilə yazıldığını, cavabdehə göndərildiyini iddia etmişdir. Həmin məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi ödənişi təsdiq edən sənədin olmadığını, həmin sənədin kim tərəfindən nə vaxt yazılmasının müəyyən edilmədiyini, iddiaçının heç bir ödənişi etiraf etmədiyini, heç bir ödəniş olmadığını bildirmişdir. Həmin məhkəmə iclasında cavabdeh tərəfdən şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, Cavabdeh şəxsi sürücüsü olmuşdur. Pulu Niyazi müəllimə aparmışdır. Evlə bağlı idi. Özləri tanıyırdılar deyə qəbz vermirdilər. 3 dəfə pul çatdırmışdır. 10.000 manatı 3 dəfə o aparmışdır. Pulu aparanda yay ayları idi. 2015-ci ilin axırından keçən ilə qədər işləmişdir. Niyazi müəllimi bu işlə bağlı tanımışdır. Nömrəsini vermişdilər, ona yönləndirmişdilər. Tikintinin şəklini o çəkib göndərmişdir. Yayın əvvəli, yoxsa axırı olduğunu dəqiq deyə bilmir. Ticarət mərkəzlərindən biri idi, Ə.Rəcəbli küçəsi idi. Niyazi müəllimə birbaşa vermişdir. O vasitəçidir, Niyazi müəllimə ver deyilib vermişdir. Mülki məhkəmə icraatı zamanı geniş istifadə olunan sübutetmə vasitələrindən biri də şahid ifadələridir. Şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyətli olan hallar barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirilmə zamanı verdiyi məlumatlardır. Şahid işin gedişi ilə hüquqi baxımdan maraqlı olmayan və işə dair məlumatı olan fiziki şəxsdir. İşin nəticəsində başqa cür maraqlı olmaları (iş üzrə tərəflərdən biri ilə qohum olmaq, dostluq, bir yerdə işləmək, qonşu olmaq, yaxud əksinə, qərəzçilik münasibətləri) şahidə aid olan vəzifələrin yerinə yetirilməsinə mane ola bilməz. MPM-in 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Kollegiya qeyd edir ki, cavabdeh kimin tərəfindən və kimin əl yazısı ilə yazıldığını sübut edə bilmədiyi yazıya və şahid ifadəsinə əsaslanaraq iddiaçıya 120.000 manata yaxın pul ödədiyini iddia etsə də bu barədə hər hansı mötəbər sübut təqdim edilməmişdir. 03.09.2020-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 həmçinin, Şirkətin direktorunun Elnur Sultanov olduğunu, Niyazi adlı işçilərinin olmadığını, "xxxx" MMC-nin Babək plazada yerləşdiyini qeyd etmişdir. Həmçinin cavabdehin nümayəndəsinin vəsatətinə əsasən təkrar və əlavə tikintitexniki ekspertizası təyin edilmişdir. "xxxx" MMC-nin 02.03.2021-ci il tarixli MB-14/0284 saylı qiymətləndirmə hesabatında qeyd olunur ki, "xxxx" MMC ilə Cavabdeh Hüseynbala qızı arasında bağlanmış RH-01/16 saylı “podrat müqaviləsi” və həmin müqaviləyə 1 saylı Əlavə olan “Tikinti prosesinin vaxtı və maliyyə qrafiki” üzrə nəzərdə tutulmuş işlər bünövrə və kürsü hissəsində "xxxx" MMC tərəfindən 472.23 kv.m sahədə müqavilə və 1 saylı Əlavəyə uyğun aparılmışdır. "xxxx" MMC tərəfindən görülmüş işlərin bazar dəyəri 87 538,18 manat təşkil edir. Tikintiyə istifadə olunmuş tikinti materiallarının bazar dəyəri 59 334,23 manat təşkil edir. Kollegiya hesab edir ki, apellyasiya baxışı zamanı əldə edilmiş qiymətləndirmə hesabatı birinci instansiya məhkəməsinin istinad etdiyi ekspert rəyinə nisbətdə daha müfəssəl, izahlı və əsaslandırılmış formada tərtib edilmiş, foto şəkillər əlavə edilmişdir. Natamam fərdi yaşayış evinin bütün hissələri və müqavilədə göstərilmiş əlavə üzrə mərhələlərə çəkilmiş xərclər qeyd edilmişdir. MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, görülmüş işlərin dəyəri olaraq Cavabdeh Hüseynbala qızından 87 538,18 manat tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Tərəflər arasında imzalanmış müqavilənin 6.4-cü bəndinə əsasən Sifarişçi Müqavilənin 5.5-ci bəndi ilə müəyyənləşdirilmiş ödəniş müdətini gecikdirərsə, gecikdirilmiş hər gün üçün ödənişi gecikdirdiyi məbləğin 0,5 %-i həcmində Sifarişçiyə cərimə ödəməlidir. Bu cərimənin ödənilməsi Sifarişçidən bilavasitə tələb olunur. Məhkəmə kollegiyası, Mülki Məcəllənin 462, 467-ci maddələrinə və tərəflər arasında bağlanmış müqavilənin 6.4-cü bəndinə uyğun olaraq, həmçinin borcun məbləğini nəzərə hesab edir ki, cavabdehdən 1000 cərimə tutularaq iddiaçıya ödənilməlidir. Kollegiya həmçinin qeyd edir ki, iddia qismən təmin edildiyindən MPM-in 119-cu maddəsinə əsasən 20 manat ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Ekspertiza tədqiqatının dəyərinin 70 manatı cavabdehdən 30 manatı isə iddiaçıdan tutularaq Məhkəmə ekspertizası mərkəzinə ödənilməlidir. Həmçinin qiymətləndirmə hesabatının dəyəri olan 400 manatın 250 manatı cavabdehdən, 150 manatı isə iddiaçıdan tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 sentyabr 2017-ci il tarixli, 2(004)-1134/2017 saylı qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilməli, cavabdehdən 87 538,18 manat əsas borc, 1000 manat cərimə borcu, 20 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Nəticə hissə: Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 sentyabr 2017-ci il tarixli, 2(004)- 1134/2017 saylı qətnaməsi ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh 87 538,18 (səksən yeddi min beş yüz otuz səkkiz manat on səkkiz qəpik) manat əsas borc, 1000 (bir min) manat cərimə borcu və 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinin 70 (yetmiş) manatı Cavabdeh, 30 (otuz) manatı iddiaçı "xxxx" MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin müəyyən etdiyi hesab üzrə ödənilsin. Digər ekspertiza tədqiqatının dəyərinin 250 (iki yüz əlli) manatı Cavabdeh, 150 (yüz əlli) manatı isə "xxxx" MMC-dən tutularaq "xxxx" MMC-nin müəyyən etdiyi hesab üzrə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Afaq Nuriyeva Mirzə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar