Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-282/2022 10.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil1 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli qətnaməsindən birinci iddia üzrə cavabdeh, ikinci iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh1 qarşı “mənzilin boşaldılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin əşyaları ilə birlikdə ona məxsus olan ünvan 1 ünvanında yerləşən 107.90 kv.m ümumi sahədən ibarət 133 saylı (Yeni qaydalarla: AZ 1149, Bakı şəhəri, Xətai rayonu, Məzahir Rüstəmov küçəsi, 187, M3, m4) mənzildən çıxarılması və mənzilin boşaldılaraq özünə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və Cavabdeh2 MTK-ya qarşı (Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi 3-cü şəxs qismində cəlb edilməklə) Cavabdeh2 MTK ilə İddiaçı arasında Bakı şəhəri, Məzahir Rüstəmov küçəsi, bina 35, mənzil 133-ə dair bağlanmış 08.06.020-ci il tarixli “Mənzilin başqa şəxsin adına keçirilməsi barədə” müqavilənin etibarsız hesab edilməsi və İddiaçı verilmiş ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04.02.2021-ci il tarixli qərardadı ilə mülki işlərin bir icraatda birləşdirilməsi qərara alınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim S.Mehrəliyev, iş № 2(011)-1425/21) birinci iddia təmin edilmiş, Cavabdeh1 əşyaları ilə birlikdə İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən 107.90 kv.m ümumi sahədən ibarət 133 saylı (Yeni qaydalarla: AZ 1149, Bakı şəhəri, Xətai rayonu, Məzahir Rüstəmov küçəsi, 187, M3, m4) mənzildən çıxarılması və mənzilin boşaldılaraq İddiaçı təhvil verilməsi qət edilmiş, iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və Cavabdeh2nə, üçüncü şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə qarşı Cavabdeh2 ilə İddiaçı arasında Bakı şəhəri, Məzahir Rüstəmov küçəsi, bina 35, 133 mənzilə dair bağlanmış 08.06.2020-ci il tarixli “Mənzilin başqa şəxsin adına keçirilməsi barədə" müqavilənin etibarsız hesab edilməsi və İddiaçı verilmiş ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə iddiası təmin olunmamışdır. Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və birinci iddianın rədd, öz iddiasının isə təmin olunmasını xahiş etmişdir. İşin halları: İlk iddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat nömrəli, **********22-05301-093121 reyestr nömrəli, 20.07.2020-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən 133 saylı mənzil (yeni qaydada: Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, 187, M3, m4) xüsusi mülkiyyət hüququ üzrə ona məxsusdur. Buna baxmayaraq hazırda mənzildə yaşayan Cavabdeh1 mənzildən çıxmır. Ona bununla bağlı dəfələrlə şifahi və rəsmi xəbərdarlıq etmiş, hər dəfə çıxacağını bildirsə də, bugünədək çıxmamışdır. Min bir əziyyətlə topladığı vəsaitlə ev alsa da, hələ də kirayədə yaşamağa davam edir. Burada mülkiyyət hüquqlarının pozulması ilə yanaşı eyni zamanda maddi ziyan vurulur. Belə ki, cavabdehin mənzilində yaşadığı müddətcə, onun sərf etdiyi qaz və işıq sərfiyatına görə yaranmış borcu da ödəmək məcburiyyətində qalacaq. Xüsusi mülkiyyət hüququ ən ali hüquq olaraq, dövlət tərəfindən qorunduğu halda, bugün şəxsi mənzilinə köçüb yaşaya bilmir. Cavabdeh tərəfindən pozulmuş istifadə və sahiblik hüquqları bərpa edilməli və o, mənzilindən çıxarılmalıdır. İkinci iddia onunla əsaslandırılmışdır ki, Cavabdeh2 MTK-nın 27.11.2020-ci il tarixli məktubu ilə ona məlum olmuşdur ki, xüsusi mülkiyyəti olan Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, 2348-ci məhəllədə yerləşən yaşayış binasının 2-ci mərtəbəsindəki 141 saylı mənzili (indiki ünvan: ünvan 3 və məlumatı olmadan qanunsuz şəkildə 08.06.2020-ci il tarixli “Mənzilin başqa şəxsin adına keçirilməsi barədə” müqavilə əsasında cavabdeh İddiaçı adına sənədləşdirilmişdir. Mübahisəli mənzil mülkiyyət hüququ ilə ona məxsus olmuşdur. Belə ki, həmin mənzili Cavabdeh2 MTK ilə 28.09.2005-ci il tarixdə müqavilə bağlamaqla və dəyərini ödəməklə əldə etmişdir. Uzun müddətdir ki, ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşayır. Lakin bir müddət əvvəl telefon vasitəsi ilə Ramazan adlı şəxs zəng edərək bildirmişdir ki, mülkiyyəti olan mənzili almışdır və ona məxsusdur. Bu səbəbdən mənzilin boşaldılmasını xahiş etmişdir. Ona öz kəskin etirazını bildirərək, mənzili nə vaxt, kimdən və hansı qiymətə aldığı barədə sual versə də, həmin şəxs heç bir cavab verməmişdir. Mənzillə bağlı Fərid adlı şəxsi tanımasa da, bir müddət əvvəl Ramazan adlı şəxs mənzillə maraqlanmışdır, hətta almaq fikrinin olduğunu bildirmiş, aralarında müəyyən danışıqlar olmuş, bununla bağlı kooperativə gedilmiş, müəyyən razılaşma olsa da, qiymətlə bağlı razılığa gəlmədikləri üçün alqı-satqı əməliyyatı baş tutmamış və məsələ bu mərhələdə bitmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh2 MTK Cavabdeh1 iddiasına etiraz edərək göstərmişdir ki, MTK-nın 08.06.2020-ci ilədək üzvü olmuş Cavabdeh1 Əlimövsüm qızı özü, əri, qardaşı və ev alqı-satqısı ilə məşğul olan nümayəndələri vasitəsi ilə MTK-ya müraciət edərək evin satışı üçün sənədləşmənin aparılmasını xahiş etmişlər. Qeyd olunan tarixdə tərəflər MTK-nin ofisinə yaxınlaşaraq mübahisəli mənzilə dair sənədlərin əslini koorperativə təqdim etmiş, hər ikisi mənzili İddiaçı satdıqlarını bildirmişlər. Tərəflərlə son dəfə dəqiqləşdirdikdən sonra Cavabdeh1 Əlimövsüm qızı üzvlükdən çıxarılmış, İddiaçı üzvlüyə qəbul edilmişdir. Ofisdə olarkən satıcı tərəfindən ünvan 4 ünvanında yerləşən mənzilin sənədlərinin əsli təhvil verildikdən sonra yeni sənədləşmə işləri aparılmışdır. Sənədləşmə baş verərkən Cavabdeh1 özü şəxsən iştirak etmiş, ərizəni şəxsən yazmış, imza hissəsində ad-soyadını qoymaq istədiyini bildrimişdir. Onun iradə ifadəsini göstərdiyi bu sənəddə gələcəkdə hər hansı niyyətinin olduğundan şübhə etmədikləri üçün etiraz etməmişlər. Eyni zamanda insan öz soyadını və adını yazmaqla da sənədi imzalaya bilər deyə düşünmüşlər. Hər bir halda ekspertiza keçiriləcəyi halda bu ərizənin iddiaçıya məxsus olması öz əksini tapacaq. İddia ərizəsində guya xəbəri olmadan ona məxsus əmlakı "dələduzluq yolu ilə, razılığı olmadan, qanunsuz şəkildə" başqa şəxsin adına keçirilməsində onları ittiham edən Cavabdeh1 mübahisəli mənzilə dair sənədlərin əslini niyə təqdim etdiyini məhkəməyə necə izah edir?! Bu iddia ərizsəsində qeyd olunanlar böhtandır və həqiqəti əks etdirmir. Hesab edir ki, Cavabdeh1 Əlimövsüm qızının iddiası əsassız olduğundan təmin edilməməlidir. Alqı-satqı zamanı da tərəflərə narazılığının olubolmaması barədə sual verilmiş, Cavabdeh1 hər hansı bir narazılıq olmadığını və mənzili boşaltmaq üçün zaman istədiyini bildirmişdir. Bu anlaşmadan bir müddət sonra mənzilin yeni sahibi və maklerlər bildirmişlər ki, Yeganə mənzili boşaltmaq istəmir. Sonradan sənədlərin sürətini almaq üçün ofisə yaxınlaşan Cavabdeh1 bildirmişdir ki, mənzili dəyərindən ucuz qiymətə satıb və bu səbəbdən də evdən çıxmır və mübahisə yaranmışdır. Əlavə olaraq 15-20 min manat versələr çıxacağını bildirmişdir. Bütün bu proseslərdə ofisin əməkdaşları və Cavabdeh1 əri, qardaşı, İddiaçı və atası Ramazan, mənzil alqı-satıqısı ilə məşğul olan tərəflər iştirak etmişdir. Bu prosesdə Cavabdeh1 pulu qəbul etdiyini, mənzilin sənədlərini MTK-ya təhvil verərək boşaldacağını bildirmişdir. İddiaçının evin ona məxsus olmasını sübut edən sənədləri niyə sorğu ilə əldə etməyə çalışdığı, həmin sənədlərin əslinin onda olmaması, bu qədər insanın arasında baş verən prosesdə iştirak etdiyi halda danması, bilmədiyini qeyd etməsi, pulu aldığı, ərizə yazdığı və MTK ofisində əlavə 15-20 min manat vermədiyi üçün çıxmadığını dediyi halda, ərizəsində MTK-nı dələduzluq və qanunsuzluqda ittiham etməsi əslində kimin niyyətinin dələduzluq cinayətinin tərkibini yaratdığını yaxşı göstərir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, ünvan 5 ünvanında "ev salqı- satqı" ofisində rəsmi qaydada işləyir. İyun ayının birinci həftəsində onunla eyni fəaliyyət göstərən Habil Əhmədov mobil telefonuna zəng edərək bildirmişdir ki, Xətai rayonu, Məzahir Rüstəmov 35 ünvanında yerləşən "xxxx" MTK-nın tikdiyi binada 2-ci mərtəbədə 3 otaqlı mənzil 135000 AZN qiymətə satılır. Alıcı varsa əlaqələndirməsini xahiş etdi. O da öz növbəsində ev almaq istəyən, elə həmin binanın 11ci mərtəbəsində yaşayan Hüseynov Ramazana zəng vurmuş, mənzili ona təklif etmişdir. Ramazan da öz binalarında olduğu üçün oğluna ev alacağı üçün lap yerinə düşdüyünü bildirmişdir. 08.06.2020-ci il tarixdə evin rəsmiləşməsi üçün sənədləşmə işləri aparılmış, mənzil sahibi mənzilin Hüseynov Ramazanın oğlunun adına keçirilməsini xahiş edən ərizə vermiş və mənzil İddiaçı adına rəsmiləşdirilmişdir. Alıcı satılan mənzildə onların iştirakı ilə razılaşdırılmış 130000 manatı Cavabdeh1 ödəmişdir. Hər iki tərəfdən vasitəçilərin xidmət haqqı ödənilmişdir. Razılaşmaya əsasən evin boşaldılması və təhvil verilməsi üçün bir həftə alıcı tərəf təklif etmiş, satan tərəfin xahişi ilə 15 gün ərzində boşaldılması razılaşdırılmışdır. Razılaşılan müddət keçdikdən sonra Ramazan ona zəng vuraraq bildirmişdir ki, evi boşaltmırlar və boşaltmaqları qarşılığında əlavə olaraq 25000 manat pul tələb edirlər. Bundan sonra alıcı tərəflə bir dəfə evə getmişlər, lakin qapını açan olmamışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, iyun ayının birinci həftəsi Əhmədlidə Sarayev küçəsində ofisin qarşısında iki nəfər kişi ona yaxınlaşaraq ev satdıqlarını, vasitəçi ola bilməsini soruşmuşlar. Evə baxmış və təklif etdikləri ilkin qiyməti bir neçə şəxsə, eyni zamanda tanıdığı F.Məhərrəmova bildirmişdir. Özü də bir neçə nəfər ev almaq istəyən şəxsə evi göstərmişdir. Ev sahiblərinin iştirakı ilə baxan şəxslər evin baha olduğunu əsas gətirərək almaqdan imtina etmişlər. Fazil bir neçə gündən sonra əlaqə saxlayaraq bildimişrdir ki, həmin binanın 11-ci mərtəbəsində yaşayan Ramazan adlı şəxs mənzili təklif edib, o da öz binaları olduğundan oğluna ev alacağı üçün lap yerinə düşdüyünü bildirib. Evin qiyməti tərəflər arasında 130000 manata razılaşdırılmış, 08.06.2020-ci il tarixdə sənədləşmə işləri aparılmış, mənzil sahibi mənzilin Hüseynov Ramazanın oğlunun adına keçirilməsini xahiş edən ərizə vermişdir. Mənzil Hüseynovun adına rəsmiləşdirilmişdir. Razılaşdırılmış 130000 manat satılan evdə Cavabdeh1 ödənilmiş, evin 15 gün ərzində boşaldılması razılaşdırılmışdır. Həmin müddət keçdikdən sonra Fazil zəng vuraraq bildirmişdir ki, Ramazan ona zəng vurub bildirir ki, evi boşaltmırlar və boşaltmaqları qarşılığında əlavə olaraq 25000 manat pul tələb edirlər. Bundan sonra bir neçə dəfə həmin evə getmiş, lakin qapını açmamışlar. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, o, İddiaçı atasıdır. Oğlu Fəridi evləndirmək, onun üçün mənzil almaq fikri olduğundan, ev maklerlərinə özünün yaşadığı binada, yaxud yaxın bir yerdə mənzil axtarılmasını xahiş etmiş, ona özünün yaşadığı binanın eyni blokunda mənzil tapıldığını bildirmişlər. Mənzilin qiyməti razılaşdırıldıqdan sonra, mənzil Fəridin adına rəsmiləşdirilmiş, pullar bir neçə şəxsin iştirakı ilə sayılmış, Cavabdeh1 15 gün müddətində mənzili boşaltmağı öhdəsinə götürməsinə baxmayaraq, hər cür bəhanələrlə mənzildən çıxmaq istəmir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən işin tam, hərtərəfli və obyektiv araşdırılmasının təmin olunmaması və nəticədə maddi və prosessual hüquq normalarının tələblərinin pozulmuş olması ilə əsaslandırılmışdır. Apellyasiya şikayətində həmçinin göstərilir ki, onlar, mənzili ümumiyyətlə kiməsə satmamışlar. Cavabdeh2 MTK-nın 27 noyabr 2020-ci il tarixli məktubu ilə onlara göndərilən və mənzil rəsmiləşdirilərkən tərtib olunmuş bəzi sənədlərin surətləri ilə müəyyən olunur ki, müqavilə bağlanılarkən mülkiyyətçi olaraq onun və həyat yoldaşının razılığı olmamışdır. Baxmayaraq ki, mənzilin başqa şəxsin adına keçirilməsi barədə müqavilə 08 iyun 2020-ci il tarixdə bağlanmışdır, nədənsə İddiaçı bu günə kimi bir dəfə də olsun mənzilin boşaldılması barədə onlara xəbərdarlıq etməmişdir. Göründüyü kimi, mülkiyyətində olan mənzil dələduzluq yolu ilə razılığı və məlumatı olmadan İddiaçı adına rəsmiləşdirilmişdir ki, bu da qanunvericiliyə görə bağlanmış əqdin etibarsızlığına səbəb olur. İddiaçı nümayəndəsi (vəkili) Vəkil1 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. O, əlavə olaraq göstərdi ki, cavabdehin qətnamədən şikayət verməkdə məqsədi işi uzatmaq, qətnamənin icrasıni yubatmaqdan ibarətdir. Cavabdeh1 və onun nümayəndəsi (vəkili) lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq 10.01.2022-ci il tarixə təyin olunmuş məhkəmə iclasında iştirak etməmişlər. Cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 elektron qaydada ərizə göndərərək üzrlü səbəbdən məhkəmə kollegiyasının iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Lakin o, məhkəmə iclasının təxirə salınması üçün əsas ola biləcək üzrlü səbəbin nədən ibarət olmasını ərizəsində göstərməmişdir. Məhkəmə kollegiyası cavabdeh tərəfin məhkəmə kollegiyasının iclasında iştirak etməməsinin səbəbini üzrsüz sayır və MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Xətai Rayon Məhkəməsinin iş üzrə 21 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin araşdırılan hallarından görünür ki, Cavabdeh2 MTK ilə Cavabdeh1 Əlimövsüm qızı arasında bağlanmış 28.09.2005-ci iİ tarixli müqaviləyə əsasən MTK Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, 2348-ci məhəllədə yerləşən yaşayış binasının 7-ci mərtəbə, ümumi sahəsi 12.5 kv.metr olan 3 otaqlı 133 saylı mənzili tam dəyəri ödənildikdən sonra payçıya təhvil verməyi öhdəsinə götürmüşdür. Cavabdeh2 MTK tərəfindən verilmiş 28.09.2005-ci iİ tarixli maliyyə arayışında göstərilən mənzilin dəyərinin Cavabdeh1 Əlimövsüm qızı tərəfindən tam ödənildiyi qeyd olunmuşdur. Cavabdeh2 MTK-nın sədrinə ünvanlanmış 08.06.2020-ci il tarixli ərizələrin məzmunundan görünür ki, ünvan 7 ünvanında yerləşən 133 saylı mənzilin sahibi Cavabdeh1 Əlimövsüm qızı və onun əri X1 qeyd olunan mənzilin İddiaçı adına keşirilməsinə etiraz etmədiklərini bildirmişlər. Cavabdeh2 MTK ilə İddiaçı arasında bağlanmış 08.06.2020-ci il tarixli “Mənzilin başqa şəxsin adına keçirilməsi barədə” müqaviləyə əsasən Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, 2348-ci məhəllədə yerləşən yaşayış binasının 7-ci mərtəbə, ümumi sahəsi 12.5 kv.metr olan 3 otaqlı 133 saylı mənzili İddiaçı adına rəsmiləşdirilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinin 08.04.2021-ci il tarixli, **********28 saylı məktubundan görünür ki, Cavabdeh2 MTK-nın 08.06.2020-ci il tarixli iclas protokolundan çıxarışa, 08.06.2020-ci il tarixli 126 saylı maliyyə arayışına əsasən ünvan 2, mənzil 133 (yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, 187, M3, m4) ilkin olaraq İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İddiaçı tələbi mülkiyyət hüququna əsaslanaraq cavabdehin mübahisəli mənzildən çıxarılması və özünün həmin mənzilə köçürülməsi barədədir. Cavabdeh1 tələbi isə müqavilənin etibarsızlığı və çıxarışın ləğvi barədədir. Birinci instansiya məhkəməsi İddiaçı iddia tələbinin həm faktiki, həm də hüquqi əsasları ilə razılaşaraq iddianı əsaslı saymış və təmin etmişdir. Cavabdeh1 tələbi isə əsassız sayılaraq rədd olunmuşdur. Birinci instansiya məhkəməsinin qənaətinə görə Cavabdeh1 hazırda mübahisəli mənzilə hər hansı hüququ yoxdur və o, mənzili zəbt edərək orada qanunsuz yaşayır. Bu hal həmin mənzilin mülkiyyətçisi olan ilk iddiaçının xüsusi mülkiyyət hüququnun həyata keçirilməsinə kobud şəkildə maneçilik yaratdığından mülkiyyətçinin hazırkı iddia ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ yaranmışdır. Ona görə də, ilk iddiaçının mənzil üzərində mövcud olan hüquqlarının həyata keçirilməsi üçün mübahisəli mənzil cavabdehin qanunsuz sahibliyindən geri alınmalı, cavabdeh həmin mənzildən çıxarılmalıdır. Məhkəmə iş üzrə gəldiyi nəticəni Mülki Məcəllənin 152, 157, 324, 337, 389, 390, 425-ci və MPM-nin 4, 9, 14, 77.1-ci maddələri ilə əsaslandırmışdır. Cavabdeh1 birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmayaraq apellyasiya şikayəti vermişdir. Şikayətin əsas dəlili mübahisəli mənzilin dələduzluq yolu ilə Cavabdeh1 razılığı və məlumatı olmadan İddiaçı adına rəsmiləşdirilməsi barədədir. Məhkəmə kollegiyası işin tam, hərtərəfli, obyektiv araşdırılmasını və apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməsini təmin etmək məqsədilə iş üzrə məhkəmə xətşünaslıq ekspertizası təyin etmiş və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 20 dekabr 2021-ci il tarixli, 4/1713 saylı ekspert rəyi ilə müəyyən olunmuşdur ki, Cavabdeh1 Əlimövsüm qızının adından Cavabdeh2 MTK-nın sədrinə ünvanlanmış 08.06.2020-ci il tarixli ərizədəki hərf və rəqəmli yazılar və həmin ərizənin aşağı hissəsində “Cavabdeh1” yazıları - Cavabdeh1 Əlimövsüm qızı tərəfindən icra olunmuşdur. Göründüyü kimi, apellyasiya şikayətinin mübahisəli mənzilin Cavabdeh1 razılığı və məlumatı olmadan İddiaçı adına rəsmiləşdirilməsi barədə dəlili ekspert rəyi ilə öz təsdiqini tapmamışdır. Deməli, mübahisəli mənzilin İddiaçı adına keçirilməsi barədə ərizə Cavabdeh1 iradəsini əks etdirir və ərizənin məzmunu onun niyyətinə uyğun tərtib olunmuşdur. Məhkəmə kollegiyası apellyasiya baxışı zamanı mübahisələndirilən müqavilənin bağlanılması zamanı hər hansı qanunsuzluğa yol verilməsi hallarını müəyyən etmədi. Məhkəmə kollegiyası iş materiallarına əsasən onu da qeyd edir ki, mübahisəli mənzilin İddiaçı adına keçirilməsinə mənzilin sahibi Cavabdeh1 Əlimövsüm qızı ilə yanaşı onun əri X1 da razılıq ərizəsi vermiş, lakin sonuncu, yəni Elçin Qurbanov həmin ərizəni (razılığı) mübahisələndirməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə apelyator öz tələbinin və etirazının əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin işin tam, hərtərəfli və obyektiv araşdırılmaması, maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə bağlı dəlillərini də əsassız sayır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh (ikinci iddiaçı) Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin iş üzrə 21 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-282/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-282/2022
10.01.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver