Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2821/2020 01.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh1 MMC-nin nümayəndəsi X1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5019/2019 saylı mülki iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 və ƏMDK yanında DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 500-cü məhəllədə inşa edilmiş binanın mansarda mərtəbəsində olan 76, 77, 78, 79 və 80 saylı mənzillərə dair Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında bağlanmış xx xxxx 2012-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən cavabdehin adına verilmiş çıxarışın ləğv edilməsi, mənzillərin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)- 5019/2019 saylı qətnaməsi ilə iddia təmin olunmuşdur. Cavabdeh2 apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə etdi, Cavabdeh1 MMC-nin nümayəndəsi X2 apellyasiya şikayəti ilə razı olduğunu bildirdi, iddiaçının nümayəndəsi və vəkili Vəkil2 isə apellyasiya şikayətinə etiraz etdi. Cavabdeh ƏMDK yanında DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, mübahisə Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 500-cü məhəllədə inşa edilmiş binanın mansarda mərtəbəsində olan 76, 77, 78, 79 və 80 saylı mənzillərlə bağlıdır. Həmin mənzillərə dair iki ədəd müqavilə bağlanılmışdır. Birinci müqavilə İddiaçı ilə Cavabdeh1 MMC arasında xx xxxxxx 2006-cı il tarixdə bağlanmışdır. Həmin müqaviləyə əsasən icraçı Cavabdeh1 MMC Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 500-cü məhəllədə yaşayış binasının tikintisini başa çatdıqdan sonra həmin binanın mansarda mərtəbəsində yerləşən və ümumi sahəsi 769,6 kv.m olan 5 ədəd mənzil - 76, 77, 78, 79 və 80 saylı mənzilləri İddiaçı verməyi, payçı isə həmin mənzili qəbul etməyi və mənzillərin ümumi dəyəri olan 461760 ABŞ dollarını icraçıya ödəməyi öhdəsinə götürmüşdür. xx xxxxxx 2006-cı il tarixli maliyyə arayışına əsasən sonuncu tərəfindən həmin mənzillərin dəyəri tam ödənilmişdir. İkinci müqavilə Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında xx xxxx 2012-ci il tarixdə bağlanmışdır. Həmin müqaviləyə əsasən icraçı Cavabdeh1 MMC Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 500-cü məhəllədə yaşayış binasının tikintisini başa çatdıqdan sonra həmin binanın mansarda mərtəbəsində yerləşən və ümumi sahəsi 769,6 kv.m olan 5 ədəd mənzil - 76, 77, 78, 79 və 80 saylı mənzilləri Cavabdeh2 verməyi, payçı isə həmin mənzili qəbul etməyi və mənzillərin ümumi dəyəri olan 346320 manatı icraçıya ödəməyi öhdəsinə götürmüşdür.xx xxxx 2012-ci il tarixli maliyyə arayışına əsasən sonuncu tərəfindən həmin mənzillərin dəyəri tam ödənilmişdir. xx.xx.2014-cü il tarixdə həmin daşınmaz əmlaklar üzərində Cavabdeh2 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı bildirir ki, mənzillər təmirsiz vəziyyətdə olub və onları aldığı dövrdə təmir etməyi düşünmürdü. Təxminən 2018-ci ilin dekabr ayında mənzillərə baş çəkmək istədiyi vaxt, mənzillərin qapılarının bağlı olduğunu görərək, cavabdeh MMC-nin rəhbərinə müraciət etmişdir. MMC-nin hazırkı rəhbəri ona bildirmişdir ki, aldığı mənzillər başqa şəxsə satılmışdır. Bu məsələyə aydınlıq gətirməyi, mənzillərin kimə və hansı əsaslarla satılması barədə məlumat verməyi dəfələrlə tələb etməyinə baxmayaraq, hər hansı cavab ala bilməmişdir. O, mənzil payından imtina etməmiş, onun xəbəri və razılığı olmadan, mənzillər 6 il sonra cavabdeh MMC-nin rəhbərliyi tərəfindən qanunsuz olaraq Cavabdeh2 adına keçirilmişdir. Mənzillərin dəyərini tam ödəməklə o, həmin əmlaka sahiblik və istifadə etmək hüququnu əldə etmiş, cavabdeh MMC isə müqavilə üzrə üzərinə götürmüş olduğu öhdəlikləri yerinə yetirməmiş və mənzilləri ona təhvil verməmişdir. Cavabdeh1 MMC iddiaya etiraz edir və bildirir ki, mübahisəli mənzillər iddiaçı ilə Cavabdeh2 atası arasında olan razılığa əsasən, sonuncunun iddiaçıya başqa ünvanda mənzillər verməsi şərti ilə iddiaçı mənzillərdən onun xeyrinə imtina etmiş və həmin mənzillər xx xxxx 2012-ci il tarixli müqavilə ilə Cavabdeh2 adına rəsmiləşdirilmişdir. Hər hansı müqaviləyə xitam verilərkən praktikaları bundan ibarətdir ki, əvvəlki mülkiyyətçi gəlib imtina ərizəsi yazır, müqavilə addan-ada dəyişir. İmtina barədə sənədlər onlarda yoxdur, iddiaçının özündədir. Cavabdeh2 da iddiaya etiraz edir və iddia müddətinin tətbiq edilməsi barədə ərizə verərək bildirir ki, iddiaçının iddiasının hüquqi əsasını xx.xx.2006-cı il tarixli müqavilə təşkil etdiyi halda o, həmin müqavilənin əslini və ya qanunla müəyyən olunmuş qaydada təsdiqlənmiş surətini sübut qismində təqdim etməmiş, sadəcə rəngli kserosurətini əlavə etmişdir. İddiaçı yalnız 13 ildən sonra - yəni xx xxxx 2019-cu il tarixdə cavabdeh cəmiyyətə müraciət edərək mənzillərin təhvil verilməsini istəmişdir. İddiaçının istinad etdiyi müqavilə 2006-cı ilin avqust ayında bağlanmışdır. Müqavilənin müvafiq (1-ci və 4-cü) bəndlərinə əsasən mənzillərin ona yaşayış binasının tikintisi başa çatdıqdan sonra veriləcəyi, binanın tikintisinin isə 2008-ci ilin birinci rübündə başa çatdırılacağı göstərilmişdir. O isə mənzillərin təhvil verilməli olduğu həmin tarixdən sonra binanı tikən MMC-yə qarşı hər hansı tələb irəli sürməmiş, yalnız xx.xx.2019-cu il tarixdə (mənzillərin müqaviləyə görə il verilməli olduğu tarixdən 11 il, 4 ay sonra) hazırkı iddianı qaldırmışdır. Həmçinin iddiaçı əqdin etibarsızlığı ilə bağlı kəsici müddətə də əməl etməmişdir. Belə ki, mübahisəli mənzillərə dair Cavabdeh2 ilə xx.xx.2012-ci tarixdə müqavilə bağlanmış, mənzillər sonuncuya təhvil verilmiş və 2014-cü ildə daşınmaz əmlakın dövlət reyestrində onun adına mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. İddiaçının həmin tarixlərdən etibarən müvafiq olaraq 7-5 il ərzində mənzillərlə maraqlanmaması, onların başqa şəxsə satıldığını öyrənməməsi ağlabatan və məntiqli deyildir. Həmçinin mənzillər əldə edildikdən sonra uzun müddət təmir işləri aparılıb, mansarda boyu pəncərələri dəyişdirilib, mənzillər arasında arakəsmələr tikilib, binanın damı yenidən izolyasiya olunub və s. işlər görülüb. Mənzillər binanın mansarda mərtəbəsində yerləşdiyindən kənardan təmir işlərinin davam etdiyini aydın görmək mümkündür. İddiaçı da bu qədər uzun müddət ərzində qeyd edilənlərdən hər bir halda xəbərdar olmalı (bilməli) idi. Bununla belə o, Cavabdeh2 adına olan müqavilənin etibarsızlığını xx.xx.2019-cu il tarixdə, yəni 1 ildən artıq müddət keçdikdən sonra mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddiaçı tərəfindən irəli sürülmüş birinci tələb cavabdehlər arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlıdır. Məhkəmə kollegiyası hesab edir ki, həmin iddia tələbləri iddiaçı tərəfindən Mülki Məcəllənin 354-ci maddəsində nəzərdə tutulmuş 1 illik müddət ötürüldüyündən rədd edilməlidir. Belə ki, həmin maddənin tələblərinə görə əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər (354.1). Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər (354.2). İş materiallarından da görünür ki, mübahisəli mənzillərə dair Cavabdeh2 ilə xx.xx.2012-ci tarixdə müqavilə bağlanmış, mənzillər sonuncuya təhvil verilmiş və 2014-cü ildə daşınmaz əmlakın dövlət reyestrində onun adına mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. İddiaçının isə həmin tarixlərdən etibarən müvafiq olaraq 7-5 il ərzində mənzillərlə maraqlanmaması, onların başqa şəxsə satıldığını, mənzillərdə təmir işlərinin getməsindən xəbərdar olmaması ağlabatan və məntiqli deyildir. Göründüyü kimi iddiaçı ən azı mənzillərdə təmir işlərinin başladığı tarixlərdə onun özgəninkiləşdirilməsindən xəbərdar olmalı idi. Lakin o, hazırki iddianı 2019-cu ilin sentyabr ayında irəli sürmüşdür. Bu baxımdan kollegiya hesab edir ki, həmin iddia tələbləri və ondan irəli gələn müqavilənin hüquqi nəticələrinin-çıxarışların ləğv edilməsi tələbləri rədd edilməlidir. Həmçinin kollegiya hesab edir ki, mənzillərin təhvil verilməsi hissəsində də iddia əsassızdır. Belə ki, Cavabdeh2 münasibətdə həmin iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd olunan maddənin dispozisiya şərtlərinə görə iddia irəli sürmüş şəxs (iddiaçı) mübahisəli əmlakın mülkiyyətçisi olmalı, həmin əmlak iddia irəli sürülmüş şəxsin (cavabdehin) sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır. Yalnız həmin şərtlərin mövcudluğu halında bu növ iddialar təmin edilə bilər. Hazırkı işdə isə birinci şərtin, yəni iddiaçının mübahisəli əmlakın mülkiyyətçisi olması müəyyən olunmur. Belə ki, yuxarıda qeyd olunanlara əsasən müəyyən olundu ki, mübahisəli mənzillərin mülkiyyətçisi iddiaçı deyil, Cavabdeh2dır. Cavabdeh1 MMC-yə münasibətdə isə həmin iddia tələbləri Mülki Məcəllənin 452.1ci maddəsinə əsasən təmin edilə bilməz. Belə ki, həmin maddənin tələblərinə görə fərdimüəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Hazırki işin halları da ondan ibarətdir ki, mübahisəli mənzillər 2012-ci ildən Cavabdeh2 faktiki sahibik və istifadəsinə verilmiş, xx.xx.2014-cü il tarixdə isə onun həmin əmlaklar üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Yəni Mülki Məcəllənin 452.1-ci maddəsində göstərilən “Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır” halı mövcud olduğuna görə iddiaçını tələbləri təmin edilə bilməz. Eyni zamanda kollegiya izah edir ki, iddiaçı Mülki Məcəllənin 443-cü maddəsinə əsasən Cavabdeh1 MMC-dən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə iddia rədd edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5019/2019 saylı mülki iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 və ƏMDK yanında DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 500-cü məhəllədə inşa edilmiş binanın mansarda mərtəbəsində olan 76, 77, 78, 79 və 80 saylı mənzillərə dair Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında bağlanmış xx xxxx 2012-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və DƏDRX-in Bakı şəhər Ərazi İdarəsi tərəfindən cavabdehin adına verilmiş çıxarışın ləğv edilməsi, mənzillərin boşaldılaraq ona təhvil verilməsi barədə iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2(103)-2821/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2821/2020
01.09.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver