Məhkəmə qərarları › İş №2(103)-2821/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2821/2022

15.03.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2821/2022 15.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Birgə iddiaçılar İddiaçı2 və İddiaçı1 birgə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mənzildən istifadə hüququnun həyata keçirilməsinə maneənin aradan qaldırılması və mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi haqqında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 fevral 2022-ci il tarixli e-2(001)-754/2022 saylı qərardadından iddiaçılar tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Birgə iddiaçılar İddiaçı2 və İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı2, İddiaçı1 və 04.09.2008-ci il təvəllüdlü azyaşlı X1 Bakı şəhəri Binəqədi rayonu Binəqədi şosesi korpus 3 ev 3-də yerləşən 6 saylı mənzildən istifadə hüquqlarının həyata keçirilməsinə maneənin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qadağan edilməsi və onların mənzilə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı2 Bakı şəhəri Binəqədi rayonu Binəqədi şosesi korpus 3 ev 3-də yerləşən 6 saylı mənzilə 1997-ci ildə gəlin gəlmiş və həmin ildə həmin mənzilə pasport qeydiyyatına alınmışdır. 03.06.2015-ci il tarixinə kimi həmin mənzildə maneəsiz yaşamış, keçmiş əri, qaynanası və baldızı tərəfindən döyülərək 03.06.2015-ci il tarixində həmin mənzildən zorla çıxarılmışdır. Daha sonra məhkəməyə müraciət etmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.06.2016-cı il tarixli qətnaməsi ilə onun qaynanası İddiaçı1 Səlim qızına qarşı istifadə hüquqlarının tanınması və mənzilə köçürmə tələbinə dair iddiası təmin olunaraq, onun və azyaşlı uşaqları xx.xx.1998-ci il təvəllüdlü İddiaçı1 və 04.09.2008-ci il təvəllüdlü X1 qeyd olunan mənzilə istifadə hüquqları tanınmaqla, onların həmin mənzilə köçürülməsi qət edilmişdir. İddiaçı1 Səlim qızı tərəfindən qətnamədən kassasiya şikayəti verilsə də, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 24.01.2017-ci il tarixli qərarı ilə şikayət təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Bakı Apellyasiya Məhkəməsi tərəfindən 03.04.2017-ci il tarixdə icra sənədi verilmiş və 11.06.2019-cu il tarixdə məhkəmə qərarı icra edildiyindən Binəqədi rayon icra şöbəsi tərəfindən icra sənədi üzrə icraata xitam verilmişdir. 18.08.2021-ci il tarixdə iş üzrə borclu İddiaçı1 Səlim qızı öldükdən sonra, sonuncunun qızı Cavabdeh2 və oğlu Cavabdeh1 onlara həmin mənzildə yaşamağa imkan verməyərək mənzildən çıxarmışlar. Nəticədə onlar kirayədə yaşamağa məcbur olmuşlar. Yuxarıda qeyd etdiyi məhkəmə qərarları ilə Bakı şəhəri Binəqədi rayonu Binəqədi şosesi korpus 3 ev 3-də yerləşən 6 saylı mənzilə istifadə huquqları tanınmaqla onların həmin mənzilə köçürülmələri qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə mindiyindən, hazırda işə baxacaq məhkəmə üçün preyudisial əhəmiyyətə malikdir. Hazırda sözügedən mənzildə həm özü, həm də uşaqları xx.xx.1998-ci il təvəllüdlü İddiaçı1 və 04.09.2008-ci il təvəllüdlü X3 qeydiyyatdadırlar. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh2 nümayəndəsi, Vəkil2 08.02.2022-ci il tarixində ərizə ilə məhkəməyə müraciət etmiş və mübahisəli əmlaka dair vərəsələr tərəfindən mülkiyyət sənədi alınanadək hazırkı işin icraatının dayandırılmasını və MPM-in 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı2 eyni tələblə əvvəllər məhkəmədə iddia qaldırmış və həmin iddia təmin olunaraq icra edilmişdir. Sonradan özü mənzili tərk edərək, özünə başqa yaşayış yeri seçmişdir. Hazırda eyni ünvana təkrar olaraq köçürülməsini tələb edir. Halbuki buna dair qətnamə qanuni qüvvəsini almış və icra edilmişdir. Hazırda köçürülməsini tələb etdiyi mənzillə onun heç bir hüquqi bağlılığı yoxdur. Belə ki, o köçdüyü mənzili tərk edərək, özünə başqa yaşayış yeri seçdiyindən mənzilə olan bağlılıqdan imtina etmişdir. Hazırda qeyd edilən ünvanda yerləşən mənzil paylı mülkiyyətdə olmaqla vərəsələr arasında bölünməsi üçün vərəsəlik işi açılmış, notariat orqanında vərəsəlik işinin icrası başa çatmamışdır. Yəni mənzilin hazırkı mülkiyyətçilərinin kim olacağına dair yekun vərəsəlik şəhadətnaməsi verilməmişdir. Bundan başqa vərəsəlik işi üzrə mülkiyyətçilərin dairəsi müəyyən olunarsa, iddiaçının cavabdeh olaraq Cavabdeh2 mülkiyyətində olan mənzilə heç bir hüququ yoxdur. Ümumiyyətlə isə Cavabdeh2 mübahisəli mənzilin mülkiyyətçisi olmasına dair mülkiyyət sənədi mövcud deyildir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10.02.2022-ci il tarixli e-2(001)- 754/2022 saylı qərardadı ilə mülki iş üzrə icraata xitam verilmişdir. İddiaçıların nümayəndəsi Vəkil1 həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı2 Bakı şəhəri Binəqədi rayonu Binəqədi şosesi korpus 3 ev 3-də yerləşən 6 saylı mənzilə köçürüldükdən sonra icra sənədi üzrə icraata xitam verilmiş, həmin iş üzrə borclu İddiaçı1 Səlim qızı öldükdən sonra hazırkı iş üzrə cavabdehlər onu mənzildən çıxarmışlar. Buna görə də İddiaçı2 hazırkı iddianı qaldırmazdan əvvəl Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək həmin məhkəmənin 03.04.2017-ci il tarixli icra sənədinin yenidən icra olunması üçün icra şöbəsinə göndərilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12.11.2021-ci il tarixli 2(103)-3237/2016 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. Məhkəmə öz qərardadını belə əsaslandırmışdır ki, tələbkar olan iddiaçının və onun övladlarının mübahisəli mənzildə yaşamasına (olmasına) maneçilik törədən şəxs icra sənədində göstərilən borclu İddiaçı1 deyil (o, 18.08.2021-ci il tarixdə vəfat etmişdir), onun vərəsəsi olan övladı Cavabdeh2dır. İcra sənədinin yenidən icraya yönəldilməsi barədə ərizə təmin olunmadığından, hazırkı iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edilmişdir. Binəqədi Rayon Məhkəməsi isə 10.02.2022-ci il tarixli qərardadında qeyd etmişdir ki, İddiaçı1 Səlim qızı ölmüş olsa da, hazırkı mülki mübahisə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrədir. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 1151-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Məhkəmə daha sonra Mülki Məcəllənin 228.4-cü maddəsinə istinad edərək qeyd etmişdir ki, yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir. Hazırkı iddia istifadə hüququnun tanınması və ya ona xitam verilməsi ilə bağlı deyil, əvvəlki məhkəmə qərarları ilə iddiaçılara tanınmış olan istifadə hüququnun həyata keçirilməsinə maneə törədən şəxslərə bu hərəkətlərin qadağan olunması və mənzilə köçürülmə tələbinə dairdir. Göründüyü kimi bu tələb nə eyni predmet üzrə, nə də eyni tərəflər arasında deyildir. Binəqədi Rayon Məhkəməsinin hazırkı mübahisəni eyni tərəflər arasında eyni predmet və eyni əsaslı mübahisə hesab edərək iş üzrə icraata xitam verməsi düzgün olmamışdır. Bakı Apellyasiya Məhkəməsinin yuxarıda qeyd etdiyi 12.11.2021-ci il tarixli qərardadında da göstərildiyi kimi, hazırkı iş üzrə tərəf İddiaçı1 Səlim qızı deyil, yeni tərəflər olduğundan mübahisə məhkəmə qaydasında həll olunmalıdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 fevral 2022-ci il tarixli 2(001)- 754/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş, iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Ancaq işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 fevral 2022-ci il tarixli 2(001)-754/2022 saylı qərardadı ləğv edilməli, mülki iş mahiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə qaytarılmalıdır. İş materiallarından görünür ki, hazırkı iddia üzrə İddiaçı2 cavabdehlər Cavabdeh2 və X2 anası İddiaçı1 Səlim qızına qarşı Bakı şəhəri Binəqədi rayonu Binəqədi şosesi korpus 3 ev 3-də yerləşən 6 saylı mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə barədə iddia ərizəsi ilə 2015-ci ildə məhkəməyə müraciət etmiş, iddia təmin olunaraq iddiaçı həmin vaxt yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə mübahisəli mənzilə köçürülmüş və iddiaçının mənzildən istifadə hüquqları tanınmışdır. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmiş, icra sənədi icra olunaraq icra məmurunun 11.06.2019-cu il tarixli qərarı ilə icra üzrə icraata xitam verilmişdir. 18.08.2021-ci il tarixdə icra sənədi üzrə borclu İddiaçı1 Səlim qızı ölmüş və onun övladları olan hazırkı iddia üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 yenidən onu və uşaqlarını həmin mənzildən çıxartmışlar. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-in 261.0.2-ci maddəsinə əsaslanıb mülki iş üzrə icraata xitam verməkdə haqlı olmamışdır. Belə ki, hazırkı iş iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mənzildən istifadə hüququnun həyata keçirilməsinə maneənin aradan qaldırılması və mənzilə köçürülmə tələbinə dair olsa da, həmin mənzillə bağlı əvvəllər baxılıb nəticə verilmiş mülki iş İddiaçı2 cavabdeh İddiaçı1 Səlim qızına qarşı həmin mənzildən istifadə hüququnun tanınması və azyaşlı övladları ilə birlikdə mənzilə köçürülməsi ilə bağlı olmuşdur. (Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.06.2016-cı il tarixli qətnaməsi) (i.v.13-17, 48-51) Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.06.2016-cı il tarixli qətnaməsi qanuni qüvvəyə minərək icraya yönəldilmiş, 11.06.2019-cu il tarixdə icra sənədi icra olunmuş, icra məmurunun 05.09.2019-cu il tarixli qərarı ilə icra üzrə icraata xitam verilmişdir. (i.v.30-31) Borclu İddiaçı1 Səlim qızı 18.08.2021-ci il tarixdə ölmüşdür. (i.v.9) İddiaçılar İddiaçı2 və İddiaçı1 Bakı şəhəri Binəqədi rayonu Binəqədi şosesi korpus 3 ev 3-də yerləşən 6 saylı mənzildə pasport qeydiyyatındadırlar. (i.v.8, 12) İddiaçı (tələbkar) İddiaçı2 ərizə ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.06.2016-cı il tarixli qətnaməsi ilə bağlı verilmiş icra sənədinin yenidən icraya yönəldilməsini xahiş etmiş, həmin məhkəmənin 12.11.2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. (i.v.84-85) “İcra haqqında” Qanunun 20.1.5-ci maddəsinə görə icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 20.3-cü maddəsinə görə, icra məmuru icraata xitam verilməsi barədə qərar qəbul etdikdən sonra icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir. “İcra haqqında” Qanunun 73.5-ci maddəsinə əsasən tələbkarın köçürülməsi barədə akt tərtib edildikdən sonra, borclu tələbkarın yaşamasına (olmasına) yenidən maneçilik törətdikdə, icra sənədi üzrə icraat təzələnməlidir. Həmin Qanunun 73.6-cı maddəsinə əsasən tələbkarın yaşamasına (olmasına) maneçilik törədən şəxs icra sənədində göstərilən borclu şəxs olmadıqda, icraat təzələnə bilməz. Bu halda köçürülmə haqqında məsələ məhkəmə qaydasında həll olunur. Birinci instansiya məhkəməsi iş üzrə icraata xitam verərkən belə hesab etmişdir ki, İddiaçı2 Bakı şəhəri Binəqədi rayonu Binəqədi şosesi korpus 3 ev 3-də yerləşən 6 saylı mənzilə istifadə hüququ Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.06.2016-cı il tarixli qətnaməsi ilə tanınmış və onun həmin mənzilə köçürülməsi qət edilmişdir. Həmin işə baxılarkən hazırkı iş üzrə iddiaçılardan biri olan İddiaçı1 yetkinlik yaşına çatmadığına görə məhkəmədə onu anası İddiaçı2 təmsil etmişdir. Qeyd olunan iş üzrə borclu İddiaçı1 Səlim qızı öldüyünə görə “İcra haqqında” Qanunun 31-ci maddəsinə əsasən tərəf onun vərəsəsi və ya hüquq varsi ilə əvəz oluna bilər. Vərəsə və hüquq varisi icraata daxil olanadək həyata keçirilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, vərəsə və ya hüquq varisi üçün də eyni dərəcədə məcburidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün təfsir və tətbiq olunmamışdır. Hazırkı iş üzrə iddia ərizəsinin məzmunundan görünür ki, birgə iddiaçılar İddiaçı2 və İddiaçı1 birgə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 əvvəlki məhkəmə qərarları ilə tanınmış mənzildən istifadə hüququnun həyata keçirilməsinə maneənin aradan qaldırılmasını və mənzilə köçürülmələrini tələb edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Göründüyü kimi, mülki iş üzrə icraata xitam verilməsi üçün qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə olmalıdır. Əvvəlki iş üzrə tərəflər---İddiaçı2, cavabdeh İddiaçı1 Səlim qızı, hazırkı iş üzrə tərəflər iddiaçılar İddiaçı2 və İddiaçı1, cavabdehlər Cavabdeh2 və Cavabdeh1dur. Əvvəlki iş üzrə iddianın predmeti Bakı şəhəri Binəqədi rayonu Binəqədi şosesi korpus 3 ev 3-də yerləşən 6 saylı mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə, hazırkı iş üzrə iddianın predmeti həmin mənzildən istifadə hüququnun həyata keçirilməsinə maneənin aradan qaldırılması və mənzilə köçürülmədir. Əvvəlki iş üzrə iddia tələbinin hüquqi əsasını 01.10.2009-cu ilədək olan dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53, 54 və 123-cü maddələri, hazırkı iş üzrə iddia tələbinin hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3 və 158.4-cü maddələri təşkil edir. “İcra haqqında” Qanunun 73.5-ci maddəsində qeyd olunmuşdur ki, tələbkarın köçürülməsi barədə akt tərtib edildikdən sonra, borclu tələbkarın yaşamasına (olmasına) yenidən maneçilik törətdikdə, icra sənədi üzrə icraat təzələnməlidir. Hazırkı işin materiallarından görünür ki, tələbkarın yaşamasına (olmasına) yenidən maneçilik törədən şəxs əvvəlki iş üzrə borclu olan İddiaçı1 Səlim qızı deyil, onun vərəsələri olan hazırkı iş üzrə cavabdehlərdir. Buna görə də mənzildən istifadəyə maneçiliyin aradan qaldırılması və mənzilə köçürülmə yalnız hazırkı cavabdehlərə qarşı yeni iddia qaldırmaq yolu ilə həyata keçirilə bilər. Əvvəlki iş üzrə mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbi icra olunmaqla icra sənədi üzrə icraata xitam verilmiş və qətnamə icra olunduqdan sonra borclu İddiaçı1 Səlim qızı öldüyü günə qədər borclu tərəfindən tələbkar İddiaçı1 mənzildə yaşamasına (olmasına) maneçilik törədən hərəkətlərə yol verilməsi barədə iş materiallarında hər hansı məlumat yoxdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.06.2016-cı il tarixli qətnaməsi ilə İddiaçı2 cavabdeh İddiaçı1 Səlim qızına qarşı mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə barədə iddia tələbinin təmin olunması özü-özlüyündə həmin icra sənədi üzrə borclu olan İddiaçı1 Səlim qızının üzərinə tələbkar İddiaçı1 mənzildə yaşamasına (olmasına) maneçilik törədən hərəkətlərə yol verməmək öhdəliyi qoyurdu. “İcra haqqında” Qanunun 31-ci maddəsinə əsasən icraat zamanı tərəflərdən biri sıradan çıxdıqda (fiziki şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə) icra məmuru qərar qəbul edərək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada həmin tərəfi onun vərəsəsi və ya hüquq varisi ilə əvəz edir. Vərəsə və hüquq varisi icraata daxil olanadək həyata keçirilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, vərəsə və ya hüquq varisi üçün də eyni dərəcədə məcburidir. Həmin Qanunun 20.1.3-cü maddəsinə əsasən tələbkar və ya borclu öldükdə, ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş hesab edildikdə, əgər məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməzsə, icra sənədi üzrə icraata xitam verilir. “İcra haqqında” Qanunun 31-ci maddəsi icra üzrə icraat zamanı icra məmurunun qərarına əsasən tərəflərdən biri sıradan çıxdıqda Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada həmin tərəfi onun vərəsəsi və ya hüquq varisi ilə əvəz etməyi nəzərdə tutur. Bu zaman qanunverici orqan həm də Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada ifadəsindən istifadə etmişdir. Borclu İddiaçı1 Səlim qızının tələbkar İddiaçı1 mənzildə yaşamasına (olmasına) maneçilik törədən hərəkətlərə yol verməmək öhdəliyi onun şəxsi iştirakı olmadan icra oluna bilməz və məhkəmənin 17.06.2017-ci il tarixli icra sənədi ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə keçə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 558.1-ci maddəsinə əsasən əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deylsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 fevral 2022-ci il tarixli e-2(001)-754/2022 saylı qərardadı ləğv edilməli, mülki iş mahiyyəti üzrə baxılması üçün Binəqədi Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 402-403, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Birgə iddiaçılar İddiaçı2 və İddiaçı1 şikayəti təmin edilsin. Mülki iş üzrə icraata xitam verilməsi haqqında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 fevral 2022-ci il tarixli e-2(001)-754/2022 saylı qərardadı ləğv edilsin. Mülki iş mahiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 50 manat pul cavabdehlərdən müştərək qaydada tutularaq birgə iddiaçılara ödənilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinin vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilmədikdə, qərardad tərəflərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar