Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2821/2023 12.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər "xxxx" BOKT MMC-nə və Cavabdeh1na qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: icra qeydinin ləğv olunması, artıq ödənilmiş pulun geri qaytarılması) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil1, cavabdeh "xxxx" BOKT MMC-nin nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə İddiaçı "xxxx" BOKT MMC-nə və Cavabdeh1na qarşı “icra qeydinin ləğv olunması və artıq ödənilmiş pul vəsaitinin geri qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. İddiaçı ilə "xxxx" BOKT MMC arasında 16 may 2019-cu il tarixdə 2019/00603 saylı kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən BOKT, İddiaçı 24 ay müddətinə, illik 32 % dərəcəsiylə 40 000 (qırx min) manat kredit vermiş, həmin kredit müqaviləsi üzrə İddiaçı öhdəliklərinin icrasının təminatı olaraq ona məxsus Bakı şəhəri, Suraxan rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsində yerləşən 7 saylı evin 59 nömrəli mənzili eyni tarixli ipoteka müqaviləsi əsasında BOKT-un xeyrinə ipoteka ilə yüklü edilmiş, ipoteka predmeti 85 000 manat məbləğində qiymətləndirilmişdir.
2. "xxxx" BOKT MMC tərəfindən xx.xx.2022-ci il tarixdə İddiaçı bildiriş göndərilmiş, bildirişdə göstərilmişdir ki, kredit öhdəliyi qısa zamanda icra edilməyəcəyi təqdirdə 5 gün sonra ipoteka predmetinə məhkəmə qaydasında və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi prosesinə başlanacaqdır.
3. Bakı şəhəri 9 saylı notariat ofisi tərəfindən həmin müqavilələr üzrə xx.xx.2022-ci il tarixdə 8İ-3415 saylı icra qeydi aparılmışdır.
4. Bakı şəhəri Suraxanı rayon İcra şöbəsi tərəfindən Bakı şəhəri 9 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli icra qeydi əsasında icraata başlamaq haqqında qərar qəbul olunmuş, tələbin könüllü icrası üçün İddiaçı bildiriş göndərilmişdir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
5. İddiaçı "xxxx" BOKT MMC-nə və Cavabdeh1na qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, Bakı şəhəri 9 saylı notariat ofisinin 8İ-3415 saylı xx.xx.2022-ci il tarixli icra qeydinin ləğv edilməsi və artıq ödənilmiş 25 927,36 manatın "xxxx" BOKT MMC-dən alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixdə BOKTla aralarında 2019/00603 saylı ipoteka və kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən ona məxsus Bakı şəhəri, Suraxan rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsində yerləşən 7 saylı evin 59 nömrəli mənzili ipotekaya qoyulmuş, BOKT tərəfindən ona 2 il müddətində ayda 2277,98 (iki min iki yüz yetmiş yeddi manat doxsan səkkiz qəpik) manat ödəməsi şərtilə 40 000 (qırx min) manat kredit verilmişdir. Müqavilə öhdəliklərini vaxtı-vaxtında yerinə yetirmiş, lakin “Covid-19” pandemiyası ilə əlaqədar əmək fəaliyyəti dayandırılmış, bu səbəblə xx.xx.2021-ci il tarixdə BOKT-a kredit ödənişini həyata keçirməkdə çətinlik çəkməsi barədə müraciət etmiş, lakin heç bir imtina cavabı almamışdır. Buna baxmayaraq 20 aprel 2022-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra şöbəsindən onunla əlaqə saxlanılaraq bildirilmişdir ki, 9 saylı notariat ofisinin 8İ-3415 saylı 13 aprel 2022-ci il tarixli icra sənədinə əsasən barəsində icraata başlanılmış və mənzilin açıq hərracdan satılması qərara alınmışdır. Halbuki, bu barədə bir dəfə də olsun hər hansı xəbərdarlıq almamış, əksinə, BOKT-a müraciət ünvanladığı xx.xx.2021-ci il tarixinə qədər 36 447,68 (otuz altı min dörd yüz qırx yeddi manat altmış səkkiz qəpik) manat ödəməli olduğu halda faktiki olaraq 36 880 (otuz altı min səkkiz yüz səksən) manat ödədiyindən və müraciətinə cavab verilmədiyindən razılaşmış olduğları qənaətinə gəlmişdir. Notarius tərəfindən icra qeydi aparıldıqdan sonra BOKT ona məxsus mənzilin hərraca çıxarılmasına nail olub onları mənzildən çıxarmağa çalışdığından, çıxılmaz vəziyyətdə qalan qayınatası X2 tərəfindən BOKT-un hesabına "xxxx" ASC vasitəsilə xx.xx.2022-ci il tarixdə iki dəfəyə 20 000 manat və 15 000 manat, xx.xx.2022-ci ilk tarixdə isə 2400 manat olmaqla cəmi 37 400 manat ödənilmişdir. Mühasibatlıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/4289 saylı rəyində göstərilmişdir ki, BOKT-a iddia ərizəsinin tarixinə, yəni xx.xx.2022-ci il tarixinə olan borcu 11 472,64 manat (əsas borc – 11 252,59 manat, faiz borcu - 220,09 manat) məbləğində müəyyən edilir. Göründüyü kimi, BOKT göstərilən hərəkətləri ilə hüquqi əsas olmadan çıxılmaz vəziyyətdə olan başqa şəxsin hesabına əmlak əldə etməklə əsassız olaraq varlanmış, BOKT-a 11 472,64 manat borcu olduğu halda 37 400 manat ödənilmişdir ki, artıq ödənilmiş 25 927,36 manat ona qaytarılmalıdır.
7. Birinci instansiya məhkəməsinin 02 noyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin edilməsi qət olunmuşdur.
8. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, notarius tərəfindən borcun mübahisəsiz olduğu araşdırılmamış, kreditorun ödəniş müddətinin keçirilməsi haqqında yazılı bildirişi borcluya göndərilməmiş, beləliklə də icra qeydi qanunvericiliyin tələblərinə uyğun verilməmişdir.
9. Məhkəmə həmçinin vurğulamışdır ki, İddiaçı "xxxx" MMC-yə xx.xx.2022-ci il tarixinə əsas borc üzrə 11 252,59, faiz borcu üzrə 220,05 manat (cəmi 11472,64 manat) ödəməli olduğu halda, 37 400 manat ödəniş etmişdir. Belə olan halda, iddiaçının artıq ödədiyi pulun geri qaytarılması barədə tələbi əsaslıdır, təmin olunmalıdır. (37400- 11472,64=25927,36 manat). İş materiallarında olan ödəniş qəbzləri ilə müəyyən edilmişdir ki, İddiaçı tərəfindən mülki iş məhkəmənin icraatında olduğu dövrdə ödənişlər edilmiş, həmin ödənişlər 37 400 manat təşkil etmişdir. Məhkəmə tərəfindən qeyd edilən müqavilə üzrə ödənilməmiş qalıq borcun hansı məbləğdə olmasının araşdırılması üçün mühasibatlıq ekspertizası təyin edilmiş, əldə edilmiş ekspert rəyi ilə kredit müqaviləsi üzrə ödənilməmiş borcun əsas borc üzrə 11 252,59, faiz borcu üzrə 220,05 manat olması aşkar olunmuşdur. Belə olduğu halda, 25.927.36 manat pulun iddiaçı tərəfindən artıq ödənilməsi müəyyən edilmiş, cavabdeh həmin ödəniş hesabına qeyd olunan məbləğdə əsassız olaraq varlanmışdır və Mülki Məcəllənin 1092.1-ci maddəsi tələb edir ki, əsassız varlanmış cavabdeh "xxxx" MMC əldə etdiyi 25 927,36 manatı iddiaçıya qaytarmalıdır.
10. Gəldiyi nəticənin hüquqi əsaslandırılması zamanı məhkəmə, “İcra haqqında” Qanunun 6.1.4-cü, 76-cı, Mülki Məcəllənin 385.1-ci, 386.1-ci, 390.1-ci, 390.5-ci, 405.1-ci, 421.1-ci, 439.4-cü, 527.1-ci, 528-ci, 1091.1-ci, 1091.2-ci, 1092-ci maddələrinə, Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 167 saylı Qərarı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 161-ci bəndinə, Nazirlər Kabinetinin 02 sentyabr 2000-ci il tarixli 156 saylı qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”na istinad etmişdir.
11. Qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini işə BOKT-un nümayəndəsinin iştirakı olmadan baxıldığı, ekspert rəyinin həqiqəti əks etdirmədiyi, ekspertin iddiaçı ilə bağlanmış müqavilənin şərtlərinə əhəmiyyət vermədiyi və ümumiyyətlə mövcud olmayan (bağlanmayan) kredit müqaviləsinə əsaslanaraq rəy verdiyi, düzgün nəticəyə gəlinməsi üçün təkrar mühasibatlıq ekspertizasının keçirilməli olduğu arqumentləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinə qarşı etiraz
12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı, verilən izahatlar, alınan ekspert rəyləri
13. "xxxx" BOKT MMC-nin məhkəmə iclasında iştirak edən nümayəndəsi apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, iddiaçının nümayəndəsi (vəkili) isə şikayətin əsassız olduğunu bildirmişdir.
14. "xxxx" BOKT MMC-nin nümayəndəsi şikayətin dəlillərinə qiymət verilməsi üçün təkrar mühasibatlıq ekspertizası keçirilməsini xahiş etmişdir.
15. Bakı Apellyasiya Məhkəməsinin 20 aprel 2023-cü il tarixli qərardadı ilə mülki iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:
- İddiaçı ilə "xxxx" BOKT MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 2019/00603 saylı kredit müqaviləsi üzrə İddiaçı xx.xx.2021-ci il tarixinə əsas və faiz borcu nə qədər olmuşdur?.
- 16 may 2021-ci il tarixindən sonra həmin müqavilə üzrə hansı məbləğlərdə ödənişlər həyata keçirilmişdir və bu ödənişlərin hansı hissəsi əsas, hansı hissəsi faiz borcuna çıxılmışdır?.
- İddiaçı ilə "xxxx" BOKT MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 2019/00603 saylı kredit müqaviləsi üzrə İddiaçı xx.xx.2022-ci il tarixinə əsas, faiz və cərimə borcu nə qədər olmuşdur?
- 13 aprel 2022-ci il tarixindən sonra həmin müqavilə üzrə hansı məbləğlərdə ödənişlər həyata keçirilmişdir və bu ödənişlərin hansı hissəsi əsas, hansı hissəsi faiz, hansı hissəsi cərimə borcuna çıxılmışdır?.
- xx.xx.2019-cu il tarixli 2019/00603 saylı kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixinə yaranmış borc məbləğindən daha artıq ödəniş həyata keçirilmişdirsə, artıq ödənişin məbləği nə qədərdir?.
- xx.xx.2019-cu il tarixli 2019/00603 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə yaranmış borc məbləğindən daha artıq ödəniş həyata keçirilmişdirsə, artıq ödənişin məbləği nə qədərdir?.
16. Həmin təyinat əsasında tədqiqat aparan Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin eksperti xx.xx.2023-cü il tarixli rəyində göstərmişdir ki, "xxxx" BOKT ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə üzrə İddiaçı xx.xx.2021-ci il tarixinə 23 132,56 manat əsas, 2899,28 manat faiz; xx.xx.2022-ci il tarixinə 22 143,41 manat əsas, 850,20 manat faiz; xx.xx.2022-ci il tarixinə 0,00 manat əsas, 0,00 manat faiz borcu olmuş, xx.xx.2022-ci il tarixinə artıq ödənilmiş məbləğ 12 201,89 manat təşkil etmişdir.
17. Rəydə həmçinin qeyd olunmuşdur ki, İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixindən sonrakı dövrdə ümumilikdə 37 400 manat (xx.xx.2022-ci il tarixdə 15 000 manat və 20 000 manat, xx.xx.2022-ci il tarixdə isə 2400 manat) məbləğində ödəniş aparılmışdır.
18. Həmin ekspert rəyi məhkəmə iclasında tədqiq olunarkən iddiaçının nümayəndəsi (vəkili) rəyin əsassız olduğunu bildirərək qeyd etmişdir ki, ekspert xx.xx.2022-ci il tarixinə əsas borcun məbləğinin 22 143,41 manat, faiz borcunun məbləğinin 850,20 manat olduğunu, həmin tarixdən sonra 37 400 manat ödəniş həyata keçirildiyini müəyyən etsə də, anlaşılmayan səbəblə xx.xx.2022-ci il tarixində artıq ödənilmiş məbləğin 12 201,89 manat olduğunu göstərmişdir. Halbuki, əgər göstərilən rəqəmlər doğrudursa, bu halda artıq ödənilən məbləğ 14 406,39 manat olmalıdır.
19. Cavabdehin nümayəndəsi də rəyin əsassız olduğunu bildirərək qeyd etmişdir ki, kredit müqaviləsinə əsasən ödənilmiş məbləğlər və təqdim olunan sübutlar ekspert tərəfindən araşdırılmamış, müqavilə müddətinin bitdiyi tarixə olan borc məbləği müəyyənləşdirilərkən hesabdan çıxarışda açıq-aşkar göstərilən dəbbə pulu ödənişi, yəni 4930,57 manatın dəbbə puluna silinməsi nəzərə alınmamışdır.
20. Hər iki tərəfin nümayəndəsi yenidən ekspertiza tədqiqatının aparılmasını xahiş etmişlər.
21. Məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə təkrar mühasibatlıq ekspertizası təyin edilmiş, həmin təyinat əsasında verilmiş xx.xx.2023-cü il tarixli növbəti ekspert rəyində göstərilmişdir ki, İddiaçı ilə Kəpəz” BOKT arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə üzrə İddiaçı xx.xx.2021-ci il tarixinə 23 132,56 manat əsas, 2899,28 manat faiz borcu olmuş, xx.xx.2021-ci il tarixindən sonra həmin müqavilə üzrə 45 181,76 manat ödəniş həyata keçirilmiş, xx.xx.2022-ci il tarixinə 22 143,41 manat əsas, 850,20 manat faiz borcu yaranmış, xx.xx.2022-ci il tarixindən sonra 35 481,76 manat ödəniş edilmiş, nəticədə xx.xx.2022-ci il tarixinə artıq ödənilmiş məbləğ 10 283,65 manat təşkil etmişdir.
22. Rəydə həmçinin qeyd olunmuşdur ki, əvvəlki rəylə bu rəy arasındakı fərq ödənişlə bağlı olmuş, əvvəlki rəydə, borcalan tərəfindən xx.xx.2022-ci il tarixdə aparılmış 2400 manat ödənişin 292,61 manatının və 1625,63 manatının kredit ödənişinə deyil, hərracla bağlı xidmət haqqına tutulduğu nəzərə alınmamışdır.
23. Cavabdehin nümayəndəsinin (vəkilinin) tələbi əsasında məhkəmə iclasında dindirilmiş ekspert Murad Allahverdiyev xx.xx.2023-cü il tarixli rəydə göstərilən xüsusatları təsdiq etmiş, verilən sualları cavablandıraraq rəydə hər hansı boşluğun olmadığını bildirmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
24. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
25. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
26. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
27. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
28. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
29. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
30. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
31. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
32. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
33. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
34. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
“Notariat haqqında” Azərbaycan Respublikası Qanunu
35. Maddə 76. Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
36. Maddə 79. İcra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat ofisinə daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra qeydini müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sistemi vasitəsilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının Elektron icra informasiya sisteminə göndərir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”
37. Bənd 161. Borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. İcra qeydinin aparılması üçün tələbkar borclunun olduğu yer üzrə notariat ofisinə müraciət etdikdə, notarius depozit hesabları vasitəsilə həmin borcun qaytarılıb-qaytarılmamasını yoxlayır. Bu abzasın birinci cümləsi borcun depozit hesabı vasitəsilə verildiyi hallara şamil edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti bu Təlimatın 169-1-ci hissəsində müəyyən edilmiş qaydada həyata keçirilir.
38. Bənd 162. İcra qeydləri aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə.
39. Bənd 169-1. İpoteka predmetinə tutma yönəldilməsi barədə icra qeydi “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aşağıdakı hallarda aparılır: a) ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər ipoteka müqaviləsində nəzərdə tutulduqda; b) ipoteka saxlayanın hüquqları ipoteka kağızı ilə təsdiq edildikdə; c) ipoteka müqaviləsi dövlət qeydiyyatına və Qanunda nəzərdə tutulmuş hallarda əlavə dövlət qeydiyyatına alındıqda; ç) ipoteka kağızı qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına, ipoteka kağızı üzrə hüquqlar başqa şəxsə verildikdə isə verilmə qeydi ipoteka kağızının dövlət qeydiyyatına alındığı müvafiq reyestrdə əlavə dövlət qeydiyyatına alındıqda; d) ipoteka saxlayan tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildiriş ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surəti isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərildikdə və bildiriş müvafiq reyestrdə qeydə alındıqda; e) ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanları və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət etmədikdə; ə) ipoteka qoyan bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində əsas öhdəliyi icra etmədikdə.
“İpoteka haqqında” Qanun
40. Maddə 36.1. İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır.
41. Maddə 36.2. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə aşağıdakı məlumatlar əks etdirilməlidir: 36.2.1. müvafiq reyestrdəki ipotekanın qeydiyyat anı və nömrəsinə istinad edərək tutma yönəldilən ipoteka predmeti; 36.2.2. icra olunmalı öhdəlik barədə məlumat; 36.2.3. ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq; 36.2.4. bildirişin tarixi, bildirişi verən şəxsin adı və imzası.
42. Maddə 36.3. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır.
43. Maddə 36.3-1. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin ipotekanın dövlət qeydiyyatı orqanında qeydə alınması barədə ipoteka saxlayanın ərizəsi elektron imza ilə təsdiqlənmiş elektron sənəd formasında təqdim edildikdə, ipotekanın dövlət qeydiyyatı orqanının səlahiyyətli şəxsi ərizəni elektron imzası ilə təsdiqləməklə elektron formada ərizəçiyə qaytarır.
44. Maddə 36.4. Tutmanın yönəldilməsi proseduru aşağıdakı hallarda davam edə bilməz: 36.4.1. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunun 36.1-ci maddəsinə uyğun olaraq təqdim edildikdən sonra 3 iş günü ərzində ərizə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmədikdə; 36.4.2. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunla nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən etibarsız sayıldıqda.
45. Maddə 36.5. İpoteka saxlayan tutmanın yönəldilməsi haqqında bildirişi bu Qanunla nəzərdə tutulmuş qaydada qeydiyyat orqanına təqdim etmədikdə, o, ipoteka qoyan, hər hansı başqa ipoteka saxlayan və ipoteka predmeti üzərində hüquqları olan digər şəxs (şəxslər) qarşısında onlardan hər hansı birinə bununla əlaqədar vurulmuş zərərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.
46. Maddə 36.6. İpoteka saxlayan ipoteka predmetinin satışının başlanılmasınadək tutmanın yönəldilməsi haqqında bildirişin ləğv olunması barədə qeydiyyat orqanına müraciət edə bilər.
47. Maddə 37.1. İpoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər.
48. Maddə 37.3. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət verildikdə, ipoteka müqaviləsində nəzərdə tutulan faizlər, dəbbə pulu və sair haqlar müvafiq olaraq hesablanır.
49. Maddə 38.1. Bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir.
50. Maddə 38.2. İpoteka predmetinin açıq bazarda satılması üsulu ipoteka müqaviləsində nəzərdə tutulduğu halda notarius tərəflərdən birinin istəyi ilə ipoteka predmetinin açıq bazarda satılması barədə notariat qaydasında təsdiq edilmiş müraciətini icra qeydi ilə birlikdə 1 iş günü ərzində icra orqanına göndərir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ipoteka predmeti açıq bazarda satılmaqla tələbin könüllü icrası üçün 2 ay müddət müəyyən edilir. Bu halda ipoteka predmeti ipoteka qoyanın əsas öhdəliyin həcmi barədə notariusa təqdim etdiyi arayış əsasında satılır. İpoteka predmeti bu müddətdə açıq bazarda satıldığı halda notarius satışdan əldə olunan pul məbləğini depozit hesabından icra orqanının depozit hesabına köçürür və həmin məbləğ bu Qanunun 47-ci maddəsinə uyğun olaraq bölüşdürülür. İpoteka predmeti bu müddətdə açıq bazarda satılmadığı halda tələb icra məmuru tərəfindən məcburi qaydada icra edilir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka müqaviləsində müəyyən edilmədikdə, tərəflərin razılığı əsasında ipoteka müqaviləsində göstərilən müstəqil qiymətləndiricilərdən biri, ilkin satış qiyməti müəyyən edilərkən həmin müstəqil qiymətləndiricilər qanunla müəyyən edilmiş qaydada fəaliyyətini dayandırdıqda və ya onların fəaliyyətinə xitam verildikdə isə, tərəflərin sonradan müəyyənləşdirdiyi digər qiymətləndirici tərəfindən müəyyən edilir. Müstəqil qiymətləndiricinin xidmətlərindən istifadə olunduqda buna görə xərclər ipoteka saxlayan tərəfindən ödənilir və bu xərclər ipoteka predmetinin satışından əldə edilən vəsait hesabına ona qaytarılır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydi əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısı”
51. 1-1. İpoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar sənədlər. İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) ipoteka kağızının əsli və ipoteka saxlayanın hüquqlarının müvafiq reyestrdə dövlət qeydiyyatını təsdiq edən sənədin əsli və ya daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının elektron sistemindən müvafiq çıxarış və ya ipoteka müqaviləsinin əsli və onun müvafiq reyestrdə dövlət qeydiyyatına alınması barədə müvafiq sənədin əsli; b) ipoteka saxlayanın “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatları əks etdirən və ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına göndərilmiş, habelə, müvafiq reyestrdə qeydə alınmış bildirişinin əsli; bildirişin surətinin isə ipoteka saxlayana məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilməsi barədə sənədin əsli. Sənədin elektron üsulla göndərilməsini təsdiq edən sənəd “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinə uyğun olaraq əldə edilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
52. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
53. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
54. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
55. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
56. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
57. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.
58. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
59. Maddə 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər.
60. Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.
61. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
62. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
63. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
64. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
65. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
66. Kollegiya ilk növbədə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidirlər. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
67. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir.
68. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.
69. Qanunvericiliyin tələblərinə əsasən (§ 39, 43), ipoteka predmetinə tutma yönəldilməsi barədə icra qeydi digər halların mövcudluğu ilə birlikdə, ipoteka saxlayan tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişin ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilməsi, habelə bildirişin müvafiq reyestrdə qeydə alınması müəyyən edildiyi zaman aparıla bilər.
70. Qanunun tələbinə görə, müvafiq bildiriş “İpoteka haqqında” Qanunun 36.1-ci maddəsinə uyğun olaraq təqdim edildikdən sonra 3 iş günü ərzində ərizə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilməmişdirsə, tutmanın yönəldilməsi proseduru davam edə bilməz (§ 44).
71. Qanunvericilik həmçinin tələb edir ki, (§ 35), bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunmalıdır.
72. İşin hallarından görünür ki, tələbkar (ipoteka saxlayan) tərəfindən borcluya bildiriş göndərilmiş olsa da, həmin bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəd icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunmamış, həmçinin bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında qeydə alınmamış, notarius isə qanunvericiliyin tələbini pozaraq tutmanın yönəldilməsi prosedurunu davam etdirmişdir.
73. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, icra qeydinin verilməsi zamanı qanunvericilik müddəalarının pozuntusu hallarının olduğu müəyyən edildiyindən müvafiq iddia tələbinin təmin edilməsi üçün əsaslar mövcud olmuş, birinci instansiya məhkəməsi də maddi hüquq normasını düzgün tətbiq edərək düzgün nəticəyə gəlmişdir.
74. Bununla belə kollegiya hesab edir ki, məhkəmə iddiaçıya qaytarılmalı olan məbləği müəyyənləşdirərkən səhvə yol vermişdir.
75. Belə ki, apellyasiya baxışı zamanı təyin olunmuş ekspertizanın rəyləri ilə, tərəflər arasında bağlanmış 16 may 2019-cu il tarixli kredit müqaviləsinin müddətinin başa çatdığı xx.xx.2021-ci il tarixində iddiaçının 23 132,56 manat əsas, 2899,28 manat faiz borcunun olduğu, xx.xx.2021-ci il tarixindən sonra onun cəmi 45 181,76 manat ödəniş həyata keçirdiyi müəyyən edilir (yuxarıda göstərildiyi kimi, ekspert rəyi ilə borcalan tərəfindən xx.xx.2022-ci il tarixdə aparılmış 2400 manat ödənişin 292,61 manatının və 1625,63 manatının kredit ödənişinə deyil, hərracla bağlı xidmət haqqına tutulduğu müəyyən edilmişdir); bu isə o deməkdir ki, iddiaçı cavabdehə 19 149,92 manat artıq ödəmə etmişdir (45 181,76 – 23 132,56 – 2899,28 = 19 149,92).
76. Nəzərə alınmalıdır ki, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi əsasında cavabdehə xx.xx.2022-ci il tarixinə qədər müqavilədə nəzərdə tutulmuş faiz dərəcəsi ilə borcun hesablanması nə müqavilə şərtlərinə, nə də qanunvericiliyə uyğun deyildir. Tərəflər arasında bağlanmış müqavilə üzrə kredit 24 ay müddətinə (16 may 2021-ci il tarixinə qədər) verilmiş və məhz bu dövr ərzində onun illik 32% ödəməli olduğu razılaşdırılmışdır - həmin tarixdə isə cavabdehin 23 132,56 manat əsas, 2899,28 manat faiz borcu qalmışdır.
77. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə “...kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir...Kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur”.
78. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, qətnamə müvafiq hissədə dəyişdirilməli, cavabdehdən iddiaçının xeyrinə 19 149,92 manat tutulmalıdır.
79. Kollegiya məhkəmə xərclərinin bölüşdürülməsi məsəsləsinə də qiymət verərək hesab edir ki, işə apellyasiya qaydasında baxılarkən keçirilmiş ekspertiza tədqiqatlarının xərci cavabdehdən tutulub müvafiq hesaba köçürülməli, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid edilməlidir. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.
80. İşə nümayəndəsinin iştirakı olmadan baxıldığı barədə cavabdehin apellyasiya şikayətinin dəlilini isə kollegiya əsassız hesab edir. İş materiallarından görünür ki, cavabdehin məhkəmə prosesi barədə məlumatı olmuş, onun nümayəndəsi məhkəmə iclasında iştirak etmişdir.
81. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2205/2022 saylı iş üzrə 02 noyabr 2022-ci il tarixli qətnaməsi "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-dən artıq ödənilmiş 25 927,36 manat İddiaçı qaytarılsın” hissəsində dəyişdirilsin. "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-dən artıq ödənilmiş vəsait qismində 19 149,92 (on doqquz min yüz qırx doqquz manat 92 qəpik) manat İddiaçı xeyrinə tutulsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid edilsin. Apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatlarının xərci olan 200 (iki yüz) manat "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-dən alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə