Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2822/2021 24.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi X2 iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3361/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Respublikası Təhsil Nazirliyi Cavabdeh2nə qarşı işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı fərqinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əvvəlki iş yerinə - Cavabdeh2ndə məsləhətçi vəzifəsinə bərpa edilməyi və qanunsuz olaraq işdən çıxarılmağı ilə əlaqədar məcburi işburaxma müddətinə görə ona əmək haqqının verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1959-cu ildə Ağdam rayonunda anadan olmuşdur. Ağdam rayonu, Keştazlı kəndində qeydiyyatdadır və hal-hazırda ünvan 1 ünvanında müvəqqəti məskunlaşıb. Ağdam rayonundan məcburi köçkündür. Ailəlidir, dörd övladı var. Bildirir ki, Cavabdeh2ndə məsləhətçi ştatının vakant olduğu nəzərə alınaraq xx xxxxxx 2012-ci tarixdən onunla 03 ay müddətinə müddətli əmək müqaviləsi bağlanmışdır. xx xxxxxx 2012-ci il tarixdən xx xxxx 2020-ci il tarixə kimi o, fasiləsiz olaraq məsləhətçi vəzifəsində işləmişdir. xx xxxx 2020-ci il tarixdə aralarında bağlanmış əmək müqaviləsinə müddəti qurtarmasına görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən və 73-cü maddəsi ilə müəyyən edilmiş qaydada xitam verilmişdir. O, bununla razılaşmır. Belə ki, xx xxxxxx 2012-ci ildən xx xxxx 2020-ci ilə kimi fasiləsiz olaraq işləmişdir. Qanunverciliyin tələbinə görə müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Hesab edir ki, hazırkı vəziyyətdə onunAzərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən işdən çıxarılmağı qanunsuzdur. Çünki onun müqaviləsi hazırda müddətli yox müddətsiz əmək müqaviləsi hesab edilir. Həmçinin hazırkı vəziyyətdə yəni pandemiya ilə əlaqədar olaraq onun işdən çıxarılmağı əsassızdır. Ona görə də hesab edir ki, o öz işinə bərpa olunmalı və qanunsuz olaraq işdən çıxarılmağı ilə əlaqədar məcburi işburaxma müddətinə görə ona əmək haqqı verilməlidir. Həmçinin qeyd edir ki, məsləhətçi ştatı üzrə hal-hazırda 9 ştatdan 7-si vakantdır. Belə olan halda onun işdən çıxarılmaığının heç bir əsası yoxdur. Hesab edir ki, bütün bunlar nəzərə alınmalı, qanuni və əsaslı qərar qəbul olunmalıdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3361/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı Cavabdeh2 məsləhətçisi vəzifəsinə bərpa olunması və ona məcburi işburaxmaya görə əmək haqqının hesablanıb ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbi təmin edilməməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnaməsi əsassız olduğundan apellyasiya qaydasında ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2020-ci il tarixli əmri ilə iddiaçı işdən azad edilmişdir. Onun işdən azad edilməsi barədə əmri verildikdən sonra, o işdən azad edilmiş və iddiaçıya əmrin surəti və əmək kitabçası təqdim edilmişdir. Eyni zamanda İddiaçı tərəfindən may ayında əmək müfəttişliyinə hüquqlarının pozulması barədə ərizə ilə müraciət etmiş və əmək müfəttişliyi bununla bağlı Ağdam Təhsil şöbəsinə sorğu ilə müraciət etmişdir. Beləliklə, iddiaçı onun əmək hüquqlarının mart ayından pozulduğunu aşkar etməsinə baxmayaraq, qanunvericiliklə müəyyən olunmuş müddətdə məhkəməyə müraciət etməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən, “fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər". Lakin iddiaçı qanunvericilik normalarına məhəl qoymayaraq 4 ay sonra məhkəməyə ərizə ilə müraciət etmişdir. İş materiallarından göründüyü kimi, iddiaçı müddətin üzürlü səbəbdən ötürməsinə dair məhkəməyə heç bir sənəd təqdim etməmişdir. Ona görə də hesab edilir ki, müddətin buraxılması üçün heç bir üzürlü səbəb olmadığından, iddia tələbinə müddət tətbiq edilməlidir. Yuxarıda göstərinlərə əsasən İddiaçı iddiası qanunla müəyyən olunmuş iddia müddətinin keçməsi və müddətin buraxılması üçün heç bir üzürlü səbəb olmadığından, iddia tələbi rədd edilməlidir. Məhkəmə kollegiyasının iclasında cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi X3 apelyasiya şikayətini müdafiə edərək bildirdi ki, İddiaçı xx xxxxxx 2012-ci tarixdən 03 ay müddətinə müddətli əmək müqaviləsi bağlanmış, lakin sonradan həmin müqavilə qeyri-müəyyən vaxta uzadılmış və xx xxxx 2020-ci il tarixdə Təhsil Nazirliyinin müvafiq əmri ilə işdə azad edilmişdir. İddiaçıya əmrin surəti və əmək kitabçası təqdim edilməsinə baxmayaraq iddiaçı 4 ay sonra məhkəməyə müraciət etmişdir. Bununla bağlı birinci instansiya məhkəməsində iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edilsə də, məhkəmə ərizəyə münasibət bildirməmişdir. Belə ki, qanunvericiliyin tələbi baxımında işçi hüququnun pozulduğunu bildiyin gündən 1 ay ərzində məhkəməyə müraciət etməli olduğu halda iddiaçı 4 ay sonra məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyasından apelyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməklə iddia tələbinin rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçıya əmrin surətinin və əmək kitabçısının təqdim edilməsinə dair qəbz təqdim edə bilmir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətinə etiraz edərək bildirdi ki, işdən çıxarılma barədə əmrin surətini və əmək kitabçasını əldə etmək üçün xx xxx 2020-ci il tarixdə Təhsil Şöbəsinin müdirinə müraciət etsə də, ona əmrin surətin və əmək kitabçasını təqdim etməkdən imtina etmişlər. Bugunə qədərdə rəsmi qaydada təqdim edilməmişdir. Yalnız may ayının 15-dən sonra qeyri-rəsmi qaydada əmrin surətini əldə edə bilmişdir. Bundan sonra xx xxx 2020-ci il tarixdə və xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Həmin dövrdə pandemiya ilə əlaqədar məhkəmədə qəbul olmadığından onlayn qaydada qəbul edilirdi. Məhkəmə xx.xx.2020-ci il tarixli xx.xx.2020-ci il tarixli qərardadları ilə iddia ərizəsi geri qaytarılmışdır. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş digər Cavabdeh2 nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasə işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apelyasiya instansiya məhkəməsi həll edir”. Kollegiya ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçı X1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsinə qiymət verməmişdir. Bu isə birinci instansiya məhkəməsinin prosessual hüquq normalarının pozuntusuna yol verib-vermədiyinin araşdırılmasını zəruri edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbindən görünür ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 53-cü maddəsinin tələbindən görünür ki, İddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırki halda birinci instansiya məhkəməsi cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin iddia müddətinin tətbiqi barədə ərizəsinə qiymət vermədiyindən, bu hal birinci instansiya məhkəməsinin qətnaməsinin prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və qətnamə ləğv edilərək işə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3361/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməli, İddiaçı Cavabdeh2 məsləhətçisi vəzifəsinə bərpa olunmalı və ona məcburi işburaxmaya görə əmək haqqı hesablanıb ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx xxxx 2020-ci il tarixli K-367 nömrəli əmrinin surətindən görünür ki, Cavabdeh2 məsləhətçisi vəzifəsində bağlanmış əmək müqaviləsinə müddəti qurtarmasına görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən və 73-cü maddəsi ilə müəyyən edilmiş qaydada xx xxxx 2020-ci il tarixdə xitam verilməsi əmr edilmişdir. Əsas kimi Cavabdeh2 xx xxxx 2020-ci il tarixli 02/1596 nömrəli məktubu qeyd edilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx xxxxxx 2012-ci il tarixli 11/1432 nömrəli əmrinin surətindən görünür ki, Cavabdeh2ndə dörd məsləhətçi ştatının vakant olduğunu nəzərə alaraq, İddiaçı həmin vəzifədə xx xxxxxx 2012-ci il tarixdən 3 ay müddətinə əmək müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 3-cü maddəsinə əsasən əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir; - 42.1-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz; - 45-ci maddəsinə əsasən əmək müqaviləsi qabaqcadan müddəti müəyyən edilmədən (müddətsiz) və ya 5 (beş) ilədək müddətə (müddətli) bağlanıla bilər. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz; - 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır; - 288-ci maddəsinə əsasən fərdi əmək mübahisələrinin predmetinə daxil olan hallardan biri də əmək müqaviləsinin ləğv olunması ilə bağlı işçi ilə işəgötürən arasında yaranan mübahisələrdir; - 292-ci maddəsinə əsasən işçi hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, həmin Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara və ya məhkəməyə müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: -68.1-ci maddəsinə əsasən Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər; - 68.2-ci maddəsində əmək müqaviləsinə xitam verilmənin əsasları dəqiq şəkildə qeyd olunmuşdur. Belə ki, həmin maddənin a bəndində tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinin xitam olunması əsası qeyd olunmuşdur; - 73-cü maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinə müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur; - 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə qəbul edə bilər. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tutula bilər. Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, İddiaçı 2012-ci il tarixdən Cavabdeh2ndə məsləhətçi vəzifəsində işləyir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx xxxx 2020-ci il tarixli K-367 nömrəli əmri ilə onunla əmək müqaviləsinə xx xxxx 2020-ci il tarixdən xitam verilmiş və əmək müqaviləsinin xitam verilməsinə əsas kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən və 73-cü maddəsi ilə müəyyən edilmiş qaydada bağlanmış əmək müqaviləsinin müddətinin bitməsi göstərilmişdir. İddiaçı 2012-ci ildən Cavabdeh2ndə məsləhətçi vəzifəsinə işə qəbul olunmuş, həmin müddətdən onunla yeni əmək müqaviləsi bağlanmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin tələbləri baxımından Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Göründüyü kimi, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “B” bəndinə istinad etməsi, yəni əmək müqaviləsinin bitməsi ilə bağlı iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinin hüquqi əsası yoxdur. Məhkəmə kollegiyası qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı iddiası əsaslıdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinin tələbindən görünür ki, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Məhkəmə kollegiyası cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizəyə münasibətdə qeyd edir ki, iş materialları və tərəflərin izahatları ilə müəyyən olunur ki, İddiaçı xx xxxx 2020-ci il tarixdə işdən çıxarılmış olsa da, ona işdən çıxarılma barədə əmrin surəti və əmək kitabçası rəsmi qaydada təqdim edilməmişdir. İddiaçı yalnız xx xxx 2020-ci il tarixdə əmrin surətini və əmək kitabçasını əldə etmiş və xx xxx 2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Apelyasiya icraatı zamanı cavabdeh tərəfə xx xxx 2020-ci il tarixdən əvvələ iddiaçıya əmrin surəti və əmək kitabçasının təqdim edilməsinə dair sübut təqdim edilməsi təklif edilsə də, cavabdeh tərəf hər hansı sübut təqdim edə bilməmişdir. Qeyd olunanlarə əsas kollegiya hesab edir ki, cavabdeh tərəfindən xx xxx 2020-ci il tarixdən əvvəl iddiaçıya əmrin surəti və əmək kitabçasının təqdim edilməsi sübut edilə bilmədiyindən, iddia müddətinin axımı məhz iddiaçının etiraz etdiyi gündən, yəni xx xxx 2020-ci il tarixdən hesablanmalıdır. Bu halda kollegiya hesab edir ki, iddiaçı tərəfindən qanunla müəyyən edilmiş 1 aylı müddət ötürülmədiyindən cavabdeh tərəfindən təqdim edilmiş müddətin tətbiqinə dair ərizə əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalı, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmalıdır. Məhkəmə kollegiyası toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin İddiaçı Cavabdeh2 məsləhətçisi vəzifəsinə bərpa olunmalı və məcburi işburaxmaya görə əmək haqqı fərqi İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3361/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməli, İddiaçı Cavabdeh2 məsləhətçisi vəzifəsinə bərpa olunmalı və ona məcburi işburaxmaya görə əmək haqqı hesablanıb ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3361/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. İddiaçı Cavabdeh2 məsləhətçisi vəzifəsinə bərpa olunsun və ona məcburi işburaxmaya görə əmək haqqı hesablanıb ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2822/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2822/2021
24.02.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver