Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2822/2022 04.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Səfərli Xədicə Əlicabbar qızının katibliyi, İddiaçı2 və Cavabdeh1 iştirakları ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə işə baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 MTK və Cavabdeh1 qarşı ayrıca mənzillə təmin olunma vəzifəsinin həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onların ayrıca mənzillə təmin edilməsi vəzifəsinin cavabdehlərə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim T.Əsədova, iş № 2(008)-7884/21) iddia rədd olunmuşdur. İddiaçılar qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 məxsus mənzilə məhkəmə qətnaməsi əsasında iddiaçıların hüquqları tanınmış, kommunal xidmətlər ümumi istifadədə saxlanılmaqla sahəsi 19,96 kv metr otaq iddiaçılara, sahələri 13,25 və 11,79 kv metr olan digər iki otaq isə Cavabdeh1 verilmişdir. Hazırda bina "xxxx" tikinti şirkəti tərəfindən sökülmək ərəfəsindədir. Şirkətin nümayəndəsi iddiaçılara bildirmişdir ki, kirayə müqaviləsi Cavabdeh1 ilə bağlanıb və onlara bir mənzil veriləcək. Məhkəmə əsl olmayan cavabdeh Bakıxanov Rezidens Komplekslər Qrupunu əsl olan Cavabdeh2 MTK ilə əvəz etmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh1 iddiaçıların köhnə mənzildə istifadə hüquqları olduğu kimi təzə verilmiş mənzildə də hüquqlarının təmin olunacağını bildirərək iddianın rədd olunmasını xahiş etmişdir. Cavabdeh2 MTK-nın nümayəndəsi X1 iddianı qəbul etməmiş və yalnız mülkiyyyətçilərlə müqavilə bağladıqlarını, ailələr arası münaqişələrin onlara aidiyyəti olmadığını bildirərək iddianın rədd olunmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçılar apellyasiya şikayətində qətnamənin ləğv, iddianın təmin olunmasını xahiş etmişlər. Apellyasiya şikayətləri onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə İddiaçı2 arasında nikah 1998-ci ildə pozulub, həmin vaxtdan da yaşadıqları 3 otaqlı mənzilə istifadə hüquqları tanınıb. Cavabdeh onların mənzildə yaşamasına maneələr yaradaraq mənzildə yaşamaqlarını qeyri-mümkün edib. Bina 18.09.2021-ci ildə sökülsə də, keçən dövr ərzində mülkiyyətçi ilə MTK arasında bağlanmış 2 saylı əvəzləmə müqaviləsi nəzərə alınmayaraq kirayə haqqından yaşayış sahəsindən istifadə hüququ olan şəxslər kimi hüquqları pozulub. İşə baxan məhkəmə bu halları nəzərə almayıb. İddiaçı2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdeh1 apellyasiya şikayətlərini qəbul etməyərək rədd olunmasını xahiş etdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin müəyyən olunan və mübahisələndirilməyən hallarına əsasən Bakı şəhəri, Bakıxanov qəsəbəsi, S.Mehmandarov küçəsi, ev 20, mənzil 3 Cavabdeh1 mülkiyyətindədir. İddiaçılardan İddiaçı1 onun qızı, İddiaçı2 isə keçmiş arvadıdır. Sabunçu Rayon Məhkəməsinin 28.10.1998-ci il tarixli qətnaməsi ilə İddiaçı2 Cavabdeh1 qarşı iddiası təmin edilərək, adıçəkilən mənzildə sahəsi 19,96 kv metr olan otaqdan bir uşağı ilə iddiaçının, səhələri 13,25 və 11,79 kv metr olan digər iki otaqdan isə Cavabdeh1 istifadə qaydası müəyyən edilmişdir. Bakı şəhər İcra Hakimyyəti başçısının 24.11.2021-ci il tarixli, 302 №-li sərəncamı ilə ünvan 1 ünvanlarında, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 0,92 ha torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğyn qarşılıqlı razılıq əsasında Cavabdeh2 MTK tərəfindən tənzimləməsi şərti ilə həmin MTK-nın istifadəsinə verilmişdir. Cavabdeh2 MTK ilə Cavabdeh1 arasında 18.09.2021-ci il tarixdə aşağıdakı şərtlərlə 2 №-li çoxmənzilli yaşayış binasında yaşayış sahəsinin əvəzləmə müqaviləsi bağlanmış, sonuncu mülkiyyətində olan mənzili MTK-ya verməyi, MTK isə ünvan 2 ünvanında inşa edəcəyi çoxmənzilli yaşayış binasının 3-cü mərtəbəsində, ümumi sahəsi 87,5 kv metr olan 4 №-li yaşayış sahəsini tam təmirli şəkildə təhvil verməyi öhdələrinə götürmüşdür. Eyni zamanda, Cavabdeh1 mənzilə istifadə hüququ olan şəxslərin yeni tikilən binada təhvil aldığı yaşayış sahəsində maneçilik törətməmək və ona köçürülən kirayə haqqından istifadə hüququ olan şəxslərin hüquqlarını pozmamaq şərtilə məqsədəmüvafiq qaydada istifadə etmək öhdəliyini öz üzərinə götürmüşdür. Hazırda iddiaçılar inşa ediləcək yeni binada onların MTK tərəfindən ayrıca mənzillə təmin edilmələrini istəyirlər. Onların tələbi ayrıca mənzillə təmin edilməsi vəzifəsinin cavabdehlərə həvalə edilməsi barədə qətnamə çıxarılmasından ibarətdir. Birinci instansiya məhkəməsi iddianı əsassız sayaraq rədd etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh2 MTK-nın üzərinə mənzillərdə yaşayan və istifadə hüquqları tanınan şəxslərin mənzillə təmin etmək öhdəliyi qoyulmadığından, MTK-nın üzərinə yalnız qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə müqavilə bağlamaq öhdəliyi qoyulduğundan, eləcə də iddiaçıların istifadə hüquqları dövlət qeydiyyatına alınmadığından, onlara qarşı müəyyən öhdəlikləri olan Cavabdeh1 həmin öhdəliklərdən yayınmadığından, habelə MTK ilə onun arasında bağlanmış müqavilədə mənzilə istifadə hüququ olan şəxslərin yeni tikilən binada təhvil aldığı yaşayış sahəsində maneçilik törətməmək və ona köçürülən kirayə haqqından istifadə hüququ olan şəxslərin hüquqlarını pozmamaq şərtilə məqsədəmüvafiq qaydada istifadə etmək öhədliyini öz üzərinə götürdüyündən MTK-nın üzərinə iddiaçılarla ayrıca müqavilə bağlamaq öhdəliyi qoyula bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. Kollegiya həmçinin nəzərə alır ki, apellyasiya şikayətinin dəlilləri iddianın dəlilləri ilə oxşar olduğundan və həmin dəlillərə birinci instansiya məhkəməsi tərəfindən müfəssəl qiymət verildiyindən Kollegiya həmin dəlillər üzrə təkrar araşdırma aparmağa zərurət görmür. Məhkəmə kollegiyası bir daha qeyd edir ki, iddiaçılar cavabdeh Mirşüa Həmzəyevin mülkiyyətində olan yaşayış sahəsindən istifadə hüququ olan şəxslərdir və bu hal cavabdehin özü tərəfindən etiraf olunur. İddiaçıların yaşayış sahəsindən istifadə hüquqları cavabdeh Mirşüa Həmzəyevin mülkiyyət hüququndan törənən hüquqdur və onlar bununla bağlı tələblərini hüquqları pozulduğu təqdirdə ona qarşı iddia qaldıra bilərlər. Cavabdeh2 MTK ilə iddiaçılar arasında nə müqavilə, nə də yerinə yetirilməmiş hər hansı müqavilə öhdəliyi yoxdur. Bu baxımdan MTK iddiaçılarla ayrıca müqavilə bağlanmasına məcbur edilə bilməz. O, bu cür müqaviləni yalnız könüllü bağlaya bilər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətləri təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin iş üzrə 17 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2822/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2822/2022
04.05.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver