Məhkəmə qərarları › İş №2(103)-2823/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2823/2022

20.04.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2823/2022 20.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Baş Səhiyyə İdarəsi 23 saylı Birləşmiş Şəhər Xəstəxanasına qarşı “əvvəlki işə bərpa və məcburi iş buraxma dövrünə görə əmək haqqının ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli 2(002)-3383/2021 saylı qətnaməsindən cavabdeh tərəfdən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Baş Səhiyyə İdarəsi 23 saylı Birləşmiş Şəhər Xəstəxanasına qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun 23 nömrəli Birləşmiş Şəhər Xəstəxanasına Tibb bacısı vəzifəsinə işə bərpa olunmaqla, məcburi iş buraxdığı dövrlərə görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, o, 1993-cü il tarixdən 23 nömrəli Birləşmiş Şəhər Xəstəxanasına Tibb bacısı vəzifəsinə təyin edilməklə həmin vaxtdan orada işləmişdir. İşlədiyi müddət ərzində daima işini vicdanla və qüsursuz yerinə yetirmişdir, heç bir xəbərdarlıq və töhmət almamışdır. O, hər zaman işdə olmaqla əmək funksiyalarını yerinə yetirmişdir. İşdən azad olunmağı barədə əmrdə göstərilmişdir ki, öz xahişi ilə işdən azad olunmağını istəmişdir. Onun hansı əsasa görə işdən azad edilməsi və nəyə görə azad edilməsi barədə məlumatlı olmamışdır. Baş həkim Baxşəliyev məcburi köçkün şəhərciyində yerləşmiş sakinlərə xidmət etmək üçün ora təyin etmişdir və ona bildirmişdir ki, burada tibb məntəqəsi olmadığı üçün öz evində insanlara tibbi yardım etməlidir, o da razılaşaraq işləmiş, hər ay kart vasitəsi ilə maaş verilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli 2(002)- 3383/2021 saylı qətnaməsi iddia təmin edilmiş, cavabdeh Bakı şəhəri Baş Səhiyyə İdarəsi 23 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının Bakı Şəhər Baş Səhiyyə Mərkəzi (İdarəsinin) 23 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının X2 Tibb Bacısı vəzifəsində (peşəsində) işləyən İddiaçı tutduğu vəzifədən (peşəsindən) azad edilməsi barədə 24.07.2021-ci il tarixli 111-K nömrəli Əmrin ləğv edilməsi, İddiaçı Bakı Şəhər Baş Səhiyyə Mərkəzi (İdarəsinin) 23 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının X2 Tibb Bacısı vəzifəsinə (peşəsinə ) bərpa edilməsi və iddiaçıya məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi qət edilmişdir. Qətnamə ilə razılaşmayan cavabdeh tərəf apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir. İddiaçı hazırda barəsində cinayət işi üzrə istintaq aparılan keçmiş baş həkim ilə birlikdə qanunsuz əməllərə yol verərək, uzun müddət işə gəlməmişdir. İddiaçının işdən azad edilməsi zamanı texniki səhvə yol verilmiş, lakin sonradan texniki səhv aradan qaldırılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə X4 Xidmətinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli nümayəndə məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətini iş materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6 maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məcəlləsinin 372.7 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşin faktiki halları ilə aşağıdakılar müəyyən olunur: İşəgötürən qismində Bakı Baş Səhiyyə Mərkəzi işçi qismində X3 arasında bağlanılmış 29.01.1993-cü il tarixli əmək müqaviləsinə əsasən Qasımova Natavan 23saylı BŞX Tibb bacısı kimi işə qəbul edilmiş, işə 29.01.1993-ci il tarixdən başlamışdır. Bakı şəhəri Baş Səhiyyə İdarəsi 23 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 24.07.2021-ci il tarixli 126-K nömrəli Əmrinin məzmunundan aydın olur ki, 23 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının X2 Tibb bacısı (qardaşı) İddiaçı ilə bağlanılmış xxxxxxx000100 nömrəli Əmək müqaviləsinə 24.07.2021-ci il tarixdən xitam verilmiş, İddiaçı son haq-hesabı, əmək kitabçası və həmin əmrin surətinin ƏM-nin 83-cü maddəsinin 2-ci hissəsinə uyğun olaraq son iş günü verilməsi, əsas kimi «İddiaçı ərizəsi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinə «a» yarımbəndinə əsasən öz xahişi» qeyd edilmişdir. 24.07.2021-ci il tarixli 111-k nömrəli Əmrin məzmunundan aydın olur ki, X2 tibb bacısı İddiaçı 24.07.2021-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə heç bir üzrlü səbəb göstərmədən bütün iş günü işə gəlmədiyinə görə tutduğu vəzifəsindən azad edilməsi və onunla bağlanılmış 29.01.1993-cü il tarixli əmək müqvailəsinin ləğv edilməsi, istifadə etmədiyi əmək məzuniyyətinə görə 42 gün üçün pul əvəzinin verilməsi, əsas kimi 23.07.2021-ci il tarilxi akt qeyd edilmişdir. İş materiallarından görünür ki, 23 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi X1 24 iyul 2021-ci il tarixli məktub ünvanlayaraq, tibb bacısı İddiaçı uzun müddət davamiyyəti pozaraq işə gəlməməsi ilə bağlı, Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə tutduğu vəzifədən azad olunması barədə qərara gəldiyini, bununla bağlı rəy verilməsini xahiş etmişdir. 24.07.2021-ci il tarixli 23 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının Həmkarlar Təşkilatının iclas protokolunun məmzunundan aydın olur ki, həmin iclasda tibb bacısı İddiaçı uzun müddət davamiyyəti pozaraq işə gəlməməsi ilə bağlı, Əmək Məcəlləsinin 70ci maddəsinin «ç» bəndi ilə tutduğu vəzifədən azad olunması barədə məsələ müzakirəyə çıxarılmış, iclasda 7 nəfər iştirak etmiş, 7 nəfər leyhinə qərar qəbul etmiş, tibb bacısı İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə xitam verilməsinə etiraz edilmədiyi qeyd eidlmişdir. 23.07.2021-ci il tarixdə İddiaçı heç bir məlumat vermədən bütün günü üzrlü səbəb göstərmədən işə gəlməməsi barədə akt tərtib edilmişdir. İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi barədə elektron bildirişin məzmunundan görünür ki, İddiaçı ilə bağlanılmış 29.01.1993-cü il tarixli əmək müqaviləsinə 111-K saylı 24.07.2021-ci il tarixli əmrlə xitam verilmişdir (Əmək Məcəlləsinin 68.2-ci maddəsinin «a» bəndi əsasən tərəflərdən birinin təşəbbüsü ilə). İş materiallarında olan Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Komitəsinin 01.12.2004-cü il tarixli 014499 nömrəli üzvlik biletinin məzmunundan aydın olur ki, İddiaçı Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqının üzvüdür. Həmçinin onun adına dövlət sosial sığorta şəhadətnaməsi vardır. Beləliklə müəyyən edilmişdir ki, tərəflər arasında bağlanılmış əmək müqaviləsinə xitam verilməsinə dair işəgötürən tərəfindən iki: 126-K nömrəli 24.07.2021-ci il tarixli və 111-K nömrəli 24.07.2021-ci il tarixli Əmr verilmişdir. 126-K nömrəli əmrdə işçi ilə əmək müqaviləsinə xitam verilməsinin əsası kimi işçinin ərizəsinə (ƏM-nin 68-ci maddəsinin 2-ci bəndinin «a» yarımbəndi), 111-K nömrəli əmrdə isə heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsinə (Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi) istinad olunmuşdur. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək bildirişinin (elektron bildirişinin) məzmununda işçi ilə əmək müqvailəsinə xitam verilməsi ilə bağlı müvafiq əmrin nömrəsi və tarixi 111-K, 24.07.2021-ci il, əmək müqaviləsinə xitam verilməsinin əsası kimi isə (68.2.a) tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinə xitam verilmə tarixi 24.07.2021ci il qeyd edilmişdir. Əmək Məcəlləsinin 76-cı maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Göründüyü kimi işçi ilə əmək müqaviləsinə iki ayrı əsasla xitam verilməsi barədə iki ayrı əmr var. Həmçinin əmək müqvailəsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişində xitamın əsası kimi Əmək Məcəlləsinin 68.2.a (tərəflərdən birinin təşəbbüsü halı) qeyd edildiyi halda, həmin bildirişdə əmək müqaviləsinin xitam olunmasına dair əmr kimi qeyd edilmiş 111-K 24.07.2021-ci il tarixli Əmrdə xitamın əsası kimi Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi qeyd edilmişdir. Cavabdeh tərəf qeyd edilən halın texniki səhv olmasını qeyd edərək, düzəliş edilməsi barədə məktubla müraciət edildiyini bildirsə də, texniki səhvin aradan qaldırılmasına dair heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən, əmrlərin sıra nömrəsinə nəzər saldıqda müəyyən edilir ki, daha əvvəl qəbul edilmiş 111-K nömrəli əmrdə xitamın əsası kimi 70-ci maddənin «ç» bəndi göstərilmiş, daha sonra 126-K nömrəli əmr qəbul edilərək, xitam əsası kimi 68-ci maddənin 2-ci bəndinin «a» yarımbəndi qeyd olunmuşdur. Əmək Məcəllənin 68.2-ci maddəsinin «a» bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri kimi tərəflərdən birinin təşəbbüsü qeyd edilmişdir. İş materiallarında iddiaçı tərəfindən yazılmış və imzalanmış belə bir məzmunlu ərizənin olması halı aşkar edilməmişdir. Cavabdeh tərəf də belə bir ərizənin olmadığını qəbul etmişdir. Cavabdeh iddiaçı ilə əmək müqaviləsinə 70-ci maddənin «ç» bəndinə əsasən xitam verildiyinə əsaslanır. Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci bəndinə görə bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrıayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Məcəllənin 71-ci maddəsinin 3-ci hissəsinə əsasən, işəgötürən bu məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Məcəllənin 72-ci maddəsinin “a” bəndinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə, yəni işçinin öz əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması hər bir halda deyil, yalnız konkret əsaslar olduqda əmək müqaviləsinin ləğv edilməsi üçün əsas ola bilər. Başqa sözlə, qanunvericilik tələb edir ki, tətbiq edilən hər bir norma törədilmiş pozuntunun xarakterinə və ağırlıq dərəcəsinə mütənasib olmalıdır. Baxılan iş üzrə isə qeyd edilən halların müəyyən edilməsinə dair cavabdeh işəgötürən tərəfindən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə haqlı olaraq göstərmişdir ki, işçi ilə əmək müqaviləsinə xitam verilməsinin əsası qismində çıxış edən Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinin (Əmək Məcəlləsinin 72-ci maddəsinin «a» bəndinin) dispozitiv şərtləri müəyyən edilməmişdir. Həmçinin nəzərə almaq lazımdır ki, əmək müqaviləsinə həmin əsasla xitam verildiyi halda belə cavabdeh iddiaçını işdən azad etmək üçün qanunla tələb olunan şərtlərə əməl etməmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti doğrudur. İşin araşdırılan halları ilə müəyyən olunur ki, cavabdehin məhkəməyə təqdim etdiyi 111-K 24.07.2021-ci il tarixli əmrdə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verildiyi göstərildiyi halda, elektron sistemə yerləşdirilmiş məlumatlarda əmək müqaviləsinə xitam verilməsinin əsası kimi işçinin öz təşəbbüsü (Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndi) göstərilmiş, 111-K 24.07.2021-ci il tarixli əmrə istinad olunmuşdur. Cavabdeh müvafiq düzəlişin aparılması barədə müraciət olunduğunu bildirsə də, bildirişin özündən müəyyən olunur ki, bildiriş çap olunduğu 24.11.2021-ci il tarixdə qüvvədə olmuşdur. Kollegiya hesab edir ki, əmək qanunvericiliyinin tələbləri pozularaq işçi işdən azad edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutlan araşdırmalı və onlardan istfadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3383/2021 saylı iş üzrə 09 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar