Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2823/2023 19.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: yaşayış sahəsinə köçürülmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), oğlu və oğlundan ibarət tərkibdə, oğlunun katibliyi, İddiaçı X1 və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə köçürülmə tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-4024/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Tərəflər arasında xx.xx.2016-cı il tarixdə notariat qaydada təsdiq edilmiş kredit müqaviləsi bağlanmış və cavabdeh iddiaçıdan xx.xx.2026-cı il tarixədək qaytarmaq şərti ilə 11.500 manat məbləğində borc almışdır. Bundan başqa, sadə yazılı formaya riayət olunmaqla cavabdeh iddiaçıdan şahidlərin iştirakı ilə 3.850 manat məbləğində pul almışdır.
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanda yerləşən 30 m2-lik yaşayış sahəsinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2016-cı il tarixdə cavabdeh X2 aralarındakı razılaşmaya əsasən 15.350 manata ünvan 2-də 30 m2-lik otaq alıb və həmin evə pasport qeydiyyatına düşmüşdür. İddiaçı cavabdehdən evi alan zaman ona evin çıxarış sənədinin (kupça) olmadığını, ancaq evə qeydiyyata sala biləcəyini qeyd etmişdir. İddiaçı cavabdehlə Notariusa getmişlər və orada da aralarındakı danışığa əsasən xx.xx.2016-cı il tarixli «kredit müqaviləsi» bağlamışlar. Müqaviləyə əsasən iddiaçı cavabdehə evin pulundan 11.500 manat pul ödəmişdir. Daha sonra yerdə qalan 3.850 manat pulu isə iddiaçı üç qonşunun şəxsiyyət vəsiqələrinin seriya nömrələrini yazmaq şərti ilə onların şahidliyi ilə cavabdehə vermişdir. Bütün bunlar baş verdikdən sonra iddiaçı cavabdehdən evin açarını tələb etmişdir. Cavabdeh də evin açarını ona vermişdir. İddiaçı bir müddət həmin evdə yaşamışdır. Evin damı sınıq-sökük olduğundan, iddiaçı fikirləşmişdir ki, evin damını düzəltdirib daha rahat şəkildə gəlib evdə yaşayar. Həmin ünvandan, həmin yerdən iddiaçının qardaşıgil də ev alıb. Cavabdehin qapının açarı itdiyinə görə iddiaçı öz açarını cavabdehə vermişdir ki, açar çıxardıb ona versinlər. Daha sonra cavabdeh iddiaçının açarını almış, açarı dəyişmiş və bu vaxta qədər hər dəfə müxtəlif bəhanələr gətirməklə açarı iddiaçıya verməkdən imtina etmişdir. Cavabdehin evə dair iddiaçı ilə danışdığı bütün söhbətlər telefonda səs yazısı olaraq qalır. Cavabdeh iddiaçını bu vaxta qədər aldadır. Qeyd edilən ünvana nə köçə, nə də yaşaya bilir. İddiaçı cavabdehə ödədiyi pulu borc olaraq yox, evi almaq məqsədi ilə vermişdir. Bunu qonşular da hal şahidi olaraq təsdiqləyə bilər. Cavabdeh iddiaçının bu vaxta qədər ona verdiyi pulu guya borca vermiş kimi orada burada danışır, iddiaçının evə daxil olmasına maneə yaradır. İddiaçı cavabdehə pulu verdikdən sonra cavabdeh hər hansısa maraqdan dolayı yox, sırf evi alması səbəbindən iddiaçını oraya qeydiyyata salmışdır.
4. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-4024/2022 nömrəli qətnaməsi ilə (hakim C.Ə.Tağıyev) İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə köçürülmə tələbinə dair iddiasının rədd edilməsi, ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, tərəflər arasında həqiqətən mənzilin alğı-satqısı ilə bağlı danışıqlar olmuşdur. Mənzil alqı-satqısı üçün pul kredit müqaviləsi və sadə yazılı formada tərtib olunmuş iltizama əsasən verilmişdir. Lakin, iş üzrə tərəflər aralarında olan münasibətləri düzgün forma və məzmunda tərtib edilmiş hər hansı ilkin müqavilə ilə rəsmiləşdirməmişlər, borc müqaviləsi bağlamışlar. Cavabdeh başqa şəxslə ilkin müqavilə bağlamışdır, həmin müqavilə üzrə üzərinə öhdəlik və vəzifələr götürmüşdür. Hazırki iş üzrə iddiaçıya münasibətdə isə 2026cı ildə icra edilməli olan borc müqaviləsi üzrə öhdəliklər var.
6. Bununla belə məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçının mənzilə köçürülməsi üçün qanunla müəyyən edilmiş əsaslardan heç biri mövcud deyil. Tərəflər arasında mənzilin alğı-satqısına dair müqavilə bağlanmamış, iddiaçı daşınmaz əmlakı üzərində mülkiyyət hüququ, o cümlədən mülkiyyət hüququnun tərkib hissəsi olan istifadə hüququ əldə etməmişdir.
7. Məhkəmə öz mövqeyini yalnız Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. Qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən iş üzrə tərəflər arasında alqı-satqı müqaviləsinin həqiqətən baş verməsini sübut edən mühüm əhəmiyyət kəsb edən hallar araşdırılmadan, təqdim olunmuş səs yazıları, yazılı qəbz, bankdan kredit faizlə pul götürüb 11.500 manat məbləğində borc müqaviləsi ilə cavabdehə məhz həmin mənzilin alqı-satqısı üçün verilməsini təsdiq edən mötəbər dəlillər araşdırılmadan iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilmişdir. Tərəflər arasında mübahisəli mənzilin alqı-satqısının həqiqətən baş tutması və iddiaçının həmin mənzili 15.350 manat qarşılığında əldə etməyini sübut edən başqa mötəbər dəlillər də məhkəmə baxışınma təqdim etməyinə baxmayaraq, məhkəmə həmin sübutları qanunun tələbi baxımından qiymətləndirməyib ədalətsiz qətnamə qəbul etmişdir. Məhkəməyə notariuslardan və digər təşkilatlardan fərqli olaraq obyektiv, hərtərəfli, qərəzsiz araşdırma aparmaq və daxili inamını əsas götürərək, sübutlara qiymət verərək qərar qəbul etmək səlahiyyəti verilmişdir. Bu məhkəməni dövlət təşkilatlarından fərqləndirən əsas xüsusiyyətdir. Məhkəmə özü qətnaməsində yazır ki, tərəflər arasında alqı-satqının faktiki baş tutmasını sənədlər, izahatlar və mötəbər dəlillər əsasında müəyyən etmişdir, lakin notarial alqı-satqı olmadığından iddiaçı mənzil üzərində sərəncam vermək və istifadə hüququ yaranmamışdır. Bu cür yanaşma yolverilməzdir, əlbəttə ki, notarial təsdiqli alqı-satqı olsaydı məhkəmə araşdırmasına ehtiyac olmazdı, məhkəmədə bu qədər dəlilləri, şahidləri niyə çağırıb dolayısı ilə alqı-satqının reallıqda baş verməsini sübut edirdik. Qətnamədə tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırmadan söhbət belə getmir. Yalnız məhkəmə bunu qeyd edir ki, mənzilin alqısatqısı faktiki tərəflər arasında baş versə də, notarial qaydada olmamış, bu səbəbdən iddiaçının mənzilə mülkiyyət və istifadə hüququ yaranmamaış, bu da iddia tələbinin rədd edilməsinin əsası olmuşdur. Məhkəmə baxışına təqdim edilmiş WhatsApp sosial şəbəkəsi vasitəsi ilə daşışıqlara qiymət verilməmişdir. Belə ki, həmin danışıqlardan aydın olur ki, tərəflər aralasında mənzilin alqı-satqısı olub, iddiaçı bunun müqabilində pul ödəmişdir, hətta mənzil onun sərəncamımdadır. Məhz buna görə cavabdeh iddiaçı ilə ona məxsus olan evin üzərində ikinci mərtəbənin tikintisini müzakirə edir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 10 Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X3 və onun nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdilər.
12. İddiaçı həmçinin ona verilmiş suallara cavab olaraq bildirdi ki, bir-iki il həmin evdə yaşamış, lakin təmirsiz olduğu üçün tavandan su damırdı. Oğlunu evləndirəcəkdi, oranı özü yaşamaq üçün almışdır. Cavabdeh evinə girə bilmədiyi üçün açarı ona vermişdir. Evin damını söküb təmir etmək istəyirdi. Cavabdeh evin üstündə ikinci mərtəbə tikmək istəyirdi. Sonradan ondan çıxarış almaq üçün 1.000 manat da almışdır. Ödədiyi pulu geri istəmir, evi istəyir. Orada qeydiyyata da düşmüşdür. Həmin ünvanda olan evlər söküləcək və kompensasiya ödəniləcəkdir.
13. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş və bunun səbələri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Maddə 144.2. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi.
Apellyasiya baxışının hədləri
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
17. Hazırkı işdə iddia rədd olunduğundan və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən qətnamə tam həcmdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul etməklə iddia təmin edilməməlidir.
19. Belə ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməməsi barədə düzgün nəticəyə gəlsə də, qətnamə çıxararkən rəhbər tutduğu qanunları və digər hüquqi aktları qətnamənin əsaslandırıcı hissəsində göstərməmiş, bununla da prosessual hüquq normalarının pozulmasına yol vermişdir. Bu isə mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
20. İşin müəyyən olunmuş faktiki hallarına və işdə olan sübutlara əsasən aydın olur ki, tərəflər arasında həqiqətən mənzilin alğı-satqısı ilə bağlı danışıqlar olmuş, mənzil alğısatqısı üçün pul iddiaçı tərəfindən kredit müqaviləsi və sadə yazılı formada tərtib olunmuş iltizama əsasən cavabdehə verilmişdir.
21. Mülki qanunvericiliyin imperativ tələblərinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ dövlət reyestrində qeydə alınmalı, həmin əmlaka dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməli, sərəncam verən tərəf daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olmalıdır.
22. Lakin tərəflər arasında mənzilin alğı-satqısına dair qanunvericiliyin tələb etdiyi formada müqavilə bağlanmamış, nəticədə iddiaçı köçmək istədiyi mənzil üzərində mülkiyyət hüququ, o cümlədən mülkiyyət hüququnun tərkib hissəsi olan istifadə hüququ əldə etməmişdir.
23. O da qeyd edilməlidir ki, iş materialları ilə cavabdehin ünvan 2 ünvanda yerləşən 30 m2-lik yaşayış sahəsinə malik olması, həmin sahənin dövlət reyestrində qeydə alınması da təsdiq olunmur. İşdə olan 59 saylı MKİS tərəfindən verilmiş eskizə əsasən həmin ünvanda olan mənzil X4 məxsusdur.
24. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-4024/2022 nömrəli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə köçürülmə tələbinə dair iddiası təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.