Məhkəmə qərarları › İş №2(103)-2827/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2827/2022

13.04.2022 · Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2827/2022 13.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Araz Alakhverdievin iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5043/2021 saylı işi üzrə 13 dekabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiаçı İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı SŞ ASC) Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən 04.09.2015-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Daihatsu Terios” markalı, ** AV *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərlə bağlı İddiaçı SŞ ASC tərəfindən həyata keçirilən 1262 manat sığorta ödənişi və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30.40 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı SŞ ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 04.09.2015-ci il tarixində Cavabdeh tərəfindən idarə edilən “Volksvagen Passat” markalı, ** HU *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən İddiaçı SŞ ASC-də könüllü sığorta müqaviləsi əsasında sığortalanmış “Daihatsu Terios” markalı, ** AV *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh təqsirli olması DYPİ-nin MYP 778762 nömrəli inzibati xəta haqqında protokolunda öz əksini tapmışdır. "xxxx" MMC-nin təqdim etdiyi 10.05.2016-cı il tarixli akta uyğun olaraq “Daihatsu Terios” markalı, ** AV *** dövlət qeydiyyat nişanlı avtomobilə 6181 manat ziyan dəyməsi müəyyən edilmişdir. İddiaçı "xxxx" Sığorta Şirkəti ASC öz növbəsində dəymiş zərəri aradan qaldırararaq avtomobilə dəymiş zərərlə bağlı 6181 manat sığorta ödənişini həyata keçirmişdir. Borclunun icbari sığorta şirkəti “Azsığorta” dəymiş zərərin 4919 manat vəsaitini İddiaçı Sığorta Şirkəti ASC-yə ödədiyi üçün Cavabdeh ödəməli olduğu zərərin məbləği 1262 manat təşkil etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5043/2021 saylı işi üzrə 13 dekabr 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia təmin edilməmiş, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir. Həmin qətnamədən İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti verdiyi apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxaralmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmışdır. Məhkəmə iclasında İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Araz Alakhverdiev apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5043/2021 saylı işi üzrə 13 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan 11.05.2016-cı il tarixli, 026942 nömrəli sığorta aktından görünür ki, "xxxx" ASC-yə məxsus və İddiaçı SŞ ASC-də sığortalanmış “Daihatsu Terios” markalı, ** AV *** dövlət qeydiyyat nişanlı avtomobil 04.09.2015-ci il tarixdə Bakı şəhəri, Aeroport yolunda “Volkswagen Passat” markalı, ** HU *** dövlət qeydiyyat nişanlı sığortalanmış avtomobillə toqquşmuş, "xxxx" MMC-nin təqdim etdiyi 10.05.2016-cı il tarixli, 0214 saylı hesaba uyğun olaraq zərər dəymiş avtomobilə görə 6181 manat məbləğində sığorta ödənişinin "xxxx" MMC-yə ödənilməsi qeyd edilmişdir. Həmçinin, sığorta aktının “yekun müddəalar” hissəsinin 1-ci bəndində qeyd edilmişdir ki, bu ödəniş həyata keçiriləndən sonra sığortalı sığortalanmış avtonəqliyyat vasitəsinə dəyən zərər üzrə müvafiq sığorta müqaviləsində nəzərdə tutulmuş 100 manat məbləğində franşizanı (azadolma məbləğini) İddiaçı Sığorta Şirkətinə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 23.05.2016-cı il tarixli, 2656 nömrəli ödəniş tapşırığının iddiaçı tərəfindən təsdiq edilmiş surətindən görünür ki, İddiaçı SŞ ASC tərəfindən "xxxx" MMC-yə 6181 manat məbləğində sığorta ödənişi edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş 10.05.2016-cı il tarixli qiymətləndirmə cədvəlindən görünür ki, avomobil ehtiyat hissələri və təmiri üçün 6181 manat məbləğində xərc müəyyən edilmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh 04.09.2015-ci il tarixdə Heydər Əliyev prospektində “Volkswagen Passat” minik markalı, ** HU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnamə əsasında idarə edərkən yol hərəkəti qaydalarını pozmuş, İddiaçı SŞ ASC-də sığortalanmış “Daihatsu Terios” markalı, ** AV *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə həmin tarixdə qüvvədə olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 151.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş, buna görə 40 manat məbləğində cərimə edilmişdir. Yol nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş avtomobil İddiaçı SŞ ASC sığortalanmış olduğundan İddiaçı SŞ ASC Sığortalıya ödədiyini iddia etdiyi 6181 manat məbləğində pulu subroqasiya qaydasında Cavabdeh tələb etmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən, yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 81-ci maddəsinə əsasən, bu Qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunvericiliyin qeyd olunan müddəasının tələblərindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. Hazırkı işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, Cavabdeh idarə etdiyi avtomobillə yol nəqliyyat hərəkəti qaydalarını pozaraq, yol nəqliyyat hadisəsi törətmiş, İddiaçı SŞ ASC tərəfindən sığortalanmış bir avtomobili vurmuş, baş vermiş hadisədə təqsirli bilinərək, barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bu halları cavabdeh də mübahisələndirməmişdir. Məhkəmə haqlı olaraq iddia tələbi ilə razılaşmamışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Yəni, faydalanan şəxsin hansı məbləğdə pul tələb etmək hüququ varsa, sığortaçıya da həmin məbləğdə pul tələb etmək hüququ keçir. Bu baxımdan hazırkı iddia o halda təmin edilə bilər ki, baş vermiş sığorta hadisəsinə görə faydalanan şəxsin zərər vuran şəxsdən 6181 manat məbləğində pul tələb etmək hüququnun olduğu mötəbər sübutlarla müəyyən edilsin. Bu məbləğ isə sığorta hadisəsindən zərərçəkmiş avtomobilə dəymiş ziyanın qiymətləndirilməsi ilə müəyyən edilir. Zərərin qiymətləndirilməsi ilə bağlı qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 925.1. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. 925.2. Sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir. 925.3.Sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır. 925.4. Sığorta hadisəsinin araşdırılması və zərərin qiymətləndirilməsi üçün təyin olunan müstəqil ekspertlər və sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxslər bununla bağlı sığortaçının malik olduğu bütün hüquqlardan istifadə edə bilərlər. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxsləri və müstəqil ekspertləri yalnız bu Qanunun 95.3-cü maddəsində nəzərdə tutulmuş reyestrə daxil edilmiş olduqları halda sığorta əməliyyatları üzrə xidmət göstərmək üçün cəlb oluna bilərlər. Hazırkı işdən görünür ki, sığorta hadisəsi nəticəsində zərər çəkmiş avtomobilə dəymiş zərərin miqdarı 10.05.2016-cı il tarixdə "xxxx" MMC tərəfindən 6181 manat məbləğində müəyyən edilmiş, İddiaçı SŞ ASC də məhz bu məbləğə istinad etmişdir. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşmır. İlk növbədə, ona görə ki, sığorta hadisəsi 04.09.2015-ci il tarixdə baş versə də avtomobilə dəymiş zərər bundan səkkiz ay sonra hesablanmışdır. Halbuki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 925.1-ci maddəsində bu zərərin müəyyən edilməsi üçün “mümkün olan ən qısa müddət”dən bəhs edilir. Göründüyü kimi, burada konkret müddət müyyən edilməsə də aydındır ki, səkkiz ay müddət heç bir halda “mümkün olan ən qısa müddət” kimi qəbul edilə bilməz. Bundan başqa, "xxxx" MMC tərəfindən tərtib edilmiş qiymətləndirmə cədvəlində yalnız müxtəlif avtomobil ehtiyat hissələri və təmir xərcləri qeyd edilmiş, bu ehtiyat hissə və təmir xərclərinin hansı avtomobil üçün müəyyən edildiyi, avtomobilin markası, dövlət qeydiyyat nişanı, modeli, bir sözlə hansı avtomobildən söhbət getdiyi barədə cədvəldə heç bir qeyd edilməmişdir. Digər tərəfdən, iddia ərizəsinə əlavə edilmiş, "xxxx" MMC tərəfindən hadisədən cəmi bir həftə sonra tərtib edilmiş aktda (hansı ki, digərindən fərqli olaraq, bu aktda zərər dəymiş avtomobilin markası və dövlət qeydiyyat nişanı qeyd edilmişdir) ehtiyat hissələr üçün qeyd edilən məbləğlər "xxxx" MMC tərəfindən tərtib edilmiş qiymətləndirmə cədvəlində eyni hissələr üçün müəyyən edilmiş məbləğlərdən əhəmiyyətli dərəcədə aşağıdır (Müqayisə üçün: çulok ("xxxx" MMC) – 2250 manat; çulok ("xxxx" MMC) – 1320 manat; sağ palos ("xxxx" MMC) – 750 manat; sağ palos ("xxxx" MMC) – 440 manat; mostun sağ qolu ("xxxx" MMC) – 264 manat; mostun sağ qolu ("xxxx" MMC) – 155 manat və s.). Bu hissədə qeyd edilməlidir ki, "xxxx" MMC tərəfindən tərtib edilmiş cədvəldə 24 adda ehtiyat hissə və təmir xərci müəyyən edilsə də "xxxx" MMC tərəfindən tərtib edilmiş aktda 8 adda xərc müəyyən edilmişdir. Həm bu, həm də aktın tərtibi baxımından məhkəmə "xxxx" MMC tərəfindən tərtib edilmiş aktın davamının növbəti vərəqdə olması və bu vərəqin iddia ərizəsinə əlavə edilməməsi ehtimalını istisna etmir, bununla belə nəzərə alır ki, akt məhkəməyə natamam formada təqdim edilibsə, bunun riskini cavabdeh yox, iddiaçı daşımalıdır. Hər bir halda "xxxx" MMC tərəfindən müəyyən edilmiş qiymətlərin "xxxx" MMC tərəfindən müəyyən edilmiş müvafiq qiymətlərdən aşağı olduğu aşkardır. Məhkəmə haqlı olaraq "xxxx" MMC tərəfindən müəyyən edilmiş qiymətləndirməni daha ağlabatan hesab edir. İlk növbədə, ona görə ki, artıq yuxarıda qeyd edildiyi kimi bu qiymətləndirmə baş vermiş hadisədən cəmi bir həftə sonra tərtib edilmişdir və məhkəmə hesab edir ki, bu müddət Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 925.1-ci ilə müəyyən edilmiş “mümkün olan ən qısa müddət” kimi (ən azından səkkiz ayla müqayisədə) qəbul ediləndir. Digər tərəfdən, "xxxx" MMC tərəfindən tərtib edilmiş aktda bu aktın nəyə görə (avtomobilin tam bərpası üçün lazım olan vəsaitin hesablanması), hansı avtomobillə (“Daihatsu Terios” markalı, ** AV *** dövlət qeydiyyat nişanlı) bağlı tərtib edildiyi açıq şəkildə qeyd edilmişdir. Belə olan halda məhkəmə haqlı olaraq bu aktda aparılan qiymətləndirməni əsaslı hesab etmişdir. İstinad edilən aktdan görünür ki, avtomobilə dəymiş zərər 4180 manat məbləğində qiymətləndirilmişdir. Məhkəmə kollegiyası təkrar qeyd edir ki, bu akt natamamdırsa və davamı varsa, bunu təqdim etmək iddiaçının vəzifəsi idi. Məhkəmə isə yalnız təqdim edilmiş sübutlar əsasında işə baxır. Bu baxımdan məhkəmə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “Daihatsu Terios” markalı, ** AV *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərəri 4180 manat məbləğində müəyyən edir. Bu halda isə İddiaçı SŞ ASC-nin subroqasiya qaydasında cavabdehdən əlavə pul tələb etməsi istisna edilməlidir, çünki, iddiaçı qəbul edir ki, cavabdehin idarə etdiyi avtomobilin sığortaçısı tərəfindən baş vermiş sığorta hadisəsinə görə 4919 manat məbləğində sığorta ödənişi edilmişdir. Bu məbləğ isə avtomobilə dəymiş zərəri tam kompensasiya etməyə artıqlaması ilə kifayət edir. Ümumiyyətlə, məhkəmə kollegiyası İddiaçı SŞ ASC tərəfindən faydalanan şəxsə hər hansı sığorta ödənişi edilməsini də kifayət qədər şübhəli hesab edir. Belə ki, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.6-cı maddəsinə əsasən, faydalanan şəxs - icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli olan şəxsdir. Hazırkı iş üzrə faydalanan şəxs baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində zərər dəymiş “Daihatsu Terios” markalı, ** AV *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi "xxxx" ASC-dir. Hansı ki, iş materiallarında olan sığorta aktında da "xxxx" ASC sığortalı kimi qeyd edilmişdir. Bununla belə həmin aktda sığorta ödənişinin sığortalı "xxxx" ASC-yə yox, "xxxx" MMC-yə ödənilməsi qeyd edilmişdir. Bu sığorta aktında bundan başqa qeyrimüəyyənliklər də aşkar edilmişdir. Məsələn, aktın sonunda - tarix hissəsində 11.05.2016-cı il tarixi qeyd edilsə də aktın yuxarı hissəsində 24.05.2016-cı il tarixi qeyd edilmişdir. Sonuncu tarix aktın İddiaçı SŞ ASC-nin İdarə Heyətinin sədri tərəfindən təsdiq edilmə tarixi kimi qəbul edilsə, bu o deməkdir ki, akt sığortaçı şirkət tərəfindən lazımınca təsdiq edilmədən müvafiq sığorta ödənişi "xxxx" MMC-nin hesabına ödənilmişdir. Çünki ödəniş tapşırığı 23.05.2016-cı il tarixlidir və həmin sənəddən görünür ki, həmin tarixdə İddiaçı SŞ ASC tərəfindən "xxxx" MMC-nin hesabına 6181 manat məbləğində pul köçürülmüşdür. Sığorta aktının tarixi ilə bağlı yuxarıda qeyd edilənlərin davamı olaraq, o da qeyd edilməlidir ki, ödəniş tapşırığında “ödənişin təyinatı və əsas” hissəsində “11.05.2016-cı il tarixli, 026942 saylı sığorta aktına əsasən sığorta ödənişi” qeydi edilmişdir. Üstəlik, o da nəzərə alınmalıdır ki, İddiaçı SŞ ASC baş vermiş sığorta hadisəsindən düz altı il keçdikdən sonra yuxarıda qeyd edilən qeyri-mötəbər sübutlara istinad edərək, hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Bu halda iddia müddətinin ötürülməsi istisna edilsə də baş vermiş hadisədən bu qədər uzun müddət sonra məhkəməyə müraciət etməklə iddiaçı faktiki olaraq cavabdehi öz mövqeyini dəstəkləyəcək sübutları toplamaq, iddiaya əks arqumentlərini təsdiq edəcək dəlilləri əldə etmək imkanından məhrum etmişdir. Çünki cavabdehin də izahatında bildirdiyi kimi əgər İddiaçı SŞ ASC hazırkı iddia ilə vaxtında məhkəməyə müraciət etsə idi, o, öz dəlillərini (maşına dəymiş real zərərin daha aşağı məbləğdə olması) əsaslandıracaq mötəbər sübutları məhkəməyə təqdim edə bilərdi. Hazırda isə cavabdeh bu imkandan məhrum olmuşdur və bunun səbəbi iddiaçının baş vermiş sığorta hadisəsindən altı il sonra məhkəməyə müraciət etməsidir. Göründüyü kimi, həm sığorta ödənişini təsdiq etmək üçün iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdəki bu uyğunsuzluq, həm də sığortalı "xxxx" ASC olduğu halda sığorta ödənişinin "xxxx" MMC-nin hesabına edilməsindəki qeyrimüəyyənlik sığortaçı İddiaçı SŞ ASC tərəfindən baş vermiş sığorta hadidəsi ilə əlaqədar həqiqətən də 6181 manat məbləğində sığorta ödənişi edilmiş olmasına əsaslı şübhə yaradır. Bu şübhələrin aradan qaldırılması üçün sübutlar təqdim edilməsi, ən azından, nəyə görə səkkiz ay sonra avtomobilə dəymiş zərəri qiymətləndirən "xxxx" MMC-yə “sığorta ödənişi” adı altında ödəniş edilməsinin izah edilməsi isə iddiaçının vəzifəsi olmuşdur. Buna baxmayaraq, bütün bu qeyd edilən hallarla bağlı iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Halbuki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmçinin, MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında göstərmişdir ki, ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə haqlı olaraq hesab etmişdir ki, baş vermiş sığorta hadisəsindən altı il sonra məhkəməyə iddia ərizəsi ilə müraciət edən İddiaçı SŞ ASC iddiasının əsasını təşkil edən halları təsdiq edəcək mötəbər sübutları məhkəməyə təqdim edə bilmədiyindən iddia əsassızdır və təmin edilməmilidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Kollegiya apellyasiya şikayətlərinə ümumlikdə qiymət verərək hesab edir ki, apellyasiya şikayətlərində qeyd olunanlar isə formal mülahizələrdən ibarət olmaqla, iş materialları ilə təkzib olunduğundan əsaslı sayıla və təmin edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla mübahisələndirilən hissədə iş üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5043/2021 saylı işi üzrə 13 dekabr 2021-ci il tarixli qətnaməsi qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 385.2, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh Dünyamalıyev Kərəm Cavanşir oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5043/2021 saylı işi üzrə 13 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar