Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-283/2024 14.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-283/2024 (Açar sözlər: mənzildən çıxarılma) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X3 və X2 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh2 və onun nümayəndə-vəkili Vəkil iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “mənzilin boşaldılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-258/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə 14 avqust 2024-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(008)- 196/2018 saylı qətnaməsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2014-cü il tarixli BAKU1-24505-10495 saylı kredit müqaviləsi üzrə 26342,22 ABŞ dolları əsas borc, 13924,79 ABŞ dolları faiz borcu və 1000 ABŞ dolları məbləğində dəbbə borcu, cəmi 41267,01 ABŞ dolları məbləğində borcun ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun manatla tutularaq "xxxx" MMC-ə ödənilməsi, tutmanın ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xətai küçəsi, X7 ərazisi, 2-ci döngə, 22 saylı fərdi yaşayış evinə yönəldilməsi və həmin fərdi yaşayış evinin açıq hərracda satılması və Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xətai küçəsi, X7 ərazisi, 2-ci döngə, 22 saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 65000 manat müəyyən edilməsi qət edilmişdir.
2. İpoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xətai küçəsi, X7 ərazisi, 2-ci döngə, 22 saylı fərdi yaşayış evini hərracdan "xxxx" MMC əldə etmiş və həmin əmlaka dair mülkiyyət hüququ barədə xx.xx.2021-ci il tarixli dövlət reyestrindən çıxarış almışdır.
3. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)- 371/2022 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh2 cavabdehlər "xxxx" MMC-yə, “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC-yə qarşı “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı "xxxx" MMC-nin mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xətai küçəsi, X7 ərazisi, 2-ci döngə, ev 22 ünvanında yerləşən 95.30 kv.m ümumi sahəsi olan 3 otaqlı fərdi yaşayış evinin boşaldılması, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 yaşayış sahəsindən istifadə hüququna xitam verilməklə məcburi qaydada mənzildən çıxarılması və 100 manat ödənilmiş dövlət rüsumunun əvəzinin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir
5. İddia onunla əsaslandırılmışdır ki, “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC tərəfindən keçirilmiş hərraclarda Cavabdeh2 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xətai küçəsi, X7 ərazisi, 2-ci döngə, ev 22 ünvanında yerləşən 95.30 kv.m ümumi sahəsi olan 3 otaqlı fərdi yaşayış evi satılmadığına görə xx.xx.2020-ci il tarixdə "xxxx" MMC tərəfindən əldə edilmiş və xx.xx.2021-ci il tarixində mülkiyyət hüququna dair çıxarışla rəsmilşdirilmişdir. Cavabdeh1 kredit öhdəliklərini vaxtlı vaxtında yerinə yetirmədiyi üçün "xxxx" MMC borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi ilə Sabunçu rayon Məhkəməsinə müraciət etmişdir. Sabunçu rayon Məhkəməsi xx.xx.2018-ci il tarixli 2(008)-196/2018 saylı qətnaməsi ilə iddia tələbini qismən təmin edərək 41267.01 ABŞ dolları kredit borcunun tutulmasını, tutmanın ipoteka predmetinə yönəldilməsini, ipoteka predmetinin 65000 manat ilkin satış qiymətilə açıq hərracdan satılmasını, qalan hissədə rədd edilməsini qət edilmişdir. Hazırda Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xətai küçəsi, X7 ərazisi, 2-ci döngə, ev 22 ünvanında yerləşən 95.30 kv.m ümumi sahəsi olan 3 otaqlı fərdi yaşayış evi AR ƏMDK DƏDRX-ın xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən "xxxx" MMCnin mülkiyyətindədir. Cavabdehlərə göndərilmiş xx.xx.2021-ci il tarixli məktubla yaşayış sahəsindən aylıq 2000 manat olmaqla kirayə müqaviləsi bağlamaq təklif edilmiş, xx.xx.2021-ci il tarixinədək belə müqavilə bağlanmayacağı halda yaşayış sahəsini tərk etmək tələb edilmişdir.
6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-258/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim Adilə Paşayeva) iddianın təmin edilməsi, "xxxx" MMC-nin mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xətai küçəsi, X7 ərazisi, 2-ci döngə, ev 22 ünvanında yerləşən 95.30 kv.m ümumi sahəsi olan 3 otaqlı fərdi yaşayış evinin boşaldılması, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 yaşayış sahəsindən istifadə hüququna xitam verilməklə məcburi qaydada mənzildən çıxarılması və 100 manat ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehlər tərəfindən "xxxx" MMC-ə ödənilməsi qət edilmişdir.
7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29cu maddələrinə, Azərbaycan Respublikasının ratifikasiya etdiyi «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi» haqqında Avropa Konvensiyanın 1 saylı xx.xx.1952-ci il tarixli Protokolunun 1-ci maddəsinə, Mülki Məcəllənin 152.1, 152.2, 152.3, 152.5, 157.1, 157.2, 157.4-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Apellyasiya şikayətində göstərilmişdir ki, iddiaçı "xxxx" MMC-nin “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə Sabunçu rayon Məhkəməsinin 2(008)-196/2028 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən apellyasiya şikayəti verilmişdir. Bununla bağlı məhkəmədə iş üzrə icraatın dayandırılması barədə tərəfimizdən xx.xx.2023-cü il tarixdə vəsatət verilsə də, məhkəmə tərəfindən vəsatət nəzərə alınmamış və iş üzrə qətnamə qəbul edilmişdir. Halbuki Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi qəbul edilərkən ciddi qanun pozuntularına yol verilmişdir. Həmçinin, mübahisəli fərdi yaşayış evi çıxarışda 3 otaqlı göstərilsə də, faktiki olaraq 5 otaqdan ibarətdir. Bununla bağlı məhkəmə qətnamədə heç bir münasibət bildirməmiş və cavabdehlərin həmin fərdi yaşayış evindən çıxarılmaları barədə qətnamə qəbul etmişdir. Göründüyü kimi, cavabdehlərin yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xətai küçəsi, X7, 2-ci döngə, ev 22 ünvanında yerləşən fərdi yaşayış evinin çıxarışda göstərilməyən digər 2 otağından çıxarılmalarına münasibətdə məhkəmə tərəfindən həll edilməmiş qalır. Qətnamədə işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilməmişdir. Nəticədə qətnamədə göstərilən hallar işin materiallarına uyğun deyildir. Məhkəmə iş üzrə bütün halları araşdırmadan, zəruri sübutlara düzgün hüquqi qiymət vermədən qərar qəbul etmişdir. Qətnamədə məhkəmənin əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar dəqiq göstərilməmişdir. öründüyü kimi məhkəmə cavabdehin hüquqlarının qorunmasını təmin etməmiş, formal xarakterli və hüquqi cəhətdən əsaslandırılmamış qətnamə qəbul etmişdir. Məhkəmə yalnız iddiaçının göstərdiyi məlumatları sadalamaqla kifayətlənmiş, hər bir sübutu qətnamədə şərh etməmiş, sübutlar əlaqələndirilməmiş və sübutun işə hansı aidiyyətinin olmasını müəyyən etməmişdir. cavabdehin göstərdiyi sübutlara isə ümumilikdə heç bir qiymət verməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Proses iştirakçılarının izahatı
11 Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
12. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 və onun nümayəndə-vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
13. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər cavabdehlər məhkəmə iclasına gəlmədiklərindən və bunun səbəbləri barədə məlumat vermədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
14. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
15. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
16. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
“İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu (xx.xx.2018-ci il tarixədək qüvvədə olan redaksiyada)
17. Maddə 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda, ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci 1 ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun.
18. Maddə 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda, həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmənin qərarı əsasında məcburi qaydada çıxarılırlar.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
22. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
25. Qətnamə yalnız Cavabdeh2 tərəfindən mübahisələndirildiyindən, hazırki apellyasiya baxışının predmetini qətnamənin yalnız həmin cavabdehə aid hissədə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə (Cavabdeh2 aid hissədə) dəyişdirilmədən saxlanılmalıdır.
27. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xətai küçəsi, X7 ərazisi, 2-ci döngə, ev 22 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında "xxxx" MMCnin adına xx.xx.2021-ci il tarixdə rəsmiləşdirilmişdir.
28. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(008)-196/2018 saylı qətnaməsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2014-cü il tarixli BAKU1-24505-10495 saylı kredit müqaviləsi üzrə 26342,22 ABŞ dolları əsas borc, 13924,79 ABŞ dolları faiz borcu və 1000 ABŞ dolları məbləğində dəbbə borcu, cəmi 41267,01 ABŞ dolları məbləğində borcun ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun manatla tutularaq "xxxx" MMC-ə ödənilməsi, tutmanın ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xətai küçəsi, X7 ərazisi, 2-ci döngə, 22 saylı fərdi yaşayış evinə yönəldilməsi və həmin fərdi yaşayış evinin açıq hərracda satılması və Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xətai küçəsi, X7 ərazisi, 2ci döngə, 22 saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 65000 manat müəyyən edilməsi qət edilmişdir.
29. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3366/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(008)-196/2018 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpası barədə Cavabdeh2 ərizəsinin təmin edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-196/2018 saylı xx.xx.20230-cü il tarixli qərardadı ləğv edilmiş, Cavabdeh2 qeyd edilən ərizəsinin rədd edilməsi qərara alınmışdır.
30. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-371/2022 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh2 cavabdehlər "xxxx" MMC-yə, “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC-yə qarşı “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir.
31. xx.xx.2014-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizələrin surətindən görünür ki, Cavabdeh1, X1, Cavabdeh4 öz imzaları ilə təsdiq edərək, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xətai küçəsi, X7 ərazisi, 2-ci döngə, ev 22 ünvanında yerləşən fərdi yaşayış evinin ipoteka (girov) qoyulmasına etiraz etməmişlər.
32. Beləliklə, işin faktiki hallarına qanunvericiliyin sadalanan normaları baxımından qiymət verərək kollegiya hesab edir ki, Cavabdeh2 Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xətai küçəsi, X7 ərazisi, 2-ci döngə, ev 22 ünvanında yerləşən fərdi yaşayış evində hazırda qanunsuz olaraq məskunlaşmış, bu səbəbdən iddiaçı onun mülkiyyətində olan əmlaka dair sahiblik, istifadə hüquqlarını həyata keçirə bilmir.
33. Məhkəmə kollegiyası qeyd edir ki, Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir.
34. Məhkəmə kollegiyası cavabdehin mübahisəli mənzili tərk etməməsini iddiaçının mülkiyyət hüququna qəsd kimi qiymətləndirərək hesab edir ki, mülkiyyət hüququnun qorunması və bərpa edilməsi, mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün cavabdehin həmin əmlakdan qanunsuz istifadəsinə son qoyulmalıdır.
35. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından açıq-aşkar əsaslandırılmamış və həmin dəlillərlə bağlı hər hansı sübut təqdim edilməmişdir.
36. Apelyasiya şikayətinin dəlilləri əsassız olmaqla, qanuni və əsaslı olan qətnamənin ləğv edilməsinə əsas vermir və bu səbəbdən apellyasiya şikayəti təmin edilmədən, qətnamə isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-258/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə (Cavabdeh2 aid hissədə) dəyişdirilmədən saxlanılsın. İş üzrə ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova