Məhkəmə qərarları › İş №2(103)-2831/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2831/2021

16.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2831/2021 16.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və X3 ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Əsəd Bayramovun iştirakı ilə, İddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Cavabdeh İstehsalat Birliyi “Radioquraşdırma” Zavoduna qarşı (üçüncü şəxs X10 və 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi) “yataqxanada yaşayış sahəsi ilə bağlı orderin verilməsi barədə birgə qərarın (protokolun), qərara (protokola) əsasən verilmiş orderin etibarsız hesab edilməsi və yaşayış sahəsinə istifadə hüququnun itirilməsi” tələbinə dair Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, (011)- 5315/2020 nömrəli qətnaməsindən cavabdeh X1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Cavabdeh İstehsalat Birliyi “Radioquraşdırma” Zavoduna qarşı iddia ərizəsi və ona əlavə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İstehsalat Birliyi “Radioquraşdırma” Zavodu tərəfindən Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 4 ünvanında yerləşən yataqxana binasının 54 saylı mənzilinə dair X7 adına yazılan xx xxxxxx 2005-ci il tarixli, 35 saylı orderin verilməsinə əsas olmuş 50 saylı protokolla rəsmiləşdirilmiş xx xxxx 2005-ci il tarixli birgə qərarın, Bakı “Radioquraşdırma” İstehsalat Birliyinin xx xxxxxx 2004-cü il tarixli, 41 saylı birgə qərarının (protokolun), Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 4 ünvanındakı yataqxana binasının 3-cü mərtəbəsində yerləşən yaşayış sahəsi 18 kv.metr olan 54 saylı mənzilinə dair X7 adına yazılmış Bakı “Radioquraşdırma” İstehsalat Birliyinin xx xxxxxx 2005-ci il tarixli, 35 saylı orderinin etibarsız hesab edilməsi və X7 yaşayış sahəsinə istifadə hüququnun itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, vətəndaş X10 Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinə xx xxxxx 2019-cu il tarixdə yazılı ərizə ilə müraciət edərək təqdim etdiyi Bakı “Radioquraşdırma” İstehsalat Birliyinin xx xxxxxx 2005-ci il tarixli, 35 saylı orderin və adıçəkilən müəssisənin həmkarlar ittifaqı komitəsinin müdiriyyətinin əmək kollektivi şurasının və MMK-nın birgə növbəti iclasının xx xxxxxx 2004-cü il tarixli, 41 saylı protokolundan çıxarışın kserosurətlərinə əsasən Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 4 ünvanında yerləşən yataqxana binasının 54 saylı mənzilinə dair onunla kirayə müqaviləsi bağlanmasını xahiş etmişdir. Qeyd edilən yataqxanada məskunlaşdırılmış 63 məcburi köçkün ailəsi mənzilləri zəbt etməmişlər. Onlar 1992-1993-cü illərdə aidiyyəti dövlət orqanları tərəfindən məlum məsələlərə görə həmin ünvanda yerləşən dövlət mənzil fonduna aid yaşayış sahələrində məskunlaşdırılmışlar və yataqxanada otaqlar yaşamaq üçün onların istifadəsinə verilmişdir. Müəyyən edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 4 saylı yataqxana binasının 54 saylı mənzilində 1993-cü ildən Ağdam rayonundan məcburi köçkün kimi X5, 2 oğlu Emin və Ayaz Səfərovlar, 2 gəlini Afərin və Gözəl Səfərovalar, 3 nəvəsi Nazilə, Vaqif və Əli Səfərovlar məskunlaşdırılmış, həmin məcburi köçkün ailələri Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin müvafiq qurumları tərəfindən 2018-ci ilin iyul ayında məcburi köçkünlər üçün salınmış şəhərciyə köçürülmüşlər. X2 rayonu, S.Ə.Şirvani küçəsi, 4A ünvanında yerləşən yataqxana binasının 13 saylı mənzilində qeydiyyatda olmaqla yaşamasına baxmayaraq, xx xxxxxx 2005-ci il tarixli, 35 saylı orderi əldə edərək, Xətai rayonu, Cavanşir küçəsi, 4 saylı yataqxana binasının 54 saylı mənzilin qapısını bağlayaraq ələ keçirməyə cəhd edir. Məcburi köçkün ailəsi köçürüldükdən sonra X10 qeyd edilən binanın 54 saylı mənzilini əldə etmək məqsədilə qapısını bağlamışdır və nəticədə dövlət mənzil fonduna aid yaşayış sahələri üzərində balanssaxlayan təşkilat tərəfindən idarəçilik hüquqlarının həyata keçirilməsinə maneə törədir. O, qanunsuz hərəkətini onunla əsaslandırmışdır ki, məcburi köçkün ailəsi yaşadığı halda güya Bakı “Radioquraşdırma” İstehsalat Birliyinin müvəqqəti yaşamaq üçün adına yazılmış xx xxxxxx 2005-ci il tarixli, 35 saylı yataqxana orderi ilə faktiki olaraq boş olmayan 54 saylı mənzil onun istifadəsinə verilmişdir. Elçin Abbasovun əldə etdiyi xx xxxxxx 2005-ci il tarixli, 35 saylı orderlə bağlı Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinə sorğu verilmiş, Cavabdeh İstehsalat Birliyi “Radioquraşdırma” zavodunun xx xxxxxx 2020-ci il tarixli, 17/11 saylı cavab məktubu ilə Elçin Abbasovun barəsində Departamentə təqdim edilmiş məlumatda bildirilmişdir ki, o, xx xxxxxx 1982-ci il tarixdən xx xxxx 1991-ci il tarixədək “Radioquraşdırma” zavodunda işləmişdir. Lakin məcburi köçkün ailəsinin yaşamasına baxmayaraq, Bakı “Radioquraşdırma” İstehsalat Birliyi tərəfindən 50 saylı protokolla rəsmiləşdirilmiş xx xxxx 2005-ci il tarixli qərara və xx xxxxxx 2004-cü il tarixli, 41 saylı protokola əsasən xx xxxxxx 2005-ci il tarixli, 35 saylı yataqxana orderi ilə 54 saylı mənzil ona verilmişdir. Goründüyü kimi qeyd edilən protokol və order mənzil qanunvericiliyinin tələbləri kobud şəkildə pozulmaqla əldə edilmişdir. Belə ki, Elçin Abbasovun müəssisə ilə əmək münasibətlərinə xx xxxx 1991-ci il tarixdə xitam verilmiş, bundan 14 il 5 ay müddət keçəndən sonra o, qeyd edilən yataqxana orderini əldə etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, (011)- 5315/2020 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. İddiaçı apelyasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətini onunla əsaslandırır ki, "Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxxx 1992-ci il tarixli, 2 №-li Qərarına (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxx 1994-cü il tarixli, 4 saylı və xx xxxxxx 1998-ci il tarixli, 4 saylı qərarları ilə edilmiş düzəlişlərlə) əsasən Mülki Məcəllənin 85-ci maddəsinə müvafiq olaraq vətəndaşların qanunsuz yiyələnib mülkiyyətlərinə daxil etdikləri mənzillərin qaytarılmasına dair tələblərə iddia müddəti şamil edilmir. Mövcud mənzil qanunvericiliyinə uyğun olaraq sosial kirayə müqavilələrinə əsasən yaşayış sahələri, yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış aztəminatlı vətəndaşlara verilməsi müəyyən edilmişdir. xx xxxxxxx 2009-cu il tarixə kimi qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 48-ci maddəsinə görə, dövlət və ictimai mənzil fondu evində yaşayış sahəsinə köçmək üçün yeganə əsas verən sənəd order sayılır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Müddətsiz verilən orderin hüquqi qüvvəsi yoxdur. Məlumat üçün bildirirlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli, 131s nömrəli Sərəncamına əsasən Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli, 294 saylı sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan sosial-mədəni və məişət-kommunal təyinatlı obyektlər, o cümlədən Xətai rayonu, Cavanşir küçəsi, 4 saylı ünvanda yerləşən subay işçilərin işlədikləri müddətdə yaşamaları üçün inşa edilmiş yataqxana binası da dövlət mənzil fonduna aid edilməklə Departamentin balansa qəbul edilmişdir. Göstərilən bina balansa qəbul edilərkən məcburi köçkünlərin məskunlaşdırıldığı yaşayış sahələrinə ayrı-ayrı şəxslərin adına orderlərin verilməsinə dair heç bir sənəd təhvil verilməmişdir. Yataqxana binası balansa qəbul edilən vaxt tam məskunlaşdırılmışdır. Bina uzun müddət təmirsiz istismar olunduğundan, aşınmaya məruz qalmış və qüvvədə olan sanitar-texniki normaların pozulması ilə yanaşı binanın əlavə konstruktiv yüklənməsinə və istismar müddətinin azalmasına səbəb olmuşdur. Belə ki, binanın divarlarındakı hörgü daşlarında çoxlu sayda çatların yaranması, üzlük daşlarının tökülməsi, bütün mərtəbələrdə mətbəxt və sanitar qovşaqların boşluqlu tavalarının bir çox armaturlarının ciddi korroziyaya uğrayaraq beton mühafizə qatının dağılması, panellərdə əyintilərin əmələ gəlməsi, eləcə də bütün eyvan tavalarının yükgötürmə qabiliyyətlərini itirməsi ve bu kimi digər hallann mövcud olması müşahidə olunmuşdur. Binanın təcili olaraq yuklüyünün azaldılmasına ciddi ehtiyac yaranmışdır. Bundan əlavə, binada dövlət vəsaiti hesabına bərpa və gücləndirmə işlərinin aparılması iqtisadi cəhətdən səmərəsizdir. Bu səbəbdən də, orada yaşayan sakinlər müxtəlif dövlət orqanlarına kollektiv müraciətlər edərək, mənzil şəraitlərinin yaxşılaşdırılması üçün yeni mənzillərlə təmin olunmalarını xahiş etmişlər. Azərbaycan Respublikası Prezidentinin "Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" xx xxxxxx 2011-ci il tarixli, 1346 nömrəli Sərəncamı ilə təsdiq edilmiş müvafiq X4 nəzərdə tutulmuş tədbirlər çərçivəsində qeyd edilən yataqxanada məskunlaşdırılmış 63 məcburi köçkün ailəsindən 57 ailə 2018-ci ilin iyul ayında Azərbaycan Respublikası Qaçqınların ve X8 üzrə Dövlət Komitəsinin müvafiq qurumları tərəfindən yeni mənzillərə köçürülmüş və bu barədə yuxan dövlət orqanlanna müvafiq qaydada hesabat məlumatları verilmişdir. 6 ailə isə müxtəlif səbəblərdən köçmədiklərinə görə faktiki olaraq həmin ünvanda yaşayırlar. Göründüyü kimi qeyd edilən yataqxanada məskunlaşdırılmış 63 məcburi köçkün ailəsi mənzilləri zəbt etməmişlər. Onlar 1992-1993-cü illərdə aidiyyəti dövlət orqanları tərəfindən məlum məsələlərə görə həmin ünvanda yerləşən dövlət mənzil fonduna aid yaşayış sahələrində məskunlaşdırılmışlar və yataqxanada otaqlar yaşamaq üçün onların istifadəsinə verilmişdir. Müəyyən edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 4 saylı yataqxana binasının 54 saylı otağında 1993-cü ildən Ağdam rayonundan məcburi köçkün kimi X5, 2 oğlu Emin və Ayaz Səfərovlar, 2 gəlini Afərin və Gözəl Səfərovalar, 3 nəvəsi Nazilə, Vaqif və Əli Səfərovlar məskunlaşmış, həmin məcburi köçkün ailəsi Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin müvafiq qurumlan tərəfindən 2018-ci ilin iyul ayında məcburi köçkünlər üçün salınmış şəhərciyə köçürülmüşdür. X10 qeyd edilən binanın 54 saylı mənzilindən məcburi köçkün ailəsi köçürüldükdən sonra həmin otağı gələcəkdə ələ keçirmək məqsədilə qapısını bağlamış, lakin bir gün də olsun həmin mənzildə yaşamamışdır. Belə ki, o, ailə üzvləri ilə birlikdə əvvəllər Bakı "Radioquraşdırma" İstehsalat Birliyinə məxsus olmuş, hal-hazırda dövlət mənzil fonduna aid olan ünvan 3 mənzil 13 ünvanında qeydiyyatdadır və faktiki olaraq orada yaşayır. Bakı "Radioquraşdırma" İstehsalat Birliyi ilə E.Q.Abbasovun əmək münasibətlərinə xx.xx.1991ci il tarixdə xitam verilmişdir. Onun başqa ünvanda mənzili olmasına, orada ailə üzvləri ilə birlikdə qeydiyyatda olmaqla yaşamasına baxmayaraq, o, müəssisə ilə əmək münasibətlərinə xitam veriləndən 14 il 5 ay müddət keçəndən sonra gələcəkdə ələ keçirmək məqsədilə əsassız və qanunsuz olaraq xx.xx.2005-ci il tarixli, 35 saylı yataqxana orderini əldə etmişdir. Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1980-ci il tarixli, 363 nömrəli qərarı ilə təsdiq edilmiş "Yataqxanalar haqqında nümunəvi Əsasnamə"nin 2-ci bəndinin İİİ hissəsinə əsasən "Yataqxanalar aşağıdakı tipdə ola bilər: çarpayı tipli kişi ve qadın yataqxanaları, bu halda 1 otaqda bir neçə nəfər yaşayaraq ayrı-ayrı çarpayıları tuturlar; yaxud otaq tipli yataqxana, bu halda həmin müəssisədə, idarədə, təşkilatda işlədiyi (oxuduğu müddətdə) orada yaşayana və onun ailə üzvlərinə müstəsna olaraq bir və ya ayrı-ayrı hallarda birdən artıq otaq verilir". X2 rayonu, S.Ə.Şirvani küçəsi, 4A ünvanında yerləşən yataqxana binasının 13 saylı mənzildə qeydiyyatda olmaqla yaşamasına baxmayaraq, xx.xx.2005-ci il tarixli, 35 saylı orderi əldə edərək, Xətai rayonu, Cavanşir küçəsi, 4 saylı yataqxana binasının 54 saylı mənzilin qapısını bağlayaraq ələ keçirməyə cəhd edir. Bununla da, "Yataqxanalar haqqında nümunəvi Əsasnamə"nin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli, 131s nömrəli sərəncamın əlavəsində göstərilən siyahı üzrə yataqxana binaları xx.xx.2014-cü il tarixli təhvil-qəbul aktına əsasən balansa götürülmüş, həmin yataqxanalarda 1992-1993-cü illərdə məskunlaşdırılmış çoxsaylı məcburi köçkün ailələrinin istifadəsinə verilmiş mənzillərə dair ayn-ayn şəxslərin adlarına orderlərin verilməsi barədə sənədlər təqdim edilməmiş, ona görə də, təhvil-təslim aktında da sənədlərin təhvil verilməsi barədə məlumat öz əksini tapmamışdır. Məcburi köçkün ailəsi istifadəsində olan mənzildən köçürüldükdən sonra X10 54 saylı mənzili əldə etmək məqsədi ilə qapısını bağlamış və nəticədə dövlət mənzil fonduna aid yaşayış sahəsi üzərində balanssaxlayan təşkilat tərəfindən idarəçilik hüquqlarının həyata keçirilməsinə maneə törədir. Qanunsuz hərəkətini onunla əsaslandırmışdır ki, məcburi köçkün ailəsi yaşadığı halda güya Bakı "Radioquraşdırma" İstehsalat Birliyinin xx.xx.2005-ci il tarixli, 35 saylı müvəqqəti yaşamaq üçün verilmiş yataqxana orderi ilə faktiki olaraq boş olmayan 54 saylı mənzil onun istfadəsinə verilmişdir. E.Q.Abbasovun əldə etdiyi xx.xx.2005-ci il tarixli, 35 saylı orderlə bağlı Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinə sorğu verilmiş, "Cavabdeh" İstehsalat Birliyi "Radioquruşdırma" zavodunun xx.xx.2020-ci il tarixli, 17/11 saylı cavab məktubu ile E.Q.Abbasovun barəsində Departamcntə təqdim edilmiş məlumatda bildirilmişdir ki, o, xx.xx.1982-ci il tarixdən xx.xx.1991-ci il tarixədək "Radioquraşdırma" zavodunda işləmişdir, "şəxsin mənzillə təmin edilib-edilməməsi barədə məlumatımız yoxdur". Lakin məcburi köçkün ailəsinin yaşamasına baxmayaraq, guya Bakı "Radioquraşdırma" İstehsalat Birliyi tərəfindən 50 saylı protokolla rəsmiləşdirilmiş xx.xx.2005-ci il tarixli qərara və xx.xx.2004-cü il tarixli, 41 saylı protokola əsasən xx.xx.2005-ci il tarixli, 35 saylı yataqxana orderi ilə 54 saylı mənzil ona verilmişdir. Göründüyü kimi qeyd edilən protokol və order mənzil qanunvericiliyin tələbləri kobud şəkildə pozulmaqla əldə edilmişdir. Belə ki, E.Q.Abbasovun müəssisə ilə emək münasibətlərinə xx.xx.1991-ci il tarixdə xitam verilmiş, bundan 14 il 5 ay müddət keçəndən sonra o, qeyd edilən yataqxana orderini əldə etmişdir. Qanunvericiliyin normalarının tələblərinə əsasən yataqxanalarda yaşayış sahələri yalnız iş (və ya təhsil) dövründə yaşamaq (və ya təhsil almaq) üçün verilməsi təsbit edilmiş, yeni idarə, müəssisə və təşkilatlarla yalnız əmək münasibətlərində olan, müəssisədə faktiki olaraq işləyən, yaşayış sahəsinə ehtiyacı olan qismində həmin müəssisədə mənzil uçotunda olan vətəndaşlar iş dövründə yaşamaq üçün yataqxanadan istifadə edə bilər. Belə ki, məcburi köçkün ailəsinin faktiki olaraq sahiblik edərək istifadəsində olan boş olmayan 54 saylı mənzilə dair X7 əldə etdiyi orderin verilməsinə əsas kimi göstərilmiş 50 saylı protokolla rəsmiləşdirilmiş xx.xx.2005-cı il tarixli birgə qərarın, xx.xx.2004-cü il tarixli, 41 saylı protokolun və xx.xx.2005-ci il tarixli, 35 saylı orderin hüquqi əsası olmamış və bununla bağlı zavodun arxivində heç bir sənəd aşkarlanmamışdır. X7 adına yazılmış order mənzil qanunvericiliyinin tələblərinə zidd olduğundan etibarsız hesab edilməlidir. Bundan əlavə, məhkəmə qətnaməsində göstərilmişdir ki, "Üfuq" İstehsalat Birliyi "Radioquruşdırma" zavodunda X9 xx.xx.2005-ci il tarixli, 35 saylı order yazılarkən guya mənzil növbəsində olmuşdur. İş materiallarında isə onun mənzil növbəsində olduğuna dair hər hansı bir hüquqi sənəd olmamış, lakin məhkəmə iddianın rədd edilməsi barədə qətnamə qəbul edərkən hansı sübutlara əsaslandığı anlaşılmır. Belə ki, iddiaçı Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin cavabdeh "Üfiiq" İstehsalat Birliyi "Radioquruşdırma" zavoduna qarşı - "yataqxanada yaşayış sahəsi ilə bağlı orderin verilməsi barədə birgə qərarın (protokolun) etibarsız hesab edilməsi, qərara (protokola) əsasən verilmiş orderin ləğv edilməsi və yaşayış sahəsinə istifadə hüququnun itirilməsi" barədə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi xx xxxxxxx 2020-ci il tarixli, 2(011)-5315/2020 saylı qətnamə çıxararkən məhkəmə maddi və prosessual hüquq normalarını kobud şəkildə pozmuş və düzgün tətbiq etməmiş, hüququn tətbiq edilməsində səhv buraxmış, tətbiq edilməli olan qanunu və ya digər normativ hüququ aktı tətbiq etməmiş, qanunu səhv təfsir etmişdir. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamenti Cavabdeh İstehsalat Birliyi “Radioquraşdırma” Zavoduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qeyd edilən yataqxanada mübahisəli yaşayış sahəsinə dair orderin verilməsi barədə birgə qərarın (protokolun), qərara (protokola) əsasən verilmiş orderin etibarsız hesab edilməsini və üçüncü şəxs X7 həmin yaşayış sahəsinə istifadə hüququnun itirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisəli yaşayış sahəsinə dair orderin verilməsi barədə birgə qərarın (protokolun), qərara (protokola) əsasən verilmiş orderin etibarsız hesab edilməsi barədə iddia tələbini təmin etməməklə qanuni və əsaslı nəticəyə gəlmiş, lakin mübahisələndirilən orderin məxsus olduğu X10 cavabdeh kimi cəlb olunmadan onun mübahisəli yaşayış sahəsinə istifadə hüququnun itirilməsi barədə tələbi mahiyyəti üzrə əsassız hesab edərək iddianı rədd etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər (54.1.). İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır (54.2.). Baxılan iş üzrə iddiaçı tərəfindən işə birinci instansiya məhkəməsində baxılarkən cavabdehin əsl cavabdehlə əvəz olunması barədə ərizə verilməmiş, bu məsələ müzakirə predmeti olmamışdır. Buna baxmayaraq məhkəmə iş üzrə iddia tələbinə cavab verməli olmayan şəxsə qarşı verilmiş iddia tələbinə mahiyyəti üzrə baxaraq iddianı təmin etmişdir. MPM nəzərdə tutur ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (385.1.1). İşə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir (maddə 387.2.2). Mülki prosessual qanunvericiliyə əsasən cavabdehin əsl cavabdehlə əvəz edilməsi birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edilənədək mümkün olduğundan Məhkəmə kollegiyası hazırkı icraat çərçivəsində həmin məsələnin müzakirəsini və həllini mümkün hesab etmir. Məhkəmə kollegiyası, həmçinin hesab edir ki, apellyasiya baxışı zamanı cavabdehin əsl cavabdehlə əvəz edilməsi və ya əlavə cavabdehin cəlb edilməsi işə yeni qoşulan cavabdehi bir sıra mühüm prosessual hüquqlardan, o cümlədən üçpilləli məhkəmə müdafiəsi hüququnda məhrum etmiş olmaqla, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi prinsiplərinə zidd olardı. Qeyd edilənlərə görə apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmaqla iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hazırkı iş üzrə mübahisə edilən order xx xxxxxx 2005-ci tarixdə verilmişdir. Odur ki, hazırkı mübahisəyə xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 49-cu maddəsinin 1-ci abzasının tələbinə əsasən, mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacları haqqında vətəndaşların həqiqi vəziyyətə uyğun gəlməyən məlumat təqdim etdikləri, orderdə göstərilmiş yaşayış sahəsi üçün başqa vətəndaşların və ya təşkilatların hüquqlarının pozulduğu, yaşayış sahəsi verilməsi məsələsinin həllində vəzifəli şəxslərin hüquqa uyğun olmayan hərəkətlər etdikləri hallarda, habelə yaşayış sahəsi verilməsi qaydasının və şərtlərinin pozulduğu başqa hallarda yaşayış sahəsi orderi məhkəmə qaydasında etibarsız hesab oluna bilər. Həmin Məcəllənin 49-cu maddəsinin 2-ci abzasına əsasən, orderi etibarsız hesab etmək haqqında tələb orderin verildiyi gündən etibarən üç il ərzində irəli sürülə bilər. Hazırkı iş üzrə mübahisəli mənzilə order xx xxxxxx 2005-ci il tarixdə verilmişdir. Mübahisəli otağın yerləşdiyi ünvandakı yataqxana xx xxxx 2013-cü il tarixdə iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına verilmişdir. Lakin iş üzrə iddia tələbi məhkəməyə orderin özündə göstərilən onun verilməsi tarixindən təxminən 15 il, iddiaçının mübahisəli otaqların yerləşdiyi yataqxananı öz balansına qəbul etdiyi tarixdən 6 ildən artıq müddət keçdikdən sonra verilmişdir. Bununla da orderin etibarsızlığı ilə bağlı müəyyən edilmiş müddət ötürülmüşdür. Beləliklə, toplanmış sübutlara məcmu halında qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, mübahisəli yaşayış sahəsinə dair orderin etibarsız hesab edilməsi barədə tələb üçün üç illik mübahisələndirmə müddəti keçdiyindən Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin hazırkı iddia tələbi rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, (011)-5315/2020 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Cavabdeh İstehsalat Birliyi “Radioquraşdırma” Zavoduna qarşı “Cavabdeh İstehsalat Birliyi “Radioquraşdırma” Zavodu tərəfindən Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 4 ünvanında yerləşən yataqxana binasının 54 saylı mənzilinə dair X7 adına yazılan xx xxxxxx 2005-ci il tarixli, 35 saylı orderin verilməsinə əsas olmuş 50 saylı protokolla rəsmiləşdirilmiş xx xxxx 2005-ci il tarixli birgə qərarın, Bakı “Radioquraşdırma” İstehsalat Birliyinin xx xxxxxx 2004-cü il tarixli, 41 saylı birgə qərarının (protokolun), Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 4 ünvanındakı yataqxana binasının 3-cü mərtəbəsində yerləşən yaşayış sahəsi 18 kv.metr olan 54 saylı mənzilinə dair X7 adına yazılmış Bakı “Radioquraşdırma” İstehsalat Birliyinin xx xxxxxx 2005-ci il tarixli, 35 saylı orderinin etibarsız hesab edilməsi və X7 yaşayış sahəsinə istifadə hüququnun itirilməsi barədə” iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar