Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2832/2022 07.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublika Xammal və Birjası Cavabdeh MMCyə qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-2832/2022 (Açar sözlər: qiymətləndirmə hesabatının ləğvi) Bakı şəhəri 07 dekabr 2022-ci il Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublika Xammal və Birjası Cavabdeh MMC-yə qarşı qiymətləndirmə hesabatının ləğv olunması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 yanvar 2022-ci il tarixli 2(005)-161/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 07 dekabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin 05/20 saylı, xx.xx.2021-ci il tarixli sifariş məktubu və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1847 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən İddiaçı məxsus Sumqayıt şəhəri, məhəllə 42, Koroğlu prospektində yerləşən qeyri-yaşayış sahəsinin Azərbaycan Respublika Xammal və Birjası Cavabdeh MMC-nin xx.xx.2021-ci il tarixli 115 saylı hesabatına əsasən hərracdan ilkin satış qiyməti 355000 manat müəyyən olunmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdeh Azərbaycan Respublika Xammal və Birjası Cavabdeh MMC-yə qarşı qiymətləndirmə hesabatının ləğv olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Sumqayıt şəhəri, məhəllə 42, Koroğlu prospektində yerləşən qeyri-yaşayış sahəsinin Cavabdeh MMC tərəfindən qiymətləndirilməsi barədə xx.xx.2021-ci il tarixli, 115 saylı hesabatının ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin 05/20 saylı, xx.xx.2021-ci il tarixli, sifariş məktubuna və Yasamal Rayon Məhkəməsinin 2(004)-1847 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən ona məxsus Sumqayıt şəhəri, məhəllə 42, Koroğlu prospektində yerləşən qeyri-yaşayış sahəsinin Cavabdeh MMC tərəfindən həmin əmlakın tez reallaşdırılmasını (satışını) müəyyən edən, likvid qiymətini əks etdirən xx.xx.2021-ci il tarixli 115 saylı hesabatına əsasən sözügedən əmlakın hərracdan ilkin satış qiyməti 355.000 manat müəyyən olunmuşdur. Ona məxsus əmlakın bu məbləğdə qiymətləndirilməsi ilə razı deyil və hesab edir ki, yenidən müstəqil ekspert tərəfindən əmlakın qiymətləndirilməsi həyata keçirilıməlıidir. İpoteka predmeti olan mülkiyyətindəki əmlak qiymətindən çox aşağı məbləğdə qiymətləndirilmişdir. Mülkiyyətində olan daşınmaz əmlak kredit götürmək məqsədilə girov qoyulan zaman qiymətləndirmə aparılmış və qiymət 750.000-780.000 manat müəyyən edilmişdir ki, indiki qiymətlərlə bu qiymət 1.000.000 manat edir. Lakin göründüyü kimi, əmlak cavabdeh tərəfindən real bazar qiymətindən dəfələrlə az qiymətə, məhkəmə qərarı ilə müəyyən edilmiş qiymətdən isə 2 dəfədən az qiymətə qiymətləndirilmişdir. Qiymətləndirmənin aparılması üçün cavabdeh tərəfindən əmlaka baxış iştirakı olmadan həyata keçirilmişdir. Qiymətləndirilmənin aparılması barədə ona əvvəlcədən məlumat verilməmiş, yalnız, qiymətləndirilmə aparılan günü ona telefonla məlumat verərək daşınmaz əmlakın olduğu yerə dəvət eləmişdilər ki, həmin günü hava şəraitinin uyğunsuz olduğu və həmçinin pandemiya şərtlərini nəzərə alınmadığını məhkəmənin nəzərinə çatdırır. Qiymətləndirmənin yekun hesabatı ona xx.xx.2021-ci ildə təqdim olunmuş və hərracın təyin olunması barədə məlumatı da həmin tarixdə əldə etmişdir. Xüsusi olaraq əldə edilmiş daşınmaz əmlak bazarının vəziyyətini xarakterizə edən operativ məlumatlardan, daşınmaz əmlaka olan tələb və təklifdən, eləcə də digər etibarlı mənbələrdən əldə edilən real bazar məlumatlarından qiymətləndirmə zamanı istifadə edilməmişdir. Real bazar qiyməti 1.000.000 manata yaxın olan əmlakın ilkin satış qiymətinin 355.000 manat qiymətləndirilməsi qanunvericiliyin tələblərini, xususən də “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun müddəalarını pozaraq mülkiyyətində olan daşınmaz əmlaka real bazar qiymətinə açıq-aşkar uyğun gəlməyən qiymətə hərracdan satımasına nail olmaq istəyərək mülkiyyət hüquqlarını kobud surətdi pozurlar
4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-161/2022 nömrəli 14 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakim Kəmalə Əmirxanova) iddia təmin edilməmişdir.
5. Məhkəmə qeyd etmişdir ki, Sumqayıt şəhəri, məhəllə 42, Koroğlu prospektində yerləşən qeyri-yaşayış sahəsinin Cavabdeh MMC tərəfindən qiymətləndirilməsi barədə xx.xx.2021-ci il tarixli, 115 saylı hesabatında göstərilən məbləğlər əmlakın real qiymətinə tam uyğundur.
6. Məhkəmə öz mövqeyini “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 3, 7, 8-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 78.1, 80, 81, 103.1, 103.2, 107, 119.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayətini bir sıra digər dəlillərlə yanaşı ipoteka predmeti olan qeyriyaşayış obyektinin ilkin satış qiymətinin düzgün müəyyən edilməməsi arqumenti ilə əsaslandırmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Proses iştirakçılarının izahatı
10. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir. Eyni zamanda izahatında bildirmişdir ki, mübahisəli əmlak hal-hazırda "xxxx" ASC-nin mülkiyyətindədir. Qeyd etmişdir ki, sözügedən qeyri-yaşayış sahəsi ekspert rəyində qeyd olunduğu kimi köhnə təmirlidir əsas binanın bir hissəsinin beton konstruksiyaları şəkillərdə göründüyü kimi uçmuşdur və uçuq vəziyyətdədir.
11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
12. İddiaçı məhkəməyə ərizə göndərərək yeni vəkillə müqavilə bağlayacağını bildirib, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Lakin ərizədə qeyd etdiklərini təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Tətbiq edilən hüquq “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu
13. Maddə 3. Qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak qiymətləndirmə fəaliyyətinin obyektidir.
14. Maddə 7. Qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər.
15. Maddə 8 Qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxıla bilər. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır “İcra haqqında” Qanun
16. Maddə 51.1 Borclunun əmlakının qiymətləndirilməsi, tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. Qiymətləndirici icra məmuru tərəfindən dəvət olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
17. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
20. Maddə 387.2.4. İşdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələnin onların hüquqlarının pozulması ilə nəticələnməklə həll olunması, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsasdır. Apellyasiya baxışının hədləri
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
23. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Kollegiya ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 57.1-ci maddəsinə müvafiq olaraq mübahisəli əmlakın mülkiyyətçisi olan "xxxx" ASC-ni və əmlakın hərracda satışını sifariş edən Sumqayıt şəhəri üzrə İcra İdarəsini işə cəlb edərək məsələnin tam, hərtərəfli və obyektiv araşdırılmasına nail olmağa çalışmalı olduğu halda, bunu etməmiş, bu hal tam, hərtərəfli və obyektiv olmayan məhkəmə qərarının çıxarılması ilə nəticələnmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 57.1-ci maddəsinə əsasən, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər.
25. Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Prosessual Məcəllənin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunubolunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır”.
26. Məhkəmə kollegiyası iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, yuxarıda şərh olunanlar birinci instansiya məhkəməsinin qətnaməsinin prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və apellyasiya şikayətinin dəlillərindən asılı olmadan qətnamə ləğv edilərək işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Nəzərə alınmalıdır ki, yuxarıda qeyd olunduğu kimi, Mülki Prosessual Məcəllənin 387.2.4-cü maddəsi, işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələnin onların hüquqlarının pozulması ilə nəticələnməklə həll olunmasını, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab edir. Həmçinin nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
28. Apellyasiya icraatı zamanı "xxxx" ASC və Sumqayıt şəhəri üzrə İcra İdarəsi üçüncü şəxs qismində işə cəlb olunmuşlar.
29. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
32. Azərbaycan Respublika Xammal və Birjası Cavabdeh MMC-nin xx.xx.2021-ci il tarixli, 115 saylı Əmlakın qiymətləndirilməsi barədə hesabatın surətindən görünür ki, İddiaçı məxsus Sumqayıt şəhəri, məhəllə 42, Koroğlu prospektində yerləşən qeyri-yaşayış sahəsinin likvid qiyməti 355.000 manat təşkil edir.
33. “X3 Mərkəzi” MMC-nin xx.xx.2021-ci il tarixli, 125 saylı hesabatından görünür ki, Sumqayıt şəhəri, 42-ci məhəllə, Koroğlu prospekti ünvanında yerləşən ümumi sahəsi 1086.56 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinin qiymətləndirilmə tarixinə bazar dəyəri 705000 manat, likvid dəyəri 634500 manat müəyyən edilmişdir.
34. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 0058 nömrəli rəyə əsasən Sumqayıt şəhəri, 42-ci məhəllə, Koroğlu prospektində yerləşən ümumi sahəsi 1086,56 m2 olan qeyri-yaşayış sahəsinin bazar qiyməti 600.000 manat, likvid qiyməti 540.000 manat müəyyən edilmişdir.
35. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC tərəfindən məhkəməyə təqdim edilmiş “AİD CONSULTİNG" MMC-nin 08 iyun 2022-ci il tarixli qiymətləndirmə rəyinə əsasən sözügüdən əmlakın bazar qiyməti 379.000 manat, likvid qiyməti 342.000 manat, "xxxx" MMC-nin 16 may 2022-ci il tarixli qiymətləndirmə rəyinə əsasən bazar qiyməti 370.000 manat, likvid qiyməti 340.000 manat, “VECON CONSULTİNG" MMC-nin 10 may 2022-ci il tarixli qiymətləndirmə rəyinə əsasən bazar qiyməti 401.000 manat, likvid qiyməti 350.000 manat müəyyən edilmişdir.
36. Məhkəmə kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi 10/5081-9/5583 nömrəli xx.xx.2022-ci il tarixli rəyə əsasən Sumqayıt şəhəri, 42-ci məhəllə, Koroğlu prospektində yerləşən ümumi sahəsi 1086,56 m2 olan qeyri-yaşayış sahəsinin bazar qiyməti 320.000 manat, likvid qiyməti 288.000 manat müəyyən edilmişdir.
37. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilərək digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur.
38. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
38. Göründüyü kimi, iddia predmeti olan əmlakın likvid qiymətinin müəyyən edilməsi üçün aparılmış müvafiq tədqiqatların nəticələri arasında fərq müşahidə olunmuşdur. Ekspert rəyinin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu və əmlakın vəziyyəti (qeyri-yaşayış sahəsinin köhnə təmirli olması, əsas binanın bir hissəsində mərtəbə arası örtüyün (panellərin) uçduğunu) və dəyəri ilə bağlı bütün ekspertiza rəylərini müqayisəli şəkildə tədqiq edərək kollegiya belə nəticəyə gəlir ki, Sumqayıt şəhəri, məhəllə 42, Koroğlu prospektində yerləşən qeyri-yaşayış sahəsinin Cavabdeh MMC tərəfindən qiymətləndirilməsi barədə xx.xx.2021-ci il tarixli, 115 saylı hesabatında göstərilən məbləğlər əmlakın real qiymətinə tam uyğundur.
39. Mülki prosessual qanunvericiliklə müəyyən olunduğu kimi məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli və hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.
40. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublika Xammal və Birjası Cavabdeh MMC-yə qarşı qiymətləndirmə hesabatının ləğv olunması tələbinə dair iddia ərizəsi təmin edilməməlidir.
41. Kollegiya hesab edir ki, iddia təmin olunmadığından ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir
42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-161/2022 saylı iş üzrə 14 yanvar 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi təmin olunmasın. İş üzrə ödənilmiş dövlət rüsumları onu ödəmiş şəxsin (iddiaçının) özünə aid olunsun. Ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat İddiaçı tutularaq, X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov