Məhkəmə qərarları › İş №2(103)-2833/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2833/2020

10.03.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2833/2020 10.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər:Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, X7 və X9 ibarət tərkibdə, Məhkəmə iclas katibi X8, İddiaçılar İddiaçı və X5, Cavabdehin nümayəndəsi-vəkili X1 iştirakları ilə, İddiaçı və X3 Cavabdeh qarşı “mənzilə köçürmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(006)-6625/2018 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı və X10 Cavabdeh qarşı “mənzilə köçürmə” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, onların Bakı şəhəri, 20 Yanvar küçəsi 34 saylı evin, 33 saylı mənzilinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(006)-6625/2018 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, İddiaçı və X10 Bakı şəhəri, Nəsimi rayonu, 5 MKR, 20 yanvar küçəsi ev 34, 33 saylı mənzilə köçürülmüşlər. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçılardan biri Mehdiyeva Təhminə məhkəmə işə baxan zaman artıq yetkinlik yaşına çatmış, yəni 21 yaşı tamam olmuşdur. Bu vəziyyətdə məhkəmənin “Uşaq hüquqları haqqında” AR Qanununun müddəalarının Təhminə barəsində tətbiq edilməsi tamamilə məntiqsizdir. AR Ailə Məcəlləsinin 49-cu maddəsinə görə 18 yaşına çatmamış şəxslər uşaq hesab olunurlar. Lakin işin hallarından da görsənir ki, artıq Təhminə uşaq hesab oluna bilməz. Bundan başqa iddiaçıların digər yaşayış yeri olmaması arqumenti də tamamilə əsassızdır. Belə ki, iddiaçılardan biri, yəni İddiaçı Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Zabrat qəsəbəsi, Azadlıq küçəsi, 13 ünvanında yerləşən torpaq sahəsi əldə etmiş və həmin torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evində yaşayır. Təbii ki, əgər onun başqa yaşayış yeri olmasaydı, 2005-ci ildən bu günə kimi həmin mənzilə köçürülmə barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərdi. Həmçinin bu vaxta qədər bir dəfə də olsa, mübahisə predmeti olan mənzillə gəlib maraqlanardı. Lakin apellyasiya şikayətinə əlavə etdiyi qonşular tərəfindən tərtib edilmiş aktdan da görsənir ki, iddiaçılar 2005-ci ildən bu günə kimi bu mənzildə bir gün də olsun yaşamamışlar, bu mənzilə gəlməmişlər və bu mənzildə yaşamaq üçün heç bir cəhd etməmişlər. Onların hazırki iddiası da əslində mənzilə köçürülmə deyil, sadəcə ondan qisas almaq və tamah məqsədilə edilmiş hərəkətdir. Məhkəmə tərəfindən bu iddiaya baxılarkən AR MM-nin 373, AR AM-in 36.9, 49, AR MPM-nin 76, 78, 217-ci maddələrinin tələbləri pozulmuşdur. AR MM-nin 373-cü maddəsinə görə ümumi iddia müddəti 10 il təşkil edir. AR AM-nin 36.9-cu maddəsinə görə ər-arvad arasında olan münasibətlərə onların nikahı pozulduqdan sonra 3 illik iddia müddəti tətbiq olunur. İşin hallarından da görsənir ki, onunla iddiaçı arasında nikahları 2005-ci ildə pozulmuşdur. O, isə 2018-ci ildə ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmçinin işin hallarından da görsənir ki, onunla iddiaçı arasında nikah 1993-cü ildə bağlanmışdır və iddiaçı 1997-ci ildə bu evə köçmüşdür. Bu halda AR MPM-nin 217-ci maddəsinə görə bu iddiaya həmin vaxt qüvvədə olan AR Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Həmin vaxt qüvvədə olan AR Mənzil Məcəlləsinin 60-cı maddəsinə görə ailə üzvü üzürsüz səbəbdən daimi yaşayış yerini 6 aydan artıq müddətə tərk edərsə, onda o, həmin yaşayış yerindən istifadə hüququnu itirir. İşin hallarından da görsənir ki, iddiaçılar artıq 15 ildən çoxdur ki, heç bir üzürlü səbəb olmadan mübahisə predmeti olan mənzildə yaşamırlar. Təbii ki, belə bir vəziyyətdə də onların bu mənzildən istifadə hüquqları təmin oluna bilməz. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili X2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı və X12 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, təmin edilməməsini xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Belə ki, apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə və iddia tələbinin rədd edilməsinə yönəlmişdir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma nəticəsində müəyyən edilmişdir ki, tərəflərin nikahı xx.xx.2005-ci il tarixdə pozulmuşdur. Qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə İddiaçı azyaşlı qızı Təhminə ilə birlikdə Bakı şəhəri, 5-ci mikrorayon, 20 Yanvar küçəsi, 34 saylı evin, 33 saylı mənzilindən istifadə hüququ tanınmaqla onların həmin mənzildə passport qeydiyyatına alınması barədə Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin üzərinə vəzifə qoyulmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(006)-8750/2017 saylı qətnaməsi ilə X4 cavabdehlər İddiaçı və X6 qarşı “istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi rədd edilmişdir. Məhkəmə kollegiyası iddia tələbi ilə bağlı qeyd edir ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə iddiaçların Bakı şəhəri, 5-ci mikrorayon, 20 Yanvar küçəsi, 34 saylı evin, 33 saylı mənzilinə istifadə hüquqları tanınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin tələbinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göstərilən prosessual normanın tələbləri baxımından məhkəmə qeyd edir ki, mülki işin icraatı zamanı preyudisial (əvvəlki hal) faktlar da sübut olunmur. Sübutetmə predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. Məcburiliyi baxımından bütün digər orqanlar, vəzifəli şəxslər, təşkilatlar, vətəndaşlar bu aktın məzmunu ilə razılaşmalıdırlar. Artıq qüvvəyə minmiş qətnamənin faktiki əsasını təşkil edən hallar yeni mübahisə üçün də hüquqi əhəmiyyət kəsb etdikdə preyudisiya əlaqəsi yaranmış olur. İlk əvvəl iddia tələbi ilə bağlı qətnaməyə hüquqi qiymət verən məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə əsasən “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni, insanı yaşadığı mənzildən (ev) qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. İş materiallarından müəyyən olunur ki, iddiaçılar həmin mənzildə hal-hazırda qeydiyyatdadır. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə iddiaçıların həmin mənzilə istifadə hüquqlarının olması müəyyən edilmiş, cavabdeh tərəfindən iddiaçıların mübahisəli mənzildən istifadəsinin məhrum edilməsi isə qanuni olmamışdır. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, qanuni qüvvəsini almış məhkəmə qərarları mövcud olduğu halda cavabdehin stinad etdiyi hallar formal xarakter daşıyır və qətnamənin ləğv edilməsinə əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmiş və bu səbəbdən də, cavabdeh tərəfin dəlilləri əsaslı sayıla bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən iş üzrə toplanmış subutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hər tərəfli və tam baxdıqdan sonra həmin subutlara tədbiq edilməli hüquq normalarına uyğun olaraq düzgün hüququ qiymət vermiş və iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlik prinsipinə uyğun olaraq öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş və tərəflərin təqdim etdikləri subutlarla əsaslandırmışdır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə də, yuxarıda istinad edilən hallar, izahatlar, işin faktiki dəlilləri məhkəmə kollegiyasına apellyasiya şikayətinin əsassız olması, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsinin faktlar nöqteyi nəzərindən əsaslı olması, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi, bununla da birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qənaətinə gəlməsinə əsas verir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(006)- 6625/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(006)-6625/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən imza: Hakimlər imzalar: Əsli ilə düzdür: Hakim: Xumar Mərdanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar