Məhkəmə qərarları › İş №2(103)-2833/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2833/2021

18.05.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2833/2021 18.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi ilə, İddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Cavabdeh İstehsalat Birliyi «xxxx» Zavoduna (üçüncü şəxslər X8, 1 saylı Xüsusi Təyinatlı Mənzil- Kommunal Təsərrüfatı Birliyi) qarşı «yataqxanada yaşayış sahəsi ilə bağlı orderin verilməsi barədə birgə qərarın (protokolun), qərara (protokola) əsasən verilmiş orderin etibarsız hesab edilməsi və yaşayış sahəsinə istifadə hüququnun itirilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli, 2(011)-4821/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Cavabdeh İstehsalat Birliyi «xxxx» Zavoduna qarşı «yataqxanada yaşayış sahəsi ilə bağlı orderin verilməsi barədə birgə qərarın (protokolun), qərara (protokola) əsasən verilmiş orderin etibarsız hesab edilməsi və yaşayış sahəsinə istifadə hüququnun itirilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Cavabdeh İstehsalat Birliyi «xxxx» Zavodu tərəfindən ünvan 1 ünvanında yerləşən yataqxana binasının 67 saylı mənzilinə dair X2 adına yazılan 10 dekabr 2006-cı il tarixli, 0247 saylı orderin verilməsinə əsas olmuş 68 saylı protokolla rəsmiləşdirilmiş 06 dekabr 2006-cı il tarixli birgə qərarın, Bakı «xxxx» İstehsalat Birliyinin 09 noyabr 2004-cü il tarixli, 41 saylı birgə qərarının (protokolun), ünvan 1 ünvanında yerləşən yataqxana binasının 4-cü mərtəbəsində yerləşən yaşayış sahəsi 18 kv.m olan 67 saylı mənzilə dair Bakı «xxxx» İstehsalat Birliyi tərəfindən X2 adına yazılan 10 dekabr 2006-cı il tarixli, 0247 saylı orderin etibarsız hesab edilməsi və X2 mənzilə istifadə hüquqlarının itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, X8 Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinə 28 mart 2019-cu il tarixdə yazılı ərizə ilə müraciət edərək təqdim etdiyi Bakı «xxxx» İstehsalat Birliyinin 10 dekabr 2006-cı il tarixli, 0247 saylı orderin və adıçəkilən müəssisənin həmkarlar ittifaqı komitəsinin müdiriyyətinin əmək kollektivi şurasının və MMK-nın birgə növbəti iclasının 09 noyabr 2004-cü il tarixli, 41 saylı protokolundan çıxarışın kserosurətlərinə əsasən ünvan 1 ünvanında yerləşən yataqxana binasının 67 saylı mənzilinə dair onunla kirayə müqaviləsi bağlanmasını xahiş etmişdir. Qeyd edilən yataqxanada məskunlaşdırılmış 63 məcburi köçkün ailəsi mənzilləri zəbt etməmişlər. Onlar 1992-1993-cü illərdə aidiyyəti dövlət orqanları tərəfindən məlum məsələlərə görə həmin ünvanda yerləşən dövlət mənzil fonduna aid yaşayış sahələrində məskunlaşdırılmışlar və yataqxanada otaqlar yaşamaq üçün onların istifadəsinə verilmişdir. Müəyyən edilmişdir ki, ünvan 1 saylı yataqxana binasının 67 saylı mənzilində 1992-ci ildən Laçın rayonundan məcburi köçkün kimi X3, arvadı X4, oğlu Fərid Əlişzadə və qızı Nuranə Əlişzadə məskunlaşdırılmış, həmin məcburi köçkün ailələri Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin müvafiq qurumları tərəfindən 2018-ci ilin iyul ayında məcburi köçkünlər üçün salınmış şəhərciyə köçürülmüşlər. Nərimanov rayon İcraiyyə Komitəsi XDS-nin 16 avqust 1990-cı il tarixli, 000226 saylı orderinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, F.Məlikov küçəsi, 1B saylı evin, yaşayış sahəsi 46,73 kv.metr olan 3 otaqdan ibarət 15 saylı mənzili 5 nəfər ailə üzvü ilə (özü, atası, anası və 2 bacısı) birlikdə Vasif Səfərovun istifadəsinə verilmiş və o, faktiki olaraq həmin mənzildə qeydiyyatda olmaqla yaşayır. Məcburi köçkün ailəsi köçürüldükdən sonra X8 qeyd edilən binanın 67 saylı mənzilini əldə etmək məqsədilə qapısını bağlamışdır və nəticədə dövlət mənzil fonduna aid yaşayış sahələri üzərində balanssaxlayan təşkilat tərəfindən idarəçilik hüquqlarının həyata keçirilməsinə maneə törədir. O, qanunsuz hərəkətini onunla əsaslandırmışdır ki, məcburi köçkün ailəsi yaşadığı halda Bakı «xxxx» İstehsalat Birliyinin müvəqqəti yaşamaq üçün adına yazılmış 10 dekabr 2006-cı il tarixli 0247 saylı yataqxana orderi ilə faktiki olaraq boş olmayan 67 saylı mənzil onun istifadəsinə verilmişdir. Vasif Səfərov həmin mənzildə heç vaxt yaşamamış, habelə Bakı «xxxx» İB ilə də əmək münasibətlərində olmamışdır. Vasif Səfərovun əldə etdiyi 10 dekabr 2006-cı il tarixli, 0247 saylı orderlə bağlı Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinə sorğu verilmiş, Cavabdeh İstehsalat Birliyi «xxxx» zavodunun 24 yanvar 2020-ci il tarixli, 17/11 saylı cavab məktubu ilə Vasif Səfərovun barəsində Departamentə təqdim edilmiş məlumatda bildirilmişdir ki, onun adına «xxxx» zavodunun arxivində heç bir sənəd aşkarlanmamış və X8 həmin müəssisədə işləməmişdir. Lakin məcburi köçkün ailəsinin yaşamasına baxmayaraq, Bakı «xxxx»İstehsalat Birliyi tərəfindən 09 noyabr 2004-cü il tarixli, 41 saylı protokolla rəsmiləşdirilmiş 10 dekabr 2006-cı il tarixli, 0247 saylı yataqxana orderi ilə 67 saylı mənzil ona verilmişdir. Goründüyü kimi qeyd edilən protokol və order mənzil qanunvericiliyinin tələbləri kobud şəkildə pozulmaqla əldə edilmişdir. X12 heç vaxt Cavabdeh İstehsalat Birliyi «xxxx» zavodu ilə əmək münasibətlərində olmamışdır, yəni zavodda işləməmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin edilməsi xahiş olunmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli, 2(011)- 4821/2020 saylı qətnaməsi ilə (hakim Aygun Həsənova) iddia təmin olunmamışdır. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın təmin olunması barədə yeni qətnamənin çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini iddia ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırmış, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozulmasını, işin tam və hərtərəfli araşdırılmamasını, iddianın əsaslı olması və s. kimi göstərilmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Tərəflərin izahatlari, prosessual məsələlər: Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, şikayətdə göstərilən dəlillərə uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxslərə rəsmi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan 10 dekabr 2006-ci il tarixli 0247 saylı orderdən görünür ki, X5 Bakı «xxxx» İB-nin müdiriyyəti və HİK-in 68 saylı protokolu ilə rəsmiləşdirilmiş 06 dekabr 2006ci il tarixli birgə qərarına əsasən 10 dekabr 2006-ci il tarixdə 0247 saylı order verilmiş, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsində yerləşən 4 saylı binada 1-ci giriş, 4-cü mərtəbəsindəki yaşayış sahəsi 18,0 kv.metr olan 1 otaqlı 67 nömrəli mənzil sahəsini tutmaq hüququ verilmişdir. İşdə olan 07 yanvar 2014-cü il tarixli təhvil-qəbul aktının surətindən görünür ki, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Sosial Xidmətlər İdarəsinin Bakı şəhəri, Xətai rayonunda yerləşən 4 nömrəli Mənzil İstismar Sahəsinin balansında olan mənzil fondunun (yataqxanaların) əmlakı ilə birlikdə 1 saylı Xüsusi Təyinatlı Mənzil- Kommunal Təsərrüfatı Birliyinin balansına qəbul edilməsi barədə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Sosial Xidmətlər İdarəsi ilə Bakı şəhər Mənzil- Kommunal Təsərrüfatı Departamenti arasında təhvil-qəbul aktı tərtib edilmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən göstərmişdir ki, mübahisəli mənzilə order 10 dekabr 2006-cı il tarixdə verilmişdir. Mübahisəli otağın yerləşdiyi ünvandakı yataqxana 26 iyul 2013-cü il tarixdə iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamentinin balansına verilmişdir. Lakin iş üzrə iddia tələbi məhkəməyə orderin özündə göstərilən onun verilməsi tarixindən təxminən 14 il, iddiaçının mübahisəli otaqların yerləşdiyi yataqxananı öz balansına qəbul etdiyi tarixdən 6 ildən artıq müddət keçdikdən sonra verilmişdir. Bununla da orderin etibarsızlığı ilə bağlı müəyyən edilmiş müddət ötürülmüşdür. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir. «L.İ.Binnətovanın şikayəti üzrə» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyinə görə iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmşdir ki, «Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qanunvericiliyin qeyd edilən tələblərindən göründüyü kimi, mübahisənin qanuni həlli üçün ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmaq vəzifəsi birinci instansiya məhkəməsi ilə yanaşı, həmçinin apellyasiya instansiyası məhkəməsinin araşdırmalı olduğu məsələdir. Ona görə də, məhkəmə kollegiyası qeyd edir ki, hazırki mübahisə üzrə müəyyən edilməli hallar – 1) iddiaçının hazırki iddianı qaldırmaqda müvafiq subyektiv hüquqa malik olub-olmaması, 2) cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmaması, əgər əvvəlki hər iki şərt iddiaçının xeyrinə müsbət müəyyən olunarsa, o halda 3) iddianın iddiaçı tərəfindən qanunla müəyyən olunmuş iddia müddəti ərzində irəli sürülüb-sürülməməsi, iddia müddətinin keçib-keçməməsi məsələsidir. Qeyd edilməlidir ki, 01.10.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinə əsasən, mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar yaşayış yerində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə, iş yerində isə müəssisə, idarə, təşkilat müdriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə uçota götürülürlər (maddə 33). Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər (maddə 48). Yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara, tələbələrə, məktəblilərə və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdriyyətinin, həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qərarı ilə verilir. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada mənzil sahəsini tutmaq üçün müdriyyət tərəfindən order verilir (107-ci maddəsinin ikinci bəndi). Göründüyü kimi, mənzil qanunvericiliyinə əsasən yataqxanada mənzil sahəsi verilməsinə əsas olan sənəd müəssisə, idarə, təşkilat müdriyyətinin, həmkarlar ittifaqı komitəsinin birgə qərarıdır. Order isə, dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında tərtib edilən, qərarın icrasını təmin etmək üçün verilən müvəqqəti (aralıq) sənəddir. Başqa sözlə order, özü-özlüyündə yaşayış sahəsinə hüquq yaratmayıb, şəxsə həmin sahəyə köçmək üçün verilir. İlkin olaraq qeyd edilməlidir ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Məhkəmə kollegiyası, həmçinin iddiaçının məcburi köçkünlər məskunlaşdığından qüvvədən düşmüş Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən boş olmayan sahəyə orderin verilə bilməməsi barədə dəlilini də əsaslı saymır. Ona görə ki, qeyd olunan normada «boş olan ayrıca yaşayış sahəsi» dedikdə, qanuni əsaslarla başqa şəxslərin hüquqları ilə yüklü olmayan sahə nəzərdə tutulur. Məcburi köçkünlər isə yaşayış sahəsində özbaşına olaraq məskunlaşdıqları üçün həmin sahə onların qanuni əsasla istifadə və ya sahibliyində sayılmır. Başqa sözlə, mənzilin məcburi köçkünlər tərəfindən zəbt olunması yaşayış sahəsinin hüquqi baxımdan yüklü olmasına dəlalət etmir. Məcburi köçkünlərin məskunlaşdıqları yaşayış sahələrindən çıxarılmaması barədə dövlətin sosial siyəsəti isə müvəqqəti tədbir olmaqla, belə mənzilə dair orderin verilməsini deyil, onun icrasını (məcburi köçkünə müvafiq yaşayış sahəsi verilmədən çıxarılmasını və order sahibinin mənzilə köçməsini) istisna edir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 24 dekabr tarixli 200 nömrəli qərarı ilətəsdiq edilmiş «Məcburi köçkünlərin məskunlaşdırılmasını tənzimləyən bəzi qaydaların təsdiq edilməsi haqqında» Qərarının 4-cü bəndinə əsasən, «Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə Dövlət Proqramının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 17 sentyabr tarixli 895 nömrəli Sərəncamına uyğun olaraq, məcburi köçkünlərin məskunlaşdıqları yaşayış, inzibati, yardımçı və digər binaların özəlləşdirilməsi, 1992-1994-cü illərdə məcburi köçkünlərin yaşadıqları mənzillərdən çıxarılmasının qarşısını almaq məqsədilə həmin evlərə aidiyyəti təşkilatlar tərəfindən ayrı-ayrı vətəndaşlara verilən orderlərin hüquqi qüvvəsi müvəqqəti dayandırılır. «Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 01.07.2004-cü il tarixli Sərəncamının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanlarının rəhbərlərinə tapşırılmışdır ki, məcburi köçkünlər öz doğma yurdlarına qayıdana, həmçinin müvəqqəti yaşamaq məqsədilə yeni qəsəbələrə və evlərə köçürülənədək mülkiyyətindən asılı olmayaraq, 1992-1998-ci illərdə müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarılması hallarına yol verməsinlər. Həmçinin, işdə olan Cavabdeh İstehsalat Birliyi «xxxx» zavodu MMC tərəfindən Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə ünvanlanan 02/47 saylı 04.03.2019-cu il tarixli məktubdan görünür ki, «xxxx» zavodu tərəfindən ünvan 1 ünvanında yerləşən yataqxana 01.01.2007-ci il tarixindən Müdafiə Sənayesi Nazirliyinin Sosial Xidmətlər İdarəsinin balansına verildiyindən həmin dövrdən məcburi köçkünlər məskunlaşdığı otaqlara müəssisənin əmək münasibətlərində olan işçilərindən heç birinə order verilməmişdir. Əvvəlki dövrlərdə ünvan 1 ünvanında yerləşən yataqxanada məskunlaşmaq üçün verilmiş orderlər işçilərin özlərinə verildiyindən və həmin dövrlərə aid protokollar tam olmadığından onlarla bağlı əlavə məlumat vermək mümkün deyildir. Göründüyü kimi, məktubda 01.01.2007-ci il tarixindən ünvan 1 ünvanında yerləşən yataqxanada olan otaqlara orderlərin verilməsi dayandırılmışdır. İddiaçıya isə müvafiq order həmin tarixdən əvvəl verilmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, orderin etibarsız sayılması üçün qanunla müəyyən edilmiş üç illik iddia müddəti ötürülmüşdür. Belə ki, pozulmuş hüquqların müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Bu qayda bir sıra məqsəd və funksiyalara xidmət edir. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını daha da intizamlı etmək, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Bu hüquqi müdafiə vasitəsi həmçinin, məhkəmələri aradan uzun müddət keçmiş olan köhnə məsələlərlə bağlı hüquqi ixtilaflarla məşğul olmaqdan, borcluları öhdəliklərin icrasına dair sübutları əbədi olaraq saxlamaq məcburiyyətindən azad etmək məqsədinə xidmət edir. Yəni, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Bundan əlavə, iddia müddəti, tələbin aradan uzun bir müddət keçməsinə baxmayaraq istifadə edilməməsi, öhdəliyin ya daha əvvəl icra edilməsini, ya da ümumiyyətlə belə öhdəliyin meydana gəlmədiyini ehtimal verməyə haqlı bir əsas yaradır, habelə öz tələb hüququna qarşı uzun müddət laqeyd qalan kreditorun hüquqən qounmağa daha az layiq olduğu mülahizəsinə əsaslanır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərilmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Kollegiya hesab edir ki, cavabdehə orderin verilməsi ilə bağlı münasibətlər 2006-cı illərdə yarandığı üçün mübahisəyə həmin dövrdə qüvvədə olan qanunvericilik normaları tətbiq edilməlidir. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 49-cu maddəsinin 1-ci abzasının tələbinə əsasən, mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacları haqqında vətəndaşların həqiqi vəziyyətə uyğun gəlməyən məlumat təqdim etdikləri, orderdə göstərilmiş yaşayış sahəsi üçün başqa vətəndaşların və ya təşkilatların hüquqlarının pozulduğu, yaşayış sahəsi verilməsi məsələsinin həllində vəzifəli şəxslərin hüquqa uyğun olmayan hərəkətlər etdikləri hallarda, habelə yaşayış sahəsi verilməsi qaydasının və şərtlərinin pozulduğu başqa hallarda yaşayış sahəsi orderi məhkəmə qaydasında etibarsız hesab oluna bilər. Həmin Məcəllənin 49-cu maddəsinin 2-ci abzasına əsasən, orderi etibarsız hesab etmək haqqında tələb orerin verildiyi gündən etibarən üç il ərzində irəli sürülə bilər. Maddənin məzmunundan göründüyü kimi ifadə olunmuş müddət iddia müddəti deyil, kəsici müddətdir. Yəni həmin müddət keçdikdən sonra maraqlı şəxs mübahisələndirmək hüququnu itirir. İddia müddətindən fərqli olaraq həmin müddət bərpa olunmur, dayandırılmır və kəsilmir. Bərpa olunmaq, kəsilmə və dayandırılmaq kimi xüsusiyyətlər iddia müddəti üçün xarakterikdir. Yalnız qanunla müəyyən edilmiş halda həmin müddət uzadıla bilər. Eyni zamanda həmin müddətin tətbiq edilməsi üçün mübahisə tərəfinin iddia müddətinin tətbiqi barədə ərizə verməsi tələb olunmur. Kəsici müddətin tətbiq edilməsi isə məhkəmənin səlahiyyətinə aiddir. İşin müəyyən edilmiş faktiki hallarından görünür ki, mübahisə predmeti olan orderin verilməsindən keçən üç il ərzində həmin orderin etibarsız sayılması tələbi irəli sürülməmişdir. Başqa sözlə, mübahisəli otağın yerləşdiyi bina Bakı şəhər Mənzil- Kommunal Təsərrüfatı Departamentinə verildiyi 2013-cü ildək həmin yataqxananı balansında saxlayan qurum bu belə bir iddia qaldırmamaqla qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Bu hüquqi vəziyyət, binanı iddia müddəti keçdikdən bir neçə il sonra balansına qəbul etmiş Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə də şamil olunur və onun üçün də eyni vəziyyəti yaradır. Bununla yanaşı, iddiaçı 2013-cü ildən sonra da qanunla müəyyən olunmuş 3 il müddət ərzində müvafiq tələblə məhkəməyə müraciət etməmişdir (hazırki iddia ərizəsi 27.08.2020-ci il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuşdur). Məhkəmə kollegiyası yuxarıda qeyd edilən halların iddianın rədd olunması üçün kifayət etdiyini və prosessual qənaət prinsipini nəzərə alaraq, tələbin əsasında duran faktiki hallar üzrə əlavə araşdırma aparmağa və onlara hüquqi qiymət verməyə zərurət görmür. Birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmuşdur. Beləliklə, araşdırılmış sübutlarla işin müəyyən olunmuş faktiki hallarından və qanunvericinin qeyd olunan normalarından aydın olur ki, iddiaçının tələbinin hüquqi və faktiki əsasları mövcud deyildir. İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Cavabdeh İstehsalat Birliyi «xxxx» Zavoduna qarşı «yataqxanada yaşayış sahəsi ilə bağlı orderin verilməsi barədə birgə qərarın (protokolun), qərara (protokola) əsasən verilmiş orderin etibarsız hesab edilməsi və yaşayış sahəsinə istifadə hüququnun itirilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli, 2(011)-4821/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli, 2(011)- 4821/2020 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar