Məhkəmə qərarları › İş №2(103)-2833/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2833/2022

17.05.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2833/2022 17.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, Cavabdehlər Cavabdeh Sahib oğlunun, onun və cavabdeh X3 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh Sahib oğluna, X4, X5 və X11 qarşı “yaşayış sahəsindən çıxarılma tələbinə dair” 2(008)-5130/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 20 avqust 2021-ci tarixli qətnaməsindən cavabdehlər Cavabdeh Sahib oğlu və X7 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh Sahib oğluna, X4, X5 və X11 qarşı “yaşayış sahəsindən çıxarılma tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin əşyaları ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, D.Kişvəri küçəsində yerləşən 14a saylı evdən çıxarılmaları barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1974-cü ildə ailə qurduqdan sonra Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, D.Kişvəri küçəsində yerləşən 14a saylı evdə yaşayır. Övladı olmadığından, mərhum qaynının oğlu - 1993-cü il təvəllüdlü Cavabdeh Sahib oğlunu 1995-ci ildə övladlığa götürərək böyütmüş, 2018-ci il tarixdə isə onu X7 ilə evləndirərək evinə gəlin gətirmişdir. Bundan sonra X7 ilə Cavabdeh anası X8 birləşərək onu incitməyə başlamış, dəfələrlə təhqir edərək vurmuşlar. Oğlu Cavabdeh da bu təzyiqlərin qarşısını almaq üçün heç nə etməmiş, onların tərəfini saxlamışdır. Cavabdehlərdən dəfələrlə evindən getmələrini tələb etməsinə baxmayaraq, onlar buna məhəl qoymadan onun evində yaşamağa və kobud rəftar göstərməyə davam etmişlər. Buna görə də, cavabdehlərin mənzildən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 20 avqust 2021-ci tarixli, 2(008)- 5130/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdehlər Cavabdeh Sahib oğlu və X7 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, iddiaçının çavabdehlərə qarşı iddiası təmin edilsədə, ancaq iddiaçının belə bir iddia qaldırmaq üçün subyektiv hüquqa malik olduğu barədə məhkəmə düzgün nəticəyə gəlməmişdir. Belə ki, mübahisəli yaşayış evi, özbaşına tikili olaraq, rəsmi dövlət qeydiyyatından keçməmişdir. Ona görə də, həmin yaşayış evində iddiaçının sərəncam vermək hüququ olmamışdır Apellyasiya baxışı zamanı Cavabdeh Sahib oğlu, onun və digər cavabdeh X6 vəkili apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı, eləcə də digər cavabdehlər iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırda apellyasiya baxışının hədlərini cavabdehlər Cavabdeh Sahib oğlunun və X3 apellyasiya şikayətinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın həmin cavabdehlərə qarşı təmin edilmiş hissəsində qanuniliyin və əsaslılığının yoxlanılması təşkil edir. Birinci instansiya məhkəməsi işin tədqiq edilmiş hallarına əsasən müəyyən etmişdir ki, cavabdehlər iddiaçının gözlənilən mülkiyyət hüququ ilə ona məxsus olan evindən sərbəst və maneəsiz istifadəsinə şərait yaratmır, buna görə də aralarındakı mübahisəli vəziyyət dərinləşməkdə davam edir. Bu halın qarşısını almaq üçün iddiaçı qanunla ona verilmiş hüquqlarından istifadə edərək cavabdehlərin evdən çıxarılmaları barədə məhkəmədə iddia qaldırmaq hüququndan istifadə etmişdir. Cavabdehlər Gədəbəy rayonunda qeydiyyatdadırlar, həmin şəxslərin mübahisəli evə dair istifadə hüququ mövcud deyildir. Eyni zamanda, iş üzrə nəticəyə gələrkən, məhkəmə tərəflər arasında olan bağlılıq və hörmət hissinin aradan götürülməsi, habelə aralarında gərgin münasibətlərin olması kimi xüsusatları da nəzərə alır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən iddianın cavabdeh X4 qarşı təmin edilmiş hissəsində qanuni və əsaslı olmuşdur. Belə ki, iş materallarında olan: - AZE seriyalı, 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1956- cı il tarixdə Gədəbəy rayonunda anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatdadır. - İİİ-ЖГ seriyalı, 351051 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X2 Rakim Oruc oğlu ilə 16.08.1983-cü il tarixdə nikaha daxil olmuşdur. Nikah bağlandıqdan sonra X10 Süleymanova soyadı verilmişdir. - Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ № 510591 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 21.04.2011-ci il tarixdə vəfat etmişdir. - Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Sabunçu qəsəbəsi üzrə nümayəndəliyinin 15.03.2021-ci il tarixli, 745 saylı arayışından görünür ki, İddiaçı Sabunçu qəsəbəsi, D.Kişvəri küçəsi, ev 14 A ünvanında yaşayır. - ünvan 2rətindən görünür ki, İddiaçı ünvan 3 ünvanı üzrə vergi ödəyicisi kimi qeydiyyatdadır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin MAPS şöbəsinin 04.06.2021-ci il tarixli arayışlarından görünür ki, cavabdehlər 11.04.1989-cu il təvəllüdlü cavabdeh X18, 07.04.1993-cü il təvəllüdlü Cavabdeh Sahib oğlu və 21.08.1965-ci il təvəllüdlü X1 rayonunun Fərzalı kəndində qeydiyyatdadırlar. Digər cavabdeh 23.02.1991-ci il təvəllüdlü X7 isə Lerik rayonu, Çayrud ərazi dairəsi, Andurma kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27.07.2001-ci il tarixli Qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilər bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, D.Kişvəri küçəsində yerləşən 14a saylı fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayıbdır. Cavabdeh 1995-ci ildən iddiaçı ilə birlikdə mübahisəli evdə daimi yaşayır. İddiaçı iddia ərizəsində göstərir ki, Cavabdeh öz övladı kimi tərbiyyə edib böyütmüşdür. Cavabdehlər Cavabdeh ilə Aynurə Süleymanova 2018-ci ildə ailə həyatı qurmuş, bundan sonra onlar iddiaçının evində yaşamışlar. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Aynurə Süleymanova həmin evdə 2018-ci ildən sonra yaşamağa başlamışdır, onun qeyd edilən evdən istifadə hüququ yaranmamışdır, bu səbəbdən də iddia ona münasibətdə qanunun anologiyasına əsasən Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun olaraq təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə müvafiq olaraq, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Mülki Məcəllənin göstərilən maddəsinin məzmunundan məlum olur ki, həmin maddədə yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Belə ki, daşınmaz əşyalar üzərində mülkiyyət hüququnun yüklü hala gəlməsinə səbəb olan məhdud əşya hüquqları, bir qayda olaraq, sözügedən daşınmaz əşyanın mülkiyyətçisi ilə notariat qaydasında bağlanan müqavilə əsasında (Mülki Məcəllənin 144.1-ci maddəsi) və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yaranır (Mülki Məcəllənin 14.3-cü maddəsi). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 27.05.2008-ci il tarixli Qərarında qeyd edilir ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Birinci instansiya məhkəməsi iddianı Cavabdeh Sahib oğluna münasibətdə təmin edərkən mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh Sahib oğlu iddiaçı tərəfindən rəsmi qaydada övladığa götürülmədiyinə görə, əvvəllər qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulan ailə üzvü hesab edilə bilməz. Kollegiya iddianın Cavabdeh münasibətdə təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və hesab edir ki, Cavabdeh Sahib oğlu mübahisəli yaşayış sahəsinə 1995-ci ildə köçdüyünə görə, hazırkı mübahisəyə münasibətdə Azərbaycan Respublikasının əvvəlki Mənzil Məcəlləsinin 53-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Həmin Məcəllənin 53-cü maddəsində qeyd edilmişdir ki, icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Yuxarıda qeyd edilənlərə əsasən kollegiya Cavabdeh 1995-ci ildən iddiaçı ilə birlikdə daimi yaşayıb onunla ümumi təsərrüfat aparan şəxs kimi ailə üzvü hesab olunduğunu nəzərə alaraq hesab edir ki, iddia Cavabdeh münasibətdə təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə kollegiyası, iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüquqa malik olmaması barədə cavabdehlərin apellyasiya şikayətinin dəlilini əsaslı saymır. Belə ki, mübahisəli fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasa da, iş materialları, habelə iddiaçının və cavabdehlərin izahatlarından həmin evin İddiaçı mərhum əri X17 ilə birlikdə tikib yaşadıqları, Cavabdeh daimi yaşamaq üçün köçdüyü 1995-ci ildə evin mövcud olduğu müəyyən olunur. Göründüyü kimi, iddiaçının həmin evə gözlənilən mülkiyyət hüququ vardır. Eyni zamanda, qeyd edilməlidir ki, cavabdehlər Cavabdeh Sahib oğlu və X7 iddia predmeti olan evin iddiaçıya məxsus olmasını etiraf edir, ümumiyyətlə mənzilin kimə məxsus olması məsələsini mübahisələndirmirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4-cü maddələrinin tələblərinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, istifadə hüququəmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.8. maddəsindən görünür ki, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.2. maddəsinə əsasən, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 yanvar 2010-cu il tarixli qərarında göstərilir ki, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla), daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyetrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir, daşınmaz əmlaka mülkiyyə hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir (Mülki Məcəllənin 146.1, 146.2 və 178.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bir sıra maddələrində fiziki və hüquqi şəxslərin hüquqlarının qorunması ilə bərabər onların qanunla qorunan mənafe və maralarının müdafiəsindən də bəhs olunur. Mülki prosessual qanunvericilikdə iddia qaldırmaq hüququnun və hüququn həyat keçirməyin şərtləri fərqləndirilmişdir. Bu məsələlər MPM-nin 152 və 153-cü maddələrində öz əksini tapmışdır. Maraqların və mənafelərin qorunmasını təsbit edən mülki prosessual qanunvericilik fiziki və hüquqi şəxslərin nəinki subyektiv hüquqlarında ifadə olunan, habelə bu hüquqlarda əhatə olunmayan maraqlarının mühafizəsini də nəzərdə tutur. Hüquqi baxımından hər cür maraq deyil, MPM-nin 2-ci maddəsinin 2.2-ci bəndinə müvafiq olaraq yalnız Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn mənafe və maraqlar məhkəmə müdafiəsinin predmeti ola bilər. Subyektiv hüquqlarla əhatə olunmayan mənafe və maraqların müdafiəsi üçün hüquq normasının olmaması məhkəmə müdafıəsində imtina olunması üçün əsas deyildir. Kollegiya həmçinin qeyd edir ki, mülki və torpaq qanunvericliyin müddəlarından da göründüyü kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi fərdi yaşayış evinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən iddia tələbinin Cavabdeh Sahib oğluna qarşı təmin edilmiş hissəsində ləğv edilməli, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi Cavabdeh Sahib oğluna münasibətdə təmin edilməməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 20 avqust 2021-ci tarixli, 2(008)- 5130/2021 saylı qətnaməsi iddia tələbinin Cavabdeh Sahib oğluna qarşı təmin edilmiş hissəsində ləğv edilsin. İş üzrə həmin hissədə yeni qətnamə çıxarılsın. İddia tələbi Cavabdeh Sahib oğluna münasibətdə təmin edilməsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar