Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2836/2021 20.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçının nümayəndəsi X2 və vəkili X5 iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin cavabdehlər Cavabdeh1 və X3 qarşı cavabdehlərdən müştərək qaydada borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması tələbinə dair 2(011)- 4822/2020 saylı mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC cavabdehlər Cavabdeh1 və X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 20268,55 manat borc, gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış 3040,28 manat faiz borcu, vurulmuş mənəvi zərərə görə 500 manat təzminat, cəmi 23830,34 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “xxxx” MMC bir sıra məişət üçün əhəmiyyətli olan malların satışı ilə məşğul olan cəmiyyətdir. Həmin cəmiyyətdə çalışan bir çox ekspeditorların vəzifələri malların onlar üçün müəyyən edilmiş müxtəlif ərazilərdə yerləşən mağazalara paylamaq və satışdan əldə edilmiş məbləği cəmiyyətin kassasına ödəməkdən ibarət olmuşdur. Ekspeditorlardan əlavə bir çox fərdi sahibkarlar da birbaşa Cəmiyyətə müraciət edərək, müəyyən məbləğdə malları nisyə yolla almaq şərti ilə satışını təşkil etmiş və hissə-hissə borcu Cəmiyyətə ödəmişlər. Cəmiyyətə müraciət edənlərdən biri də Cavabdeh1 və X4 olmuşdur. Cavabdehlər cəmiyyətlə razılıq əldə edərək cəmiyyətdən bir sıra mallar almışlar. Onlara nisyə yolu ilə mal verilən zaman onlara etibar edilmiş, bu barədə müvafiq sənədlərdə qeydlər aparılmışdır. Cəmiyyətlə əldə edilmiş razılaşmaya əsasən cavabdehlər müştərək qaydada xx xxxx 2017-ci il tarixdən xx xxxxx 2017-ci il tarixə kimi ümumilikdə Cəmiyyətdən 20268,55 manat məbləğində malları nisyə almışlar, həmin malların dəyəri isə bu günə kimi ödənilməmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(011)-4822/2020 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia ərizəsinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının iddia qaldırmağa subyektiv hüququnun olması məhkəmə qətnaməsində göstərilənlərlə təsdiq olunur. Belə ki, qətnamənin 2-ci səhifəsinin sonuncu abzasının sonuncu cümləsinə əsasən “sözügedən mallar hazırki iş üzrə cavabdehlərə iddiaçı cəmiyyətin işçiləri tərəfindən satılmışdır.” Belə olan halda isə iddaiçının hazırki iddianın qaldırılmasına hüququnun olmasını təsdiq edir, çünki cəmiyyətin işçisi öz adından deyil, cəmiyyətin adından çıxış edir, deməli satış da cəmiyyətin adından həyata keçirilir, satışdan əldə olunan pul vəsaiti də cəmiyyətin kassasına və ya bank hesabına mədaxil olunur. Satışdan daxil olmayan, gəlməyən vəsaitlər də cəmiyyətin pul vəsaiti hesab edilir, buna görə həmin vəsaitlərin geri tələb edilməsi, vurulmuş zərərin ödənilməsinin tələb edilməsi hüququ da məhz cəmiyyətə məxsusdur. Məhkəmənin gəldiyi bu nəticə də əsassız və qanunsuzdur. Belə ki, məhkəmə öz təşəbbüsü ilə iddia müddətini tətbiq edə bilməzdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Mülki işin materiallarından göründüyü kimi, cavabdehlərin heç biri iddia müddətinin tətbiqi barədə məhkəməyə ərizə verməmişdir. Digər tərəfdən isə, malların 2016-cı ilin aprel ayından verilməyə başlanması iddia müddətinin axımının həmin vaxtdan başlanmasına dəlalət etmir. Belə ki, Mülki Məcəllənin 380.1.ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Həmin Məcəllənin 380.2.-ci maddəsinə əsasən fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi M.Leqayeva apellyasiya şikayətini müdafiə edərək izahatında bildirdi ki, iş üzrə cavabdehlər şərik olmuşlar və onlar “xxxx” MMC-də ekspeditor vəzifəsində çalışmış X6 müxtəlif vaxtlarda niysə mal alsalar da, aldıqları malların müqabilində hər hansı ödəniş etməmişlər. İddia ərizəsində qeyd edilən borc məbləği xx xxxxxx 2016-cı il tarixə olan borc məbləğidir və bu günədək ödənilməmiş olaraq qalır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının vəkili G.Hacıyeva apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehlər iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsi qətnamə çıxararkən belə qənaətə gəlmişdir ki, iddiaçı “xxxx” MMC heç bir subyektiv hüququ olmadan cavabdehlərdən müştərək qaydada 23830,34 manat pul tutulması tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının belə subyektiv hüquqa malik olması və onun hüququnun cavabdeh tərəfindən pozulması faktı məhkəmə tərəfindən aşkar olunmamışdır. Belə ki, iddiaçı ilə cavabdehlərin arasında cəmiyyətdən bir sıra malların alınması ilə bağlı hər hansı müqavilə və yaxud razılaşma olmamış, sözügedən mallar hazırkı iş üzrə cavabdehlərə iddiaçı cəmiyyətin işçiləri tərəfindən satılmışdır. Digər tərəfdən birinci instansiya məhkəməsi qətnaməsində qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçının iddia tələbini irəli sürməyə dair subyektiv hüququ olsaydı belə iddia tələbi yenə də rədd olunardı. Belə ki, iddiaçı mövcud iddia tələbi üzrə iddia müddətini ötürmüşdür. İddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatlara görə, cəmiyyətlə cavabdehlər arasında olan hüquq münasibəti 2016-cı ildə yaranmış, cavabdehlərə mallar 2016-cı ilin aprel ayından verilməyə başlanmışdır. Belə olan halda, iddiaçı üçün iddia müddətinin axımı həmin vaxtdan başlanmışdır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən apellyasiya şikayəti qismən təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın subyektiv hüquq olmadan verilməsi barədə gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı həmin əsasla təmin etməməklə mübahisənin faktiki halları üzrə düzgün nəticəyə gəlməmişdir. Belə ki, iş materiallarında olan birinci instansiya məhkəməsində şahid qismində ifadə verən X10 bildirmişdir ki, İddiaçı MMC-də satış təmsilçisi vəzifəsində işləmişdir, Cavabdeh1lə “Sədərək” Ticarət Mərkəzində malları ona göstərəndə tanış olmuşdur, sonradan aralarında alqı-satqı baş tutmuşdur. Azər malları götürmüş, borcunu ödəməmişdir. İş materiallarında olan İddiaçı MMC-nin ekspeditor işləmiş H.Xasanovun fəaliyyətinə dair cədvəlində “Sədərək” Ticarət Mərkəzində fəaliyyət göstərən Cavabdeh1 Vafiq oğlunun ümumilikdə 20268,55 manat məbləğində borcunun olduğu müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2016-cı il tarixdə ekspeditor H.Xasanov, auditor E.Hətəmov və mağazanın nümayəndəsi Cavabdeh1 tərəfindən imzalanmış Yoxlama aktında qeyd edilmişdir ki, xx.xx.2016-cı il tarixə Cavabdeh1 53008,78 (əlli üç min səkkiz manat, yetmiş doqquz qəpik) manat məbləğində nağd pul borcu qalmışdır, məbləğ malların nisyə verilməsi səbəbindən 2 ay müddətində hissə-hissə ödəniləcəkdir. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh1 və X3 ünvanlanmış xx.xx.2020-ci il tarixli ziyanın ödənilməsinə dair pretenziya məktubundan görünür ki, iddiaçı şirkət iş üzrə cavabdehlərdən anbardan topdan satış mərkəzində satmaq üçün alınan malların ümumi dəyərindən 20.268,55 (iyirmi min iki yüz altmış səkkiz manat əlli beş qəpik) manat məbləğində borcun ödənilmədiyini bildirilmişdir. “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2012-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi Plenumu göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. “Eyrenin İrlandiyaya qarşı iş üzrə” İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququ şəxsin hüquq və vəzifələrinin müəyyən edilməsi və öz işini lazımi qaydada təqdim etməsi üçün onun işinə müstəqil və qərəzsiz məhkəmə tərəfindən baxılması hüququna malik olması deməkdir. Şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. Kollegiya qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasına araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Beləliklə, iş üzrə müəyyən edilən işin faktiki hallarına hüquqi qiymət verərək məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında satış üçün nisyə mal verməsi ilə bağlı şifahi razılıq mövcud olmuş, həmin razılığa əsasən iddiaçı malları cavabdehə verməyi, cavabdeh isə malın dəyərini qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı malları Cavabdeh1 vermiş, bunun əvəzində yaranmış 20268,55 manat məbləğində borc isə ödənilməmişdir. Bütün bunlar iddiaçının Cavabdeh1 iddia ərizəsində qeyd edilən pul məbləğini tələb etməyə subyektiv hüququnun mövcud olduğunu sübut edir. Lakin iddiaçı tərəf digər cavabdeh X1 üçün nisyə mal verməsini və onun iddiaçıya buna görə borcu olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfin Cavabdeh1 qeyd edilən pul məbləğini tələb etməyə subyektiv hüququ mövcud olsa da, iddia tələbi iddia müddəti ötürülməklə verildiyindən iddia ərizəsi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsində əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsində qeyd edilmişdir ki, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və yaxud bilməli olduğu vaxtdan hesablanır. “R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMK-nın xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarına düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. “E.S.Həkimovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMK-nın xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia hüququnun şəxsin hüququnun pozulmasını bilməli olduğu gündən əmələ gəlməsinə dair göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı məsuliyyət hissinin artırılmasına xidmət etməklə yanaşı, onun həyata keçirilməsinə yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və sui-istifadə hallarının qarşısının alınmasına yönəlmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Həmçinin, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra - Avropa Məhkəməsi) “Stanyo Belçikaya qarşı” iş üzrə xx xxxx 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Kollegiya qeyd edir ki, iddia müddəti anlayışı iddia və iddia hüququ anlayışları ilə sıx surətdə bağlıdır. Vətəndaşlar öz şəxsi və əmlak hüquqlarının, habelə, qanunla qorunan mənafelərinin məhkəmə müdafiəsini iddia vermək yolu ilə həyata keçirirlər. Əgər şəxsin hər hansı mülki hüququ başqa şəxs tərəfindən pozularsa, maraqlı tərəf müdafiə üçün məhkəmə orqanlarına müraciət edə bilər. Bu cür müraciət iddia adlanır. İddia hüququ isə pozulmuş və ya mübahisə edilən hüququ müdafiə etmək üçün məhkəməyə müraciət etmək imkanıdır. Bu hüquqa bütün ölkə vətəndaşları və hüquqi şəxsləri, eləcə də, xarici ölkə vətəndaşları, vətəndaşlığı olmayan şəxslər və əcnəbi hüquqi şəxslər malikdirlər. Qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu lüdafiə etmək üçün məhkəməyə müraciət edə blər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia aydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. İş materialları ilə müəyyən edilir ki, iddiaçı “xxxx” MMC tərəfindən mallar Cavabdeh1 2016-cı ildə verilmiş və iddia ərizəsində tələb olunan pul məbləği xx.xx.2016-cı il tarixə hesablanmış pul vəsaitidir. İddia ərizəsi isə iddia müddəti ötürülərək birinci instansiya məhkəməsinə xx.xx.2020-ci ildə daxil olmuşdur. Məhkəmə kollegiyası cavabdehlərin iddia müddətinin tətbiqi barədə məhkəməyə ərizə verməməsi, məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etməsi barədə iddiaçının apellyasiya şikayətinin dəlilini əsaslı saymır. Belə ki, mülki iş materiallarından görünür ki, cavabdehlərin nümayəndəsi və vəkili X9 birinci instansiya məhkəməsinə təqdim etdiyi xx.xx.2020-ci il tarixli ərizəsində iddia müddətinin keçməsini nəzərə alaraq iddianın rədd edilməsini xahiş etmişdir. Qeyd edilənlərə əsasən, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(011)-4822/2020 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(011)-4822/2020 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2836/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2836/2021
20.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver