Məhkəmə qərarları › İş №2(103)-2837/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2837/2021

14.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2837/2021 14.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X1 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(011)-2522/20 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 1988-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh 1.550 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim A.Həsənova, iş № 2(011)-2522/20) iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh xx xxxxxx 2018-ci il tarixdə onun yanına gələrək pula ehtiyacı olduğunu bildirmiş və ondan 1.550 manat borc pul almışdır. Pulun alınmasına dair cavabdeh qəbz yazıb vermişdir. Cavabdeh aldığı pulu bir neçə aya qaytaracağına söz versə də, vədinə əməl etməyərək 1 manat belə qaytarmamışdır. O, pulu faizə verməmişdir. Hazırkı günə kimi cavabdeh mütəmadi olaraq yalan vədlər vermiş, pulu qaytarmamışdır. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh məhkəmənin yerini və vaxtını bilərək heç bir üzrlü səbəb olmadan qəsdən məhkəməyə gəlməmişdir. Məhkəmə cavabdehi dinləmədən, yəni, lazımi səviyyədə araşdırma aparmadan iddianı rədd etmişdir. Cavabdeh 1550 manat borc almış və öz əli ilə qəbz yazaraq imzalamışdır. Hakim pul qəbzinə şübhə ilə yanaşmış, lakin qəbz nədənsə ekspertizaya təqdim edilməmişdir. Borclu məhkəməyə gələrək qəbzi inkar etməmişsə, hakim hansı əsasla qəbzi şübhə altına almışdır. Əgər cavabdeh məhkəmədə iştirak etsəydi, o, borc pulu müəyyən yolla sübut edə bilərdi. İddiaçının nümayəndəsi və vəkili A.Kərimov məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Cavabdeh lazımi məlumat verilməsinə baxmayaraq sonuncu məhkəmə iclasında iştirak etməmiş, lakin xx.xx.2021-ci il tarixə təyin olunmuş məhkəmə iclasında iştirak etmiş və apellyasiya şikayətini qəbul etməyərək göstərmişdir ki, iddiaçının təqdim etdiyi qəbzdəki imza və oradakı yazılar ona məxsusdur, lakin pul məbləğini o götürməmişdir, o, borc pulun verilməsində sadəcə vasitəçi rolunu oynamışdır, əslində isə başqa şəxsin borcuna zamin duraraq qəbzi imzalamışdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində düzünə və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin olunmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə aır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iş materiallarına əlavə olunmuş xx xxxxxx 2018-ci il tarixli qəbzdə Cavabdeh İddiaçı 1.550 manat faizə borc aldığını, qaytaracağını yazmış və imza etmişdir. İddiaçının tələbi həmin 1550 manatın cavabdehdən tutulması barədədir. Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad olunan halların sübuta yetirilməməsinə istinad edərək iddianı rədd etmiş və bu qənaətə gəlmişdir ki, məhkəmə araşdırması zamanı iddiaçı təqdim etdiyi əlyazmanın (qəbzin) cavabdehə aid olmasını sübut edə bilməmiş, cavabdehlə iddiaçı arasında borc münasibətinin olması müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi qeyd olunanları nəzərə alaraq həmin əlyazmanı (qəbzi) sübut qismində qəbul etməmiş və göstərmişdir ki, iddiaçı cavabdehin öhdəliyin icrasından qərəzli olaraq yayınmasını və təqsirli olaraq hərəkət yaxud hərəkətsizliyə yol verməsi kimi vacib olan halları sübuta yetirə bilməmişdir. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası aşağıdakılara görə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmır. Əvvəla, yuxarıda adı çəkilən və iddiaçının mötəbər sübut kimi istinad etdiyi qəbzdə cavabdeh iddiaçıdan 1.550 manat faizə borc aldığını və həmin borcu qaytaracağını yazmışdır. Cavabdeh apellyasiya baxışı zamanı izahat verərkən həmin qəbzdəki imzanın və oradakı yazıların ona məxsus olduğunu etiraf etdi, lakin əlavə olaraq bildirdi ki, həmin borc məbləğini o götürməmiş, sadəcə olaraq borc pul verilməsində vasitəçi rolunu oynamışdır. Əslində isə başqa şəxsin borcuna zamin duraraq qəbzi imzalamışdır. Cavabdeh həmin qəbzi vasitəçi kimi imzalayaraq, əslində başqa şəxsin iddiaçıdan borc aldığını bildirsə də, apellyasiya baxışı zamanı bunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Beləliklə, məhkəmə kollegiyası işin araşdırılan hallarına əsasən müəyyən etdi ki, iddiaçı cavabdehə 1550 manat pul vermişdir. Cavabdeh bunu izahatında təsdiq edərək 1550 manat borc aldığını və qəbzi imzaladığını bildirmişdir. Bununla da iddia sübuta yetirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin halları düzgün müəyyən olunmamış və məhkəmənin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etməmiş, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq etməmiş, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və eləcə də məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmamışdır. Ona görə də, apellyasiya şikayəti təmin olunmaqla birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmaqla iddia təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.1.4-cü maddəsinin tələbinə görə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. İş materiallarına əlavə edilmiş ********* nömrəli qəbzdən (i.v. 9) məlum olur ki, iddiaçı məhkəmə iddia qaldırması üçün dövlət büdcəsinə 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılmaqla iddia təmin olunsun. Cavabdeh 1550 (min beş yüz əlli) manat borc məbləği və 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 1580 (min beş yüz səksən) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar