Məhkəmə qərarları › İş №2(103)-2839/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2839/2021

15.03.2021 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2839/2021 15.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının vəkili-nümayəndəsi X4, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “ilkin müqavilə üzrə alğı-satqı müqaviləsi bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1867/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçının apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli ilkin müqavilə əsasında əsas müqavilənin, yəni alğı-satqı müqaviləsinin bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2015-ci ilin fevral ayının əvvəllərində tanışı X5 atası Cavabdeh özünə məxsus Bakı şəhəri, Türkan qəsəbəsində olan bağ sahəsini satdığını bildirib almağını təklif etmiş, o, Fuad Məmmədov və cavabdeh gedib birlikdə bağ sahəsinə baxdıqdan sonra onu almaq qərarına gəlmişdir. Sahəsi 0,19 ha olan 429 nömrəli bağ sahəsi cavabdehin Bakı şəhəri İcra Hakimiyyəti Başçısı X2 inkişafı və istismarı Birliyi ilə bağladığı xx xxx 2006-cı il tarixli müqaviləyə uyğun olaraq onun istifadəsinə verilmişdir. Cavabdeh orada ev tikintisinə başlasa da, onu başa çatdıra bilməmişdir. Cavabdeh ilə danışaraq bağ evini 40.000 manata alğı-satqı edəcəkləri barədə razılıq əldə etmişlər, 35.000 manat pulu ona əvvəlcədən, qalan 5000 manat pulu isə sənədləşmə işi başa çatdıqdan sonra ödəməyi razılaşmışlar. Buna görə xx xxxxxx 2015-ci ildə cavabdeh ilə birlikdə Bakı şəhəri 35 saylı notariat kontoruna gedərək bağ evi ilə bağlı sənədləşmə aparması, yəni onun özəlləşdirilməsi, mülkiyyət hüququ barədə çıxarışın alınması, alğısatqı müqaviləsinin bağlanması üçün qardaşı oğlu X1 etibarnamə vermişdir. Həmin notariat kontorunda cavabdeh ilə arasında eyni tarixli ilkin müqavilə bağlanmışdır. Bu müqaviləyə əsasən, Cavabdeh satıcı kimi özünə məxsus bağ sahəsini 40.000 manata satmağı, o, alıcı kimi həmin məbləğin 35.000 manatını depozitə qoymaqla, qalan 5000 manat pulu sənədləşmə başa çatdıqdan sonra ödəməyi öhdəsinə götürmüşdür. Əsas müqavilənin bağlanması sənədləşmənin başa çatması ilə şərtləndirilmişdir. O, 35.000 manat pulu notariat kontorunun “Bank Technique”nin Nizami filialındakı depozit hesabına qoyaraq ona ödəmişdir. Bundan sonra cavabdehin verdiyi etibarnamə əsasında qohumu Seyfəddin Ağaşirinov tərəfindən xx xxxx 2016-cı ildə dövlət reyestrindən çıxarış alınmaqla bağ sahəsi Cavabdeh mülkiyyətinə keçirilmişdir. Sənədləşmə işi başa çatdığı üçün o, qalan 5000 manat pulu oğlu Fuad Məmmədovun vasitəsi ilə Cavabdeh ödədikdən sonra bağ evi xx xxxx 2017-ci ildə 1 saylı Bakı “ASAN Xidmət” mərkəzində fəaliyyət göstərən notariat kontorunda bağlanmış alğı-satqı müqaviləsinə əsasən ona satılaraq xx xxxx 2017ci ildə daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyata alınmışdır. Bağ sahəsi adına keçdikdən sonra o, 90.000 manata yaxın vəsait qoyaraq yarımçıq tikintini və təmir işlərini başa çatdırmışdır. 2 ildən artıq vaxt keçdikdən sonra Cavabdeh 2019-cu ilin yayında heç bir əsas olmadan Xəzər Rayon Məhkəməsində xx xxxx 2017-ci il tarixli alğı-satqı müqaviləsinin ləğv edilməsi və onun bağ evindən çıxarılması ilə bağlı iddia qaldırmış və bu barədə qətnamə çıxarılmasına nail olmuşdur. Cavabdehlə bağladığı xx xxxxxx 2015-ci il tarixli ilkin müqavilənin şərtlərinə tam əməl olunmuşdur. Həmçinin ilkin müqavilə əsasında bağlanmış əsas xx xxxx 2017-ci il tarixli alğı-satqı müqaviləsindən görünür ki, müqavilə qanunun tələblərinə tam uyğun tərtib edilmiş və müvafiq qaydada Bakı şəhəri 22 saylı notariat kontorunun möhürü ilə təsdiq olunmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1867/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, onun ləğv edilməsi, iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili-nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Cavabdeh isə apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. Məhkəmə Kollegiyası, məruzəni, izahatları dinləyib apelyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, prosessual hüquq normalarının tələbləri pozulduğundan birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində təsbit edilmişdir ki, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 387.2.1-ci-ci maddəsinə əsasən işə, buna baxmağa hüququ olmayan hakim tərəfindən baxılması şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməsi üçün əsasdır. Qüvvədə olan qanunvericiliyin tələbinə görə mülki işlərə baxılması zamanı ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən, tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Azərbaycan Respublikası MPM-nin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi baxılmaq üçün başqa məhkəməyə verməlidir. İş materiallarından görünür ki, hazırki mübahisə Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində yerləşən 0.19 hektar torpaq sahəsində olan 429 saylı bağ evi ilə bağlıdır. İddiaçı həmin bağ evi ilə bağlı cavabdehlə arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli ilkin müqavilə əsasında əsas müqavilənin, yəni alğı-satqı müqaviləsinin bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Kollegiya hesab edir ki, mülki iş aidiyyət qaydalarının pozulması ilə icraata götürülməklə baxılmışdır ki, bu da iş üzrə tərəflərin, eləcə də işdə iştirak edən digər şəxslərin hüquqlarının pozulması ilə nəticələnmişdir. Belə olan halda birinci instansiya məhkəməsinin qətnaməsi qanuni sayıla bilməz. Bundan başqa, hazırki işə, buna baxmağa hüququ olmayan hakim tərəfindən baxılmışdır. Bu isə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.2.1-ci maddəsinin tələbinə əsasən prosessual hüquq normasının pozulmasıdır ki, bu da qətnamənin ləğvi ücün əsasdır. Məhkəmə Kollegiyası qeyd edir ki, hazırki mülki işə müstəsna aidiyyət qaydalarına müvafiq olaraq Bakı şəhəri Xəzər Rayon Məhkəməsində baxılmalıdır. Ona görə qətnamə ləğv edilməli, mülki iş mahiyyəti üzrə baxılmaq üçün ərazi aidiyyətinə görə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 387 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1867/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “ilkin müqavilə üzrə alğı-satqı müqaviləsi bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair” iddiası üzrə mülki iş aidiyyəti üzrə baxılmaq üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilsin Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar