Məhkəmə qərarları › İş №2(103)-2841/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2841/2023

08.06.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2841/2023 08.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Əmirova (Hacıyeva) Nazilə Səfərəli qızına qarşı miras əmlaka payların müəyyən edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: miras əmlaka payların müəyyən edilməsi ) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), X13 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçı və digər İddiaçı2 nümayəndəsi İddiaçı1, iddiaçıların vəkili X7, cavabdehlərin nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Əmirova (Hacıyeva) Nazilə Səfərəli qızına qarşı miras əmlaka payların müəyyən edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli, 2(094)-16/2023 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. X11 10 aprel 2010-cu il tarixdə vəfat etmişdir.

2. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən ünvan 1 ünvanında ümumi sahəsi 49,2 kv.m olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,1279 ha torpaq sahəsi vahid əmlak kimi mülkiyyət hüququ üzrə X8 adına qeydiyyata alınmışdır.

3. Bakı şəhəri 7 saylı Xüsusi Notariat Ofisinin Xüsusi X1 tərəfindən İddiaçı1 ünvanlanmış 469 nömrəli 26 avqust 2022-ci il tarixli məktubdan görünür ki, 20 aprel 1982ci il tarixdə ölmüş mərhum X10 ayrılmış Bakı şəhəri Gürgan qəsəbəsi E.Hüseynov küçəsi ev Ö/T 45-ə dair mərhumun vərəsələri arasında pay bölgüsünə dair mübahisə yarandığı üçün İddiaçı1 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmiş və məsələnin həlli üçün ərazi üzrə məhkəməyə müraciət etməsi bildirilmişdir.

4. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 23 may 2017-ci il tarixli, 2(094)- 181/2017 nömrəli qətnaməsi ilə İddiaçı1 cavabdeh X5 qarşı evin bölünməsi barədə iddia tələbi əsassız olduğundan rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 noyabr 2017-ci il tarixli, 2(103)10763/2017 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin qətnaməsi iddiaçının şikayətinə münasibətdə, mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Əmirova (Hacıyeva) Nazilə Səfərəli qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum ataları X6 miras qalmış ünvan 2 ünvanına payların tərəflər arasında mütənasib bölünməsi və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddianın əsaslarına görə, ünvan 5 mərhum atası X8 mülkiyyətinə verilmişdir. Ataları 20 aprel 1982-ci ildə vəfat etmişdir. Cavabdehlər isə iddiaçıların qardaşının övladlarıdır. X2 2010-cu ildə vəfat etmişdir. Mərhum atası X6 qalan miras əmlakından payların müəyyən olunması üçün aidiyyat üzrə 7 saylı Notariusa müraciət etmişlər. Lakin, cavabdehlərlə aralarında narazılıq olduğu üçün 26 avqust 2022-ci ildə notarius tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina olunaraq məhkəməyə müraciət etməkləri tövsiyyə olunmuşdur.

7. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli, 2(094)- 16/2023 nömrəli qətnaməsi ilə iddia rədd olunmuşdur.

8. Qətnamənin əsaslarına görə, iddiaçılar mülki qanunvericiliyin tələblərinə riayət edərək 6 ay müddətində mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etməsi barədə ərizə verməmişlər, həmçinin miras əmlaka sahiblik etməmiş və ya əmlakı faktiki idarə etməmişlər və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməmişlər.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248, 1133, 1134, 1159, 1321, 1322, 1325-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

10. İddiaçılar İddiaçı1 və İddiaçı2 qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

11. Apellyasiya şikayətinin dəlillərinə görə, məhkəmə iddiaçıların mirası faktiki qəbul etməmələrinə istinad etsə də Mülki Məcəllənin 1243.2-ci maddəsinin tələbərini pozmuş və nəzərə almamışdır ki, onlar miras əmlakın bir hissəsini faktiki qəbul etdikləri üçün mirası tamamilə qəbul etmiş hesab edilirlər.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. İddiaçı, eyni zamanda digər iddiaçının nümayəndəsi və iddiaçıların vəkili apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etdilər.

14. Cavabdehlərin nümayəndəsi cavabdehlərin iddia tələblərini etiraf etmələri barədə notarial qayadada təsdiqlənmiş ərizələri təqdim edərək, iddianın təmin olunmasına etiraz etmədi.

15. Əmirova (Hacıyeva) Nazilə Səfərəli qızı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına ünvanlanmış ünvan 4ədən görünür ki, o, Mülki Prosessual Məcəllənin 191-ci maddəsinin tələbinə uyğun olaraq iddia tələbini etiraf edir.

16. X3 tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına ünvanlanmış ünvan 4ədən görünür ki, o, Mülki Prosessual Məcəllənin 191-ci maddəsinin tələbinə uyğun olaraq iddia tələbini etiraf edir.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır; Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər; Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır; Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir; Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər); Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir; Maddə 1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər; Maddə 1322. Vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər; Maddə 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

19. Apellyasiya şikayəti ilə qətnamənin ləğvi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməlidir.

21. Belə ki, işin mübahisəsiz hallarından görünür ki, Bakı şəhəri Pirallahı rayonu Gürgən qəsəbəsi E.Hüseynov küçəsində yerləşən 45 nömrəli ev X8 adına qeydiyyata alınmışdır. Sonuncu vəfat etdiyindən, onun övladları – iş üzrə iddiaçılar hazırkı tələblə məhkəməyə müraciət etmişlər.

22. İşə apellyasiya instansiyası məhkəməsində baxılarkən cavabdehlər Əmirova (Hacıyeva) Nazilə Səfərəli qızı və X3 hazırkı Mülki Prosessual Məcəllənin 191-ci maddəsinin tələblərinə uyğun olaraq iddia tələbinin etiraf olunması barədə ərizələr təqdim edərək, ünvan 1 ünvanında yerləşən 0,1279 ha torpaq sahəsi və üstündəki tikilinin bərabər paylara bölünməsi barədə qətnamə çıxarılmasına etiraz etməmişlər.

23. İddia tələbində “ünvan 2 ünvanına payların tərəflər arasında mütənasib bölünməsi və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi” xahiş edilmişdir. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən ünvan 1 ünvanında ümumi sahəsi 49,2 kv.m olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,1279 ha torpaq sahəsi vahid əmlak kimi mülkiyyət hüququ üzrə X8 adına qeydiyyata alındığına görə miras əmlak həm fərdi yaşayış evindən, həm də yerləşdiyi torpaq sahəsindən ibarətdir. İddianın cavabdehlər tərəfindən etiraf olunması, iddiaçılar tərəfindən miras əmlakın faktiki olaraq qəbul edilməsi qənaətinə gəlməyə əsas verir.

24. Məhkəmə kollegiyası ərizələri iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, iddianın etiraf olunması qanunidir və üçüncü şəxslərin hüquq və mənafelərini pozmur. Ona görə də iddianı etiraf etmə məhkəmə tərəfindən təsdiq edilməli, iddia tələbi təmin edilərək, X6 miras qalmış ünvan 5 ünvanda yerləşən, sahəsi 49,20 kv.m olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,1279 ha torpaq sahəsinin 2\6 hissəsi üzərində İddiaçı1, 2\6 hissəsi üzərində İddiaçı2, 1/6 hissəsi üzərində Cavabdeh1, 1/6 hissəsi üzərində Əmirova (Hacıyeva) Nazilə Səfərəli qızının payları müəyyən edilməklə və həmin paylara uyğun olaraq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməlidir.

25. Beləliklə, hazırkı mübahisəyə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehlərin iddianın etiraf olunması məhkəmə tərəfindən təsdiq olunduğundan, bu hal qətnamənin ləğvinə əsas verir. Bununla bağlı olaraq, apelyasiya şikayəti təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməlidir.

26. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli, 2(094)- 16/2023 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli, 2(094)- 16/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. X6 miras qalmış ünvan 5 ünvanda yerləşən, sahəsi 49,20 kv.m olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,1279 ha torpaq sahəsinin 2\6 hissəsi üzərində İddiaçı1, 2\6 hissəsi üzərində İddiaçı2, 1/6 hissəsi üzərində Cavabdeh1, 1/6 hissəsi üzərində Əmirova (Hacıyeva) Nazilə Səfərəli qızının payları müəyyən edilsin və həmin paylara uyğun olaraq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Fərrux Qasimov

Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar