Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2843/2023 14.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4269/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə həmin qətnamədən apellyasiya şikayəti və müddətin bərpası barədə ərizə verərək, müddətin buraxılmasıının üzürlü hesab edilərək bərpa olunmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli qərardadı ilə ərizə təmin olunaraq buraxılmış prosessual müddət bərpa edilmişdir. Cavabdeh qərardaddan şikayət vermiş, şikayətini onunla əsaslandırılmışdır ki, iddiaçının nümayəndəsi tərəfindən xx.xx.2023-cü il tarixinədək heç bir sənəd Elektron Məhkəmə Sisteminə yüklənməmişdir. Belə ki, Sistemdən göründüyü kimi iddiaçının dediyinə görə göndərilmiş ərizə məhkəmə işinin “şikayətlər” və “sənədlər” bölməsinə düşməmişdir. Halbuki, Elektron Məhkəmə Sistemi vasitəsilə göndərilən ərizələr göndərilən kimi dərhal həmin bölmələrdə əks olunur. Əgər həqiqətən də problem sistemdə olsa idi iddiaçının nümayəndəsi elektron məhkəmə işinin “sənədlər” və ya “şikayətlər” bölməsinə daxil ola bilərdi və həmin bölmələrdə şikayətin və digər sənədlərin əlavə olunubolunmamasını dəqiqləşdirə bilərdi. Lakin, iddiaçının ərizəsindən göründüyü kimi onun tərəfindən yalnız xx.xx.2023-cü il tarixində məhkəmə ilə əlaqə saxlanılmışdır. Göründüyü kimi, iddiaçı tərəf sadəcə olaraq Elektron Məhkəmə Sistemi ilə ərizə göndərilməsini bacarmadığı üçün və məsuliyyətsiz davranaraq işin aqibəti ilə maraqlanmadığını sistem xətası kimi qələmə verməyə çalışır. Bundan əlavə iddiaçı tərəf ən azından elektron məhkəmə sistemindən çıxarış edərək (printscreen) apellyasiya şikayətinin vaxtında verildiyini sübut edə bilərdi. Lakin iş materiallarında belə bir sübut da mövcud deyil. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İş materiallarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi xx.xx.2022-ci il tarixdə iddiaçının elektron kabinetinə yerləşdirilmiş, iddiaçı apellyasiya şikayətini xx.xx.2023-ci il tarixdə elektron kabinet vasitəsi ilə “Elektron Məhkəmə” İnformasiya Sistemininə yerləşdirmişdir. İddiaçı müddətin üzürlü səbəbdən ötürülməsini vaxtında apellyasiya şikayəti verdiyi, lakin şikayətin nəticəsi ilə maraqlandıqda şikayətin sistemə daxil olmadığı, bununla bağlı “e-məhkəmə” portalına müraciət etdiyi, portalda ilin sonu və yeni hakimlərin təyinatı ilə əlaqədar böyük yüklənmə yarandığı barədə ona məlumat verildiyi ilə əlaqələndirmişdir. İş materiallarına əlavə edilmiş iddiaçının vəkili Nümayəndə elektron məhkəmə sistemində mövcud şəxsi kabinetindən görünür ki, iddiaçının vəkili tərəfindən xx.xx.2023cü il tarixdə apellyasiya şikayətini elektron sistemə daxil etmək istiqamətində hərəkət edilmiş, sənədin göndərildiyi barədə məlumat isə qeydə alınmamışdır. MPM-ə müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər (maddə 360). Qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1). Beləliklə, Kollegiya hesab edir ki, iddiaçının ərizədə istinad etdiyi hallar müddətin üzürlü səbəbdən ötürüldüyü barədə nəticəyə gəlməyə əsas verir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh şikayəti təmin olunmasın. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-2843/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2843/2023
14.04.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver