Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2844/2022 13.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, Ərizəçi, Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Mehrəliyeva Samirə Eldar qızının iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5108/2021 saylı 13 sentyabr 2021-ci il tarixli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu olmaqla “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun Laçın Rayon Kirov (Nağdalı) adına sovxozda 01.01.1972-01.01.1974-cü ilə qədər və 01.01.1976-cı ildən 01.03.1980-ci ilə qədər fəhlə, 01.03.1980-ci ildən 18.05.1992-ci ilədək isə zootexnik vəzifəsində işləməsinə dair faktın təsdiq edilməsi barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə tələbi onunla əsaslandırılmışdır ki, o, Laçın rayonu işğal olunanadək yəni, 1992-ci ilin may ayın 18-nə qədər həmin rayonda ailəsi ilə birlikdə yaşamış və işləmişdir. Laçın rayonu işğal edildiyi zaman ailəsi ilə birlikdə məcburi olaraq Şəki rayonuna köçmüşdür. Məcburi köçdükləri zaman bir sıra əhəmiyyət kəsb edən sənədləri, o cümlədən, hərbi bileti və əmək kitabçanı itirmişdir. Həmin sənədləri bərpa etmək məqsədi ilə müvafiq inzibati orqanlara müraciət edilmişdir. Belə ki, AR Milli Arxivinə edilən müraciət nəticəsində, Laçın Rayon Dövlət Arxivi tərəfindən 25 yanvar 2021-ci il tarixli, 01 saylı arxiv arayışı verilmişdir. Həmin arxiv arayışına əsasən o, 1972-ci ildən 1974-cü ilədək, 1976-cı ildən 1980-ci ilədək Laçın rayon Kirov (Nağdalı) adına Sovxozda fəhlə işləmiş, daha sonra 1977-ci ildən 01.03.1980-ci ilədək Şuşa Selxoz Texnikumda zootexnik ixtisası üzrə təhsil almış və 01.03.1980-ci ildən 1992-ilin may ayın 18-nə qədər zootexnik işləmiş, lakin, bu faktı təsdiq edən sənədləri rayonun işğalı ilə əlaqədar əldə etmək mümkün olmamışdır. Laçın rayonundan məcburi köçkün düşdükdən sonra, 1992-ci ildən Şəki rayonunda məskunlaşmışlar. Şəki rayonunda Şəki rayonu Baş Göynük kənd Qafqaz kalxozununda 1993-ci ildən işləməyə başlamış, lakin əmək kitabçasını itirdiyinə görə, əmək kitabçasında müvafiq qeydləri aparılması mümkün olmamışdır. Həmin kolxozda işləməyi ilə bağlı AR Milli Arxiv İdarəsinin Respublika Dövlət Arxiv Şəki Filialına müraciət etmiş, AR Dövlət Arxiv Şəki Filialının 27 yanvar 2021-ci il tarixli, 70 saylı arxiv arayışına əsasən 1993-cü ildən 1998-ci ilədək faktiki olaraq Şəki rayonu Baş Göynük kənd Qafqaz kalxozununda işləməyi və maaş alması təsdiq edilmişdir. Qeyd olunan sənədləri əldə etdikdən sonra, həmin arxiv arayışları və 31.12.1991-cu ildə tərtib edilmiş ******* saylı əmək kitabçası ilə birlikdə AR Əmək və Əhalin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına pensiya alınması ilə bağlı müraciət etmiş, inzibati orqan müraciətinə baxaraq 08.06.2021-ci il tarixli, **********4 saylı imtina məktubu vermiş və həmən imtina məktubunda yalnız əmək kitabçasında qeyd edilən stajı nəzərə alınmış və bildirilmişdir ki, digər əmək stajı arxiv arayışlarda qeyd olunsa belə faktiki olaraq əmək kitabçasında qeyd olunmamadığına görə, həmin stajı təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olmadığına görə həmin staj nəzərə alınmamışdır. Faktiki olaraq Laçın rayon uzun müddət işğal altında olduğuna görə, həmin rayonda işlədiyi müddəti və Şəki rayonu Baş Göynük kənd Qafqaz kolxozu ləğv edildiyinə görə kolxozda işlədiyi müddət məhkəmə qərarından başqa hər hansı bir sənədlə təsdiq edilməsi qeyri-mümkündür. Həmin staj müddətinin nəzərə alnııb-alınmaması birbaşa olaraq onun pensiya hüququna toxunur. Onun Laçın Rayon Kirov (Nağdalı) adına sovxozda 01.01.1972-01.01.1974-cü ilə qədər və 01.01.1976-cı ildən 01.03.1980-ci ilə qədər fəhlə, 01.03.1980-ci ildən 18.05.1992-ci ilədək isə zootexnik vəzifəsində, Şəki rayonu Baş Göynük kənd Qafqaz kolxozunda 01.01.1993-cü idən 01.01.1998-ci ilədək kolxozçu vəzifəsində minimum əmək stajını normasını yerinə yetirməklə işləməsinə dair faktın təsdiq edilməsi barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5108/2021 saylı 13 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə ərizənin təmin edilməsi, Ərizəçi Laçın rayon Kirov (Nağdalı) adına sovxozunda 01.01.1972-01.01.1974-cü ilə qədər və 01.01.1976-cı ildən 01.03.1980cı ilə qədər fəhlə, 01.03.1980-ci ildən 18.05.1992-ci ilədək zootexnik vəzifəsində işləməsi faktının müəyyən edilməsi qət edilmişdir. Həmin qətnamədən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu verdiyi apellyasiya şikayətində qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sabunçu Rayon Məhkəməsi qeyd olunan işə baxarkən ilk olaraq maraqlı şəxs qismində Laçın Rayon İcra Hakimiyyətini cəlb etmişdir. Sonradan ərizəçinin xahişinə əsasən maraqlı şəxs qismində Dövlət Sosial Müdafiə Fondu cəlb edilmişdir. Lakin Fondun nümayəndəsi maraqlı şəxsin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Bundan başqa MPM-nin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçünişin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Hesab edirik ki, Məhkəmə yekun qərar qəbul edərək işi hərtərəfli, tam və obyektiv araşdırmamışdır. Məhkəmə kollegiyasının iclasında maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Mehrəliyeva Samirə Eldar qızı apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini, qətnamənin ləğv edilməsini və ərizənin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Ərizəçi apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5108/2021 saylı 13 sentyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, Ərizəçi ərizəsi təmin edilməməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir: Belə ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid1 ifadə verərək bildirmişdi ki, o, 1980-1985-ci il tarixlərdə Laçın rayon Kirov (Nağdalı) adına sovxozda işləmiş, həmin dövrdə Ərizəçi onlarla birlikdə qeyd olunan sovxozda zootexnik işləmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid2 ifadə verərək bildirmişdir ki, o, dəqiq xatırlamadığı tarixlərdə Laçın rayon Kirov (Nağdalı) adına sovxozda 5 il sağıcı işləmiş, həmin dövrdə Ərizəçi qeyd olunan sovxozda zootexnik işləmişdir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prossesual hüquq normalarına uyğun çıxarılmalıdır. 01 yanvar 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, Ərizəçi məhkəməyə ünvanladığı ərizəsindən görünür ki, Laçın Rayon Kirov (Nağdalı) adına sovxozda 01.01.1972-01.01.1974-cü ilə qədər və 01.01.1976-cı ildən 01.03.1980-ci ilə qədər fəhlə, 01.03.1980-ci ildən 18.05.1992-ci ilədək isə zootexnik vəzifəsində, Şəki rayonu Baş Göynük kənd Qafqaz kolxozunda 01.01.1993-cü idən 01.01.1998-ci ilədək kolxozçu vəzifəsində işləməsini yəni iş stajı olması faktını müəyyən edilməsini xahiş edir və xahişini onunla birlikdə işləyən şəxslərin olmasına istinad edir. Birinci instansiya məhkəməsi ərizəçinin ərizəsini təmin edərkən məhz şahid ifadələrinə əsalanmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin yuxarıda göstərilən ərizənin təmin edilməsinə əsas olan mövqeyi ilə razılaşmır. Belə ki, Ərizəçi Laçın Rayon Kirov (Nağdalı) adına sovxozda 01.01.1972-01.01.1974-cü ilə qədər və 01.01.1976-cı ildən 01.03.1980-ci ilə qədər fəhlə, 01.03.1980-ci ildən 18.05.1992-ci ilədək isə zootexnik vəzifəsində işləməsini təsdiq edən iş üzrə dindirilmiş Şahid1 və Şahid2 ifadələri ilə təsdiq olunmuş olsa da, iş materiallarında şahidlərin əmək kitabçalarının olması ümumiyyətlə müəyyən olunmur. Həmçinin dindirilən şahidlərdən biri Şahid2 ifadəsində Laçın rayon Kirov (Nağdalı) adına sovxozda 5 il sağıcı işlədiyini qeyd etsə də, məhz hansı tarixlərdə işlədiyini xatırlamadığı bildirmişdir. Qanunvericiliyin tələbləri baxımından isə əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Göründüyü kimi ərizəçinin Laçın Rayon Kirov (Nağdalı) adına sovxozda 01.01.1972-01.01.1974-cü ilə qədər və 01.01.1976-cı ildən 01.03.1980-ci ilə qədər fəhlə, 01.03.1980-ci ildən 18.05.1992-ci ilədək isə zootexnik vəzifəsində, Şəki rayonu Baş Göynük kənd Qafqaz kolxozunda 01.01.1993-cü idən 01.01.1998-ci ilədək işləməsi faktı iş materialları ilə öz təsdiqini tapmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.2-ci maddəsinə əsasən Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.3-ci maddəsinə əsasən Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmin məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 104.3-ci maddəsinə əsasən Alınma mənbəyini göstərə bilməyən şahid tərəfindən verilən məlumatlar sübut hesab edilmir. Məhkəmə kollegiyası qeyd edilən hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, şəxsin əmək stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək fəaliyyətini təsdiq edən sənəd olmadığı təqdirdə şəxsin sosial sığorta stajı məhkəmə qaydasında təsdiq edilə bilər. Belə ki, qanunvericiliyin tələblərindən də göründüyü kimi hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Birinci instansiya məhkəməsi ərizənin təmin olunmasını ərizəçinin təqdim etdiyi şahidlər və onların ifadələrinə əsaslanmışdır. Lakin birinci inistansiya məhkəməsi prosessual pozuntulara yol verməklə diqqətə almamışdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 104.3-ci maddəsinə əsasən Alınma mənbəyini göstərə bilməyən şahid tərəfindən verilən məlumatlar sübut hesab edilmir. İşin faktiki halından görünür ki, şahid qismində dindirilmiş şəxslərin ərizəçinin ərizəsində göstərdiyi halların təsdiq edilməsini təmin olunması üçün ifadə verməzdən öncə şahidlərin ərizəçinin hüquq əhəmiyyətli faktın təsdiq edilməsi üçün qeyd etdiyi dövürdə məhz ərzəçi ilə birlikdə işləməsini təsdiq edəcək hər hansı bir sübut olmamışdır. Burdan da göründüyü kimi tələbi sübuta yetirmək istəyən şəxslərin (şahidlərin) ilk öncə özlərinin sübuta ehtiyacı vardır. Belə ki, məhkəmə kollegiyası iş materiallarının tədqiqi zamanı şahid qismində dindirilmiş şəxslərin həqiqətəndə qeyd olunan kolxozlarda işləməsini təsdiq edən hər hansı bir sənəd aşkar etməmişdir. Beləliklə məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayətinin prosessual hüquq normalarının birinci instansiya məhkəməsi tərəfindən pozulması barədə dəlili əsaslıdır. Hazırkı mülki iş üzrə prosessual hüquq normasının pozulması nəticəsində düzgün olmayan məhkəmə aktı qəbul edilmişdir ki, bu da gəlinən nəticənin apelyasiya qaydasında ləğvi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Buna görə də məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5108/2021 saylı 13 sentyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, Ərizəçi ərizəsi təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5108/2021 saylı 13 sentyabr 2021-ci il tarixli ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu olmaqla “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2844/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2844/2022
13.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver