Məhkəmə qərarları › İş №2(103)-2849/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2849/2023

18.04.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2849/2023 18.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Qəhrəmanova (Mirzəyeva) Jalə Rafik qızına cavabdehin mənzilindən istifadə hüququnun mövcud olmamasının müəyyən edilərək mənzildən çıxarılması tələbinə dair mülki iş üzrə Açar sözlər: şikayətin geri qaytarılması Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Qəhrəmanova (Mirzəyeva) Jalə Rafik qızına cavabdehin mənzilindən istifadə hüququnun mövcud olmamasının müəyyən edilərək mənzildən çıxarılması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 fevral 2023-cü il il tarixli, 2(001)-2885/2021 nömrəli qərardadından cavabdehin şikayətinə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Qəhrəmanova (Mirzəyeva) Jalə Rafik qızının onun mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Ə.Naxçıvani küçəsi 9 nömrəli evin 13 nömrəli mənzilindən istifadə hüququnun mövcud olmamasının müəyyən edilməsi və cavabdehin həmin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 2(001)- 2885/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh Bakı şəhəri Binəqədi rayonu Ə.Naxçıvani küçəsi 9 nömrəli evin 13 nömrəli mənzilinə istifadə hüququnun olmaması müəyyən edilmişdir.

3. Cavabdeh qətnamədən apellyasiya şikayəti, eyni zamanda şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə vermişdir.

4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 mart 2022-ci il tarixli, 2(001)- 2885/2021 nömrəli qərardadı ilə ərizə təmin edilməmiş, şikayət geri qaytarılmışdır.

5. Cavabdeh qərardaddan şikayət verərək, ləğv edilib, qətnamədən apellyasiya şikayətinin baxılması üçün göndərilməsini xahiş etmişdir.

6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 sentyabr 2022-ci il tarixli, 2(001)- 2885/2021 nömrəli qərardadı ilə şikayət təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 mart 2022-ci il tarixli, 2(001)-2885/2021 nömrəli qərardadı ləğv edilmiş, cavabdeh tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 2(001)-2885/2021 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin buraxılması üzrlü hesab edilərək bərpa edilmiş və apellyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli, 2(103)-6817/2022 nömrəli qərardadı ilə cavabdehin şikayəti qeyri-mümkün hesab edilmişdir.

8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli, 2(001)- 2885/2021 nömrəli qərardadı cavabdehin qətnamədən şikayəti geri qaytarılmışdır.

10. Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli qərardadından kassasiya şikayəti verərək, ləğv edilməsini xahiş etmişdir.

11. Azərbaycan Respublikası Ali Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, 2(102)- 6270/2022 nömrəli qərardadı ilə cavabdehin şikayəti qeyri-mümkün hesab edilmişdir.

12. Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli qərardadından şikayət vermişdir.

13. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli, 2(001)- 2885/2021 nömrəli qərardadı ilə cavabdehin şikayəti təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

14. Bakı Apellyasiya Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli, 2(103)-1606/2023 nömrəli qərardadı ilə cavabdehin şikayəti qeyri-mümkün hesab edilmişdir.

15. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli, 2(001)- 2885/2021 nömrəli qərardadı cavabdehin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli qərardadından şikayəti geri qaytarılmışdır.

16. Qərardadın əsaslarına görə, şikayət Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya şikayətinin forması ilə bağlı tələblərinə cavab vermədən tərtib edilmişdir.

17. Qərardadla razılaşmayan cavabdeh şikayət verərək qərardadın ləğv olunmasını xahiş etmişdir.

18. Şikayətin dəlillərinə görə, qərardaddan şikayət verilən zaman bütün narazı qaldığı və əsaslar ümumi forma və qaydada göstərilmişdir. Lakin məhkəmənin irad tutduğu məsələlərə dair tərəfindən cari formada şikayət tərtib edilərək məhkəməyə təqdim edilir.

19. Məhkəmə tərəfindən qərardaddan verilən şikayətdə bütün əsaslı hallar və dəlillər ümumi və lakonik formada qeyd olunsa da lakin bu nəzərə alınmamışdır.

20. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli, 2(001)- 2885/2021 nömrəli qərardadına əsasən şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 361.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: Maddə 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; Maddə 363.1.1-1. Apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır; Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir; Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər; Maddə 399. Birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir.

22. Məhkəmə aktlarından verilən apellyasiya şikayətinin formasını müəyyən edən “Apellyasiya şikayətinin forması” adlı “Əlavə 2” (2 saylı Əlavə) “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2021-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və MPM-ə daxil edilmişdir.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi şikayəti geri qaytarmaqda haqlı olmuşdur.

24. İlkin olaraq onu qeyd etmək lazımdır ki, MPM-in “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavəsində apellyasiya şikayətinin cədvəl forması və şikayətdə hansı məlumatların göstərilməli olması müəyyən edilmiş, Əlavə ilə tələb olunmuşdur ki, apellyasiya şikayəti verən şəxs işin faktiki halları ilə bağlı mövqeyini aydın ifadə etməli, işin materiallarına istinad edilməklə məhkəmələr tərəfindən müəyyən edilmiş hansı halları qəbul etdiyini, hansı halları isə qəbul etməyərək mübahisələndirdiyini dəqiq göstərməli, eləcə də mübahisənin düzgün həlli üçün əhəmiyyətli hesab etdiyi digər hansı faktiki halların məhkəmələr tərəfindən araşdırılmadığını dəqiq bildirməli, işin halları ilə bağlı mövqe mübahisənin predmetinə aidiyyəti nəzərə alınmaqla, yığcam şəkildə, xronoloji ardıcıllıqla, sadə və anlaşıqlı formada təqdim edilməli; şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi hüquq norması sıralanmaqla göstərilməli, göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməli; məhkəmənin hansı faktiki halları aydınlaşdırmadığı dəqiq göstərilməli və hər birinin qarşısında bu halın məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətinin nədən ibarət olduğuna aydın şəkildə izah verilməli; məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hansı halların sübut edilməməsi dəqiq göstərilməli və hər birinin qarşısında bunun nədə ifadə olunmasına (qanunla göstərilən sübutlarla təsdiq edilməməsi və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilməsi) aydın şəkildə izah verilməli; apellyasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir.

25. “Apellyasiya şikayətinin forması” adlı 2 saylı əlavənin “Barəsində şikayət olunan məhkəmə qətnaməsi və ya qərardadı haqqında məlumat” adlı 4-cü hissəsindən məlum olur ki, həmin əlavə həm məhkəmə qətnamələrinə, həm də qərardadlara şamil olunur. Eyni nəticə Əlavənin 7-ci hissəsindən də irəli gəlir.

26. İş materiallarından görünür ki, şikayətdə mülki prosessual qanunvericiliyin qeyd olunan imperativ göstərişləri də yerinə yetirilməmiş, şikayət “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavə ilə tələb olunan cədvəl formasına və cədvəl daxilində məzmuna uyğun tərtib edilməmişdir.

27. Bundan başqa, birinci instansiya məhkəməsi şikayəti Mülki Prosessual Məcəllənin 399-cu maddəsinin tələbinə əsasən apelyasiya instansiyası məhkəməsinin göstərişlərini nəzərə almaqla geri qaytarmışdır. Buna görə də, məhkəmə kollegiyası şikayətin dəlilləri ilə razılaşmır.

27. Beləliklə, hazırkı mübahisəyə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, şikayətin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qərardadın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır.

28. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

Cavabdeh Qəhrəmanova (Mirzəyeva) Jalə Rafik qızının Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 fevral 2023-cü il il tarixli, 2(001)-2885/2021 nömrəli qərardadından verdiyi şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 fevral 2023-cü il il tarixli, 2(001)- 2885/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

HAKİMLƏR Fərrux Qasımov

Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar