Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-285/2022 04.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X7rşı “əmlakın mülkiyyətçi olmayan şəxsdən alınması” tələbinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-814/2019 saylı, 03.10.2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:
1. İddiaçı cavabdeh X7rşı əmlakın mülkiyyətçi olmayan şəxsdən alınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Daha sonra İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, məhkəmədən 08.09.2015-ci il tarixli, AC 516454 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən ona məxsus **-ZR-*** dövlət nömrə nişanlı, 2009-cu il buraxılışlı, “Toyota Land-Cruiser-Prado” markalı avtomobilin dəyəri olaraq 34 000 manat pulun cavabdeh X9 alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 08.09.2015-ci il tarixli, AC 516454 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi ilə **-ZR-*** dövlət nömrə nişanlı, 2009-cu il buraxılışlı, “Toyota Land-Cruiser-Prado” markalı avtomobil onun xüsusi mülkiyyətindədir. 21.04.2018-ci il tarixdə tanışı olan cavabdeh X13 sözügedən avtomobili idarə etməyə dair etibarnamə vermişdir. Həmin etibarnamənin ləğv edilməsi ilə bağlı tərəfindən 25.07.2018-ci il tarixdə 2 saylı ASAN xidmət mərkəzinin notariat kontoruna müraciət olunmuşdur. Həmin kontorun 1575 saylı, 25.07.2018-ci il tarixli məktubuna əsasən həmin etibarnamə ləğv edilmişdir. Buna baxmayaraq həmin avtomobil cavabdehin sahibliyindədir. Dəfələrlə avtomobilin qaytarılması barədə cavabdehi xəbərdar etsə də cavabdeh avtomobili qaytarmamışdır. Ona görə də 08.09.2015-ci il tarixli, AC 516454 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən ona məxsus **-ZR-*** dövlət nömrə nişanlı, 2009-cu il buraxılışlı, “Toyota Land-Cruiser-Prado” markalı avtomobilin dəyəri olaraq 34 000 manat pulun cavabdeh X9 alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.
4. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-814/2019 saylı, 03.10.2019-cu il tarixli qətnaməsi ilə iddianın rədd edilməsi qət edilmişdir (sədrlik edən: İmran Burcayev).
5. Həmin qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. 08.09.2015-ci il tarixli, AC 516454 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi ilə 90ZR454 dövlət nömrə nişanlı, 2009-cu il buraxılışlı, “Toyota Land-Cruiser-Prado” markalı avtomobil iddiaçının xüsusi mülkiyyətindədir. 21.04.2018-ci il tarixində tanışı olan Cavabdeh avtomobili idarə etməyi etibarnamə ilə vermişdir. Həmin etibarnamənin ləğv edilməsi ilə bağlı iddiaçı tərəfindən 25.07.2018-ci il tarixində 2 saylı ASAN Xidmət Mərkəzinin notariat kontoruna müraciət olunmuşdur. Notariat kontorunun 1575 saylı, 25.07.2018-ci il tarixli məktubuna əsasən iddiaçı tərəfindən cavabdehə verilmiş etibarnamə ləğv edilmişdir. Hazırda etibarnamənin ləğv olunmasına baxmayaraq iddiaçıya məxsus avtomobil cavabdehin sahibliyindədir. İddiaçı tərəfindən cavabdehə dəfələrlə müraciət olunaraq avtomobili geri qaytarmasını tələb etsə də, cavabdeh hər dəfəsində avtomobili geri qaytarmaqdan yayınmışdır.
7. İşə birinci apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 1620/2020 saylı, 06.10.2020-ci il tarixli qətnaməsi ilə, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-814/2019 saylı mülki iş üzrə qəbul etdiyi 03 oktyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın qismən təmin edilərək, cavabdeh X9 11000 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi, ekspertiza xərci olan 100 manatın cavabdeh X9 tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir (Sədrlik edən: Şərafət Məmmədova).
8. Həmin qətnamədən iddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir.
9. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2474/2021 saylı, 20.04.2021ci il tarixli qərarı ilə, iddiaçının kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin 06.10.2020-ci il tarixli qətnaməsi ləğv edilərək, işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır (sədrlik edən: İsmayıl Xəlilov). Tərəflərin izahatları:
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi.
11. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh kollegiya iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
12. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.
13. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməlidir. Sübutların tədqiqi:
14. Belə ki, işin materiallarına əlavə edilən AC seriyalı, 516454 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-ZR-*** dövlət nömrə nişanlı, 2009-cu il buraxılışlı, “Toyota Land-Cruiser-Prado” markalı avtomobil İddiaçı mülkiyyətindədir.
15. İş materiallarına əlavə edilən 2 saylı ASAN xidmət mərkəzinin notariat kontoru tərəfindən İddiaçı ünvanlanmış 1575 saylı, 25.07.2018-ci il tarixli məktubda göstərilir ki, ünvan notariat kontorunda onun tərəfindən Cavabdehçə dövlət qeydiyyat nişanı **-ZR-*** olan nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında 21.04.2018-ci il tarixli 7E-6326 reyestr nömrəli etibarnamə onun 25.07.2018-ci il tarixli ərizəsi əsasında ləğv edilmişdir.
16. İş materiallarına əlavə edilən 4 saylı Bakı “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin notariat kontoru tərəfindən İddiaçı verilmiş 378 saylı, 16.03.2018-ci il tarixli arayışda göstərilir ki, ünvan notariat kontorunda 02.11.2017-ci il tarixdə 7E-19921 nömrə ilə qeydiyyatdan keçirilərək rəsmləşdirilmiş, mülkiyyətində olan **-ZR-***dövlət nömrə nişanlı, “Toyota Land-Cruiser-Prado” minik markalı nəqliyyat vasitəsinə dair X13 verdiyi “nəqliyyat vasitəsindən istifadə edilməsi haqqında etibarnamə” ləğv edilmişdir. Həmin etibarnaməyə “Elektron Notariat” X2 xitam verilmişdir.
17. İşdə olan məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası DİN BDYPİ-si tərəfindən verilmiş 08.11.2018-ci il tarixli, 016-119172/1218 saylı cavab məktubunda göstərilir ki, “Toyota Land-Cruiser-Prado” minik markalı, **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobil, 08.09.2015-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmış, 21.06.2018-ci il tarixdə qeydiyyatdan çıxmış, 21.06.2018-ci il tarixdə X3 adına qeydiyyata alınmış, 05.07.2018-ci il tarixdə onun adından qeydiyyatdan çıxmış, elə həmin tarixdə X8 adına qeydiyyata alınmış, 04.09.2018-ci il tarixdə sonuncunun adından qeydiyyatdan çıxaraq X10 adına qeydiyyata alınmış və hal-hazırda qeydiyyatdadır. Hüquqi dəyərləndirmə:
18. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kasassiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
20. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28.02.2012-ci il tarixli Qərarında da müəyyən edilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi üçün məcburidir.
21. Məhkəmə Kollegiyası hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının Qərarında qeyd edilmiş göstərişlər Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olduğundan, həmin göstərişlərlə razılaşaraq onları nəzərə alır.
22. İş materiallarından görünür ki, **-ZR-*** dövlət nömrə nişanlı, 2009-cu il buraxılışlı, “Toyota Land-Cruiser-Prado” markalı avtomobil iddiaçının xüsusi mülkiyyətində olmuşdur. 21.04.2018-ci il tarixdə iddiaçı tanışı X13 sözügedən avtomobilə dair etibarnamə vermişdir. Həmin etibarnamə 25.07.2018-ci il tarixdə 2 saylı ASAN xidmət mərkəzinin notariat kontorunda ləğv edilmişdir. Həmin avtomobil 3-cü bir şəxsə satılmış, avtomaşının dəyəri mülkiyətçiyə verilməmişdir.
23. Mülki Məcəllənin 359.1 və 362.1-ci maddələrinin birgə təfsirinə görə etibarnamə əsasında təmsilçi tərəfindən bağlanan əqd təmsil edilənin adından bağlanır və məhz sonuncu üçün mülki hüquq və vəzifələrinin yaradılması, dəyişdirilməsi və onlara xitam verilməsinə səbəb olur.
24. Hazırkı işin halları da ondan ibarətdir ki, iddiaçının etibarnamə əsasında təmsilçisi olan cavabdeh öz öhdəliklərini pozmuşdur. Belə ki, iş materiallarından müəyyən olunur ki, İddiaçı 21.04.2018-ci il tarixdə özünə məxsus “Toyota Land-Cruiser-Prado” markalı **-ZR-*** dövlət nömrə nişanlı avtomobilə sərəncam verilməsi haqqında X13 etibarnamə vermiş, sonuncu da həmin etibarnamə əsasında avtomobili 21.06.2018-ci il tarixli alqı-satqı müqaviləsi ilə X1. Göründüyü kimi X14 İddiaçı adından avtomobili üçüncü şəxsə satmış, lakin təmsilçilik vəzifələrini icra etməyərək alqı-satqı müqaviləsi əsasında əldə etdiyi pul vəsaitini İddiaçı verməmişdir.
25. Mülki Məcəllənin 443.1-ci maddəsinin tələblərinə görə isə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı cavabdehin öhdəliyini icra etməməsi nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır.
26. Kassasiya instansiyası məhkəməsi öz qərarında qeyd etmişdir ki, “...iddiaçı avtomaşını vurulmuş vəziyətdə cavabdehə təhvil verdiyini inkar etməmişdir. Lakin, avtomaşını hansı vəziyyətdə, nə məqsədlə, hansı şərtlərlə cavabdehə təhvil verməsinə aydınlıq gətirməmişdir. Cavabdeh isə avtomaşını iddiaçıdan satın aldığını bildirmiş və işə baxan 1-ci instansiya məhkəməsi cavabdehin prosesdə iştirak etməsinə baxmayaraq tərəflər arasında avtomaşınla bağlı baş tutumuş münasibətləri aydınlaşdırmaq üçün heç bir sualcavab aparmamışdır. Nəticə etibarı ilə avtomaşınla bağlı tərəflər arasında baş vermiş münasibətlər aydınlaşdırılmadan qalmışdır. Əslində, sübutemtə vəzifəsinin bölüşdürülməsi üçün həmin halların da əhəmiyyəti var idi. Beləki, avtomaşın vurulmuş vəziyyətdə təhvil verilmişdirsə, iddiaçı onun hansı vəziyyətdə təhvil verilməsini sübut etməlidir ki, ekspert avtomaşının həmin vəziyyətdə dəyərini müəyyən edə bilsin. Avtomaşın saz vəziyyətdə, satılması üçün, təmir olunması üçün təhvil verilmişdirsə, onda avtomaşının hansı qiymətə satılmasını (çünki iddiaçı avtomaşının dəyərini tələb edir) cavabdeh sübut etməlidir.
27. İşə yenidən apellyasiya instansiyası məhkəməsində baxılan zaman Ali Məhkəmənin göstərişlərinə müvafiq araşdırma aparılaraq iddiaçı və cavabdeh məhkəmə iclasına dəvət edilmiş, lakin cavabdehə elektron məhkəmə informasiya sistemi vasitəsilə SMS bildiriş çatdırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. İddiaçı isə məhkəmə iclasında verdiyi izahatında avtomobili cavabdehə təmir etməsi məqsədilə verdiyini, avtomobili cavabdehə satmadığını bildirmişdir.
28. Məhkəmə kollegiyası iş materiallarına, apellyasiya şikayətinin dəlillərinə, Ali Məhkəmənin göstərişlərinə əsasən, sadalanan hüquq normalarının tələblərini rəhbər tutaraq qeyd edir ki, mübahisəli avtomobil iddiaçının xüsusi mülkiyyətində olmuş, 21.04.2018-ci il tarixdə iddiaçı tanışı X13 sözügedən avtomobilə dair etibarnamə vermiş, daha sonra həmin etibarnamə 25.07.2018-ci il tarixdə 2 saylı ASAN xidmət mərkəzinin notariat kontorunda ləğv edilmiş, avtomobil 3-cü bir şəxsə satılmışdır.
29. Avtomobilin cavabdehə satılması və bunun qarşılığında iddiaçıya pul ödəməsi halları iş materialları ilə öz təsdiqini tapmamış və cavabdeh tərəfindən hər hansı bir sübut təqdim edilməmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə iclasında iştirak etmiş cavabdeh avtomobili iddiaçıdan 11000 manat məbləği qarşılığında aldığını bildirsə də, həmin halı sübut edən hər hansı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Mübahisəli avtomobilin iddiaçıdan 11000 manat qarşılığından alınması halını cavabdeh irəli sürdüyündən həmin halı sübutetmə yükü də cavabdehin üzərinə düşür.
30. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.
32. Kollegiya etibarnamənin ləğv edilməsini, mübahisəli avtomobilin onun mülkiyyətçisi olan iddiaçının sahibliyindən qanunsuz alınmasını, avtomobilin cavabdehə 11000 manat qarşılığında satılması halının cavabdeh tərəfindən sübuta yetirilməməsini nəzərə alaraq hesab edir ki, avtomobilin dəyəri iddiaçıya ödənilməlidir.
33. Mübahisəli avtomobilin dəyərinin müəyyən edilməsi məqsədilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6284/2021 saylı, 15.10.2021-ci il tarixli qərardadı ilə avtomobilin fotoşəkillər əsasında qiymətləndirilməsi qərara alınmış və qərardadın icrası “X5” MMC-yə həvalə edilmişdir.
34. “X5” MMC-nin 10.01.2022-ci il tarixində məhkəməyə daxil olmuş rəyinə əsasən 2009-cu il buraxılışlı, 90ZR454 dövlət qeydiyyat nişanlı, ağ mirvari rəngli, mühərrik həcmi 2700 sm3 olan “X16-Prado” markalı avtomobilin iş materiallarında olan fotoşəkillər əsasında bazar qiyməti 14276 manat, likvid qiyməti isə 12849 manat müəyyən edilmişdir.
35. Məhkəmə kollegiyası qiymətləndirmənin mötəbərliyinə şübhə yaradan hər hansı halın aşkar edilmədiyini nəzərə alaraq hesab edir ki, qiymətləndiricinin rəyində müəyyən edilən avtomobilin likvid dəyəri əsas götürülərək iddiaçının iddia tələbi qismən təmin edilməlidir.
36. Belə ki, kollegiya iş materiallarına, qanunvericiliyin tələblərinə və Ali Məhkəmənin göstərişlərinə əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməli, mübahisəli avtomobilin dəyəri 12849 manat məbləğində müəyyən edilməklə, cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Nəticə:
37. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilərək, avtomobilin dəyəri olan 12849 manat cavabdehdən tutulub iddiaçıya ödənilməlidir.
38. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-814/2019 saylı, 03.10.2019-cu il tarixli qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. 2009-cu il buraxılışlı, 90ZR454 dövlət qeydiyyat nişanlı, ağ mirvari rəngli, mühərrik həcmi 2700 sm3 olan “X16-Prado” markalı avtomobilin dəyəri olan 12.849 (on iki min səkkiz yüz qırx doqquz) manat məbləğində olan pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Aparılmış qiymətləndirmə tədqiqatının dəyəri olan 300 (üç yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq “X6” MMC-yə (kod: 201218, SWİFT kod: AİİBAZ2X, M/h: AZ37NABZ**********0000001944, VÖEN: **********, hesab: AZ64AİİB400900C**********208) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Anar Tanrıverdiyev