Məhkəmə qərarları › İş №2(103)-285/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-285/2025

05.08.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-285/2025 05.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «mənzildən çıxarılma» tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “mənzildən çıxarılma”) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və X5 ibarət tərkibdə, Nuri Bəsti Qurban qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil3, Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, Nəsimi Rayon Məhkəməsinin 2(006)-734/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:

1. İddiaçı Cavabdeh1 qarşı «mənzildən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və cavabdehin ailə üzvlərinin ona məxsus olan Bakı şəhəri Nəsimi rayonu Cavadxan (Gəncə xanı) küçəsi 11 saylı evin 107 saylı mənzilindən məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bundan sonra İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ona məxsus olan Bakı şəhəri, Nəsimi rayonu. Cavadxan (Gəncə xanı) küçəsi, 11 saylı evin 107 saylı mənzilindən məcburi qaydada çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir

3. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 onun övladı X2 qayınanası olmuşdur. Qızı Fidan cavabdehin oğlu Cavabdeh3 ilə rəsmi nikah bağlayaraq ailə qurmuşlar. Buna görə də, o, qohumluq münasibətlərini nəzərə alaraq cavabdehin və sonuncunun ailə üzvlərinin ona məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, 11 saylı evin 107 saylı mənzilində yaşamalarına icazə vermişdir. Lakin qızı ilə cavabdehin oğlunun nikahları 2022-ci ildə rəsmi qaydada məhkəmə qətnaməsi ilə pozulmuş və bundan sonra da onların arasında olan münasibətlər kəskin şəkildə pisləşmişdir. Təbii ki, belə bir vəziyyətdə artıq cavabdehin və sonuncunun ailə üzvlərinin onun mülkiyyətində olan mənzildə qalmaları qeyri-mümkün idi. O, bununla əlaqədar cavabdehə dəfələrlə xəbərdarlıq etsə də, cavabdeh bu günə kimi onun mülkiyyətində olan mənzili boşaltmaqdan yayınır. Bu səbəbdən, o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

4. Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil1 rayon məhkəməsində izahatında bildirmişdir ki, iddiaçı həmin mənzilin onun mülkiyyətində necə olması barədə hər hansı bir məlumat vermir. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, 3005-ci məhəllədə, hal-hazırda Cavabdxan küçəsi, ev 11, mənzil 107 ilkin olaraq Cavabdeh2 tərəfindən öz qohumu X6 adına 20 iyun 2002-ci ildə alınmışdır, yəni həmin mənzilə iddiaçı tərəfindən heç bir vəsait ödənilməmiş və həmin mənzil cavabdeh tərəfindən hələ iddiaçı ilə qohumluq münasibətləri yaranmamışdan əvvəl əldə edilmişdir. Sonradan iddiaçı qızı ilə Cavabdeh3 nikahlarını pozacağı adı ilə şantaj edərək mənzilin Cavabdeh3 adına sənədləşdirilməsinə nail olmuşdur. Daha sonra həmin mənzilin yenə də nikahın pozulacağı adı ilə şantaj edərək qızı Fidanın adına keçirilməsinə nail olmuş, daha sonra yenə də şantaj yolu ilə öz adına keçirmiş və xx.xx.2018-ci ildə öz adına çıxarış almışdır. Cavabdehlər mənzil alınan gündən bu günə kimi həmin mənzildə yaşayırlar. Mənzil cavabdehlər tərəfindən təmir edilib. İddiaçının qızı ilə nikah münasibətləri pozulduqdan sonra evin geriyə sənədləşdirilməsi barədə iddiaçıya müraciət olunmuşdur. İddiaçı başqa məhkəmə işlərində istədiyinə nail ola bilməyəndən sonra hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İlkin olaraq cavabdeh kimi Cavabdeh1 Bərham qızının mənzildən çıxarılmasını, sonradan isə iddia tələbinə dəqiqləşdirmə verərək Cavabdeh2 və Cavabdeh3 də mənzildən çıxarılmaları məsələsini qoymuşdur. Mənzilin alınması barədə ilkin sənəd, kooperativ binada mənzil tikintisi üçün 20 iyun 2002-ci il tarixli 20/107 saylı X6 adına alınması barədə müqavilənin surəti məhkəməyə təqdim edilmişdir. Digər sənədlərin alınması üçün Reyestr Xidmətinə sorğu verilmişdir. Həmçinin hal-hazırda binanın saxlanması üçün idarə edən «Nəsimi 6» Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən 09 yanvar 2024-cü il tarixli 181 saylı Arayışı təqdim edilmişdir. Arayışda göstərilir ki, Bakı şəhəri Nəsimi rayonu Cavadxan küçəsi ev 11, 107 saylı mənzilin saxlanılması və istismarı üçün nəzərdə tutulan kommunal xidmət haqqı Cavabdeh2 tərəfindən ödənilir. Əlavə olaraq bildirirlər ki, həmin mənzil iddiaçı ilə qohumluq münasibətləri yaranmamışdan əvvəl cavabdehlər tərəfindən 2003-cü ildə tam təmir olunub və həmin ildən də həmin mənzildə yaşayırlar. «Nəsimi 6» Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən verilmiş 11 yanvar 2024-cü il tarixli 184 saylı arayış əlavə edilmişdir. Mənzilin şantaj yolu ilə sənədləşdirilməsinə dair ilkin sənədlər reyestr xidmətindən əldə olunduqdan sonra həmin sənədlərin etibarsızlığı və ləğvi barədə məhkəmədə ayrıca iddia qaldırılacaqdır. İddiaçı X1 iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. Məhkəmədən iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Nəsimi Rayon Məhkəməsinin 2(006)-734/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsii ilə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, 11 saylı evin 107 saylı mənzilindən məcburi qaydada çıxarılması qərara alınmış, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir.

6. Qətnamədən cavabdehlərin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

7. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, onlar tərəfindən iddiaya qarşı etiraz verilərək, iddiaçının mənzil üzərində yaranmış hüququ mübahisələndirilmişdir. Məhkəmə etirazda göstərilənlərlə iddiaçının iddia ərizəsində göstərdikləri arasında olan ziddiyyətlərə (mənzilə hüquqların əldə edilmə əsasları barədə) heç bir münasibət bildirməmiş və tərəfin həmin mənzili öz adına sənədləşdirməsinin necə baş verməsi barədə göstərilənləri (bağışlama müqavilələrini) araşdırmamış və aydınlaşdırmamışdır. Məhkəmənin qətnamədə Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışa əsasən, iddiaçının mübahisəli mənzilin (Bakı şəhəri, Nəsimi rayonu, Cavabdxan ( Gəncə xanı) küçəsi ev 11 mənzil 107) mülkiyyətçisi olmasını işin mübahisəsiz halı kimi qiymətləndirməsi tam əsassızdır. Belə ki, onlar, həmin sənədi başqa məhkəmədə mübahisələndirmiş və bu barədə qətnamə qəbul edilməmişdən əvvəl məhkəməyə məlumat vermiş və məhkəmədə iş üzrə icraatın dayandırması barədə qərardad qəbul edilməsi barədə vəsatət vermişlər. Məhkəmə tərəfindən vəsatətləri təmin edilməmiş və qətnamə qəbul olunmuşdur. İddiaçının adına olan çıxarış mübahisələndirildiyindən o, həmin əmlakı başqasından geri tələb edə bilməz. Məhkəməyə təqdim etdikləri sənədlərə məhkəmə tərəfindən hər hansı bir münasibət bildirilməmiş, həmin sənədlər araşdırılmamış və onlara hüquqi qiymət verilməmişdir. Məhkəmə tərəfindən göstərilən maddi hüquq normalarının tələbləri pozulmuşdur. Apellyasiya şikayətinin təmin edilməsi və rayon məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

8. Məhkəmə iclasında cavabdehlərin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək qeyd etdi ki, “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın lləğv edilməsi”nə dair Ali Məhkəmədə çıxarılan qərarla iş yekunlaşıb. Buna baxmayaraq, onlar Ali Məhkəmənin Plenumuna şikayət verəcəklər. Hesab edirlər ki, məhkəmələr düzgün qərar çıxarmayıb. Apellyasiya şikayətinin təmin edilməsi və rayon məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

9. İddiaçının nümayəndəsi və vəkili Vəkil3 məhkəmə iclasında qüvvədə oloan məhkəmə aktlarına əsasən apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişirilmədən saxlanmasını xahiş etdi. Sübutların tədqiqi: Mülki iş materiallarında olan:

10. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin müvafiq Ərazi İdarəsi tərəfindən verilmiş 04 iyul 2018-ci il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Nəsimi rayonu Cavadxan (Gəncə xanı) küçəsi 11 saylı evin 107 saylı mənzili xüsusi mülkiyyət kimi tam pay üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 656 nömrəli reyestr kitabının 60151 nömrəli vərəqində qeydiyyata alınmışdır.

11. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, ünvan 1 ünvanı 107 saylı mənzil İddiaçı mülkiyyətindədir.

12. Yaşayış yeri üzrə qeydiyyat haqqında 11 mart 2023-cü il tarixli ******* saylı arayışdan görünür ki, İddiaçı mülkiyyətində olan mənzildə X7, Cavabdeh1, Cavabdeh2 Ruslan oğlu və X9 qeydiyyatdadırlar.

13. Yasamal Rayon Məhkəməsinin e-2(004)-2444/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçılar Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 cavabdehlər X3 və X4 qarşı “bağışlama müqavilələrinin etibarsız hesab edilməsi və çıxarış ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir.

14. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4456/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, Yasamal Rayon məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh3 və qeyrilərinin cavabdeh İddiaçı qarşı «bağışlama müqavilələrinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi» tələbinə dair 2(004)-2444/2024 nömrəli üzrə yekun məhkəmə aktı qəbul edilənə qədər hazırkı iş üzrə icraat dayandırılmışdır.

15. Ali Məhkəmənin 2(102)-1301/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, iddiaçılar Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 «bağışlama müqavilələrinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi» tələbinə dair birgə verdikləri kassasiya şikayəti təmin edilməmişdir.

16. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-285/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «mənzildən çıxarılma» tələbinə dair mülki iş üzrə icraatı təzələnmişdir. Tətbiq edilən maddi hüquq normaları:

17. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 43. İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

18. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur Maddə 161. Əşyanın mülkiyyətçisi hüququ ilə əşyaya sahib olan öz əşyasının sahibidir, əşyanın hər hansı başqa sahibi özgə əşyasının sahibidir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Tətbiq edilən prosessual hüquq normaları:

19. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

20. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehlərin şikayətinə əsasən tam yoxlayır.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

22. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

23. Məhkəmə qeyd edir ki, iddiaçı xüsusi mülkiyyətçi olmasına əsaslanaraq cavabdehlərin ona məxsus mənzildən çıxarılmasına dair iddia qaldırmışdır.

24. Ali Məhkəmənin 2(102)-1301/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, «bağışlama müqavilələrinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi» tələbinə hazırkı iş üzrə cavabdehlərin iddiaları təmin olunmamış., son olaraq da kassasiya şikayəti təmin edilməmiş və təsdiqini tapmışdır ki, Bakı şəhəri Nəsimi rayonu Cavadxan (Gəncə xanı) küçəsi 11 saylı evin 107 saylı mənzilin mülkiyyətçisi İddiaçıdır.

25. Məhkəmə hesab edir ki, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa və Ali Məhkəmənin yuxarıda qeyd edilən qərarına əsasən iddiaçının mübahisəli mənzilin mülkiyyətçisi olması işin mübahisəsiz halıdır.

26. Cavabdehlər sözügedən mənzildə hazırda buna hüquqları olmadan yaşayırlar, belə ki, hazırda iddiaçının tələbi ilə oranı tərk etməməklə, mənzili boşaltmamaqla onun qanunla qorunan mülkiyyət hüquqları pozurlar. Bu səbəbdən Məhkəmə hesab edir ki, rayon məhkəməsi mahiyyət etibarı ilə iddianı təmin etməklə düzgün hüquqi nəticəyə gəlmişdir.

27. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2011-ci il tarixli Qərarına əsasən Konstitusiya Məhkəməsinin mülkiyyət hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqeyi ondan ibarətdir ki, bu hüququn məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır. Nəticə:

28. Göstərilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

29. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehlərin özünə aid edilməlidir.

30. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Nəsimi Rayon Məhkəməsinin 2(006)-734/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehlərin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar