Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2852/2022 28.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “ərazidən çıxarılma” tələbinə dair ilk, həmçinin Cavabdeh1 və Cavabdeh3 cavabdeh İddiaçı ATSC-yə qarşı “pul tələbi” barədə qarşılıqlı iddiaya dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: çıxarılma, pul tələbi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh1 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “ərazidən çıxarılma” tələbinə dair ilk, həmçinin Cavabdeh1 və Cavabdeh3 cavabdeh İddiaçı ATSC-yə qarşı “pul tələbi” barədə qarşılıqlı iddiaya dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli, 2(008)-5643/2021 saylı qətnaməsindən cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) Cavabdeh1 və Cavabdeh3 tərəfindən verilmiş apelyasiya şikayətinə 27 sentyabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin xx.xx.1998-ci il tarixli 725 №-li Sərəncamı ilə «Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsini Dövlət Proqramı»na və Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin haqqında «Əsasnamə»yə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin «tikinti kompleksinin inhisarsızlaşdırılması və özəlləşdirilməsi tədbirləriri haqqında» 2 dekabr 1997-ci il tarixli 646 saylı Fərmanının icrasını təmin etmək məqsədilə Rabitə Nazirliyinin ünvan 1 ünvanında yerləşən İddiaçı Layihə-Tikinti Birliyinin mərkəzi aparatının və ünvan 2 ünvanında yerləşən 1 saylı Tikinti quraşdırma İdarəsinin bazasında İddiaçı açıq tipli səhmdar cəmiyyəti yaradılmış, cəmiyyətin Nizamnaməsi və Özəlləşdirmə planı (Emissiya prspekti) təsdiq edilmiş, hüquq idarəsinə İddiaçı səhmdar cəmiyyətinin təsis sənədlərinin dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılmışdır.
2. İddiaçı ATSC xx.xx.1999-cu il tarixdə ********** nömrə (əvvəlki dövlət qeydiyyatı № 66) ilə dövlət qeydiyyatına alınmışdır, qanuni təmsilçisi X2r, hüquqi ünvanı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bünyadov küçəsi, 10-dur.
3. İddiaçı ATSC xx.xx.1999-cu il tarixdə ********** nömrə (əvvəlki dövlət qeydiyyatı № 66) ilə dövlət qeydiyyatına alınmışdır, qanuni təmsilçisi X2r, hüquqi ünvanı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bünyadov küçəsi, 10-dur. Cəmiyyətin xx.xx.2002-ci il tarixdə texniki pasportu tərtib edilmişdir. Həmin texniki pasportda tikinti altı sahə 3017,6, ümumi sahə 3337,4, əsas sahə 1646,4, köməkçi sahə 1691,0 kv metr göstərilmiş, tikililərin planı və təsnifatı verilmişdir.
4. Cavabdeh1 1997-ci ildən cəmiyyət məxsus ərazidə məskunlaşmış, anası və arvadı (digər cavabdehlər) ilə birlikdə orada yaşamağa başlamışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı ASC cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “ərazidən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə (iddianın dəyişdirilmiş formasında) məhkəməyə müraciət edərək, cavabdehlərin İddiaçı ATSC-yə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ziya Bünyadov 10 ünvanında yerləşən ümumi sahəsi 3337,4 kv m olan ərazidən çıxarılmaları və həmin ərazinin boşaldılaraq cəmiyyətə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ATSC xx.xx.1999-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır, mülkiyyət forması xüsusidir. Qubadlı rayonu xx.xx.1993-cü il tarixdə zəbt edildikdən sonra cavabdehlər iddiaçı şirkətə məxsus Ziya Bünyadov 10 ünvanında yerləşən binada məskunlaşmışdır. Bu hal cəmiyyətə maddi ziyan vursa da, cəmiyyət rəhbərliyi bu müddət ərzində cavabdehlərlə humanist davranaraq heç bir tələb irəli sürməmişdir. Cavabdehlərin digər qohumları da orada məskunlaşmış olsalar da, sonradan qeyri-yaşayış binasını boşaltmışlar.
7. Eyni zamanda, Cavabdeh1 və Cavabdeh3 cavabdeh İddiaçı ATSC-yə qarşı qarşılıqlı iddia verərək, Bakı şəhəri, Sabunçu rayonu, Ziya Bünyadov 10 ünvanında yerləşən ümumi sahəsi 120 m2 olan, 3 otaqlı evin hazırki bazar dəyəri 80000 manat məbləğində pul vəsaitinin, ümumi sahəsi 50 m2 olan, 1 otaqdan, mətbəx və sanitar qovşaqdan ibarət evin hazırki qiyməti olan 30000 manat pul vəsaitinin və 30 manat dövlət rüsumunun tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
8. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, İddiaçı ATSC tərəfindən onlara yaşamaq üçün vaqon verilmişdir. Şirkətin rəhbərliyinin razılığı ilə əvvəlcə bir otaqlı ev, sonradan isə 3 otaqlı ev inşa edilmişdir. Evin tikintisinə və təmirinə 60000 manat pul xərcləmişdir. Tikinti materiallarının bahalaşması ilə əlaqədar hesab edir ki, evin hazırki bazar dəyəri 80000 manatdır. Bir otaqlı evin dəyəri 30000 manatdır.
9. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli, 2(008)- 5643/2021 saylı qətnaməsi ilə (hakim Tahirə Əsədova) ilk iddia təmin edilmiş, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 İddiaçı ATSC-yə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ziya Bünyadov 10 ünvanında yerləşən ümumi sahəsi 3337,4 m2 olan ərazidən çıxarılması və həmin ərazinin boşaldılaraq İddiaçı ATSC-yə təhvil verilməsi, qarşılıqlı iddia rədd edilməsi qət edilmişdir.
10. Məhkəmə qeyd etmişdir ki, İddiaçı ATSC onun texniki pasportunda göstərilən 3337,4 kv metr torpaq sahəsinin qanuni sahibidir. Bu səbəbdən cavabdehlər həmin ərazidən çıxarılmalı və ərazi boşaldılaraq cəmiyyətə təhvil verilməlidir. Qarşılıqlı iddia üzrə tələbin hüquqi əsası əsassız varlanmadan ibarətdir. Qarşılıqlı iddia üzrə iddiaçıların hüquqları cəmiyyət tərəfindən pozulduğu təqdirdə onlar zərərin əvəzinin tələb edə bilərlər. Cəmiyyət isə onların hər hansı bir hüququnu pozmamış, əksinə 30 ilə yaxın müddətdə yaşamağa imkan yaratmışdır.
11. Məhkəmə iş üzrə gəldiyi nəticəni Mülki Məcəlləsinin 164.2, 157.2, 1091.1, 1091.2 və s. hüquq normalarına istinad etməklə əsaslandırmışdır.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, izahatlar a) Apelyasiya şikayətinin dəlilləri
12. Cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) Cavabdeh1 və Cavabdeh3 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişlər.
13. Apellyasiya şikayəti qarşılıqlı iddia ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırılmış, həmçinin qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki hallara hüquqi qiymət verilməməsi və s. göstərilmişdir.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
15. Apellyasiya baxışında iştirak edən Cavabdeh1 apelyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir.
16. Apellyasiya baxışında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apelyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
17. «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Qanunun 17-ci maddəsinə əsasən qaçqının və məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) müvəqqəti və ya daimi yaşayış sahəsi ilə təmin edilməsi mövcud qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.
18. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Qanunun 5-ci maddəsinə əsasən, məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Düşərgələr yaşayış üçün zəruri tələblərə cavab verməlidir.
19. “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın 1.3-cü bəndinə əsasən məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir.
20. Həmin Qaydaların 1.4-cü bəndinə əsasən məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə onların müvəqqəti istifadəsinə verilir.
21. Azərbaycan Respublikasının xx.xx.1996-cı il tarixli 208-1 Q nömrəli Qanunu ilə tsdiq edilmiş «Dövlət müəssisəsinnin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında Əsasnamə»nin 7.2-ci bəndinə əsasən səhmdar cəmiyyətinin balansına onun nizamnamə kipitalını təşkile edən dövlət əmlakının əmlakı verilir; 7.5-ci bəndinə əsasən dövlət müəssisəsinin özəlləşdirmə prosesində səhmdar cəmiyyətinə çevrilməsi nəticəsində təsis edilmiş səhmdar cəmiyyəti çevrilən müəssisənin hüquqi varisidir.
22. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 659 №-li fərmanı ilə təsdiq edilmiş «Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması haqqında Əsasnamə»nin 2-ci bəndinə əsasən özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri dedikdə dövlət müəssisə və obyektlərinin özəlləşdirilməsi zamanı onların texniki pasportlarında göstərilmiş hüdudlar daxilində istifadəsində olan torpaqlar nəzərdə tutulur.
23. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
24. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya)öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. - 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. - 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. - 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. - 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
26. Avropa İnsan Hüquqları Məhkəməsi “Akimova Azərbaycana qarşı” (27 sentyabr 2007, 19853/03) iş üzrə Qərarında göstərmişdir ki, məcburi köçkünlərin ərizəçinin mənzilindən çıxarılması barədə qətnamənin mövcud olmasına baxmayaraq, qətnamənin icrası qeyri-müəyyən müddətə təxirə salındığına görə ərizəçi bir neçə ildir ki, mənizilinə sahiblik edə bilmir. Belə ki, ərizəçinin mənzilin kirayəçisi olduğu tanındığı halda, məcburi köçkünlərə mənzildə yaşamağa davam etməyə icazə verilmişdir, halbuki, bu cür sahiblik faktını qanunsuz elan edib. Belə olan halda, Məhkəmə hesab edir və tərəflər də buna etiraz etmir ki, ərizəçinin mülkiyyət hüququna müdaxilə baş verib. Ərizəçi yalnız kirayə hüquqlarına malik olduğu üçün bu müdaxilə nə müsadirəni, nə də mülkiyyətdən istifadəyə nəzarəti təşkil edir, lakin 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndinin birinci cümləsinin tətbiq dairəsinə düşür. Məcburi icranın təxirə salınması barədə müdaxilə Azərbaycan qanunvericiliyini pozub və ərizəçinin öz mülkiyyətindən maneəsiz istifadə hüququna zidd olub. Bu nəticə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli balansa riayət edilib-edilməməsi məsələsini aydınlaşdırmağı lüzumsuz edir. Beləliklə, 1 saylı Protokolun 1-ci maddəsi pozulub.
27. 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyət hüququndan maneəsiz istifadəyə dövlət orqanının hər hansı müdaxiləsi qanuni olmalıdır. Bundan başqa, demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinə xasdır. Belə nəticəyə gəlinir ki, cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli balansa riayət edilib-edilməməsi məsələsi yalnız o halda əhəmiyyətli ola bilər ki, müdaxilə qanunilik tələbinə cavab versin və özbaşına olmasın (İatridis Yunanıstana qarşı, № 31107/96, § 58, İHAM 1999-İİ).
28. «Mançini İtaliyaya qarşı» işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
32. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
33. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
34. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
35. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Apelyasiya baxışının hədləri
36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
38. Qeyd edilməlidir ki, ilk iddia təmin edilmiş, qarşılıqlı iddia isə rədd edilmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanmalıdır.
40. İşin hallarından və işdə olan sübutlardan müəyyən olunur ki, cavabdeh tərəf Qubadlı rayonundan məcburi köçkün kimi iddiaçıya məxsus ərazidə məskunlaşmış, hazırda da cavabdehlərin faktiki yaşadıqları tikililər iddiaçıya məxsus torpaq sahəsinin sərhədləri daxilində yerləşir.
41. Eyni zamanda, Məhkəmə Ekspertizası Mərkəzinin 02 avqust 2022-ci il tarixli 10/2737 nömrəli rəyindən görünür ki, baxış zamanı Bakı şəhəri, Sabunçu rayonu, Ziya Bünyadov 10 ünvanında yerləşən İddiaçı ASC-yə məxsus torpaq sahəsinin sərhədləri və cavabdehlərin faktiki yaşayış yerləri müəyyən edilmiş, həmin torpaq sahəsinin sərhədləri daxilində yerləşən “J” literli talvarın altında tikili inşa edilməsi, “F” literli tikili üzərində isə konstruktiv dəyişikliklər və təmir işləri aparıldığı müəyyən edilmişdir.
42. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfin müəyyən müddət ərzində iddiaçıya məxsus daşınmaz əmlakda məskunlaşaraq orada yaşaması faktı onların həmin əmlakdan qanuni əmlak hüquqlarını ehtiva edə bilməz (cavabdeh bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir).
43. Halbuki, mülkiyyət və daşınmaz əmlaka digər qanuni əmlak hüquqlarının məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir.
44. Yuxarıda da qeyd edildiyi kimi - qaçqının və məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) müvəqqəti və ya daimi yaşayış sahəsi ilə təmin edilməsi mövcud qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir (bax: 14-cü bənd).
45. Eyni zamanda cavabdehlər tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin sərhədləri daxilində yerləşən “J” literli talvarın altında tikili inşa etməsi və “F” literli tikili üzərində konstruktiv dəyişikliklər (təmir işləri) aparması halı da vəziyyəti dəyişdirmir.
46. Cavabdeh tərəfin həmin təmir-tikinti işlərinə görə iddiaçıdan pul (kompensasiya) tələb etməsi əsassız olmaqla, qanunvericiliyin tələbləri ilə uzlaşmır.
47. Cavabdeh tərəfin inşa etdi tikili statusuna görə özbaşına tikili olmaqla, iddiaçının həmin tikiliyə görə kompensasiya və s. əsaslarla pul ödəməli olması əsaslı sayıla bilməz.
48. Eyni zamanda mülki və torpaq qanunvericiliyi bir şəxsin başqasına məxsus torpaq sahəsində özbaşına inşa etdiyi tikiliyə (hazırki vəziyyətdə özbaşına tikili) görə kompensasiya tələb etmək hüququnu da müəyyən etməmişdir.
49. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla qətnamənin ləğvinə əsas deyildir.
50. Məhkəmə kollegiyası, həmçinin məhkəmə xərclərinə də hüquqi qiymət verərək, qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində icraat zamanı 50 manat ekspertiza xərci (məhkəmə xərci) mövcud olmuşdur ki, həmin məhkəmə xərci də cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) Cavabdeh1 və Cavabdeh3 aid edilməlidir.
51. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli, 2(008)-5643/2021 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Məhkəmə xərci cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) Cavabdeh1 və Cavabdeh3 aid edilsin. Həmin şəxslərdən aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə (ekspertiza xərclərinə dair bildirişə əsasən xərcin keçiriləjəyi hesab – X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK JTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34JTRE********************) ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.