Məhkəmə qərarları › İş №2(103)-2852/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2852/2025

12.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2852/2025 12.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi (maraqlı şəxs Şüvəlan qəsəbə bədəliyyəsi) ərizəsi üzrə QƏTNAMƏSİ iş № 2(103)-2852/25 (Açar sözlər: hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızından və X1 ibarət tərkibdə, Xəlilov Tural Xəlil oğlunun katibliyi ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21 fevral 2025-ci il tarixli qətnaməsindən Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 12 may 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Qasımov küçəsi, döngə 2, 14a ünvanında yerləşən fərdi yaşayış evi ilkin olaraq mülkiyyət hüququ üzrə Ərizəçi adına qeydiyyatdan keçmişdir.

2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubdan görünür ki, Ərizəçi Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən torpaq sahəsinə aid plan ölçünün tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı 18019546 nömrəli xx.xx.2018-cı il tarixli ərizəsinə baxılmış və 1 saylı Bakı Ərazi İdarəsinə daxil olmuş sənədlərin surət olduğu, sözügedən torpaq sahəsinin yerləşmə cizgisinin təqdim edilmədiyi, həmçinin torpaq sahəsinə idarənin mütəxəssisləri tərəfindən çöl ölçmə içləri aparılmasına şərait yaradılmadığı nəzərə alınaraq ərizənin icrası mümkün hesab edilməmişdir.

Birinci instansiya məhkəməsində icraat

3. Ərizəçi həyətyanı torpaq sahəsinin istifadədə olma faktının tanınması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanda yerləşən 720 kv. torpaq sahəsinin onun istifadəsində olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

4. Ərizə onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanda yerləşən 720 kv. torpaq sahəsi keçmiş Əzizbəyov Rayon Zəhmətkeş Deputatlar Sovetinin İcraiyyə Komitəsinin 26 avqust 1960-cı il tarixli, 39 saylı qərarına əsasən Ərizəçi ayrılmışdır. Ərizəçi həmin sahədə inşa etdiyi fərdi yaşayış evi üzərində mülkiyyət hüququ 22 noyabr 2002-ci il tarixli, FM № 017339 saylı qeydiyyat vəsiqəsinə əsasən dövlət qeydiyyatina alınmışdır. O, həmin fərdi yaşayış evini oğlu Maraqlı şəxs2 bağışlamış və sonuncunun mülkiyyət hüququ 13 fevral 2003-cü il tarixli, FM № 019307 saylı qeydiyyat vəsiqəsinə əsasən qeydə alınmışdır. Sözügedən torpaq sahəsi 1960-ci ildən bəri istifadəsində olsa da, torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alınması mümkün olmamış, sənədləşmə işlərinin başa çatdırılmasında qeyri-müəyyən vəziyyət yaranmışdır. Əzizbəyov Rayon Zəhmətkeş Deputatlar Sovetinin lcraiyyə Komitəsinin 26 avqust 1960-cı il tarixli, 39 saylı qərarının təsdiq edilmiş surətinin dövlət arxivindən əldə olunması ilə bağlı müraciətinə Azərbaycan Respublikasi Dövlət Axivinin Bakı Filialının 09 mart 2018-ci il tarixli; 713 saylı və 10 iyun 2024-cú il tarixli, 3-48-2F/2-0-25 1-35- 3028/2024 saylı cavablarında 26 avgust 1960-cı il tarixli, 39 saylı qərarından çıxarışın göndərildiyi, lakin həmin qərara Azərbaycan dilində adlı siyahının əlavə edilmədiyi bildirilmişdir. Həmçinin, həmin torpaq sahəsinə aid plan ölçünün tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etsə də, İdarə tərəfindən ərizənin icrasından torpaq sahəsinin yerləşmə cizgisinin təqdim edilməməsi əsası ilə imtina olunmuşdur. Habelə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 01 avqust 2019-cu il tarixli, **********9 saylı müraciətinə cavabında sözügedən ünvana dair torpaq sahəsinin ayrılması ilə bağlı məlumat (sənəd) aşkar edilmədiyi göstərilmişdir. Xəzər rayonu, Şüvəlan bələdiyyəsinə tərəfindən ünvan 3 ünvanda yerləşən 720 kv.m torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququnun qeydə alınması üçün bələdiyyəyə aid sənədləşmə işlərinin başa çatdırılması, zəruri sənədlərin təqdim olunması barədə 08 iyul 2024-cü il tarixli ərizə ilə müraciət olunsa da, bələdiyyə tərəfindən ərizəyə bu günədək heç bir münasibət bildirilməmişdir. Beləliklə də, torpaq sahəsinin ayrılması ilə bağlı 26 avqust 1960-cı il tarixli, 39 saylı Protokolun əsli və ya müvafiq qaydada təsdiq edilmiş surəti dövlət orqanlarından əldə oluna bilmədiyindən torpaq sahəsi üzərində hüquqlarının rəsmiləşdirilməsi mümkün olmamışdır. Ona görə də, yaranmış qeyrimüəyyən vəziyyəti aradan qaldırılması üçün torpaq sahəsinin onun istifadəsində olması heç bir zaman mübahisə predmeti olmadığından sahənin istifadədə olması faktı məhkəmə qaydasında müəyyn edilməlidir.

5. Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 05 fevral 2025-ci il tarixli qətnaməsi ilə (hakim E.Məmmədli, iş №2(003)-314/25) ərizə təmin edilməmişdir.

6. Məhkəmə belə qənaətə gəlmişdir ki, ərizəçi öz ərizəsində mübahisəli torpaq sahəsinin uzun illərdir onun istifadəsində olmasını bildirərək ərizədə qeyd olunan faktların məhkəmə qaydasında müəyyən olunmasını xahiş etmişdir. Məhkəmə hesab etmişdir ki, hazırkı ərizənin təmin olunmasının şəxsin mübahisəli torpaq sahəsini öz adına dövlət qeydiyyatına alacağına zəmin yaradacağı xüsusilə nəzərə alınaraq ərizə tam və hərtəfəli araşdırılmalıdır. Qanunverici daşınmaz əmlakdan istifadə etmək faktının müəyyən edilməsini qeyd edərkən məhz əvvəllər mülkiyyət hüququ üzrə mövcudluğu (ilkin qeydi) müəyyən edilmiş əmlakdan istifadə etmək faktının müəyyən edilməsini nəzərdə tutmuşdur. İş üzrə təqdim edilmiş sənədlərdən isə sözügedən torpaq sahəsinin əvvəllər mülkiyyət hüququ ilə qeydiyyata alınması müəyyən edilmir. Hazırki iş üzrə ilkin mülkiyyət hüququnun mövcudluğundan söhbət gedə bilmədiyi kimi, onun tərkib hissəsi olan istifadə, sərəncam və sahiblik faktının məhkəmə qaydasında fakt kimi müəyyən edilməsindən də söhbət gedə bilməz. Belə olan halda məhkəmə hesab etmişdir ki, hazırki ərizə təmin edilə bilməz.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası MPM-nin 305.1.1, 307.1, 308-ci maddələri, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Ərizəçi birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və ərizənin təmin olunmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəməyə təqdim edilmiş Əzizbəyov Rayon Zəhmətkeş Deputatlar Sovetinin İcraiyyə Komitəsinin 26 avqust 1960-cı il tarixli, 39 saylı qərarının surətindən görünür ki, həmin torpaq sahəsi Ərizəçi ayrılmışdır. Ərizəçi və daha sonra onun oğlu Maraqlı şəxs2 həmin torpaq sahəsi üzərində inşa edilmiş yaşayış evi üzərində mülkiyyət hüquqları isə müvafiq olaraq 22 noyabr 2002-ci il tarixli, FM № 017339 saylı və 13 fevral 2003-cü il tarixli, FM № 019307 saylı qeydiyyat vəsiqəsi ilə öz təsdiqini tapmışdır. Sözügedən torpaq sahəsindən ərizəçi və onun ailə üzvləri tərəfindən artıq 60 ildən çoxdur ki, təyinatı üzrə istifadə edilməsi işin mübahisəsiz halını təşkil edir. Məhkəmə həmin sübutları nəzərə almamış, ərizəni rədd etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı.

Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 307.2.6. Məhkəmə mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi barədə işlərə baxır. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019- cu il tarixli, 03 saylı Qərarı: Bənd 7. Azərbaycan Respublikası MPM-nin 307.2.6-cı maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmə və onun barəsində sərəncam vermə faktı məhkəmə qaydasında o vaxt müəyyən edilə bilər ki, özünü daşınmaz əmlakın mülkiyyətçisi hesab edən şəxs həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədləri itirmiş olsun və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpası mümkün olmasın. Məhkəmələrə tövsiyə olunur ki, mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə və onun üzərində sərəncam vermək faktını müəyyən etməzdən əvvəl daşınmaz əmlakın hüquqi vəziyyətinə, məqsədli təyinatına və sair aydınlıq gətirilməli, daşınmaz əmlakın mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınıb-alınmadığı aydınlaşdırılmalıdır.

Apellyasiya baxışının hədləri

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

13. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə ərizəçi tərəfindən mübahisələndirildiyindən və ərizə rədd edildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

14. Məhkəmə kollegiyası aşağıdakılara görə apellyasiya şikayətinin dəlillərini əsassız sayır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır.

15. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya aşağıdakıları qeyd edir.

16. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 50-ci maddəsinə əsasən torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar daimi və ya müvəqqəti istifadəyə müvafiq icra hakimiyyəti orqanları və bələdiyyələr tərəfindən verilir.

17. Torpaq Məcəlləsinin 55-ci maddəsinin tələbinə görə hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: - müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; - hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; - məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; - vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır.

18. Torpaq Məcəlləsinin 56-cı maddəsinin 1-ci hissəsinin tələbinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir.

19. Torpaq Məcəlləsinin 66-cı maddəsinin 1-ci hissəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur.

20. Torpaq Məcəlləsinin 67-ci maddəsinin 3-cü, 4-cü hissələrinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.

21. Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

22. Torpaq sahələrinin ayrılması, ondan istifadə, torpaq üzərində hüquqların qeydiyyatı ilə bağlı normalar əvvəllər qüvvədə olmuş Torpaq Məcəllələrində də nəzərdə tutulmuşdu.

23. 09 noyabr 1991-ci ildə qəbul edilmiş Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 23-cü maddəsinə görə vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpaqayırma qaydasında həyata keçirilir. Torpaq sahəsinin məqsədli təyinatı torpaqayırma aktında göstərilir.

24. Həmin Məsəllənin 29-cu maddəsinin tələbinə əsasən müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir.

25. Həmin Məcəllənin 30-cu maddəsinin tələbinə görə torpaq üzərində mülkiyyət hüququ, torpağa sahiblik və torpaqdan daimi istifadə hüquqları rayon, şəhər xalq deputatları sovetləri tərəfindən verilən dövlət aktı ilə rəsmiləşdirilir. Dövlət aktının forması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.

26. Həmin Məcəllənin 31-ci maddəsinə əsasən torpaqdan (o cümlədən icarə şərtləri ilə verilmiş torpaqdan) müvəqqəti istifadə hüququ müqavilə və şəhadətnamə ilə rəsmiləşdirilir. Bu sənədlər rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən qeydə alınır və torpaq istifadəçisinə verilir. Müqavilənin və şəhadətnamənin forması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.

27. 01 yanvar 1971-ci ildən 09 noyabr 1991-ci ilədək qüvvədə olmuş Azərbaycan SSR Torpaq Məcəlləsinin 13-cü maddəsinə əsasən torpaq sahələrinin istifadəyə verilməsi torpaqayırma qaydasında həyata keçirilir. Torpaq sahələri Azərbaycan SSR Nazirlər Sovetinin və ya Naxçıvan MSSR Nazirlər Sovetinin qərarı, yaxud müvafiq zəhmətkeş deputatları Sovetinin icraiyyə komitəsinin qərarı əsasında, həmin Məcəllənin 18, 19 və 20ci maddələri ilə nəzərdə tutulmuş qaydada ayrılır.

28. Həmin Məcəllənin 22-ci maddəsinin tələbinə görə torpaq ayrılması haqqında qərarda onun hansı məqsəd üçün ayrılması və torpaqdan istifadənin əsas şərtləri göstərilir.

29. Həmin Məcəllənin 24-cü maddəsinə əsasən kolxozların, sovxozların və digər torpaq istifadəçilərinin torpaqdan istifadə hüquqları torpaqdan istifadə hüuqu haqqında dövlət aktı ilə rəsmiləşdirilir. Aktın forması SSR İttifaqı və müttəfiq respublikaların torpaq qanunvericiliyinin Əsaslarına müvafiq olaraq SSRİ Nazirlər Soveti tərəfindən müəyyən olunur. Torpaqdan müvəqqəti istifadə hüququ Azərbaycan SSR Nazirlər Sovetinin müəyyən etdiyi forma üzrə verilən şəhadətnamə ilə rəsmiləşdirilir.

30. Həmin Məcəllənin 25-ci maddəsinə görə torpaqdan müddətsiz (daimi) istifadə hüququ haqqında dövlət aktı və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə kolxozlara, sovxozlara və digər dövlət, kooperativ və ictimai təşkilatlara, müəssisələrə və idarələrə, eləcə də vətəndaşlara ayrılan torpaq sahəsinin yerləşdiyi yer üzrə rayon və ya şəhər (respublika tabeliyində olan şəhərlər) zəhmətkeş deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən verilir.

31. Həmin Məcəllənin 26-cı maddəsinə əsasən torpaq sahəsindən istifadə hüququnu təsdiq edən sənəd verilənədək və müvafiq yer quruluşu orqanları tərəfindən həmin sahənin naturada (yerdə) hüdudları müəyyən edilənədək ayrılan torpaq sahəsindən istifadə etməyə başlamaq qadağandır.

32. Həmin Məcəllənin 23-cü maddəsinə görə torpaq sahəsinin ayrılması dedikdə torpağın hüdudlarının naturada (yerdə) müəyyən edilməsi, onun digər sahələrdən mərz və digər ayırıcı nişanlar vasitəsilə ayrılması nəzərdə tutulur.

33. Torpaq qanunvericiliyinin istər hazrkı, istərsə də əvvəllər qüvvədə olmuş normalarının təhlilindən görünür ki, daşınmaz əmlak kimi torpaq sahələrinə hüquqların (eləcə də, istifadə hüququnun) yaranması üçün bir neçə hüquqi əsas eyni vaxtda mövcud olmalıdır. Bunlara; - torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsi, - planı və ölçüsünün tərtib edilməsi, - torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanması, - dövlət qeydiyyatından keçirilməsi və s. aiddir.

34. İşdə olan sübutlardan görünür ki, iddiaçının iddia etdiyi torpaq sahəsi qanunvericiliklə müəyyən olunmuş qaydada onun qanuni istifadəsinə ayrılmamış, müvafiq yerquruluşu işləri aparılmamışdır.

35. İddiaçının iddia tələbinin əsası kimi göstərdiyi, mövcudluğu təsdiq olunmayan qərar əsasnda mübahisəli torpaq sahəsi üzərində fərdi yaşayış evini inşa etməsi, uzun müddət ona sahiblik etməsi öz-özlüyündə müvafiq torpaq sahəsi üzərində istifadə hüquqlarının mövcud olması (yaranması) anlamına gələ bilməz.

36. Ümumiyyətlə, qeyd edilən sənədlər iddiaçının torpaq sahəsi üzərində istifadə hüququnun yaranması və mövcudluğunu ehtiva etməməklə yanaşı, onlardan torpaq sahəsinin statusu ilə bağlı hər hansı yerquruluşu (kadastr) işlərinin aparılması, həmin torpaq sahələrinin onun qanuni istifadəsinə ayrılması və s.hallar da görünmür.

37. Həmçinin, iddiaçı sonradan torpaq sahəsinə hüquqların yaranması ilə bağlı qanunvericiliklə müəyyən edilmiş qaydada və formada hər hansı sənədləşmə işlərinin aparılmasına dair məhkəməyə sübut təqdim edə bilməmişdir.

38. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarına əsasən özünü daşınmaz əmlakın mülkiyyətçisi hesab edən şəxs həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədləri itirmiş olduqda və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpası mümkün olmadıqda MPMnin 307.2.6-cı maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmə və onun barəsində sərəncam vermə faktı məhkəmə qaydasında müəyyən edilə bilər. Baxılan iş üzrə ərizəçinin torpaq sahəsinin üzərində mülkiyyət hüquqları qeydə alınmamış, həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədləri itirməmişdir. Bu faktı ərizəçi də mübahisələndirməmişdir. Yaranmış vəziyyətdə, yəni torpaq sahəsi üzərində ərizəçinin hüququnun ilkin qeydiyyatı aparılmadığından həmin əmlakda istifadə etmə faktı məhkəmə qaydasında müəyyən edilə bilməz.

39. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

40. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 392, 393, 402- 403, 404-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

q ə t e t d i:

Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin iş üzrə 21 fevral 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar