Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2853/2022 12.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Nərmin Nəzər qızının katibliyi, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh QSC-yə qarşı “pul tələbi” barədə mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 avqust 2021-ci il tarixli, 2(006)-3295/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh QSC-yə qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Cavabdehndən ona catacaq 3494 manat 16 qəpik pulun alınıb ona verilməsi barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 05 oktyabr 2020-ci il tarixdə Cavabdeh ilə əmək müqaviləsi bağlayaraq 11 yanvar 2021-ci il tarixədək Cəmiyyətin Beyləqan filialında baş mühasib vəzifəsində işləmişdir. Tərəflərindən bağlanmış əmək müqaviləsinə əsasən o, həftənin iş günlərində səhər saat 09:00-dan, axşam saat 17:00-dək, şənbə günü səhər saat 09:00-dan axşam 15:00-dək işləməli, bazar günləri isə istirahət etməli idi. Lakin cəmiyyətin fəaliyyəti pambıqçılıq olduğu üçün həmin dövrdə pambıq yığımı ilə əlaqədar olaraq o, 05 oktyabr 2020-ci il tarixdən 30 dekabr 2020- ci il tarixədək öz iradəsindən asılı olmayaraq rəhbərliyin tələbi ilə şənbə və bazar günləri də daxil olmaqla hər gün səhər saat 09:00-dan gecə saat 12:00-dək hətta daha çox işləməli olmuşdur. Həmin dövr ərzində bir gün də olsun istirahət günü olmayıb. İşlədiyi həmin dövrdə İş vaxtından artıq işləməyinə baxmayaraq ona əmək haqqından əlavə bir manat da olsun artıq pul hesablanıb ödənilməyib. Hansı ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 165-ci maddəsinə əsasən ona iş vaxtından artıq görülən işə görə iki qat əmək haqqı hesablanıb verilməli idi. Belə ki aparılmış hesablamaya əsasən oktyabr ayında artıq işlədiyi 221 saata görə 1146 manat 36 qəpik, noyabr ayında 258 saata görə 1388 manat 04 qəpik, dekabr ayında 186 saata görə 959 manat 76 qəpik ümumilikdə 3494 manat 16 qəpik əlavə əmək haqqı hesablanıb verilməli idi. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30.08.2021-ci il tarixli, 2(006)-3295/2021 saylı qətnaməsi ilə (hakim Cəmilə Musayeva) iddia təmin olunmamışdır. İddiaçı qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişıdir Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini iddia ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırmış, həmçinin maddi və prosessual hüquq normalarının pozulmasını, hərtərəfli, tam və obyektiv araşdırma aparmamasını, iddianın təmin olunmalı olmasını və s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin kimi əsaslandırmışdır. Tərəflərin izahatları, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, birinci instansiya məhkəməsində verilən izahata uyğun eyni məzmunda izahat vermiş və məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən (yoxlanılan hissədə) dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin mübahisə olunmayan hallarına əsasən – tərəflər arasında bağlanmış 05.10.2020-ci il tarixli əmək müqaviləsinə əsasən İddiaçı Cavabdeh MMC-nin Beyləqan filialına baş mühasib vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsinə əsasən işçi həftə ərzində 40 saatdan (gecə növbəsində isə 36 saatdan) çox olmayaraq işləyir, iş saatı 9:00da başlanır, saat 17:00-da qurtarır, nahar vaxtı saat 13:00-dan saat 14:00-dəkdir, şənbə günü saat 9:00-dan başlanır, 15:00-da qurtarır. Cavabdeh MMC-nin 11.01.2021-ci il tarixli 25/k saylı əmrindən görünür ki, İddiaçı 11.01.2021-ci il tarixdən ƏM-nin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən öz xahişi ilə işdən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İşin mübahisələndirilən halları isə iddiaçının iş vaxtından artıq vaxtda məcburi qaydada işə cəlb olunması, bunun üçün əlavə əmək haqqını almaması ilə bağlıdır. İddiaçının tələbinə görə o, 05 oktyabr 2020-ci il tarixdən 30 dekabr 2020-ci il tarixədək öz iradəsindən asılı olmayaraq rəhbərliyin tələbi ilə şənbə və bazar günləri də daxil olmaqla hər gün səhər saat 09:00-dan gecə saat 12:00-dək hətta daha çox işləməli olmuşdur. Həmin dövr ərzində bir gün də olsun istirahət günü olmayıb. İşlədiyi həmin dövrdə İş vaxtından artıq işləməyinə baxmayaraq ona əmək haqqından əlavə bir manat da olsun artıq pul hesablanıb ödənilməyib. Cavabdeh tərəf isə iddiaya etiraz edərək iddiaçının məcburi qaydada iş vaxtından artıq işə cəlb olunmamasını bildirir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra, ƏM) 9-cu maddəsinin “e” bəndinə əsasən, işçinin iş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əmək haqqını almaq və ya onun verilməsini tələb etmək hüququ vardır. ƏM-in 99-cu maddəsinin birinci hissəsinin tələblərinə görə iş vaxtından artıq iş — işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır. ƏM-in 165-ci maddəsinin birinci və ikinci hissələrinə görə işçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir: əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla; əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində. Əmək müqaviləsində, kollektiv müqavilədə iş vaxtından artıq vaxt ərzində görülən işə görə işçilərə daha yüksək məbləğdə əlavə haqqın ödənilməsi nəzərdə tutula bilər. ƏM-in 154.1-ci maddəsinə əsasən əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. İşdən göründüyü kimi, iddiaçının iş vaxtından artıq işə cəlb olunması ilə bağlı işəgötürənin hər hansı əmri (sərəncamı, qərarı) mövcud deyildir. Bununla yanaşı, iddiaçı şənbə günləri əlavə işə cəlb olunmasını qeyd etsə də, əmək müqaviləsinə əsasən şənbə günləri iddiaçının iş günü hesab edilmişdir. İddiaçı həmçinin sübut kimi müəssisəsinin pambıq qəbul edən səlahiyyətli şəxsi qismində pambıq məhsullarının qəbuluna dair qaimə fakturalara istinad etsə də, həmin fakturalarda konkret saat göstərilməmişdir. Belə olan halda həmin qaimə fakturalar iddiaçının qanuni iş saatlarından artıq saatlarda işəgötürən tərəfindən işə cəlb olmasını təsdiq edən sübut kimi qəbul edilə bilməz. İddiaçı apellyasiya şikayətində telefon məlumatlarının əldə olunmasını barədə vəsatətinin birinci instansiya məhkəməsi tərəfindən təmin olunmamasını qeyd etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd edilən dəlili ilə də razılaşmayaraq ilkin olaraq bildirir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Bununla yanaşı, iddiaçı tərəf qeyd edilən telefon məlumatlarının hazırki iddia tələbinin qanuni həlli baxımından əhəmiyyətini də əsaslandıra bilməmişdir. Hətta iddiaçı tərəfindən müəyyən şəxslərə mobil zənglərin həyata keçirilməsi halı mövcud olsa belə, bu hal iddiaçının işəgötürən tərəfindən əlavə işlərə cəlb olunması anlamına gələ bilməz. Eyni zamanda, iddiaçı cavabdeh işəgötürən tərəfindən 05 oktyabr 2020-ci il tarixdən 30 dekabr 2020-ci il tarixədək olan müddət ərzində pandemiya ilə əlaqədar müvafiq icazə alınmasını qeyd etsə də, işdə olan Cavabdeh MMC tərəfindən məhkəməyə ünvanlanmış 16.07.2021-ci il tarixli məktubdan görünür ki, ölkədə hərbi vəziyyətin elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2020-ci il tarixli Fərmanına əsasən tətbiq edilmiş komendant saatı ilə əlaqədar iddiaçı barədə hərbi vəziyyət rejimi ilə bağlı baş verə biləcək fövqəladə halların qarşısının alınması üçün İcazə.Gov.az saytından yalnız bir dəfə 21.10.2020-ci il tarixdən 31.10.2020-ci il tarixinə kimi təsdiqlənmiş icazə alınmışdır. Göründüyü kimi, iddiaçı əmək müqaviləsində nəzərdə tutulmuş iş vaxtından artıq vaxt ərzində iş gördüyünə və bunun müqabilində ona əlavə haqqın ödənilmədiyinə istinad etsə də, bu halları təsdiq hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin qeyd edilməlidir ki, işçinin öz təşəbbüsü ilə iş vaxtından artıq müddətdə işdə olması onun məhz işəgötürən tərəfindən məcburi qaydada işə cəlb olunması anlamına gələ bilməz. Bununla yanaşı, işdən olan, məhz iddiaçının özü tərəfindən tərtib edilmiş tabellərdən görünür ki, orada artıq iş saatları ilə bağlı hər hansı qeyd mövcud deyildir. Belə olan halda, yəni iddiaçının artıq iş saatlarında işə cəlb olunma halı mövcud idisə, o zaman nəyə görə bu halın tabellərdə və digər sənədlərdə təsbit olunmamasını iddiaçı tərəf əsaslandıra bilməmişdir. Göründüyü kimi, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 14.2-ci və 77.1-ci maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında da göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Həmçinin nəzərə alınmalıdır ki, MPM-in 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İddiaçının izahatı da özü-özlüyündə bu halın təsdiq olunması üçün mötəbər və yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. Məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, qətnamə əsaslı və qanunidir. Apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Bu səbəbdən də, məhkəmə kollegiyası formal mülahizələrə söykənən apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq, onları əsassız hesab edir. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh QSC-yəqarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30.08.2021-ci il tarixli, 2(006)-3295/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30.08.2021-ci il tarixli, 2(006)-3295/2021 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən (yoxlanılan hissədə) dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. . Sədrlik edən Rafael Eyvazov Hakimlər Şərafət Məmmədova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-2853/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2853/2022
12.04.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver