Məhkəmə qərarları › İş №2(103)-2856/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2856/2024

22.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2856/2024 22.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X3 və X2 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X4 və Cavabdeh6 Zülfüqar oğluna qarşı “pul tələbi”nə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1857/2023 saylı xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icaat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X4 və Cavabdeh6 Zülfüqar oğluna qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1857/2023 nömrəli, 21 iyun 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qətnamədən iddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti vermiş və apellyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5044/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilmiş və apellyasiya şikayətinin mülki işlə birlikdə Yasamal Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Yasamal Rayon Məhkəməsinin e-2(004)-1857/2023 nömrəli, 10 avqust 2023-cü il tarixli qərardadı ilə iddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan iddiaçı MMC-nin nümayəndəsi və vəkili xx.xx.2023-cü il tarixdə şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin 21 avqust 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5797/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Yasamal Rayon Məhkəməsinin 10 avqust 2023-cü il tarixli qərardadından iddiaçı MMC-nin nümayəndəsi və vəkili tərəfindən verilmiş şikayətə baxılması qeyrimümkün hesab edilmiş və şikayətin geri qaytarılması üçün mülki işin Yasamal Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Məhkəmənin 10 avqust 2023-cü il tarixli qərardadından iddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətin geri qaytarılması qərara alınmışdır. Daha sonra iddiaçı MMC-nin nümayəndəsi və vəkili Yasamal Rayon Məhkəməsinin 10 avqust 2023-cü il tarixli qərardadından şikayət və apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, müddətin bərpa edilməsini xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin 11 oktyabr 2023- cü il tarixli qərardadı ilə Məhkəmənin 10 avqust 2023-cü il tarixli qərardadından şikayət verilməsi ilə əlaqədar buraxılmış prosessual müddətin bərpa edilməsi barədə iddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş ərizənin təmin edilməməsi, Məhkəmənin 10 avqust 2023-cü il tarixli qərardadından iddiaçı MMC-nin nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Daha sonra iddiaçı MMC-nin nümayəndəsi və vəkili Yasamal Rayon Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli qərardadından şikayət və apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, müddətin bərpa edilməsini xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli qərardadı ilə Məhkəmənin 11 oktyabr 2023-cü il tarixli qərardadından şikayət verilməsi ilə əlaqədar buraxılmış prosessual müddətin bərpa edilməsi barədə iddiaçı MMC-nin nümayəndəsi və vəkili tərəfindən verilmiş ərizə təmin olunmamış, şikayət geri qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1507/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Yasamal Rayon Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmış, verilən şikayət təmin edilməmişdir. Eyni zamanda iddiaçı MMC-nin nümayəndəsi və vəkili Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, müddətin bərpa edilməsini xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır: “iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi qəbul edilmiş, iddiamız təmin edilməmişdir. Daha sonra tərəfimizdən apellyasiya şikayəti verilmiş, və Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 5044/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilmiş və apellyasiya şikayətinin mülki işlə birlikdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1857/2023 nömrəli, 10 avqust 2023-cü il tarixli qərardadı ilə tərəfimizdən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Həmin vaxt dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbz sistem tərəfindən tanınmadığına görə elektron kabinetdə sistemdən azad variantı seçilmiş, amma faktiki tərəfimizdən ödənilən rüsumu təsdiq edilən qəbzin sənədlərlə birlikdə yüklənməsinə baxmayaraq məhkəmə bu halı nəzərə almamışdır. Həmin qərardaddan yenidən şikayət verərək həmin qərardadın ləğv edilməsini xahiş etmişdik. Yasamal Rayon Məhkəməsi e-2(004)- 1857/2023 nömrəli, 21 avqust 2023-cü il tarixli qərardadı ilə şikayətimiz təmin edilməmiş, şikayət 2(004)-1857/2023 saylı mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 5797/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1857/2023 nömrəli, 10 avqust 2023-cü il tarixli qərardadından tərəfimizdən verilmiş şikayətə baxılması qeyri-mümkün hesab edilmiş və şikayətin geri qaytarılması üçün mülki işin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1857/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)- 1857/2023 nömrəli, 10 avqust 2023-cü il tarixli qərardadından da yenidən mənim tərəfimdən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Hazırda İddiaçı nümayəndəsi və vəkili kimi Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1857/2023 nömrəli, 10 avqust 2023-cü il tarixli qərardadından şikayət və apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, müddətin bərpa edilməsini xahiş etmişdim. Lakin Bakı Şəhər Yasamal Rayon Məhkəməsi e-2(004)-1857/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə buraxılmış müddəti bərpa etməmişdir. xx.xx.2023-cü il tarixli qərardaddan da şikayət vermək zərurəti yaranmışdır ki, həmin qərardaddan verilən şikayət Yasamal Rayon Məhkəməsinin qərardadı ilə təmin edilməmiş və apellyasiya şikayətimiz geri qaytarılmışdır. Məhkəməyə təkrar müraciət etmək hüququmuzu həyata keçirmək üçün apellyasiya şikayəti vaxtında verilsə də, onun qeyri-mümkün hesab edilərək geri qaytarılması və ardınca verilən şikayətlər və onları təmin etməyən qərardadlar işin apellyasiya icraatına qəbul ediləcəyi ilə bağlı düşüncəmizin olmasını təsdiq edir. Məhz bu səbəbdən faktiki olaraq bir dəfə vaxtında apellyasiya şikayəti verməyimizə baxmayaraq, işin icraata götürülməməsi, yenidən apellyasiya şikayətinin verilməsi və təbii olaraq buraxılan müddətin bərpası üçün ərizənin təqdim olunmasını zəruri etmişdir. Düşünürəm ki, yuxarıda qeyd etdiklərim məqamlar müddətin üzrsüz səbəbdən ötürülmədiyini və işin apellyasiya məhkəməsində baxılması üçün tərəfimizdən mümkün bütün prosesual vasitələrdən istifadə olunduğunu göstərir. Bu mənada, hüquqların məhkəmə müdafiəsi və məhkəməyə təkrar müraciət edilməsi hüquqlarının realizəsinin təmin edilməsi üçün məhkəmə tərəfindən müddət bərpa ərizəsinin təmin edilməsi mühüm əhəmiyyət kəsb edir.” Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizənin təmin edilməməsi, Məhkəmənin xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan iddiaçının verdiyi şikayət Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün mülki işin materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı şikayətini müddətin bərpası barədə ərizəsinin dəlillərinə uyğun əsaslandırmış və əlavə olaraq göstərmişdir ki, məhkəmə müddətin formal səbəblərdən ötürüldüyünü və ilk dəfə apellyasiya şikayəti verilərkən müddətin pozulmadığını nəzərə almamışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Yasamal Rayon Məhkəməsinin e-2(004)-1857/2023 saylı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360.1-ci maddəsinin tələblərinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Bundan əlavə, Mülki Prosessual Məcəlləyə (bundan sonra – MPM) müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1). Həmin Məcəllənin 135.6-cı maddəsinə görə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 135.5-ci maddəsinə görə bu Məcəllənin 135.2, 135.3, 135.6 və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Belə ki, iş materiallarından görünür ki, Yasamal Rayon Məhkəməsinin 2(004)- 1857/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi iddiaçının nümayəndəsi və vəkili Vəkil elektron kabinetinə xx.xx.2023-cü il tarixdə yerləşdirilmişdir. (1-cild səh.207). Yasamal Rayon Məhkəməsinin 2(004)-1857/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən apellyasiya şikayəti isə xx.xx.2023-cü il tarixdə verilmişdir. Həmçinin müəyyən olunur ki, iddiaçının Yasamal Rayon Məhkəməsinin 2(004)- 1857/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən ilk dəfə verdiyi apellyasiya şikayəti dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədiyi üçün apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyri-mümkün hesab edilsə də, iddiaçı həmin qərardadı kassasiya qaydasında mübahisələndirməmişdir. Əksinə mülki işin birinci instansiya məhkəməsinə qaytarılmasından sonra apellyasiya şikayətinin qeyrimümkünlüyünə səbəb olan halı aradan qaldırmadan, Yasamal Rayon Məhkəməsi tərəfindən prosessual məsələlərlə bağlı qəbul edilmiş məhkəmə aktlarını mübahisələndirməyə davam etmişdir. Bununla da kollegiya hesab edir ki, qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürmüş iddiaçı tərəfindən müddətin bərpası xahiş edilsə də, onun ərizəsində göstərdiyi dəlillər müddətin bərpası üçün əsas ola bilməz. Belə ki, iddiaçı müddətin bərpası üçün qanunvericiliyin məcburi tələbi olan hər hansı üzrlü səbəbə istinad etməmiş, ağlabatan və inandırıcı dəlillərlə ərizəsini əsaslandıra bilməmişdir. Halbuki qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürmüş tərəf, həmin müddəti hansı səbəbdən ötürdüyünü qeyd etməli, həmin üzrlü səbəbə görə şikayəti vaxtında vermək imkanının olmadığını, bu müddəti özündən asılı olmayan və obyektiv səbəbdən buraxmasını sübut etməlidir. Əks yanaşma ötürülmüş istənilən müddətin subyektiv mülahizələr əsasında bərpa olunmasına və bununla digər tərəflərin prosessual hüquqlarının pozulmasına gətirib çıxarar, həmçinin hüquqi müəyyənlik və qanuni qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyi prinsipləri ilə ziddiyyət təşkil etmiş olardı. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin müddətin bərpasından imtina ilə bağlı gəldiyi nəticə tam qanuni və işin hallarına uyğundur. Ümumiyyətlə kollegiya qeyd edir ki, prosessual müddətlər ədalət mühakiməsinin həyata keçirilməsi zamanı tərəfləri intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki qanun, məhkəmə qərarlarından narazı qalan tərəflərə üç pilləli məhkəmə sisteminin imkanlarından istifadə etməklə həmin qərarlardan şikayət vermə imkanı verməklə yanaşı, digər tərəflərin də sonsuz çəkişmələrdən qorunması və hüquq müəyyənliyinin təminatı məqsədilə prosessual müddətlər tətbiq etməklə, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Beləliklə kollegiyanın qənaətinə görə birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmişdir, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 133, 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1857/2023 saylı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar