Məhkəmə qərarları › İş №2(103)-286/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-286/2022

31.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-286/2022 31.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı iş üzrə (Açar sözlər: kredit borcu, ipoteka, ekspertiza) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu, (sədrlik edən və məruzəçi) Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, iddiaçının nümayəndəsi X1 və Cavabdeh1 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-297/2021 saylı, 08 aprel 2021-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh5 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə işə 31 avqust 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. "xxxx" İKB ASC-nin 12 saylı filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 24-KTKDX-1-0-59-15 nömrəli kredit müqaviləsinə əsasən Bank Cavabdeh1 300.000 manat və ya həmin məbləğin digər valyutalarda ekvivalenti məbləğində 120 ay müddətinə kredit limiti ayrılmışdır. Həmin müqavilə əsasında Cavabdeh1 xx.xx.2015-ci il tarixdə illik 7 % ödəmək şərti ilə 60 ay müddətinə 200.000 manat kredit götürmüşdür.

2. "xxxx" İKB ASC ilə Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən borcalan Cavabdeh1 xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliyinin icrasını təmin etmək məqsədi ilə ipoteka qoyanlar Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 paylı mülkiyyətlərində olan Bakı şəhəri Binəqədi rayonu Əcəmi Naxçıvani küçəsində yerləşən 18a nömrəli evin 36 nömrəli mənzilini ipoteka saxlayan "xxxx" İKB ASC-nin qarşısında ipoteka ilə yüklü etmişlər.

3. İpoteka müqaviləsinin 3.3-cü bəndinə əsasən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri Binəqədi rayonu Əcəmi Naxçıvani küçəsində yerləşən 18a nömrəli evin 36 nömrəli mənzili 210.000 manat dəyərində qiymətləndirilmişdir.

4. "xxxx" İKB ASC ilə X5, Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliyinin icrasını təmin etmək məqsədi ilə X5 mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Asif Məhərrəmov küçəsi 3005-ci məhəllədə yerləşən 44a nömrəli evin 74 nömrəli mənzilini ipoteka saxlayan "xxxx" İKB ASC-nin qarşısında ipoteka ilə yüklü etmişdir.

5. X5 xx.xx.1985-ci il tarixdə Cavabdeh5 ilə rəsmi nikaha daxil olmuşdur.

6. Cavabdeh5 əri X3 mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Asif Məhərrəmov küçəsi 3005-ci məhəllədə yerləşən 44a nömrəli evin 74 nömrəli mənzilinin ipoteka ilə yüklü edilməsinə xx.xx.2015-ci il tarixdə notarial qaydada təsdiq edilmiş ərizə ilə razılıq vermişdir.

7. X5 xx.xx.2018-ci ildə ölmüşdür.

8. X2 miras qalmış və ipoteka ilə yüklü olan Bakı şəhəri Nəsimi rayonu Asif Məhərrəmov küçəsi 3005-ci məhəllədə yerləşən 44a nömrəli evin 74 nömrəli mənzilini onun arvadı Cavabdeh5 qanun üzrə birinci növbə vərəsə kimi faktiki qəbul etmişdir.

9. Hər iki mənzilə dair bağlanmış ipoteka müqavilələri notarial qaydada təsdiq olunmuş və dövlət reyestrində qeydə alınmışdır.

10. İddiaçı ASC mirasın açıldığı yer üzrə notariat kontorlarına müraciət etmiş, X4 dair vərəsəlik işinin açılmadığı müəyyən edilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə "xxxx" İKB ASC (hazırkı İddiaçı ASC) ilə arasında bağlanmış xx.xx.2015-ci il tarixli 24-KTKDX-1-0-59-15 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 199.899,69 manat əsas borc, 35.009,68 manat faiz borcu, 60.952,20 manat cərimə olmaqla, cəmi 295.861,57 manat borcun, ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının tutularaq iddiaçıya ödənilməsi; tutmanın ipoteka predmeti olan və cavabdehlər Cavabdeh2, X6 və Cavabdeh4 məxsus olan Bakı şəhəri Binəqədi rayonu Əcəmi Naxçıvani küçəsində yerləşən 18a nömrəli evin 36 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması və satışdan əldə olunan pul hesabına 199.899,69 manat əsas, 35.009,68 manat faiz, 60.952,20 manat cərimə borcu olmaqla, cəmi 295.861,57 manat borcun, ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının iddiaçıya ödənilməsi; mənzilə tutma yönəldildikdən və həmin mənzil satıldıqdan 1 ay sonra cavabdehlər Cavabdeh2, X6 və Cavabdeh4 həmin mənzildən olan istifadə hüquqlarına xitam verilməsi, onların həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və banka təhvil verilməsi; mənzil hərracda satdıqdan sonra əldə olunmuş vəsaitborcun ödənilməsi üçün kifayət etmədikdə, borcun qalıq hissəsinin ümumi qaydada icra edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

12. Sonradan İddiaçı ASC iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, Cavabdeh5 da cavabdeh kimi göstərməklə, Cavabdeh1 xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə yaranmış 199.899,69 manat əsas borc, 41.112,24 manat faiz borcu, 88.813,76 manat cərimə, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 5% hesablanmış 832,75 manat əldən çıxmış fayda olmaqla, cəmi 330.658,44 manat borcun tutulmasını, digər tələblərlə yanaşı tutmanın həmçinin mərhum X3 mülkiyyətində olan və vərəsəsi Cavabdeh5 tərəfindən faktiki qəbul edilmiş miras əmlak olan ipoteka qoyulmuş Bakı şəhəri Nəsimi rayonu Asif Məhərrəmov küçəsi 3005-ci məhəllədə yerləşən 44a nömrəli evin 74 nömrəli mənzilinə də yönəldilməsini xahiş etmişdir.

13. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 24-KTKDX-1-0-59-15 nömrəli kredit müqaviləsinə əsasən Bank Cavabdeh1 300.000 manat və ya həmin məbləğin digər valyutalarda ekvivalenti məbləğində 120 ay müddətinə kredit limiti ayrılmışdır. Həmin müqavilə əsasında Cavabdeh1 xx.xx.2015-ci il tarixdə illik 7% ödəmək şərti ilə 60 ay müddətinə 200.000 manat kredit götürmüşdür. xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən borcalan Cavabdeh1 xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliyinin icrasını təmin etmək məqsədi ilə ipoteka qoyanlar Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 paylı mülkiyyətlərində olan Bakı şəhəri Binəqədi rayonu Əcəmi Naxçıvani küçəsində yerləşən 18a nömrəli evin 36 nömrəli mənzilini ipoteka saxlayan "xxxx" İKB ASC-nin qarşısında ipoteka ilə yüklü etmişlər. xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən borcalan Cavabdeh1 xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliyinin icrasını təmin etmək məqsədi ilə ipoteka qoyan X5 mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Asif Məhərrəmov küçəsi 3005-ci məhəllədə yerləşən 44a nömrəli evin 74 nömrəli mənzilini ipoteka saxlayan "xxxx" İKB ASC-nin qarşısında ipoteka ilə yüklü etmişdir. X5 xx.xx.2018ci ildə ölmüşdür. X5 ilə Cavabdeh5 xx.xx.1985-ci ildə rəsmi nikah bağlayaraq ailə qurmuşdur. X5 mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Asif Məhərrəmov küçəsi 3005-ci məhəllədə yerləşən 44a nömrəli evin 74 nömrəli mənzilini ipoteka ilə yüklü edərkən, Cavabdeh5 mənzilin ipoteka ilə yüklü edilməsinə xx.xx.2015-ci il tarixdə notarial qaydada razılıq vermişdir. İddiaçı ASC mirasın açıldığı yer üzrə notariat kontorlarına müraciət etmişdir. X4 dair vərəsəlik işinin açılmadığı müəyyən edilmişdir. Cavabdeh5 Mülki Məcəllənin 1159-cu maddəsinə əsasən X3 qanun üzrə vərəsəlik zamanı birinci növbədə vərəsəsidir.

14. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-297/21 saylı iş üzrə 08 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim Vahid Hacıyev) iddia qismən təmin edilərək, Cavabdeh1 ilə "xxxx" İKB ASC (hazırkı İddiaçı ASC) ilə arasında bağlanmış xx.xx.2015-ci il tarixli 24-KTKDX-1-0-59-15 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 xx.xx.2015-ci il tarixli 24-KTKDX-1-0-59-15 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə yaranmış 165.399,69 manat əsas borc, hesablanmış 41.112,24 manat faiz borcu, 5.000 manat cərimə, ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı olmaqla, cəmi 211.573,93 manat pulun tutularaq iddiaçıya ödənilməsi, tutmanın ipoteka predmeti olan və cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 paylı (hər birinin payı 1/3 hissə) mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Əcəmi Naxçıvani küçəsində yerləşən 18a nömrəli evin 36 nömrəli mənzilinə və mərhum X3 mülkiyyətində olan və hazırda faktiki olaraq qanun üzrə birinci növbə vərəsə olan arvadı Cavabdeh5 istifadəsində olan Bakı şəhəri Nəsimi rayonu Asif Məhərrəmov küçəsi 3005-ci məhəllədə yerləşən 44a nömrəli evin 74 nömrəli mənzilinə yönəldilməsi, Bakı şəhəri Binəqədi rayonu Əcəmi Naxçıvani küçəsində yerləşən 18a nömrəli evin 36 nömrəli mənzilinin ilkin satış qiyməti bazar qiymətinin 210.000 manat və likvid dəyərinin 178.000 manat və Bakı şəhəri Nəsimi rayonu Asif Məhərrəmov küçəsi 3005-ci məhəllədə yerləşən 44a nömrəli evin 74 nömrəli mənzilinin ilkin satış qiyməti 130.000 manat müəyyən edilməklə, mənzillərin açıq hərracda satılması və satışdan əldə olunan pul vəsaitinin hesabına Cavabdeh1 cəmi 211.573,93 manat borcunun İddiaçı ASC-yə ödənilməsi, artıq qalan vəsaitin mənzillərin mülkiyyətçiləri Cavabdeh2, X6, Cavabdeh4 və Cavabdeh5 qaytarılması, Bakı şəhəri Binəqədi rayonu Əcəmi Naxçıvani küçəsində yerləşən 18a nömrəli evin 36 nömrəli mənzilinə tutma yönəldildikdən və həmin mənzil satıldıqdan 1 ay sonra Cavabdeh2, X6 və Cavabdeh4 Bakı şəhəri Binəqədi rayonu Əcəmi Naxçıvani küçəsində yerləşən 18a nömrəli evin 36 nömrəli mənzilinə olan istifadə hüquqlarına xitam verilməsi və onların həmin mənzildən çıxarılmaları, mənzilin boşaldılaraq yeni alıcıya təhvil verilməsi, Bakı şəhəri Nəsimi rayonu Asif Məhərrəmov küçəsi 3005-ci məhəllədə yerləşən 44a nömrəli evin 74 nömrəli mənzilinə tutma yönəldildikdən və həmin mənzil satıldıqdan 1 ay sonra, mənzilin boşaldılması və yeni alıcıya təhvil verilməsi, mənzillər hərracda satdıqdan sonra əldə olunmuş vəsait borcun ödənilməsi üçün kifayət etmədikdə, borcun qalan hissəsinin ümumi qaydada icra edilməsi, iş üzrə keçirilmiş məhkəmə-qiymətləndirmə ekspertizası xərcinin 300 manat pulun Cavabdeh1 tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissələrdə rədd olunmuşdur.

15. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borcalan Cavabdeh1 kredit müqaviləsi üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq borcunu vaxtında və lazımi qaydada ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Bu səbəbdən iddiaçı kredit müqaviləsi üzrə borcun ödənilməsini və tutmanın ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş mənzillərə yönəldilməsini tələb etməkdə haqlıdır.

16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 203.3.1, 385.1, 421, 427.3, 442, 448.1, 467-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4.1, 39.3.3, 34, 59.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

17. Cavabdehlər Cavabdeh5 və Cavabdeh1 qətnamədən apellyasiya şikayətləri vermişlər.

18. Cavabdeh5 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə bildirişi ona çatdırılmayıb, mobil telefonu da yoxdur. X9 mülkiyyətində olmuş mənzili miras olaraq qəbul etməyib. İddiaçı iddia ərizəsində və əlavədə onu cavabdeh qismində göstərməyib.

19. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, borc şişirdilib, borcun hesablanması üçün ekspertiza təyin edilməyib. İpoteka predmeti aşağı məbləğə qiymətləndirilib.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

21. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

22. İddiaçının nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi.

23. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

24. Maddə 385.1. Bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

25. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

26. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

27. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

28. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

29. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.

30. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır.

31. Maddə 319.6. Bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır.

“Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx.xx.2020-ci il tarixli qərarı:

32. Qanunvericilik mirasın qəbulunun iki üsulunu, formal və qeyri-formal üsullarını müəyyən etmişdir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır (Mülki Məcəllənin 1243.2-ci maddəsi). Beləliklə, mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər. Belə iddialara məhkəmələrdə hansı qaydada baxılmasının qeyri-müəyyən olmasına dair müraciətedənin qənaəti ilə bağlı qeyd edilməlidir ki, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsinin mexanizmi mülki prosessual qanunvericiliklə müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243 və 1306.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4 və 307.2.9-cu maddələrinə əsasən, vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddia icraatı qaydasında baxılmalıdır.

“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu

33. Maddə 4.1. Əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: 4.1.1. əsas borc; 4.1.2. faizlər; 4.1.3. öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi; 4.1.4. ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi.

34. Maddə 34. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda.

35. Maddə 39.3.3. İpoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Maddə 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar.

36. Maddə 59.4. bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar.

Apellyasiya baxışının hədləri

37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

38. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə cavabdehlər Cavabdeh5 və Cavabdeh1 tərəfindən mübahisələndirildiyindən, iddiaçı və digər cavabdehlər şikayət vermədiyindən qətnamə cavabdehlər Cavabdeh5 və Cavabdeh1 qarşı iddianın təmin olunmuş hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. 40.Cavabdeh1 apellyasiya şikayətinin əsas dəlilləri borc məbləğinin dəqiq müəyyn olunması üçün məhkəmə tərəfindən mühasibatlıq ekspertizası təyin olunmaması və ipoteka predmetinin düzgün qiymətləndirilməməsi barədədir.

41. Məhkəmə kollegiyası işin tam, obyektiv, hərtərəfli araşdırılmasını təmin etmək və apellyasiya şikayətinin dəlillərinə düzgün hüquqi qiymət verilməsini təmin etmək məqsədilə apellyasiya baxışı zamanı məhkəmə-mühasibatlıq ekspertizası təyin etdi. Məhkəmə Ekspertiza Mərkəzinin 27 iyul 2022-ci il tarixli, 9/4980 saylı rəyi ilə müqavilə müddətinin sonuna, yəni xx.xx.2020-ci il tarixə əsas borcu 193892,67 manat, faiz borcu 45192,04 manat, müqavilə müddətinin bitdiyi tarixdən iddia tələbinin həcminin artırıldığı xx.xx.2021ci il tarixədək gecikdirilmiş vaxt üçün 5 faizlə hesablanmış borcu 915,60 manat təşkil edir.

42. Göründüyü kimi, apellyasiya şikayətinin borcun şişirdilməsi, ondan əsassız yerə artıq pul tələb olunması barədə dəlili ekspert rəyi ilə öz təsdiqini tapmadı.

43. Əksinə, ekspert rəyi ilə əsas və faiz borcu məhkəmənin qət etdiyi məbləğdən yüksək olduğundan, 5 faizlə hesablanmış gecikdirilməyə görə borc məhkəmə qətnaməsi ilə tutulmadığından, habelə iddiaçı bu halları mübahisələndirmədiyindən Kollegiya belə qənaətə gəlir ki, məhkəmə əsas və faiz borcunun tutulması ilə bağlı hissədə düzgün nəticəyə gəlmişdir.

44. Cavabdeh5 apellyasiya şikayətinin dəlillərinə gəldikdə Kollegiya qeyd edir ki, Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

45. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 10.-cu bəndində qeyd olunmuşdur ki, məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir.

46. Mülki qanunvericiliyin sadalanan normalarının mənasından göründüyü kimi vərəsə miras əmlaka sahiblik etməyə faktiki başlamaqla və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməklə yanaşı, mirasın açıldığı yer üzrə notariat kontoruna ərizə verməklə də mirası qəbul etmiş sayılır.

47. İşdən görünür ki, Cavabdeh5 miras qoyanın vəfatından sonra mübahisəli evdə faktiki olaraq yaşamış, əmlakı qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Cavabdeh5 mirası faktiki qəbul etsə də, onu rəsmiləşdirməmiş, miras əmlaka vərəsəlik şəhadətnaməsi verilməsi barədə ərizə ilə notariat kontoruna müraciət etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, vərəsəlik şəhadətnaməsinin verilməsi barədə notariusa müraciət etmək mirası faktiki qəbul etmiş vərəsənin vəzifəsi yox, hüququdur. Onun notariusa müraciət etməməsi mirası qəbul etməməsi kimi dəyərləndirilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq Cavabdeh5 mirası qəbul etməməsi ilə bağlı göstərdiklərini hüquqdan sui-istifadəyə cəhd kimi qiymətləndirir.

48. Məhkəmə kollegiyası qeyd edir ki, ipoteka qoyanın ölməsi ipoteka müqaviləsinin xitamına səbəb olmur, ipoteka saxlayanın tutmanın ipoteka predmetinə yönəltmək hüququ saxlanılır. Lakin ipoteka saxlayanın bu hüquqdan istifadə etməsi ipoteka qoyanın vəpəsələrinin hüquqlarının, o cümlədən ipoteka predmeti açıq hərracdan satıldıqdan sonra qalan vəsaiti almaq, öhdəliyi icra etməklə ipotekaya xitam verilməsini tələb etmək kimi hüquqların pozulması ilə müşaiyət olunmamalıdır. Vərəsələr miras qoyanın kreditorları qarşısında birgə borclu olduqları kimi, mirasdan pay almaqda da bərabər mənafeləri vardır.

49. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməməsi barədə dəlilə gəldikdə isə işdən göründüyü kimi Cavabdeh5 məhkəməyə məlum olan və apellyasiya şikayətində də göstərdiyi ünvanına lazmi qaydada məhkəmə bildirişləri göndərilmiş, lakin məktublar “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır.

50. Göründüyü kimi, Cavabdeh5 bu dəlilləri də öz təsdiqini tapmır.

51. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ipoteka predmetlərinin ilkin satış qiymətini əmlakların real dəyərinə uyğun müəyyən etməmişdir apellyasiya şikayətləri bu hissədə əsaslıdır. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir (maddə 39.3.3).

52. İşdən göründüyü kimi birinci instansiya məhkəməsi ipoteka predmeti olan əmlakların ilkin satış qiymətini "xxxx" MMC-nin rəyinə əsasən müəyyən etmiş, lakin apellyatorlar apellyasiya şikayətində həmin məbləğlə razı olmadıqlarını bildirmişlər.

53. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsində işə baxılarkən Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, 3005-ci məhəllədə yerləşən 44a saylı evin 74 saylı mənzilin ilkin satış qiyməti məhkəmə tərəfindən 130.000 manat, Bakı şəhəri Binəqədi rayonu Əcəmi Naxçıvani küçəsində yerləşən 18a nömrəli evin 36 nömrəli mənzili isə 210000 manat müəyyən edilmiş, apellyasiya baxışı zamanı həmin ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunması məqsədilə yenidən qiymətləndirmə aparılmış, "xxxx" MMC-nin 12 oktyabr 2021-ci il tarixli rəyi ilə Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, 3005-ci məhəllədə yerləşən 44a saylı evin 74 saylı mənzilinin likvid dəyəri 160000 manat, Bakı şəhəri Binəqədi rayonu Əcəmi Naxçıvani küçəsində yerləşən 18a nömrəli evin 36 nömrəli mənzilinin likvid dəyəri 230000 manat müəyyən edilmişdir.

54. Ona görə də Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, əmlakların likvid dəyəri əsas götürülməklə, qətnamə ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməli, ipoteka predmetləri olan Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, 3005-ci məhəllədə yerləşən 44a saylı evin 74 saylı mənzilinin ilkin satış qiyməti 160000 manat, Bakı şəhəri Binəqədi rayonu Əcəmi Naxçıvani küçəsində yerləşən 18a nömrəli evin 36 nömrəli mənzilinin ilkin satış qiyməti 230000 manat müəyyən edilməlidir.

55. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiyası məhkəməsinin qətnaməsi ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməli, apelllyasiya şikayətləri qismən təmin olunmalıdır.

56. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qərara aldı: Cavabdehlər Cavabdeh5 və Cavabdeh1 apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-297/2021 saylı, 08 aprel 2021-ci il tarixli qətnaməsi ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilsin. Cavabdehlər Cavabdeh2, X6 və Cavabdeh4 məxsus Bakı şəhəri Binəqədi rayonu Əcəmi Naxçıvani küçəsində yerləşən 18a nömrəli evin 36 nömrəli mənzilinin ilkin satış qiyməti likvid dəyərinə uyğun olaraq 230000 manat, X3 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, 3005-ci məhəllədə yerləşən 44a saylı evin 74 saylı mənzilinin ilkin satış qiyməti onun likvid dəyərinə uyğun olaraq 160000 manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar