Məhkəmə qərarları › İş №2(103)-2862/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2862/2024

12.06.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2862/2024 12.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Bakı şəhər idarəsi və "X5" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “X2 Evrascon” ASC-yə qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-2862/2024 (Açar sözlər: əmək müqaviləsinin və işdən azad olunma əmrinin verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X6 və X3 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Bakı şəhər idarəsi və "X5" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “X2 Evrascon” ASC-yə tələbinə dair mülki iş üzrə üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-979/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə 12 iyun 2024-cü il tarixində Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları, iş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh “X2 Evrascon” ASC-yə qarşı “əmək müqaviləsinin və işdən azad olunma əmrinin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X2 Evrascon” ASC ilə, xx.xx.2019-cu il tarixli, 52 nömrəli əmək müqaviləsini, xx.xx.2020ci il tarixli, 33 K/20 nömrəli işdən azad olma xitam əmri, xx.xx.2020-ci il tarixli, 194 nömrəli işdən azad olma xitam əmrinin ona təqdim olunması və mediasiya prosesinin keçirilməsi üçün ödənilmiş 60 manat (altmış) rüsumun geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, o, 14 yanvar 2009-cu il tarixli, 10 №-li əmrə əsasən, "xxxx" ASC ilə əmək müqaviləsi bağlanaraq 4-cü dərəcəli qazma maşınların elektriki peşəsinə işə qəbul edilmişdir. xx.xx.2010-cu il tarixdə işlədiyi "qazma işləri sahəsəsi"nin adı dəyişdirilərək "X14" MMC adı ilə yeni cəmiyyət yaradılmış və o 05 №-li əmrə əsasən, həmin vəzifəyə yenidən işə qəbul edilmişdir. xx.xx.2012-ci il tarixli, 11 №-li əmrə əsasən, Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən, başqa işəgötürənlə əmək müqaviləsi bağlanmağını nəzərə alaraq əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2012-cü il tarixli, 43 №-li əmrə əsasən, müddətli əmək müqaviləsi bağlanaraq "xxxx" ASC-yə 4-cü dərəcəli qazma maşınların elektriki peşəsinə işə qəbul edilmişdir. xx.xx.2013-cü il tarixdən, AR Vergilər Nazirliyi BŞVD-nın KHŞDQİ-də "xxxx" ASC-nin adı dəyişdirilərək, "X2 "xxxx" ASC adlandırılıb. xx.xx.2014-cü il tarixli, 167 №-li əmrə əsasən, elektromexanik vəzifəsinə keçirilmişdir. xx.xx.2019-cu il tarixli, 207 №-li əmrə əsasən, Əmək Məcəlləsinin 68.2-ci maddəsinin "a" bəndinə əsasən, əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2019-cu il tarixli, 52 №-li əmrə əsasən, Əmək Məcəlləsinin 47-ci maddəsinin, "c" bəndinə əsasən, müddətli əmək müqaviləsi bağlanaraq "X5" MMC-də elektromexanik vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2020-ci il tarixli, 33 K/20 №-li əmrə əsasən, Əmək Məcəlləsinin 68.2-ci maddəsinin "a" bəndinə əsasən, əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2020-ci il tarixli, 99 №-li əmrə əsasən, müddətli əmək müqaviləsi bağlanaraq "X2 "xxxx" ASC-də elektromexanik vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2020-ci il tarixli, 194 №-li əmrə əsasən, Əmək Məcəlləsinin 68.2-ci maddəsinin "b" bəndinə əsasən, əmək müqaviləsinə xitam verilmişdir. Bildirir ki, cəmiyyətlə əmək müqaviləsi bağlanmasına baxmayaraq həmin müqavilələrin bir nüsxəsi ona təqdim olunmamışdır. Lakin Əmək Məcəlləsinin 44-cü maddəsinin, 3-cü bəndində qeyd olunur ki, əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. Cəmiyyətə müraciət edərək işdən çıxma əmrini və bağlanan əmək müqavilələrinin bir nüsxəsinin iddiaçıya təqdim edilməsini xahiş etmişdir. Lakin hazıradək işdən çıxma əmri və əmək müqavilələri ona təqdim olunmamışdır. Bununla bağlı xx.xx.2021-ci il tarixdə ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinə müraciət etmişdir. Əmək hüquqlarının pozulması ilə bağlı tərəfindən xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Bakı şəhər idarəsinə müraciət olunmuşdur. xx.xx.2021-ci il tarixli, cavab məktubu ilə bildirilmişdir ki, "Sizin "X5" MMC-də əmək hüquqlarınızın pozulması barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına ünvanladığınız müraciətlərə X12 Xidmətinin Bakı şəhər İdarəsində baxılmışdır. Müraciətlərinin "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq Sizə aid olan sənədlərin təqdim olunması məqsədi ilə "X5" MMC-nin rəhbərliyinə tərəflərindən xx.xx.2021-ci il tarixli, **********5 saylı məktub göndərilmiş, lakin bu günə qədər sənədlər təqdim edilməmişdir. Qeyd olunanları nəzərə alaraq, tələb olunan sənədlərin təqdim olunmasında köməklik göstərilməsi məqsədilə tərəflərindən Azərbaycan Respublikasının Baş Prokurorluğuna məktub ünvanlanmışdır. Daha sonra tərəfindən şikayət ərizəsi ilə Baş Prokurorluğuna müraciət olunaraq "X5" MMC barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada cinayət məhsuliyyətinə cəlb olunması xahiş olunmuşdur. xx.xx.2022-ci il tarixli məktuba əsasən, Baş Prokurorluq onun şikayət ərizəsi baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatına göndərilmişdir. Həmçinin bildirir ki, "X5" MMC-nin rəsmi internet səhifəsindən də görünür ki, “X8” MMC 2018-ci ildə, "X2 "xxxx" ASC-nin törəmə müəssisələrindən biri olaraq təsis edilmişdir. Daha sonra əmək hüquqlarını müdafiə etmək üçün tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət olunaraq, cavabdeh "X2 "xxxx" ASC-nin rəisinin işdən azad edilməsinə dair 17 dekabr 2020-ci il tarixli, 194 saylı əmrinin ləğv edilməsinə, 2020-ci ilin aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr aylarına olan əmək haqlarının ödənməsinə haqq-hesabın, qanunvericiliyə uyğun hesablanmasına, məcburi iş buraxma müddəti üçün 17 dekabr 2020-ci il tarixdən hesablanmaqla işə bərpa edildiyi tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4442/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə, iddia tələbi rədd edilmişdir. Daha sonra Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4442/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən tərəfimdən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-9448/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə, tərəfimdən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. Daha sonra tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 9448/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-3773/2022 saylı, 04 iyul 2022-ci il tarixli, iddiaçı Hüseynov Rassam Cəlil oğlunun kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 9448/2021 nömrəli, 16 noyabr 2021-ci il tarixli qətnaməsi 2020-ci ilin aprel, may, iyul, avqust, sentyabr, oktyabr, dekabr aylarına olan əmək haqlarının ödənməsi, məbləğin qanunvericiliyə əsasən hesablanmasina aid hissədə ləğv edilməsi, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılması qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 5835/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004) 4442/2012 saylı 03 avqust 2022-ci il tarixli qətnaməsi iddia tələbinin "2020-ci ilin aprel, may, iyul, avqust, sentyabr, oktyabr, dekabr aylarına olan əmək haqlarının ödənməsi və məbləğin qanunvericiliyə uyğun hesablanmasının təmin edilməməsi hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələbi təmin edilməsi, 2020-ci ilin aprel, may, iyul, avqust, sentyabr, oktyabr, dekabr aylarına olan əmək haqlarının ödənməsi və məbləğin qanunvericiliyə uyğun hesablanmaqla iddiaçı X4 ödənilməsi öhdəliyinin cavabdeh "X2 "xxxx" ASC-nin üzərinə qoyulması qət edilmişdir. Bununla da qətnamə qanuni qüvvəsini almış və icra olunması üçün Yasamal rayon icra şöbəsinə həvalə edilmişdir. Göründüyü kimi, cavabdehlə arasında yaranan mübahisəni danışıq yolu ilə həll etmək mümkün olmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda isə şikayət etdiyi dövlət qurumları ona köməklik etməkdə çətinlik çəkirlər və bu günədək işdən çıxma əmri və əmək müqavilələri ona təqdim olunmamışdır. Bundan əlavə bildirir ki, qanunvericilikdə nəzərə tutulmuş qaydada, cavabdehə ilkin olaraq işin mediasiyada həlli üçün təklif göndərilsə də o, mediasiya prosesindən yayınmışdır və nəticədə xx.xx.2023-cü il tarixdə mediator tərəfindən iclas keçirilərək ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim olunmuşdur. Bu səbəbdən də qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarını müdafiə etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-979/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Ayşən Sultanova-Məmmədova) iddianın təmin edilməsi, “X5” MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 52 nömrəli əmək müqaviləsi; xx.xx.2020-ci il tarixli, 33K/20 nömrəli işdən azad olunma əmri; xx.xx.2020-ci il tarixli, 194 nömrəli işdən azad olunma əmrinin İddiaçı təqdim olunması vəzifəsinin cavabdeh “X2 Evrascon” ASC üzərinə qoyulması qət edilmişdir.

4. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 44.3, 83.2-ci maddələrinə, «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

5. Qətnamədən cavabdeh “X2 Evrascon” ASC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-5835/2022 saylı qərardadına görə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5835/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə izah verilməsi barədə cavabdeh “X2 Evrascon” ASC tərəfindən verilmiş ərizənin rədd edilməsi müəyyən olunmuşdur. Həmin qərardadın təsviri-əsaslandırıcı hissəsində məhkəmə kollegiyası qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5835/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsində anlaşılmaz hər hansı xüsusat mövcud deyil və buna görə də qətnaməyə izah verilməsi zərurəti yoxdur. Belə ki, “X5” MMC-nin rəsmi internet səhifəsindən də görünür ki, “X5” MMC 2018-ci ildə AvroX7 "xxxx" ASC-nin törəmə müəssisələrindən biri olaraq təsis edilmişdir. Diqqətə çatdırmaq istəyirlər ki, məhkəmənin istinad etdiyi qərardadın qəbul edilməsi üçün tərəflərindən Bakı Apellyasiya Məhkəməsinə müraciət edilən zaman “X9” MMC-nin sənədləri də təqdim edilmişdir. Lakin Məhkəmə izahdan əvvəl sənədlərə deyil, internet resurslarına istinad edərək izah verilməməsi barədə qərardad qəbul etmişdir. Ancaq bu halda isə hesab edirlər ki, məhkəmənin həmin qərardada istinad etməsi tamamilə qanunsuz və gələcəkdə icra edilməsi mümkün olmayan qətnamənin qəbulu ilə nəticələnmişdir. “X5” MMC-nin təsisçisi "xxxx" ASC deyil, həmin şirkətin "xxxx" ASC yə aidiyyəti yoxdur. Məhkəmə işi araşdıran zaman həmin MMC-ni üçüncü şəxs kimi cəlb etməmiş, cəlb etmədən izah verilməsi barədə qərardada istinad edərək qanunsuz qətnamə qəbul etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin olunmaması və qətnamənin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

c) Proses iştirakçılarının izahatı

8. Apellyasiya baxışında (o cümlədən əvvəlki məhkəmə iclasında) iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, məhkəməyə iddiaçı ilə bağlanmış müvafiq müqavilənin surətini də göndərmiş və bildirmişlər ki, X12 Xidməti tərəfindən cərimə olunduqları zaman iddiaçı tərəfə əmək müqaviləsi və digər sənədlər təqdim edilmişdir. Bunu təsdiq edəcək hər hansı sübut olmasa da, iddiaçıya işdən azad olunma əmri təqdim edilmişdir. Hazırda isə əsas olaraq “X5” MMC-yə aid olan sənədlərin təqdim edilməsi öhdəliyinin cavabdeh olaraq onların üzərinə qoyulmasını mübahisələndirirlər.

9. Apellyasiya baxışında (o cümlədən əvvəlki məhkəmə iclasında) iştirak edən iddiaçı apellyasiya şikayətini qəbul etməyərək təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, o, X12 Xidmətinə, Azərbaycan Respublikası Prezident Administrasiyasına, Azərbaycan Respublikası Baş Prokurorluğuna dəfələrlə müraciət edərək əmək müqaviləsinin və işdən çıxma barədə əmrlərin verilməsini istəmişdir. Qarşı tərəf vergilərdən yayınmaq üçün hər dəfə yeni törəmə şirkətlər yaradır. Qarşı tərəf hətta “X5” MMC-də işlədiyi dövr üçün əməkhaqqını da ödəməmişdir. “X5” MMC cavabdeh “X2 Evrascon” ASC-nin törəmə müəssisəsidir.

10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Bakı şəhər idarəsi və "X5" MMC nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişlər. Məhkəmə kollegiyası prosesə gəlməyən cavadehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Əmək Məcəlləsi

11. Maddə 44.3. Əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır.

12. Maddə 83.2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

13. Maddə 47.1. Hüquqi şəxsin təsisçiləri tərəfindən təsdiq edilmiş nizamnaməsi hüquqi şəxsin təsis sənədidir. “Banklar haqqında” və “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş hallar istisna olmaqla, bir təsisçinin yaratdığı hüquqi şəxs həmin təsisçinin təsdiq etdiyi nizamnamə əsasında fəaliyyət göstərir.

14. Maddə 47.2. Hüquqi şəxsin nizamnaməsində hüquqi şəxsin adı, olduğu yer, fəaliyyətinin idarə edilməsi qaydası, habelə onun ləğvi qaydası müəyyənləşdirilir. Qeyrikommersiya hüquqi şəxsinin nizamnaməsində onun fəaliyyətinin predmeti və məqsədləri müəyyənləşdirilir. Qeyri-hökumət təşkilatlarının nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinə, habelə dövlət nəzarəti və yoxlama funksiyalarının nəzərdə tutulmasına yol verilmir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

15. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

16. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

17. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

18. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

19. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Apellyasiya baxışının hədləri

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

22. Cavabdeh “X2 Evrascon” ASC-nin nümayəndəsi öz apellyasiya şikayətində qətnamənin bütövlükdə ləğv edilərək iddia tələbinin rədd edilməsini xahiş etsə də, apellyasiya baxışında “X5” MMC-yə aid olan sənədlərin təqdim edilməsi öhdəliyinin cavabdeh olaraq onların üzərinə qoyulmasını mübahisələndirdiklərini bildirdiyindən (bununla bağlı ərizə də vermişdir), qətnamə yalnız həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməlidir.

24. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarının tətbiqində qismən yanlışlığa yol vermiş və işin bütün hallarını lazımi qədər aydınlaşdırmamışdır.

25. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyi yanında X12 Xidməti Bakı şəhər idarəsinin xx.xx.2021-ci il tarixli, **********3 nömrəli müraciətə əsasən, müraciətlərinin “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq İddiaçı aid olan sənədlərin təqdim olunması məqsədi ilə “X5” MMC-nin rəhbərliyinə xx.xx.2021-ci il tarixli **********5 saylı məktub göndərilmiş, bu günə qədər sənədlər təqdim edilməmişdir. Qeyd olunanları nəzərə alaraq, tələb olunan sənədlərin təqdim olunmasında köməklik göstərilməsi məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyi yanında X12 Xidməti Bakı şəhər idarəsinin tərəfindən Azərbaycan Respublikasının Baş Prokurorluğuna məktub ünvanlanmışdır. Bildirilir ki, sənədlər təqdim olunduğu təqdirdə müraciətinə tərəflərindən yenidən baxılacaqdır. Razılaşmadığı təqdirdə müvafiq qaydada məhkəməyə müraciət etmək hüququ vardır.

26. Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-5835/2022 saylı qərardadına, görə Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 5835/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə izah verilməsi barədə cavabdeh “X2 Evrascon” ASC tərəfindən verilmiş ərizənin rədd edilməsi müəyyən olunmuşdur. Həmin qərardadın təsviri-əsaslandırıcı hissəsində məhkəmə kollegiyası qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5835/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsində anlaşılmaz hər hansı xüsusat mövcud deyil və buna görə də qətnaməyə izah verilməsi zərurəti yoxdur. Belə ki, “X5” MMC-nin rəsmi internet səhifəsindən də görünür ki, “X5” MMC 2018-ci ildə X2 "xxxx" ASC-nin törəmə müəssisələrindən biri olaraq təsis edilmişdir.

28. Apellyasiya icraatının gedişində kollegiya tərəfindən “X5” MMC iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.

29. Kollegiya qeyd edir ki, yuxarıda da göstərildiyi kimi cavabdeh “X2 Evrascon” ASC-nin nümayəndəsi öz apellyasiya şikayətində qətnamənin bütövlükdə ləğv edilərək iddia tələbinin rədd edilməsini xahiş etsə də, apellyasiya baxışında “X5” MMC-yə aid olan sənədlərin təqdim edilməsi öhdəliyinin cavabdeh olaraq onların üzərinə qoyulmasını mübahisələndirdiklərini bildirdiyindən, qətnamənin qanuniliyi və əsaslılığı yalnız həmin hissədə yoxlanılır və xx.xx.2020-ci il tarixli, 194 nömrəli işdən azad olunma əmrinin İddiaçı təqdim olunması vəzifəsinin cavabdeh “X2 Evrascon” ASC-nin üzərinə qoyulması ilə bağlı əlavə araşdırılma aparılmır.

30. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

31. Beləliklə, məhkəmə mübahisəsində hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

32. Bu zaman həm də nəzərə alınmalıdır ki, mühakimə icraatında hakimin işinə yarayan, yəni yekun qərarın çıxarılmasını asanlaşdıran bir qayda var – iddiaçının dediklərinə əsasən iddia təmin olunan deyilsə, qarşı tərəfin etirazları ilə bağlı araşdırma aparmadan mübahisəni bitirmək olar. Başqa sözlə, əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

33. Belə ki, həm iddiaçı tərəfindən iddia ərizəsi ilə müraciət edilərkən, həm də birinci instansiya məhkəməsi öz qətnaməsini əsaslandırarkən qeyd etmişdir ki, “X5” MMC cavabdeh “X2 Evrascon” ASC-nin törəmə müəssisəsidir və buna görə də “X5” MMC-nin öhdəlikləri üçün həm də cavabdeh məsuliyyət daşıyır.

34. Lakin birinci instansiya məhkəməsi bu nəticəyə gələrkən maddi hüquq normalarını düzgün təfsir etməmişdir. Belə ki, ilk növbədə iş materiallarındakı “X5” MMCnin Nizamnaməsindən müəyyən olunur ki, “X5” MMC öz fəaliyyətini Azərbaycan Respublikasının Mülki Məcəlləsi, qüvvədə olan digər qanunvericilik aktları və bu Nizamnamə ilə həyata keçirir. Bu Nizamnamə xx.xx.2018-ci il tarixində dövlət qeydiyyatına alınmış “X5” MMC-nin təsisçisinin dəyişdirilməsi ilə əlaqədar Cəmiyyətin Nizamnaməsinin 4-cü redaksiyasıdır. Cəmiyyətin təsisçisi hər biri 1 (bir) manat olan 1000 paya sahib olmaqla, ümumilikdə payların 100%-nə malik olmaqla “X10” MMC-dir.

35. Göründüyü kimi “X5” MMC müstəqil hüquqi şəxs olmaqla özünə aid olan Nizamnaməsi mövcuddur və təsisçisi cavabdehə aidiyyatı olmayan başqa bir hüquqi şəxsdir. Nizamnaməyə əsasən öz hüquq və vəzifələri ilə bağlı məsələlərdə şəxsən və müstəqil olaraq çıxış edir. İddiaçı da öz ifadəsində onunla 2019-cu ildə bağlanıkan əmək müqaviləsinin cavabdeh “X2 Evrascon” ASC və ya başqa bir hüquqi şəxslə deyil, məhz “X5” MMC ilə bağladığını və həmin əmək müqaviləsinə xitam verilməsi barədə əmrin də məhz sonuncu tərəfindən verildiyini qeyd etmişdir.

36. Buna görə də kollegiya hesab edir ki, iddiaçının hazırda ona verilməsini tələb etdiyi xx.xx.2019-cu il tarixli, 52 nömrəli əmək müqaviləsi və xx.xx.2020-ci il tarixli, 33K/20 nömrəli işdən azad olunma əmrinin hazırki cavabdehdən istənilməsinin hər hansı hüquqi və qanuni əsası yoxdur.

37. Kollegiya həmçinin qeyd edir ki, hazırki işin halları ilə sübut olunmasa da, iddiaçı ilə əmək müqaviləsinə xitam verilən zaman “X5” MMC, həqiqətən də, cavabdeh “X2 Evrascon” ASC-nin törəmə müəssisəsi olmuş olsa idi belə, bu hal da cavabdehin həmin şirkətin öhdəliklərinə görə məsuliyyət daşıdığı və qeyd olunan sənədlərin verilməsinin məhz cavabdeh tərəfindən təmin edilməli olduğunu deməyə əsas vermir.

38. Belə ki, törəmə şirkət ana (əsas) və ya holdinq şirkətinə məxsus və nəzarət edilən, lakin idarəetmə, əməliyyatlar, maliyyə və hüquqi struktur baxımından müstəqil fəaliyyət göstərən ayrıca hüquqi şəxsdir. Törəmə şirkətlər çox vaxt yeni bazarlara çıxmaq, ana şirkətin məhsul təkliflərini diversifikasiya etmək və ya öhdəliklərini məhdudlaşdırmaq kimi strateji məqsədlər üçün yaradılır. Törəmə və əsas şirkətlər ayrı-ayrı hüquqi, vergi və borc öhdəlikləri olan fərqli qurumlardır. Bu nəinki qarşılıqlı öhdəlikləri azaldır, həm də törəmə şirkətlərə öz əsas təşkilatlarından müəyyən muxtariyyətlə müstəqil brend kimi fəaliyyət göstərməyə imkan verir.

39. Azərbaycan Respublikasının mülki qanunvericiliyində törəmə müəssisələrə dair ayrıca hüquq normaları olmasa da, törəmə təsərrüfat cəmiyyəti anlayışı mövcuddur və burada həmin cəmiyyətlərin ana (əsas) şirkətləri ilə qarşılıqlı münasibətlərinə dair normalar öz əksini tapmışdır. Qanunun analogiyasını tətbiq etsək, Mülki Məcəllə ilə müəyyən olunur ki, təsərrüfat cəmiyyəti o halda törəmə cəmiyyət sayılır ki, digər (əsas) təsərrüfat ortaqlığı və ya cəmiyyəti onun nizamnamə kapitalında üstün iştirakına görə və ya onlar arasında bağlanmış müqaviləyə müvafiq surətdə həmin cəmiyyətin qəbul etdiyi qərarları müəyyənləşdirmək imkanına malik olur. Törəmə cəmiyyət əsas ortaqlığın və ya cəmiyyətin borcları üçün cavabdeh deyildir.

40. Göründüyü kimi istər üçüncü şəxs olan və tələb olunan müqavilənin tərəfi, o cümlədən əmək müqaviləsinə xitam verilməsi barədə əmri tərtib edən “X5” MMC-nin başqa bir hüquqi şəxsin, istərsə də, Cavabdeh “X2 Evrascon” ASC-nin törəmə müəssisəsi olması halında həmin sənədlərin iddiaçıya təqdim edilməsi birbaşa olaraq “X5” MMC-nin şəxsən həyata keçirməli olduğu öhdəlikdir və həmin sənədlərin verilməsi ilə bağlı cavabdehin üzərinə hər hansı öhdəliyin qoyulmasının qanuni və ya hüquqi əsası mövcud deyildir.

41. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, qətnamə ““X5” MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 52 nömrəli əmək müqaviləsinin və xx.xx.2020-ci il tarixli, 33K/20 nömrəli işdən azad olunma əmrinin İddiaçı təqdim olunması vəzifəsinin cavabdeh “X2 Evrascon” ASC üzərinə qoyulması” hissəsində ləğv edilməli və iddia həmin hissədə rədd edilməlidir.

42. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

43. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

44. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

45. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-979/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni ““X5” MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 52 nömrəli əmək müqaviləsinin və xx.xx.2020-ci il tarixli, 33K/20 nömrəli işdən azad olunma əmrinin İddiaçı təqdim olunması vəzifəsinin cavabdeh “X2 Evrascon” ASC üzərinə qoyulması” hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməsin. İddiaçı tərəfindən mediasiya prosesinin keçirilməsi üçün ödənilmiş 60 (altmış) manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar