Məhkəmə qərarları › İş №2(103)-2862/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2862/2025

21.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2862/2025 21.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MTK-ya qarşı mülki iş üzrə (Açar sözlər: pul) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1, Cavabdeh MTK-nın nümayəndəsi X2 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-250/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları

1. Cavabdeh MTK (tikinti şirkəti) ilə İddiaçı (əmlak mülkiyyətçisi) arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 2/83 nömrəli müqavilədən görünür ki, əmlak mülkiyyətçisi bu müqaviləyə əsasən xx.xx.1998-ci il tarixli, 962 saylı reyestr kitabında 144488 səhifə, qeydə alınma 30/28779 nömrəsi ilə Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş “Qeydiyyat Vəsiqəsi Seriya MH № 155260” ilə öz mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 97,32 kv.m-dən ibarət yaşayış sahəsini sökülmək üçün tikinti şirkətinə təhvil verməyi, bu müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada tikinti şirkəti tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış evində onun üçün nəzərdə tutulmuş mənzili qəbul etməyi öhdəsinə götürür. Tikinti şirkəti ünvan 2 ünvanında yerləşən əmlak mülkiyyətçisinin mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, Salatın Əsgərova küçəsində inşa etdiyi 1-ci girişin 4-cü mərtəbəsində ümumi sahəsi 69,0 m2 -dən ibarət 1 ədəd 2 otaqlı və 1-ci girişin 5-ci mərtəbəsində ümumi sahəsi 67,0 m2 -dən ibarət 1 ədəd 2 otaqlı təmirli mənzilləri əmlak mülkiyyətçisinin mülkiyyətinə verməyi öhdəsinə götürür. Əmlak mülkiyyətçisi ona verilməsi nəzərdə tutulan 130,4 m2 dən ibarət təmirli mənzildən bu müqavilə üzrə veriləcək mənzillərin fərqini təşkil edən 5,6 m2 -dən ibarət mənzil hissəsinin 7.280,0 (yeddi min iki yüz səksən) manat həcmində dəyərini xx.xx.2017-ci il tarixinə kimi tikinti şirkətinə ödəməyi üzərinə götürür.

2. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlardan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi, ev 174 ünvanında yerləşən 21 nömrəli, ümumi sahəsi 61,40 m2 olan mənzil (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi, 174, M5, m11) xx.xx.2024-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə; Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi, ev 174 ünvanında yerləşən 6 nömrəli, ümumi sahəsi 64,30 m2 olan mənzil (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi, 174, M4, m6) xx.xx.2024-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına qeydiyyata alınmışdır.

3. 13.05.2024-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə 137 (bir yüz otuz yeddi) manat məbləğində dövlət rüsumu ödənilmişdir.

4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 10/5810 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu bəndində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli, 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”na əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi, ev 174 ünvanında yerləşən 6 nömrəli (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi, 174, M4, m6) mənzilin ümumi sahəsinin 64,3 m2 , Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi, ev 174 ünvanında yerləşən 21 nömrəli (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi, 174, M5, m11) mənzilin ümumi sahəsinin 61,4 m2 təşkil etdiyi müəyyən edilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi, ev 174 ünvanında yerləşən 6 nömrəli (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi, 174, M4, m6) mənzilin yaşayış, yardımçı, balkon sahələri, xarici və daxili divaraltı sahə daxil olmaqla hesablandıqda sahəsinin 82,3 m2 , həmin mənzilin yaşayış, yardımçı, balkon sahələri və daxili divaraltı sahə daxil olmaqla hesablandıqda sahəsinin 72,1 m2 təşkil etdiyi müəyyən edilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi, ev 174 ünvanında yerləşən 21 nömrəli (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi, 174, M5, m11) mənzilin yaşayış, yardımçı, balkon sahələri, xarici və daxili divaraltı sahə daxil olmaqla hesablandıqda sahəsinin 79,1 m2 , həmin mənzilin yaşayış, yardımçı, balkon sahələri və daxili divaraltı sahə daxil olmaqla hesablandıqda sahəsinin 69,5 m2 təşkil etdiyi müəyyən edilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi, ev 174 ünvanında yerləşən binada təmirli mənzillərin alqı-satqısına dair birja məlumatları və internet saytı məlumatları olmadığından, bu sual üzrə tədqiqat aparılmadı.

5. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekpsertiza təqdiqatının dəyəri 50 (əlli) manat təşkil edir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh MTK-ya qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən, ünvan 3 ünvanlarında yerləşən 6 və 21 saylı mənzillər üçün cavabdeh tərəfindən artıq alınmış cəmi 15.600 (on beş min altı yüz) manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh MTK arasında ümumi sahəsi 130,40 kv.m-dən ibarət olan Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsində inşa etdiyi 1-ci girişin 4-cü mərtəbəsində ümumi sahəsi 69,0 kv.m-dən ibarət 1 ədəd 2 otaqlı və 1-ci girişin 5-ci mərtəbəsində ümumi sahəsi 67,0 kv.m-dən ibarət 1 ədəd 2 otaqlı təmirli mənzilləri əmlak mülkiyyətçisinin mülkiyyətinə verməyi öhdəsinə götürməsi barədə xx.xx.2017-ci il tarixli 2/83 nömrəli müqavilə bağlanmışdır. İddiaçı xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi, ev 174 ünvanında yerləşən 21 saylı mənzilə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alarkən məlum olmuşdur ki, mənzilin ümumi sahəsi 67,0 kv.m. deyil, 61,40 kv.m-dir və iddiaçıdan mövcud olmayan 5,7 kv.m. mənzil sahəsi üçün 5,7 x 1.500 = 8.550 (səkkiz min beş yüz əlli) manat artıq alınmıışdır. İddiaçı həmin tarixdə həmin ünvanda M6-da yerləşən 6 saylı mənzilə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alarkən məlum olmuşdur ki, mənzilin ümumi sahəsi 69,0 kv.m. deyil, 64,30 kv.m-dir və iddiaçıdan mövcud olmayan 4,7 kv.m. mənzil sahəsi üçün 4,7 x 1.500 = 7.050 (yeddi min əlli) manat artıq alınmıışdır. Müqavilə üzrə hər iki mənzil üçün cavabdeh iddiaçıdan mövcud olmayan 4,7 kv.m. + 5,7 kv.m. = 10,4 kv.m. az sahə sataraq 8.550 + 7.050 = 15.600 (on beş min altı yüz) manat artıq almışdır. Cavabdehlə bağlanmış müqavilələr üzrə mənzilin ümumi sahəsi 130,4 kv.m. göstərilsə də, pulu tam ödənilsə də, lakin çıxarışa istinadən müqavilə üzrə hər iki mənzil üçün cavabdeh iddiaçıya 10,4 kv.m. az sahə satmış, iddiaçıdan 10,4 kv.m. sahə üçün cəmi 15.600 manat artıq pul almışdır. Beləliklə, iddiaçı müqavilə şərtlərinə tam əməl edərək, üzərinə götürdüyü öhdəlikləri tam həcmdə yerinə yetirmiş, lakin cavabdeh tərəfindən dəyərini tam ödədiyi mənzilin ümumi sahəsində aldadılmış və aldadıldığını çıxarış aldıqdan sonra bilmişdir.

8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-250/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Günay Abidova) iddianın rədd edilməsi qət edilmişdir.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 390.1, 390.4, 425.1, 442, 443.1, 443.2, 560.1, 560.2, 662, 752.1, 766, 773cü maddələrinə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 101.7, 103.1, 115.0.1, 106.1, , 119.1, 205.1, 205.2, 217.3, 217.4-cü maddələrinə, “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarına istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayəti verərək qətnaməni ləğv edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, ekspertizanın təyin edilməsi barədə qərardadda ekspert qarşısında qoyulmuş birinci sualın (mənzillərin ümumi sahəsinin nə qədər təşkil etməsi bərədə) cavabının aydınlaşdırılması məqsədilə rəyi tərtib edən ekspert məhkəmə araşdırmaları zamanı məhkəmə iclasına dəvət edilərək dindirilmiş, bu zaman bildirmişdir ki, birinci sualı başa düşmədiyindən, rəydəki kimi cavab vermiş, lakin tədqiqat zamanı həmin sualın cavabını müəyyən etmişdir. Bələ ki, tədqiqat zamanı ekspert müəyyən etmişdir ki, iddiaçının mülkiyyətində olan 6 və 21 nömrəli mənzillərin köməkçi sahələrinə əmsallar tətbiq edilən zaman həmin mənzillərin ümumi sahəsi müvafiq olaraq 64,3 m və 61,4 m olsa da əmsallar tətbiq edilmədikdə mənzillərin sahəsi müvafiq olaraq 69,4 m və 66,8 m təşkil edir. Eləcə də, AR Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin verdiyi çıxarışla Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi rəydə mənzil sahələri eynidir, üst-üstə düşür. Cavabdeh hüquqlarından sui-istifadə edərək mənzilin ümumi sahəsində aldatmış, subyektlərin əqdi bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri nəticələr yaranmamışdır. Məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması bir vəziyyəti nəzərdə tutur ki, işin bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılır, həmin hallar işdə təsdiq olunur, lakin məhkəmə tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlir, yəni məhkəmənin gəldiyi nəticə duzgün müəyyən etdiyi faktlardan, işin həqiqi hallarından irəli gəlmir və ya həmin faktlara, işin həqiqi hallarına zidd olur. Hesab edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 443.1, 442, 443-1, 448.1, 448.2, 448.3, 449.1, 449.4, 1091 və 1092.1-ci maddələrin tətbiq etməməklə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilmiş və iddiaçının hüquqları kobud şəkildə pozmuşdur. Qeyd etmək lazımdır ki, şikayət olunan hissədə qətnamə qəbul edilərkən maraqlı şəxsin hüquqlarının müdafiəsi məhkəmə tərəfindən əsassız olaraq təmin edilməmiş; məhkəmə maraqlı şəxsə qarşı bir qədər ədalətsiz mövqeyi nümayiş etdirərək, işi hərtərəfli və tam araşdırmamış; iş üçün əhəmiyyətli olan sübutlar, faktlar və tərəflərin hüquq münasibətləri ümumiyyətlə dəyərləndirilməmiş; nəticədə, məhkəmə icraatı həqiqəti müəyyən etməmişdir. Məhkəmə, subyektlərin hüquqi statusunu müəyyənləşdirərkən mütənasiblik və tarazlıq meyarlarının gözlənilməsi prinsiplərinə əməl etməmiş və hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi prinsipini pozmuşdur. Eyni zamanda, hazırda şikayət olunan hissədə- məhkəmə icraatı həqiqəti müəyyən etməmiş və işi hərtərəfli, tam və ədalətli araşdırmamaqla, nəticədə həmin hissədə əsassız qətnamə çıxarmışdır. Yuxarıda göstərilən və məhkəmə tərəfindən dəyərləndirilməmiş bir sıra sübutlarda müəyyən edilmiş faktlar və tərəflərin hüquqi mövqeyi nəzərə alınmadığından, hazırkı qətnamənin şikayət olunan hissədə əsaslı və qanuni olması qəbul edilən deyildir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

15. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

16. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

17. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

18. Maddə 390.4. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir.

19. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

20. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

21. Maddə 443.1-443.2. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.

22. Maddə 560.1-560.2. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

23. Maddə 662. Dəyişdirmə müqaviləsinə görə tərəflərdən hər biri başqa tərəfin mülkiyyətinə bir əşyanın müqabilində digər əşyanı verməyi öhdəsinə götürür. Dəyişdirmə müqaviləsinə alğı-satqı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Dəyişdirmə müqaviləsi üzrə münasibətlərin hər bir iştirakçısı digər tərəfə verəcəyini vəd etdiyi əşyanın satıcısı və aldığı əşyanın alıcısı sayılır.

24. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 766. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər.

25. Maddə 773. Əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir.

26. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation” (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.

27. Avropa İnsan Hüquqları Məhkəməsi Qavazov Bolqarıstana qarşı iş üzrə xx.xx.2008- ci il tarixli qərarına əsasən, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 88 məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 217.4 məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

32. Maddə 218.3 hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

33. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

34. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

35. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

38. Hazırki halda, iddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-250/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

40. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır: Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin). İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun.

41. İddia tələbinin qanuni əsas dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir.

42. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşmaqla qətnaməni qanuni və əsaslı hesab edir.

43. İşin halları ilə müəyyən edilir ki, iddiaçının mübahisələndirdiyi hal – cavabdehin müqavilə öhdəliklərini pozaraq, iddiaçıya miqdar (mənzilin sahəsinin həcmi) baxımından qüsurlu mal verməsi olmuşdur.

44. Hazırkı işdə iddiaçı mübahisəli hala dair sübut kimi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ tərəfindən verilmiş çıxarışlara istinad edərək, cavabdeh tərəfindən ona müqavilədə nəzərdə tutulandan az sahəsi olan mənzillər verildiyini bildirmişdir.

45. Bununla belə, iş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyində: - Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu bəndinə və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli, 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”na əsasən, iddiaçının mülkiyyətində olan 6 nömrəli mənzilin ümumi sahəsinin 64,3 m2 , 21 nömrəli mənzilin ümumi sahəsinin isə 61,4 m2 ; - yaşayış, yardımçı, balkon sahələri, xarici və daxili divaraltı sahə daxil olmaqla hesablandıqda, 6 nömrəli mənzilin sahəsinin 82,3 m2 , 21 nömrəli mənzilin sahəsinin isə 79,1 m2 ; - yaşayış, yardımçı, balkon sahələri və daxili divaraltı sahə daxil olmaqla hesablandıqda isə, 6 nömrəli mənzilin sahəsinin 72,1 m2 , 21 nömrəli mənzilin sahəsinin isə 69,5 m2 təşkil etdiyi qeyd edilmişdir. Ekspertizanın təyin edilməsi barədə qərardadda ekspert qarşısında qoyulmuş birinci sualın (mənzillərin ümumi sahəsinin nə qədər təşkil etməsi barədə) cavabının aydınlaşdırılması məqsədilə rəyi tərtib edən ekspert birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli məhkəmə iclasına dəvət edilərək dindirilmiş, çəkişmə prinsipi də təmin edilmişdir. Həmin məhkəmə iclasında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Eyvazzadə İsa özünün rəydə də qeyd etdiyi kimi, məhz Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu bəndinə və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli, 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”na əsasən hesablandıqda, mənzillərin ümumi sahəsinin çıxarışda göstərildiyi kimi olduğunu müəyyən etdiyini, bu zaman qanunvericiliyin tələbinə görə köməkçi sahələrin müvafiq əmsallara vurulduğunu; lakin həmin əmsallar tətbiq edilmədikdə mənzillərin sahələrinin müvafiq olaraq 69,4 m2 və 66,8 m2, cəmi 136,2 m2 olduğunu müəyyən etdiyini, lakin qərardadın birinci sualında bunun soruşulmasını səhv başa düşdüyü üçün suala rəydəki kimi cavab verdiyini bildirmişdir. Bu sahələrin köməkçi hissələrə əmsal tətbiq edilmədən olan real sahələr olduğunu bildirmişdir.

46. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, təyinatı şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən etmək olan Şəhərsalma və Tikinti Məcəlləsinin, buna müvafiq olaraq, tikinti obyektinin sahəsinin və həcminin hesablanmasına dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaların hazırkı iş üzrə tətbiq edilməsi, yəni iddiaçı ilə cavabdeh arasında mülki hüquq münasibətləri çərçivəsində bağlanmış qarışıq müqavilə (dəyişdirmə və podrat) üzrə öhdəliklərə şamil edilməsi düzgün deyildir. Çünki bu, mülki qanunvericiliyin müqavilə hüquq subyektlərinin bərabərliyi, iradə sərbəstliyi və müqavilələr azadlığı prinsiplərinin pozulmasına səbəb olacaqdır. Belə ki, əgər tərəflər arasında bağlanmış müqavilədə bununla bağlı heç bir qayda nəzərdə tutulmamışdırsa, hesablamaların divarların çöl tərəfindən aparılması, habelə divarların altındakı sahələrin nəzərə alınması sifarişçinin mənafeyinə zidd olduğu kimi, mövcud olan balkon, loja və bu kimi köməkçi sahələrin əmsallarla real ölçülərindən az həcmdə hesablanması da podratçının mənafeyinə uyğun deyildir.

47. Beləliklə, qeyd olunanları nəzərə alaraq kollegiya apellyasiya şikayətinin dəlilinə münasibətdə hesab edir ki, birinci instansiya məhkəməsinin hazırkı işdə iddiaçının iddia etdiyi halların – cavabdehin müqavilə öhdəliklərini tam icra etməyərək, müqavilədə göstərilən sahədən daha az sahəsi olan (qüsurlu) mənzillər verməsinin mövcud olmadığına dair gəldiyi nəticə qanuni və əsaslıdır.

48. Bununla yanaşı, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, lap mənzillərin iddiaçının iddia etdiyi kimi müqavilədə göstəriləndən daha az sahələrdə olması müəyyən edilsəydi də belə, qanunvericiliyə görə, əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmədiyindən, hazırkı işdə də iddiaçı tərəf 2019-cu ildə mənzilləri təhvil alan zaman “mənzillər çox balacadır” dediyini, lakin mənzilləri təhvil aldığını, hazırda mənzillərdən birinə özünün, digərinə isə oğlunun həmin tarixdən köçüb yaşadığını bildirdiyindən, yəni mənzillərin sahəsi ilə bağlı narazılığı ola-ola heç bir pretenziya irəli sürmədən mənzilləri cavabdehdən qəbul etdiyindən iddiaçının hazırkı tələbi hüquqdan sui-istifadə xarakteri daşıyır. İddiaçının tələbi həm də ona görə sui-istifadə xarakterli hesab olunur ki, iddia ərizəsində mənzillərin 1 m2 -nin dəyərinin 1.500 manat olduğunu iddia edən iddiaçı buna dair heç bir sübut verməmiş, əksinə təqdim etdiyi müqavilədən həmin dəyərin 1.300 manat olması müəyyən edilmişdir (“5,6 m2 -dən ibarət fərqə görə 7.280 manat məbləğində pul ödəmək barədə bənd” (1 m2 = 1.300 manat (7.280 / 5.6)). Həmçinin, iddiaçı çıxarışı aldığı zaman bu qüsuru aşkar etdiyini bildirsə də, mənzilləri cavabdehdən təhvil aldığını bildirdiyi 2019-cu ildən mənzillərə çıxarış alanadək onun mənzildə ölçmə aparmaması xüsusilə mənzilləri təhvil alan zaman balaca olduğunu iddia etdiyi nəzərə alınsa, ağlabatan hal hesab edilmir.

49. Bundan başqa məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

50. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Bu baxımdan da, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və təmin edilə bilməz.

51. Belə ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İstinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər.

52. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation” (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.

53. Avropa İnsan Hüquqları Məhkəməsi Qavazov Bolqarıstana qarşı iş üzrə xx.xx.2008- ci il tarixli qərarına əsasən, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.

54. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

55. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı nümayəndəsi Nümayəndə1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-250/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar