Məhkəmə qərarları › İş №2(103)-2863/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2863/2025

25.04.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2863/2025 25.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “evə köçürülmə barədə” iddiasına dair mülki iş üzrə Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(003)-933/2025 nömrəli qərardadından cavabdehin şikayətinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Cavabdeh mülki işin baxılması üçün ərazi aidiyyəti üzrə Lerik Rayon Məhkəməsinə göndərilməsi barədə vəsatət verib. Vəsatət onunla əsaslandırılıb ki, hər iki tərəf Lerik rayonunda qeydiyyatdadır. Xəzər Rayon Məhkəməsinin qərardadı ilə vəsatət təmin edilməyib. Şikayətdə tələb olunub ki, qərardad ləğv edilsin və vəsatət təmin olunsun. Şikayət təmin oluna bilməz, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Evə köçürülmə barədə iddiaya AR Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsində müəyyən edilmiş müstəsna aidiyyət qaydası tətbiq edilir. Belə ki, evə köçürülmə barədə iddia həmin maddədə qeyd olunan “mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddia” hesab olunur. Maddənin məqsədi baxımından iddiaçı “başqa qanuni sahib”, evə köçürülmə barədə iddia isə “sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddia” sayılır. Müstəsna aidiyyət qaydasına görə, belə iddia daşınmaz əşyanın olduğu yerə görə verilir. İddiaçının köçmək istədiyi ev Xəzər rayonu, Qala qəsəbəsi “Südçülük sovxozu” adlandırılan ərazidə yerləşir. Odur ki, hazırkı işə baxılması evin yerləşdiyi yer üzrə Xəzər Rayon Məhkəməsinə aiddir. Yuxarıda göstərilənlərə əsasən və AR Mülki Prosessual Məcəlləsinin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(003)-933/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar