Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2864/2022 07.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı1 və onun vəkili X1, Cavabdeh nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “mülkiyyət hüquqlarının həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılması və mənzilə köçürülmə” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 yanvar 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum oğulları Teymur Həsənovun cavabdehlə 11.01.2014-cü il tarixdə rəsmi nikah bağlayaraq ailə qurduğunu, 5 il bir yerdə yaşasalar da övladlarının doğulmadığını, cavabdehin bir çox dələduzluq, oğurluq və müəllimə yaraşmayan biabırçı digər hərəkətlərinə görə 27.09.2019-cu il tarixdə oğullarının ürəyin aterosklerotik xəstəliyi səbəbindən qəflətən vəfat etdiyini, əslində isə oğullarının ölməsinin səbəbinin birbaşa cavabdehlə əlaqəli olduğunu, hazırda bu faktla bağlı prokurorluq orqanlarında araşdırma aparıldığını, oğullarının ölümündən sonra cavabdeh tərəfindən dərhal notariat orqanına müraciət olunduğunu və vərəsəlik işi açıldığını, ünvan 1 ev 48-də yerləşən 71 nömrəli mənzilə həm onların, həm cavabdehin 1/3 hissədə payının tanındığını, lakin cavabdehin onları mənzilə buraxmadığını bildirmiş, buna görə də həmin mənzilə dair mülkiyyət hüquqlarının həyata keçirilməsinə Cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması və mənzilə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdeh isə İddiaçı1 və İddiaçı2 qarşı qarşılıqlı iddia ərizəsi təqdim edərək, ünvan 1 ev 48-də yerləşən 71 nömrəli mənzilin məcburi qaydada açıq hərracdan satılaraq əldə olunmuş vəsaitin 1/3 hissəsinin ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmiş, iddiasını belə əsaslandırmışdır ki, aralarında ciddi mübahisələr olduğuna görə ilkin iddiaçılarla birlikdə yaşaya bilməz, buna görə mənzil hərracdan satılaraq hər kəsə pul şəklində vəsaitlər ödənilməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (məhkəmə) 21.12.2021-ci il tarixli qərardadı ilə ilkin və qarşılıqlı iddia tələblərinə ayrı icraatlarda baxılması qərara alınmış, məhkəmənin 06 yanvar 2022-ci il tarixli qətnaməsi ilə isə İddiaçı1 və İddiaçı2 iddia tələblərinin qismən təmin edilməsi, onların ünvan 1 ünvanında yerləşən 48 saylı evin 71 saylı mənzilinin özlərinə aid (hər birinə məxsus 1/3 hissəyə) hissəsinə köçürülmələri, iddianın digər hissədə rədd edilməsi qət olunmuşdur. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin rədd olunmasına dair qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddiaçıların sözügedən mənzildə yaşamalarının münasibətlərindəki gərginlik səbəbilə mümkün olmadığı, onların həmin mənzilə köçürülmələrinin onun mülkiyyət hüququnu pozacağı, məhkəmənin bu halı nəzərə almadığı arqumentləri ilə əsaslandırmışdır. Cavabdeh məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) Nümayəndə apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etmiş, İddiaçı1 və onun vəkili şikayətin əsassız olduğunu bildirmiş, digər iddiaçı isə məhkəməyə gəlməmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın (ilkin iddianın) qismən təmin edilməsi ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünkü iddialarının qismən təmin olunmasına baxmayaraq iddiaçılar (ilkin iddia üzrə iddiaçılar) qətnaməni mübahisələndirməmişlər; qarşılıqlı iddia isə ayrıca icraata ayrıldığından, qarşılıqlı iddia tələbi ümumiyyətlə apellyasiya baxışının predmeti deyildir. Məhkəmə kollegiyası izahatları bu kontekstdə dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş hallarına görə iddiaçılar ər-arvad, cavabdeh isə onların keçmiş gəlinləridir və onlar 27.09.2019-cu il tarixində vəfat etmiş X2 qanun üzrə vərəsələri qismində tanınaraq hər biri ünvan 1 48 saylı evin 71 saylı mənzilinin 1/3 hissinə mülkiyyət hüququnu əldə etmişlər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən isə, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Kollegiya hesab edir ki, mübahisəsi gedən mənzilin paylı mülkiyyət hüququ üzrə həmçinin iddiaçılara məxsus olması, onların həmin mənzilə istifadə və sahiblik hüquqlarının olmasını ehtiva edir, onlar isə bu hüquqların tanıdığı imkandan istifadə edərək mənzilə köçürülmələrini tələb, məhkəmə də bu tələbi təmin etməkdə haqlı olmuşdur. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-94/2022 saylı iş üzrə 06 yanvar 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahi̇ d Sadiqov
Məhkəmə qərarları › İş №2(103)-2864/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2864/2022
07.04.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver